2021-ci ildə dünyanı fəlakət gözləyir - BMTƏgər ölkələr zəruri maliyyələşmə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.

Avrasiya.net xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.

Devid Bizlinin sözlərinə görə, hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar.
Sumqayıtda toy sahibi həbs edildiAzərbaycanda restoranda toy məclisi keçirən şəxslər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, Sumqayıtda yerləşən "Siyaqut" şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.

Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.
İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdiNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 4-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Avrasiya.net-in məlumatına görə, Ali Məclisin sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs edib, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırıb.

Seyid Abbas Musəvi Ali Məclisin sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirib. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak edib.
Azərbaycan Fransaya nota verdiFransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.
"O, Sorosla dostluğa görə kifayət qədər cəzalandırılıb”Qarabağ bəyanatı Ermənistan üçün tam məğlubiyyətdir. Bu, həm də onun siyasətinin tam məğlubiyyətidir.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı filosof Aleksandr Duqin “Moskva-Bakı” portalına müsahibəsində deyib. O, Paşinyanın erməni millətçiliyi üçün fəlakətə çevrildiyini bildirib:

“Rusiyaya meydan oxumaq və özbaşına ələ keçirməyin mümkünsüz olduğu şeyi işğal etməyə cəhd etməklə yalnız əlində olanları itirmək olar. Bu, artıq postsovet məkanının qanunudur. Rusiyanın mövqeyinə hörmət edənlər, onunla hesablaşanlar öz istəklərinə çatır və lazım olanı alırlar. Rusiyanın maraqlarına məhəl qoymayanlar hər şeyi itirirlər”, – deyə o bildirib.

Duqinin fikrincə, Qarabağ Bəyanatına imza atmaqla Paşinyan həm də Qarabağ dalanının bütün həll olunmayan problemlərini üzərinə götürmüş oldu:

“O, indi Ermənistan, Azərbaycan və Rusiya üçün ən qəbul olunan siyasətçiyə çevrilib. Bəli, o, müharibəni uduzub, o, Rusiya ilə münasibətləri pis günə qoyub, Avrasiya kontekstində özünü təcrid olunana çevirib. Qərb onu çətin situasiyada, həmişə etdiyi kimi, atdı. Ona görə də Paşinyan Ermənistan üçün hər şeyi uduzdu. O, Sorosla dostluğa görə, absurd siyasətinə görə kifayət qədər cəzalandırılıb”.

Duqin Paşinyanın gördüyü ən müsbət işin Qarabağ Bəyanatına imza atmaq olduğunu bildirib. Bununla belə Duqin Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi halda Qarabağda savaşın yenidən başlaya biləcəyini söyləyib:

“Ermənistan və Azərbaycan arasındakı qarşıdurma artıq keçmişə gedir. Rəsmi İrəvanın dediklərinin artıq heç bir əhəmiyyəti yoxdur. Əsas olan hər şey edilib, insanlar bununla barışmalıdır”.
Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 138000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 83800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15808 342 ötən müddət ərzində isə ümumilikdə 1 797026 test aparılıb.
Komandir - VİDEO“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, Cəbhə komandanı, Azərbaycan Respublikası Müdafiə nazirinin I müavini olmuş general-mayor Zadir Rzayevin keçdiyi döyüş və ömür yolundan bəhs edən sənədli filmi hazırlanıb.

Avrasiya.net xəbər verir ki, filmdə Zadir Rzayevin həyat yoldaşı Dilşad Rzayeva, oğlu Sərxan Rzayev, qardaşı Nadir Rzayev və döyüş yoldaşları onun keçdiyi döyüş və ömür yolundan danışıb, xatirələrini bölüşüblər.

Filmdə Şəmistan Əlizamanlının ifasında sözləri Esmira Məmmədliyə və musiqisi Fərahim Sadiqə məxsus “Yaşa ey Azərbaycan” adlı musiqisi səslənib.

Qeyd edək ki, 32 dəqiqəlik “Komandir” sənədli filminin çəklişlərinin birinci mərhələsi Lənkəran rayonunun Sürük kəndində, digər epizodları isə Bakı şəhərində çəkilib.

Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin ssenari müəllifləri İlham Tumas və Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.
BAXCP-dən memorial komplekslə bağlı VACİB TƏKLİFBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncamını alqışlayır.

Avrasiya.net xəbər verir ki, partiyanın Prezident İlham Əliyevin sözügedən Sərəncamı ilə bağlı yaydığı açıqlamada belə deyilir:

"BAXCP bəyan edir ki, Vətən müharibəsində misilisiz qəhrəmanlıqlar nümayiş etdirən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi əbədiyyətə qədər ürəklərdə, yaddaşlarda yaşayacaq, onların adları qürur və and yerimizə çevriləcək. Qeyd edək ki, BAXCP-nin açıqlamasında Vətən müharibəsi memorial kompleksi ilə bağlı təkliflər də yer alıb. Partiya hesab edir ki, memorial kompleksdə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən xüsusi guşə yaradılmalı, bütün şəhidlərimizin adı momorial kompleksdə öz əksini tapmalıdır: “Ümid edirik ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi xalqımızın döyüş ruhunu, Vətən sevgisini, milli həmrəyliyimizi, dövlətimizin, ordumuzun əzəmətini nümayiş etdirən memarlıq abidəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın bütövlüyünü və bölünməzliyini simvolizə edəcəkdir".
Azərbaycan əsgərləri Xankəndidədir - VideoŞahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in “prezident müşaviri” Tiqran Abramyan yazıb.

Abramyan Paşinyana müraciət də edib:

“Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.

Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.

Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.

Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.