Azərbaycan Müdafiə Nazirliyi İrana başsağlığı verdiDekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycan Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Livanlı terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - VideoMüxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Avrasiya.net Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.
Bələdiyyə sədri koronavirusdan vəfat edibAvrasiya.net xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

Biləcəri bələdiyyəsinin sədri Xəlilov İlham Məmməd oğlu 06 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olmuş, Rostov Dəmiryolu Nəqliyyatı Mühəndisliyi İnstitutunu bitirmişdir.2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilmişdir.
Yeni Azərbaycan partiyasının üzvüdür. Ailələdir. 2 övladı var.
Gülər Əhmədova Hafiz Hacıyevin Partiyasına ÜZV OLDUMilli Məclisin sabiq deputatı Gülər Əhmədova bu günlərdə Müasir Müsavat Partiyasına üzv olub.

Onun tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayında partiya sədrinin müavini postuna gətiriləcəyi bildirilir.

Avrasiya.net xəbər verir ki, yayılan xəbəri dəqiqləşdirmək üçün Moderator.az-ın əməkdaşı Gülər Əhmədova və Hafiz Hacıyevlə ayrı-ayrılıqda əlaqə saxlayıb. Həm Gülər Əhmədova, həm də hafiz Hacıyev xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Gülər əhmədova Müasir Müsavat partiyasında beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələlərini kurasiya edəcək
Putindən KTMT-yə çağırış: Paşinyanı dəstəkləyin!Bu gün Ermənistan Baş naziri və onun komandasını Qarabağda atəşkəsin icrası üçün dəstəkləmək lazımdır.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi və şəxsən hökumət başçısı çətin, amma Ermənistan xalqı üçün vacib qərar verib.

Putin Paşinyanın böyük cəsarət göstərərək, bu qərarı verdiyini bildirib:

“Bu, aydın şeydir və bu iclasda iştirak edənlərdən hər biri bu cür qərarların qəbulu zamanı məsuliyyət səviyyəsini anlayır. Paşinyan bu məsuliyyəti üzərinə götürdü”.
Bu gün neçə nəfər koronaya yoluxub?Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər sağalaraq evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib
"Biz addım-addım Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməliyik"Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, hələlik Laçın rayon mərkəzi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərimizi azad etdik. Bundan sonra görüləcək əsas iş nə olmalıdır?

- Biz addım-addım Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməliyik. Paralel olaraq dağıdılmış şəhər və kəndlərimizin yerində müasir yaşayış məskənlərinin salınmasına başlamalıyıq. Tezliklə xüsusi dövlət proqramı qəbul olunmalı, beynəlxalq təşkilatlar, donor ölkələr, xarici şirkətlər bu işə cəlb edilməlidir. Çalışmalıyıq ki, qısa zaman kəsiyində köçkünlərin əhəmiyyətli hissəsini ata-baba yurdlarına qaytaraq.

Eyni zamanda, Azərbaycan dövləti sərhədçilərimizin Laçın dəhlizində Ermənistanla sərhəddə dayanıb Rusiya sülhməramlıları ilə birgə nəzatət həyata keçirməsinə nail olmalıdır. Dağlıq Qarabağda sakinlər tərk-silah olunmalı, onların təhlükəsizliyinə Rusiya və Azərbaycan dövləti təminat verməlidir. Azərbaycanda yaşamaq hüquqları araşdırılmalı, qanunsuz məskunlaşmış şəxslər ölkədən çıxarılmalı, digərlərinə pasport verilməlidir. İlk növbədə azərbaycanlı köçkünlərin Dağlıq Qarabağdakı yurdlarına qaytarılmasını təmin etməliyik. Qondarma rejimin keçirdiyi seçkiləri heç kim, o cümlədən Rusiya tanımadığından və bölgənin hər hansı siyasi-inzibati statusu olmadığından, ən qısa müddətdə yaşayış məntəqələri üzrə bələdiyyə seçkiləri keçirilməlidir. Çünki qondarma rejimin “prezidenti”, kriminal və axtarışa verilmiş Araik Arutyunyanla Azərbaycan rəsmilərinin təması mümkün deyil. Erməni sakinlərin Azərbaycanın yurisdiksiyasına qaytarılması üçün iqtisadi, maliyyə və sosial sferada ciddi addımlar atılmalıdır. Bölgənin Rusiyanın yox, Azərbaycanın idarəetməsinə keçməsi üçün Rusiya ilə ciddi müzakirələr aparılmalıdır.

- Rusiya ilə bu məsələdə anlaşmağı mümkün sayırsınızmı?

