Avtomobildə maska taxılması məcburidirmi? - DİNAvtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir:

"Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur".
Sarkisyanın arvadı öldüErmənistanın eks-prezidenti Serj Sarkisyanın arvadı ölüb.

Ermınistan KİV xəbər verir ki, Rita Sarkisyan koronavirusdan keçinib.

Onun son həftələr ərzində komaya düşdüyü xəbər verilirdi. Rita Sarkisyan 2008-2018-ci illərdə ölkənin birinci ledisi olub.
Erməni nazir PUA-nı havaya buraxdı və biabır olduYaxın zamanlarda Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyanın istefası gözlənilir.

Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, nazir Ermənistan PUA-sının uğursuz uçuşu ucbatından istefaya göndəriləcək.

Belə ki, nazir bir müddət əvvəl erməni PUA-larının sınağında iştirak üçün Gorus şəhərinə gəlib. Burada telekameralar və çoxsaylı qonaqların qarşısında nazir PUA-nı havaya buraxıb, lakin PUA bir neçə metr uçduqdan sonra yerə düşüb. Məhz bu biabırçılığa görə nazirin qovulmasının nəzərdə tutulduğu bildirilib.

İki deputatımız koronavirusa yoluxubMilli Məclisin deputatları koronavirusa yoluxub.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl deputat Azər Badamov və Tahir Kərimlidə COVID-19 aşkarlanıb.

Milli Məclis üzvlərinin koronavirusla bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Deputatlar hazırda xəstəxanaların birində müalicə alır.
Ermənistan növbəti itkilərini açıqladıErmənistan Müdafiə Nazirliyi itkilərinin daha bir siyahısını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, bu gün yayılan siyahıda 28 hərbçinin adı əks olunub. Bununla da ölənlərdən 1637-inin ad-soyadı ictimailəşib.

Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyi 2425 meyitin artıq şəxsiyyətinin müəyyənləşdiyini, 250 meyitin isə tanınması istiqamətində iş aparıldığını bildirmişdi.

"Makron ciddi şəkildə yanılır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Fransanın son günlərdəki davranışları bütün azərbaycanlıların narazılığına səbəb olur. Bu da təbiidir. Çünki Fransa hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib, lakin indi isə qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edilməsi bu ölkənin mövcud hakimiyyətinin adekvat olmadığını və Fransa prezidentinin siyasətdə naşı olduğunu göstərir.

Qosqoca Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini hələ ötən əsrin 90-cı illərinin əvvəllərində BMT səviyyəsində tanıyan Fransanın yuxarı palatasının indi də Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımağa hazırlaşması sözün açığı, bambılılıqdan başqa bir şey deyil. Bəli, Fransa hazırda özünü ciddi dövlət kimi yox, bambılı kimi aparır. Fransanın hazırki davranışlarında reketlik və quldurluq əlamətləri də özünü açıq-aydın göstərir. Bu barədə bir qədər sonra ətraflı danışacağam. Hələlik isə “dqr”i tanımaq ideyasının nədən gündəmə gəlməsindən danışaq.

Ordumuzun şanlı Qələbəsi nəticəsində artıq tarixə çevrilən qondarma “dqr”in mifik “müstəqilliy”inin tanınmasına dair qanun layihəsi artıq Fransa Senatına təqdim edilib. Bu barədə Senatın rəsmi saytında da məlumata rast gələ bilərsiniz.

Orada qeyd olunur ki, sözügedən qanun layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən təqdim olunub. Bu deputatlar ilk baxışdan və əqidə baxımından Fransa prezidenti Emmanuel Makrona rəqib siyasi qüvvələrin nümayəndələri sayılsalar da, lakin əsl həqiqətdə isə onlar Makronla eyni mövqedən çıxış edirlər.

Bu, öncədən razılaşdırılmış bir siyasi oyundur, siyasi kombinasiyadır. Belə deyək də, Makron Azərbaycana öz siyasi rəqiblərinin əliylə təzyiq göstərməyə çalışır. Bu isə ona əlavə manevr imkanları yaradır. Yəni ki, Makronun öz düşüncəsinə görə belə ola bilər. Ancaq əsl həqiqətdə isə Makron ciddi şəkildə yanılır.

