Rusiyada son sutkada 442 nəfər koronavirusun qurbanı olubRusiyada son bir gündə daha 22 410 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 971 013 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 442 nəfər artaraq 33 931-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 475 904 nəfər sağalıb.

Səyavuş Heydərov: Zəfərə gedən yol: milli birlik və dini həmrəylikSəyavuş Heydərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycanın Vətən Müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən unikal hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli və cəsarətli Azərbaycan Ordusu, ən nəhayət xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

44 gün davam edən Vətən Müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Xüsusilə mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi milli ruhumuzu zirvələrə qaldırdı. Bu günlər ərzində Azərbaycan xalqı cənab Prezidentin deyimi ilə bir yumruq kimi birləşdi. Hər kəsin dilində “Qarabağ Azərbaycandır” şüarı, əlində Azərbaycan bayrağı, qəlbində qürur və fərəh hissi var idi. Xalq bir amal və bir məqsəd üçün yekvücud olmuş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bütün varlığını ortaya qoymuşdu.

Fərqliliklərin zənginlik sayıldığı Azərbaycan bu sınaqdan da üzüağ və alnıaçıq çıxmağı bacardı. Vətən Müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətini qeyd etmək lazımdır. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər.

Dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir. Başda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə olmaqla, bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz etdilər. Bu işdə qeyri-islam dini icmaları da böyük səy göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara dini mərkəzlərə təqdim edildi.

Dini icmalar mənəvi cəhətdən Ordumuzu dəstəkləməklə onların qələbəsi üçün daim dualar etdilər, ayinlər həyata keçirdilər. Həmin dini icmaların üzvləri birbaşa döyüşlərdə könüllü şəkildə iştirak edərək qəhrəmanlıq göstərdilər. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var. Bu bizim milli vəhdətimizin, ümumxalq hədəflərimizin eyni olmasının göstəricisidir. Fürsətdən istifadə edərək, Müzəffər Ordumuzun qələbəsinə inanan, dəstək göstərən, dualar edən bütün dini konfessiya nümayəndələrinə təşəkkürümü bildirirəm. Azərbaycanımızın inkişafı və mürəffəh gələcəyi naminə bundan sonra da birliklə çalışmalı, səylərimizi birləşdirməliyik. Yaşasın müstəqil və suveren Azərbaycan!


Azərbaycan və Ermənistan Qarabağda 200 meyit dəyişdiribAzərbaycan və Ermənistan tərəfi 200-dən çox hərbçinin meyitini dəyişdirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsisinin prezidenti Piter Maurer bildirib.

O, tərəflərin hansı nisbətdə cəsədləri dəyişdirdiyini açıqlamayıb.

Amma bəzi məlumatlara görə, dəyişdirilən 200 cəsədin böyük əksəriyyəti Azərbaycan tərəfinin Ermənistana təhvil verdiyi hərbçilərdən ibarətdir.

Dodon getdi: Bu, Rusiyaya növbəti zərbədirMaya Sandu seçkinin ikinci turunda rusiyapərəst İqor Dodon üzərində qələbə qazandı. Bu, Rusiyaya növbəti zərbədir. Rusiya illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı. Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü.

Avrasiya.net xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Moldovada baş verə biləcək prosesləri belə ehtimal edib:

1. Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq. Yəni Moldovanın yeni prezidenti üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institularına inteqrasiya olacaq.

2. Qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o, Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə, həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.

3. Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passivləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır.
 Baş ağrısı beyin xərçənginin ilkin əlamətidirBaş ağrısı beyin xərçənginin ən çox görülən əlamətidir.

“Pyatıy kanal”ın məlumatına görə, bu barədə rusiyalı onkoloq, tibb elmləri namizədi Mixail Myasnyankin bildirib.

O, eyni zamanda ilk mərhələlərdə xəstəliyin asemptomatik inkişaf etdiyini və müəyyənləşdirməyin çox çətin olduğunu qeyd edib.

Həkimin sözlərinə görə, xərçəng başlayanda yorğunluq, başgicəllənmə, ürək bulanması, huşun itməsi, qıcolma, görmə və eşitmədə zəiflik kimi əlamətlər görünə bilər.

Mütəxəssis orqanizmin vestibulyar işindən məsul olan orqanların zədələnməsinin yazı və danışıq qabiliyyətinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

M.Myasnyankin ilk simptomlar görünəndə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.
Paşinyan getməlidir - Sarkisyan Ermənistan prezidenti Armen Sarkisyan, erməni xalqına mesajında Baş nazir Nikol Paşinyanın getməsinin lazım olduğunu bildirib.

Avrasiya.net xəbər verir ki, Sarkisyan parlament və parlamentdən kənar qüvvələrlə, ictimai qruplarla və ayrı-ayrı şəxslərlə bir neçə dəfə görüşdüyünü və diaspora nümayəndələri ilə telefon danışıqları apardığını söyləyib.

Nəticədə məlum olub ki, mütləq əksəriyyət bir məsələdə razılaşır - hökumətin istefası və növbədənkənar parlament seçkiləri lazımdır.

Paşinyanın tərəfdarları müxalif siyasi fəalı bıçaqladıİrəvanda naməlum şəxslər müxalif siyasi fəal, “Adekvat” Partiyasının üzvü Konstantin Ter-Nakalyana hücum ediblər.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə “Facebook” hesabında hüquq müdafiəçisi Ruben Melikyan yazıb.

R.Melikyanın sözlərinə görə, küçədə iki nəfər baş nazir Nikol Paşinyanın mövqeyini müdafiə edərək Ter-Nakalyanla Qarabağdakı müharibə ilə bağlı mübahisə edib.

Bundan sonra mübahisə davaya çevrilib və Ter-Nakalyanın ayaq və üz nahiyəsinə bıçaq zərbələri endirilib.
Dünyada koronavirusa yoluxanların sayı 55 milyonu ötdüDünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 55 milyonu ötüb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada COVID-19-dan ümumilikdə 1 327 077 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 38 259 421 nəfərə çatıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 380 748 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 252 075 insan ölüb.

Dünyada koronavirusa ən çox yoluxma hallarının qeydə alındığı ölkələrin siyahısında sonrakı yerdə Hindistan (8 867 857), Braziliya (5 863 093), Fransa (1 981 827), Rusiya (1 948 603), İspaniya (1 492 608), Böyük Britaniya (1 369 318), Argentina (1 310 491), Kolumbiya (1 198 746) və İtaliya (1 178 529) qərarlaşıb.

Azərbaycan yığması Millətlər Liqasında son oyununa çıxırBu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv VI turda Lüksemburqun qonağı olacaq. "Jozi Bartel" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.

Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.

Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

17 noyabr

UEFA Millətlər Liqası

VI tur

23:45. Lüksemburq - Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. "Jozi Bartel" stadionu

Qeyd edək ki, I qrupun digər oyununda Monteneqro millisi evdə Kiprlə üz-üzə gələcək.