CASCFEN layihəni başa çatdırıb“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin icrasını başa çatdırıb.

İctimai Birlikdən verilən məlumata görə, bu ilin sentyabr-noyabr aylarını əhatə edən layihənin məqsədi həm ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan olunmasını, həm də Azərbaycanda və ölkə xaricində diaspor siyasətinə könüllü dəstək verən gənclərimizin olduğunu nəzərə alaraq, KİV vasitəsilə ölkəmizin diaspor siyasətinin gənclər arasında daha geniş təbliğinə, daha çox gənc könüllünün diaspor fəaliyyətində iştirakına nail olunmasına dəstək göstərmək idi.

Məlumatda deyilir ki, uğurla reallaşdırılan diaspor siyasəti nəticəsində ölkəmiz haqqında, eyni zamanda, Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ problemi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin təbliği, həmçinin gənc könüllülərin diaspor fəaliyyətində iştirakının, Türkiyənin İzmir şəhərindəki diaspor fəallarımızın, o cümlədən, Ankara, İzmir və Dənizli şəhərlərindəki soydaşlarımızın, tələbə-gənclərimizin və Azərbaycanın dostlarının bu istiqamətdəki fəaliyyətinin təbliğ olunması məqsədilə layihə çərçivəsində KİV-də məqalə, analitik yazı, müsahibələr dərc edilib.

Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da tövsiyyələri nəzərə alınaraq hazırlanan yazılar diaspor quruculuğu siyasətinə, gənc diaspor könüllülərinin fəaliyyətinə dəstək xarakteri daşımaqla yanaşı, xarici ölkələrdə təhsil alan digər azərbaycanlı gənclərin də bu sahəyə maraq göstərməsinə təkan verib.
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcəkİran ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bunun bariz nümunəsi kimi İran ərazisindən Ermənistana silah daşınmasının qarşısını almaq qərarını göstərmək olar.
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciətində belə dedi: “Mən bunu bilirəm ki, ermənilər nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər”.

Prezident İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində də bu mövzuya toxunmuşdu: “İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran hökumətinə bir daha təşəkkürümüzü bildirmək istəyirik”.

Qarabağ müharibəsinin davam etdiyi 44 gündə İranın mövqeyi rəsmi Bakını qane edirdi. Doğrudur, Tehranın Azərbaycanı yalnız sözdə dəstəklədiyini, əməldə kifayət qədər dəstək vermədiyini söyləyənlər də var idi, ancaq prezident İlham Əliyevin son açıqlamaları İranın Azərbaycana dəstəyinin yalnız sözdə olmadığını göstərdi. Prezident hətta İranın Azərbaycanı silahla təmin etdiyini də bildirdi. Məsələn İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycana silah satan ölkələr arasında İranın adını qeyd etdi: “Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən silah alırıq”.

İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.

Bu arada, İran hərbi komandirləri də ikinci Qarabağ müharibəsində Azərbaycana dəstəklərini söylədilər. Buna misal olaraq İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpurun açıqlamasını xatırlatlatmaq olar: “İran həmişə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını arzulayırdı və indi bu hadisə baş verdiyinə görə sevinirik”. Sepah generalı İranın Qarabağdakı terrorçularla mübarizəyə hazır olduğunu da sözlərinə əlavə etdi. Bu açıqlamanı Sepah-ın digər generalı Rəhim Noyi Əqdəm də təsdiqlədi: “Bakı kömək üçün Tehrana müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən döyüşməyə hər zaman hazırdılar”.
Müharibə dövründə İranın ali dini lideri Seyid Əli Xamneyinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti açıqlamasında dedi ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır: “Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadiq qalırıq.

Azərbaycanın yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul edib ki, onların hər birində Azərbaycanın bu bölgələrinin işğaldan azad edilməsi tələb olunur. BMT-nin üzvü olaraq Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını tələb edirik. Bu ərazilərin işğalı nəticəsində bir milyondan çox azərbaycanlı köçkün düşüb. Onlar tezliklə vətənlərinə qayıtmalıdırlar”. Daha sonra dini liderin özü də məsələyə bu sözlərlə münasibət bildirdi: “Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsi zəruridir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi Azərbaycan Respublikasının bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.