Psixikasında ciddi problemləri olan və peşəkar mütəxəssislər tərəfindən psixopat kimi təqdim edilən Emmanuel Makron dünyada gedən prosesləri düzgün dəyərləndirə və Fransanın maraqlarını öz şəxsi ambisiyalarına, hikkəsinə qurban verdiyinə görə, gələcəkdə ölkəsinə baha başa gələ biləcək çox riskli addımlar atır. Makron hal-hazırda tam şəkildə erməni lobbisinin nəzarəti altına düşüb. Təsiri yox a, məhz nəzarəti altına düşüb. Çünki onun hazırki davranışları təsir altında olmaq mərhələsindən daha dərin bir mərhələdə olan adamın hərəkətlərinə bənzəyir.

Makron “pult”la idarə olunan kukla kimi hərəkət edir. Erməni lobbisi onu kukla kimi idarə edir. Məhz erməni lobbisinin diktəsi altında Makron Azərbaycana qarşı bu cür mənhus addıma razılıq verib. O, artıq Rotşildlərin nəzarətindən çıxıb. Əgər Rotşildlərin təsir dairəsində qalsaydı, ölkəmizə qarşı bu cür aqressiv mövqe tutmaz və ağılsız addımlar atmazdı. Erməni lobbisi Makronu tam şəkildə öz “çətir”i altına almağı bacarıb. Beləliklə, erməni lobbisinin əlində alətə çevrilən Makron və bir sıra digər fransalı siyasətçilər “dqr”i tanımaq kimi təxribatçı bir təşəbbüslə çıxış etməklə Azərbaycana pislik etməkdən daha çox, ilk növbədə Fransanın özünə pislik edirlər.

Bu cür düşünülməmiş siyasi addımlar Fransanın imicini zədələyir. Fransa ədalətli ölkə, demokratiyanın beşiyi kimi mənəvi-siyasi statuslarını itirir, gözdən düşür və pirat ölkəyə, siyasi quldurluqla məşğul olan ölkəyə çevrilir. Bəli, bəli, Fransa hazırda özünü siyasi quldur kimi aparır. Makronun narsissizm xəstəliyi Fransanı da “xəstələndirir”. Fransa elə bilir ki, BMT-nin qətnamələrini, beynəlxalq hüququn prinsip və normalarını ayaqlar altına atıb, bir ovuc erməni lobbisinin maraqları naminə müstəqil Azərbaycanın ərazi bütövlüyünə zidd addım ata və Azərbaycan Ordusu tərəfindən əzilmiş terrorçu “dqr”i tanıya bilər. Fransa bu cür quldur davranışı ilə həm də üzv olduğu BMT-nin Nizamnaməsini ayaqlar altına atmış olur.

Odur ki, indi məsələni Fransa tarixə gömülən qondarma “dqr”i tanıyacaqmı şəklində qoymaq lazım deyil. Fransa kimdir ki, bu cür özbaşınalıq etsin? Fransanın özbaşınalığına göz yummaq olmaz. Fransanın bu cür beynəlxalq hüquqa zidd davranışları BMT səviyyəsində müzakirəyə çıxarılmalı və bu ölkənin rəhbərliyinin qeyri-adekvat davranışlarına siyasi-hüquqi qiymət verilməlidir.

Öz ölkəsini düz-əməlli idarə edə bilməyən, fransızların kasıb təbəqəsini və fransız qadınlarını dəfələrlə təhqir edən, buqələmun kimi tez-tez mövqeyini dəyişən, bir-birinə zidd açıqlamalar verən, fransızların maraqlarını ermənilərin mənafelərinə satan, erməni lobbisinin maliyyə əsarətinə düşən Emmanuel Makron kimi bir siyasətçinin hakimiyyətdə qalması Fransanın öz təhlükəsizliyi üçün və fransız xalqının gələcəyi üçün ciddi təhdidə çevrilməkdədir. Makron özünün ölçülüb-biçilməmiş hərəkətləri ilə, dünya liderinə və peşəkar siyasətçiyə yaraşmayan addımları ilə fransız xalqını fəlakətə doğru aparır. Bunu təkcə biz demirik, bunu Fransanın öz realist siyasətçiləri, yazarları, alimləri də etiraf edirlər.

