"Yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır""Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, ikinci hissədə qol imkaları olsa da, futbolçular bundan istifadə edə bilməyiblər:

"Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik".

Baş məşqçinin sözlərinə görə, hücumda çatışmayan əsas məqam oyunçuların çoxala bilməməsidir:

"Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir".

De Byazi ilk hissədə zədələnən Abbas Hüseynovun durumuna da toxunub:

"Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq".
Kəlbəcər bu gün Azərbaycana qaytarılırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

Avrasiya.net xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 822 saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Kəlbəcəri işğal altında saxlayırdı.

Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş oldu. Belə ki, sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.

Beləliklə, noyabrın 10-da Ermənistan Baş naziri işğal altındakı digər rayonları, o cümlədən Kəlbəcəri Azərbaycana qaytaracağına imza atdı.