- Vaxtilə çoxları Rusiya ilə torpaqlarımızın işğaldan azad olunması istiqamətində hər hansı danışığın nəticəsi olmayacaq əhəmiyyətsiz vaxt itkisi hesab edirdi və etiraf etməliyik ki, hətta bəzi insanlar torpaqlarımızı geri qaytara biləcəyimizə ümidlərini itirmişdi. Mən isə həmişə iqtidarı bağlı qapılar arxasında Rusiya ilə danışmağa çağırırdım. Çünki dövlətlərin əbədi dostu yox, daimi maraqları var. İndi də Rusiyanı inandırmalıyıq ki, söhbət kiçik bir ərazidən getmir. Dövlətin öz ərazisində suveren hüquqlarını bərpa edə bilməməsi həmin dövlətin nüfuz məsələsidir. Xalqımız hiss etsə ki, Rusiya həqiqətən buna mane olmaq istəyir, o zaman deyirlər ki, böyük sevgi ilə böyük nifrət arasında məsafə çox kiçikdir. Rusiya marağında olmalıdır ki, təkcə hökumət yox, xalqımız da Rusiyanı yaxın dost və strateji tərəfdaş kimi görsün. Biz Rusiyanın qonşu dost ölkə və böyük dövlət kimi regionda maraqlarını mütləq nəzərə aldığımız kimi, Rusiya da xalqımızın bu istəyini nəzərə almalıdır.

- Əgər nəzərə almasa?

- O zaman səbirlə, heç bir gərginlik keçirmədən danışıqları davam etdirməli, bütün diplomatik və siyasi təsir vasitələrindən istifadə etməliyik. Bu məsələdə qardaş Türkiyənin və onun Prezidenti hörmətli Ərdoğanın imkanları daha genişdir. Amma heç bir halda Rusiya ilə münasibətlərimizi bəzilərinin təklif etdiyi kimi pozmamalıyıq.

- Sizə elə gəlmir ki, Rusiya münaqişəni saxlamaqla bizimlə Ermənistan arasında kim Rusiyaya daha sadiqdir “yarışı” başlatmaq istəyir?

- Rusiyanın belə bir istəyinin ola bilməsini istisna etmək olmaz, amma Azərbaycan buna gedəcəkmi? Düşünürəm ki, yox. 30 il torpaqlarımızın 20%-i işğal altında qalıb, bir milyon qaçqın və köçkünümüz ağır həyata məhkum olunanda belə müstəqil siyasət yürütmüşük. Biz bölgədə Rusiyanın maraqlarını nəzərə alırıq, Rusiya da bizim maraqlarımıza, dövlət suverenliyimizə hörmət etməlidir. Bu halda həm də Rusiyanın beynəlxalq nüfuzu artacaq, regionda mövqeləri möhkəmlənəcəkdir. Bu gün Böyük Britaniya ilə keçmiş müstəmləkələri arasında hansı hörmətli, dost münasibət varsa, Rusiya da öz keçmiş müstəmləkələrinə münasibətdə buna nail olmalıdır. Bu sivil dünyanın tələbidir. Bundan imtina edilsə, Rusiya zamanla ayaqlaşa bilməsə bu, ona yaxşı heç nə vəd etmir.

- Ermənistanla əlaqələrin bərpa olunmasına necə baxırsınız?

- Rusiya hər iki dövlətə bu məsələdə yardım etməlidir. Biz Ermənistanla sülh sazişi imzalamalıyıq. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, yaxın qonşuluq siyasəti aparmalı, vurduğu ziyana görə Azərbaycan dövlətindən üzr istəməli, könüllü kompensasiya ödəməlidir. Bu halda biz qəbul edə bilərik ki, Ermənistan dəyişmək istəyir. Özlərini sivil xalq sayırlarsa və ağılları varsa, bunu etməlidirlər, çünki inkişafları buna bağlıdır. Amma müşahidə edirəm ki, erməni xalqı faşist ideologiyasının əsirinə çevrildiyindən 3-4 nəfər istisna olmaqla, Ermənistanın bütün siyasi elitası barış barədə yox, revanş haqqında danışır.
Qarabağda 655 erməni hərbçinin cəsədi AŞKARLANIBErmənistan tərəfi itkin düşən və ölən hərçbilərin cəsədlərinin axtarışlarının davam etdiyini söyləyib.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu günə qədər 655 erməni hərbçinin cəsədi aşkar olunaraq, ailələrinə təhvil verilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinin mətbuat xidmətinin rəhbəri Zara Amatuni yaxın vaxtlarda axtarışların Füzuli, Zəngilan, Cəbrayıl və Hardutda aparılacağını söyləyib.

“Azərbaycan cəsədlərin axtarışı üçün icazə verib. Hazırda cəsədlərin axtarışı Hadrut istiqamətində aparılır. Burada 19 cəsəd tapılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfi arasında danışıqlardan sonra yaxın günlərdə Cəbrayıl, Füzuli və Zəngilan istiqamətində axtarışlar aparılacaq”.
Ramiz Zeynalov iş başındadırDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, idarə rəisi hazırda iş başındadır:

"Bununla bağlı yayılan məlumatlar yalandır. İdarə rəisi hazırda vəzifəsini icra edir".

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə R.Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

R.Zeynalovun 70 yaşı gələn il, 19 fevralda tamam olacaq.
Azərbaycanın Zəfər Günü təsis edildi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

"XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".