Makron bu gedişlə Fransanı bir dünya super gücü olmaq statusundan məhrum edib, “ikinci eşalon” ölkələrindən birinə çevirəcək. Özünü “yeni dövrün Napoleonu” ampluasında görən Makron Fransa kimi bir dünya nəhəngini uğursuz Ermənistanın müttəfiqi səviyyəsinə endirib. Fransızlar bunun fərqində olmalı və Makrondan hesab sormalıdırlar. Fransız xalqı Makrona etimadsızlıq göstərməlidir. Əks halda Fransanı yaxın gələcəkdə çox ağır siyasi-iqtisadi karaklizmlər gözləyir. Heç bir sosial-iqtisadi proqramı olmayan, siyasi mövqeyini tez-tez dəyişən, mənəvi dəyərləri olmayan Makron kimi bir şəxsin idarə etdiyi ölkə başqa ölkələrin iç işlərinə qarışmaqdansa, öz qeydinə qalmalı, onu gözləyən fəlakətlərə hazır olmalıdır.

Biz bilirik, Makron və bəzi Senat üzvləri Rusiya və Türkiyənin son dövrlərdə Qarabağ məsələsinin həlli ilə bağlı irəli sürdükləri təşəbbüslərin və mexanizmlərin müsbət nəticələr verməsini heç cürə həzm edə bilmirlər. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi “oyundankənar” vəziyyətdə qalmasını Makron və bəzi senatorlar özlərinə bağışlaya bilmirlər. Rusiya prezidenti Vladimir Putinin dediyi kimi onlar dodaqlarını sallayıb uşaq kimi küsürlər. Ancaq belə hərəkətlər dünyanın 7 ən böyük dövlətindən birinin liderinə əsla yaraşmaz. Yaxşı olar ki, Makron öz hərəkətlərinə biraz çəki-düzən versin, özünü adekvat aparmağa başlasın və öz sələflərinin (Sarkozinin, Ollandın) səhvlərinə yol verməsin. Makron Fransanı müstəmləkəçi ölkə, ekspansionist-təcavüzkar ölkə, neoimperialist ölkə qismində tanıtmağa cəhd göstərib “napoleonluq” etməkdənsə, Rusiya liderinə baxsın, Putindən nümunə götürsün, ağıllı, praqmatik siyasətçi kimi hərəkət etməyə başlasın. 44 günlük müharibədə qalib gəldiyimizi görən Putin siyasi uzaqgörənlik göstərdi, müdriklik və çeviklik nümayiş etdirdi, Qarabağ münaqişəsinin həllinə münasibətini dəyişdi və məsələnin təxirəsalınmaz şəkildə həlli üçün Azərbaycan və Türkiyənin liderləri ilə səylərini birləşdirib konstruktiv addımlar atdı. Müsbət nəticələr də artıq göz qabağındadır. Əgər Fransa bu gün bu prosesdən kənarda qalıbsa, Makron buna görə İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana və Vladimir Putinə qəzəblənməsin, özünü günahlandırsın. Makron siyasətdə “solluq” uşaq xəstəliyi nümayiş etdirib və gözlərini yumub erməniləri kor-koranə şəkildə müdafiə etməsəydi, “offsayd”da qalmazdı və necə deyərlər, indi o da işin içində olardı.

Ancaq Makron nə etdi?

Makron Fransanın həmsədr ölkə olduğunu unutdu, bitərəfliyi, neytrallığı bir kənara qoydu və çox açıq şəkildə münaqişənin tərəflərindən birinin – işğalçı Ermənistanın tərəfini tutdu. Bu Makronun öz siyasi karyerasındakı ən böyük və bağışlanılmaz səhvi idi.

Makron bu səhvi ilə Fransanın ədalətli ölkə, obyektiv ölkə imicini ayaqlar altına atdı, sarsıtdı. Daha doğrusu, Fransanın xarici siyasətində heç vaxt ədalətin olmadığını üzə çıxardı. Demokratiya və humanizm şüarları altında gizlənən Fransanın neoimperialist siması ifşa olundu, maskası düşdü. İndi də bunun acı “meyvə”sini Fransa özü yeməlidir.

Fransa Senatı qondarma “dqr”i tanıyarsa, bundan itirən tərəf Azərbaycan yox, ilk növbədə Fransanın özü olacaq. Senat və Makron bu addımı ilə gələcəkdə Fransanın özünün də parçalanması üçün, Fransanın bəzi bölgələrində separatçı meyllərin baş qaldırması üçün əlverişli zəmin yaradacaq. Odur ki, Makron Fransanın “bumeranq effekti” ilə üzləşməsini istəmirsə, ağlını başına yığsın və pərdə arxasından idarə etdiyi Senat üzvlərinə “dur!” desin.