Prezident İlham Əliyev bu açıqlamalardan sonra CNN-Türk televiziyasına 7 oktyabr müsahibəsində İran haqqında bunları dedi: “İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. İranın rəsmi şəxsləri açıqlamalar verdilər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir”.

Bəlkə də elə bu səbəbə görə, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev birinci Qarabağ müharibəsinə aid bəzi sirləri mətbuata açıqlayaraq, İran topçularının müharibədə Azərbaycana dəstək məqsədi ilə dəstəyindən danışdılar: “Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, İran tərəfi xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı”.
Beləliklə, müharibədən sonra Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır. Təsadüfi deyil ki, İlham Əliyev noyabrın 16-da işğaldan azad edilmiş İranla sərhəd rayonlara gedərkən belə bir ifadə işlətdi: “Araz çayı üzərindən keçən Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevrilib”.

İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək Ermənistanda narazılıqla qarşılanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə il əvvəl İrana etdiyi rəsmi səfərin əhəmiyyəti qalmadı. Paşinyana müxalif olan qüvvələr də İranın Ermənistandan üz çevirdiyini bildirirlər. Bu Azərbaycanın maraqlarına uyğundur. Bundan sonra İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional səviyyədə əməkdaşlıq genişlənəcək. Regional əməkdaşlıqda Azərbaycan və İranla yanaşı Rusiya və
Türkiyə də iştirak edəcəklər.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi
Vüqar Rəhimzadə: “Fransanın həmsədrliyə haqqı yoxdur”“Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib. Çox maraqlıdır ki, Fransanın daxili sosial problemlərinin həlli ilə bağlı qətnamələri illərlə müzakirə etməyən senatorlar bu layihəni cəmi bir neçə gün sonra, tələsik müzakirəyə çıxarıb və qəbul ediblər. Heç şübhəsiz ki, bu, hüquqi aktdan daha çox siyasi təxribat xarakteri daşıyan qətnamədir”.

Avrasiya.net xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir”, deyən V.Rəhimzadə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, məlum qətnamədə Türkiyənin adı daha çox hallanır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışları ilə tarixə düşəcək: “Məsələn, çıxışlardan aydın olur ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbərləri belə yoxdur. Hətta bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Bu baxımdan senator Stefan Ravienin dedikləri heyrət doğurur. O deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Əslində, məsələyə məntiqlə, soyuqqanlı yanaşdıqda senatorlar bu cür çıxışları ilə özlərini və prezident Makronu bir daha təkzibedilməz faktlarla ifşa etmiş olublar. Çünki Makron elə ilk gündən Azərbaycanı və daha çox Türkiyəni muzdlu döyüşçü məsələsində əsassız ittiham edirdi. Lakin senator Stefan Ravie Azərbaycan tərəfini muzdlu döyüşçülərdən istifadə etməkdə günahlandıran Makronu bir daha ifşa etdi və bütün dünyaya göstərdi ki, əslində Fransa özü Ermənistanı muzdlularla təmin edir”.

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən bixəbər olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdan başqa bir şey deyildır: “Sirr deyil ki, layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Bununla da bir daha aydın olur ki, həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Amma görünən odur ki, illər öncə Şimali Afrikada soyqırımı törətmiş fransızların nəvə-nəticələri bu gün vəzifələri naminə dövlətlərini bütün dünyada gülüş hədəfinə, bir qrup məkrli erməninin girovuna çeviriblər. Bu mənada, düşünürəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsi Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi adlandıran müasir Fransanın tarixinə qara səhifə kimi həkk olunacaq. Çünki Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməyə çıxarılmasında bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və burada əks olunan birtərəfli, həqiqətə uyğun olmayan məqamlarla əlaqədar ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli, ədalətsiz qətnamənin qəbul edilməsi problemə ikili standartlar mövqeyindən və birtərəfli yanaşmadan başqa bir şey deyil”.