Fransa haqqa, ədalətə yox, işğalçı ermənilərə sadiqdir  - EkspertFransa hər şeyi edir ki, bütün dünyaya özünün ədalətsiz və tərəfli mövqeyini nümayiş etdirsin. Azərbaycan üçün heç bir zaman sirr deyildi ki, Fransa hökuməti daimi olaraq ermənipərəst mövqe nümayiş etdirmişdir. Fransa prezidentləri Ermənistanı özlərinin bacısı hesab edirlər.

Bunu Avrasiya.net-ə QHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev bildirib.

E.Əliyev deyib ki, Fransa 1997-ci ilin 1 yanvar tarixindən ATƏT-in Minsk qrupunun həmsədrliyinə gətirilən zaman biz ümid edirdik ki, Fransa İkinci dünya müharibəsində faşizm işğalına məruz qaldığından və böyük zərərlər gördüyündən onlar mövcud vəziyyəti daha obyektiv qiymətləndirəcək və ədalətli olacaqdır: "Lakin cəmi 4 il sonra, 18 yanvar 2001-ci ildə Fransa hökuməti “erməni soyqırımı”nı tanımaqla Azərbaycan xalqının bütün ümidlərini puç etdi.
Fransa Senatının üzvlərinin ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə müntəzəm olaraq səfərləri də Fransanın qeyri-obyektiv münasibətinin, həmsədrlik prinsiplərinə zidd fəaliyyətinin açıq nümayişi idi".

Ekspertin fikrincə, 44 günlük müharibə gedişində Fransa prezidentinin Ermənistana verdiyi açıq dəstək, eyni zamanda Ermənistana edilmiş hərtərəfli yardımlar artıq onun “ədalətli mövqeyi”nin son akkordu oldu. Hətta münaqişənin ədalətli həllinə çalışan Türkiyə Respublikası və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı aqressiya nümayişi prezident Emmanuel Makronun və Fransanın bundan sonra heç bir zaman bölgəmizdə ədalətin təmin edilməsi üçün addım atmayacağının sübutu oldu:

"Artıq Azərbaycan 44 günlük müharibənin nəticəsində öz ərazi bütövlüyünü təkbaşına təmin edib. Müharibə başa çatdıqdan sonra Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması istiqamətində aktivlik nümayiş etdirməsi və parlamentin müzakirəsinə çıxarması isə anlaşılmazdır. Bu addım artıq nəinki Fransanın neytral mövqe nümayişini, eyni zamanda Minsk qrupunun taleyini şübhə altına qoyur. Əslində 45 günlük müharibə beynəlxalq hüquq və beynəlxalq münasibətlərin bir çox elementlərini artıq tarixə çevirib. Belə ki, BTM Təhlükəsizlik Şurasının icrasını təmin etməkdə “gücsüz” qaldığı dörd qətnamənin tələbləri ordumuz tərəfindən təmin edildi. Bölgədə sülhü təmin etmə missiyasını üzərinə götürmüş dövlətlər - Minsk qrupunun həmsədrləri “siyasi oyundakənar vəziyyət”də qalaraq Türkiyə və Rusiyanın birlikdə daha effektiv olduğunu nümayiş etdirdi. Eyni zamanda Türkiyə, Rusiya və Azərbaycanın birlikdə regionda geostrateji vəziyyətə nəzarət etmək missiyasını uğurla aparma potensialını göstərdi".

E.Əliyev onu da qeyd edib ki, Azərbaycan diplomatiyası özünün ən parlaq dövrlərindən birini yaşayır: "Düşünürəm ki, Fransanın apardığı emosianal və “çılğın gəncin dəcəlliyi”ni xatırladan siyasəti qısa müddətdə rasional məcraya keçid edəcəkdir. Heç bir ağlı başında olan siyasətçi və nüfuzlu dövlət məğlub, miskin, siyasi təlatüm içərisində olan dövlətin yanında olmaz. Eyni zamanda regiondakı güc balansında baş verən dəyişiklik Makronu öz siyasətinə yenidən baxmağa vadar edəcəkdir".
Prezidentdən beynəlxlaq qurumlara sərt mesaj: “Niyə susursan Avropa Şurası?”“Biz bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.

Ölkə başçısı deyib ki, bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.

“Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur”.

Prezident bildirib ki, Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız.

“Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır”.

İlham Əliyev xatırladıb ki, Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib.

“Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə”.