V.Rəhimzadə vurğulayıb ki, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi Fransa dövlətinin bitərəfliliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa mənəvi, hüquqi və siyasi haqqı yoxdur. Bu qətnamə, həmçinin Azərbaycan ictimaiyyəti arasında formalaşmış Fransanın ədalətli vasitəçi olmaması fikrinin həqiqiliyini bir daha təsdiq edir: “Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 ildə susqun mövqe nümayiş etdirib. Elə Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də bir çox haqlı suallar doğurur. Fransa Senatının Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri qadağan olunmuş ballistic raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham etməsi heç bir mənəvi və hüquqi çərçivəyə sığmır. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixinin, siyasi və hüquqi aspektlərinin ciddi şəkildə saxtalaşdırılması isə siyasi və hüquqi məsuliyyət doğurur”.

V.Rəhimzadə söyləyib ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və adi kağız parçasından başqa bir şey deyil: “Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz tarixi ərazilərindən çıxarılmasını tələb edə bilməz. Ona görə də təcili olaraq Fransa dövləti Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməlidir”.

8 senator qətnaməyə verdikləri səsi geri götürdüFransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.
Qanunsuzluğa son qoyulsun - Sumqayıtlılar Zakir Fərəcova müraciət edibSumqayıt şəhərinin bir qrup sakini parklarda aparılan qanunsuz tikililərlı bağlı şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

*Sumqayıt Şəhər İcra Hakimi cənab Zakir Fərəcova*

Sizə bir qrup Sumqayıt şəhər sakini adından yazıb bildirmək istəyirik ki, şəhərdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş parklarda tikilən obyektlər, mağazalar bizi çox narahat edir.

Nəzərinizə çatdırırıq ki, Facebook sosial şəbəkəsində Sumqayıt şəhəri sakinləri ilə bu mövzuları müzakirə edirik və cənab Prezidentə bu haqda müraciət etmək istəyirik.

Daha bir xoşagəlməz məqam da var ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində qeyd edilən əlaqə telefon nömrəsi vətəndaşların zənginə cavab vermir, qaynar xətt isə ümumiyyətlə aktiv deyil.
Bu isə o deməkdir ki, ölkə vətəndaşı lazım olan anda yaşadığı şəhərin icra orqanlarının nümayəndələri ilə operativ əlaqə yaratmaq, öz problemlərini izah etmək hüququndan məhrumdur.

Bu qeyd edilənlər isə cənab Prezidentin dövlətin idarə olunması və vətəndaşlarla münasibət haqqında verdiyi göstərişlərə ziddir.

Sizdən xahiş edirik bu məsələləri ( parklarda qanunsuz obyekt tikintisi və icra hakimiyyəti ilə əlaqə yaratmaq problemi) nəzarətinizə götürərək lazımı göstərişlər verəsiniz.
MM də Prezidentlə bərabər məsuliyyəti bölüşsünBiz qanun layihəsini üçüncü oxunuşda qəbul edirik. Yəqin ki, cənab Prezident bu qanunu imzalayandan sonra tezliklə Vətən Müharibəsində qalib gəlmiş bizim zabit və əsgərlərimiz təltif olunacaqlar. Amma xalqımızdan bir sifariş də var ki, bu möhtəşəm qələbə münasibətilə Milli Məclis amnistiya aktı qəbul eləsin.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsi zamanı səsləndirib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti ilə bu istiqamətdə məsləhətləşmələr aparılmağına dəyər:

“İkinci bir məsələ də Vətən müharibəsi ilə bağlıdır. Bu da onunla əlaqədardır ki, Fransa və Fransa kimi ölkələr internet televiziyalar vasitəsilə bu tipli təbliğat aparılır ki, Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinin heç bir hüquqi əsası yoxdur: “Mən mətbuatda bununla bağlı açıqlama vermişdim və söyləmişdim ki, Azərbaycan Respublikası silahlı qüvvələrinin xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanunun 4.4-cü maddəsinə görə, Azərbaycan Respublikası xarici ölkləri sülhməramlı əməliyyatlar üçün Azərbaycana dəvət edə bilər. Bununla bağlı həm ayrı-ayrı dövlətlərə, həm də beynəlxalq təşkilatlara müraciət edə bilər. Həm də bizim 2010-cu ildə qəbul olunmuş hərbi doktrinaya görə, hərbi-siyasi vəziyyət tələb edərsə, yenə də Azərbaycanda xarici hərbi iştiraka icazə verilir. Amma burada problem onun həyata keçirilməsi mexanizminin olmaması ilə bağlıdır. Ona görə də Sahibə xanım, mən xahiş edirəm ki, Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinə bu istiqamətdə iş aparılması üçün tapşırıq verəsiniz. Orada bunun həyata keçirilməsi mexanizmi öz əksini tapsın. Ya da ki, biz ümumiyyətlə Azərbaycan Respublikasında sülhməramlıların iştirakı və hüquqi statusu haqqında ya ayrıca qanun qəbul edək, ya da öncə qeyd etdiyim qanunda müvafiq dəyişikliklər edilsin. Hesab edirəm ki, biz, xaricə sülhməramlılar göndərəndə Milli Məclisin icazəsini aldığımız kimi, ölkəyə dəvət olunanda da Milli Məclisin icazəsini almalıyıq. Milli Məclis də Prezidentlə bərabər məsuliyyəti bölüşsün”.
“Gilan Holdinq” qazimizə ev verdiMüharibədə yaralanmış Qəbələ rayon sakini Elçin Səmədovun ailəsinin evlə təmin olunmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı “Gilan Holdinq” Şirkətidir.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edib.

"Ailə yaxın günlərdə evlə təmin olunacaq. Belə ki, şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.

Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!" - o qeyd edib.
Azərbaycanlı alim edam olunacaq: İsrailə casusluq...İran əsilli isveçli alim Əhmədrza Cəlali Tehranın Evin Həbsxanasının təkadamlıq kamerasına köçürülüb.

Avrasiya.net "Amerikanın səsi" nə istinadən xəbər verir ki, bu haqda İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Universitet müəllimi və azərbaycanlı araşdırmaçı Əhmədrza Cəlali noyabrın 24-də ailəsi ilə telefon danışığında edam hökmünün icra olunması üçün Evin Həbsxanasının təkadamlıq kamerasına köçürüldüyünü bildirib. Əhmədrza Cəlali hazırda Tehranın Evin Həbsxanasının 209-cu bölməsinin kameralarının birində saxlanılır.

Cəlalinin vəkili HRA xəbər agentliyinə verdiyi müsahibədə müvəkkilinin edam olunma ehtimalından narahatlığını dilə gətirərək, insan haqları təşkilatları və İsveç hökumətinin səylərinin bu edamın həyata keçirilməsinin qarşısını almağa təsir göstərə biləcəyinə ümid edib.

Alimin həyat yoldaşı Vida Mehranniya bu xəbəri təsdiqləyərək, Əhmədrza Cəlalinin edam hökmünün icrası üçün kameraya köçürüldüyünü deyib.

Sentyabrın 24-də Cəlali Evin məhkəməsinin hökmlərin icrası şöbəsinə aparılıb və oradan Evin Həbsxanasının karantin bölməsinə köçürülüb. Cəlalinin transfer vərəqəsində onun edamının icrası üçün bir həftəyə qədər karantin bölməsində qalacağı bildirilib.

İsveç Xarici İşlər naziri Ann Linde İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə bu mövzu ilə əlaqədar söhbət etdiyini elan edib və İsveç dövlətinin universitet müəllimi və tədqiqatçının edam edilməsinin qarşısını almağa çalışdığını bildirib.

Əslən İran Azərbaycanından olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.

Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə yerləşib. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq idi.