Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət HacıyevErmənistan Bərdə şəhərində soyqırımı aktı törədib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var. Hər biri günahsız sakinlərdır. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik", - H.Hacıyev qeüyd edib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hücumları davam etdirsə, adekvat tədbirlər görüləcək.

O qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır.

"Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik".
"İndi Ordumuzla bərabər diplomatiyamız da fəal iş aparır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-həmlə əməliyyatından bir ay keçir. Sentyabrın 27-dən keçən bu müddət ərzində Şanlı Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 4 rayonu, bir neçə qəsəbəni, 150-yə yaxın kəndi, eləcə də bir çox mühüm strateji yüksəklikləri düşməndən azad edib. Düşmən tərəf güclü zərbə alıb, çoxlu sayda canlı itki verib, saysız- hesabsız hərbi texnika və silah-sursat itirib. Eləcə də istər Ermənistanın silahlı qüvvələri, istərsə də bütövlükdə erməni xalqı mənəvi-psixoloji cəhətdən sarsılıb.

Azərbaycan isə bu 30 gün ərzində düşmənin 30 il ərzində qurduğu istehkamları da, təmas xəttini də, status-kvonu da darmadağın edib. Hazırda cəbhənin bütün istiqamətlərində vəziyyətə nəzarət
baxımından üstünlük Azərbaycanın tərəfindədir. Eyni zamanda işğalda qalan digər ərazilərimizin də azad edilməsi üçün Ordumuz tərəfindən lazımi zəruri tədbirlər görülür.

İndi Ordumuzla bərabər diplomatiyamız da fəal iş aparır. Eləcə də cəmiyyətimizdə də güclü mənəvi ruh yüksəkliyi və həmrəylik hissi hökm sürür. Bir sözlə, xalqımız bu günlərdə sözün əsl mənasında möhtəşəm birlik və vəhdət nümayiş etdirdi.

Mən bu qısa zaman kəsiyində əldə olunan uğurlara, zəfərlərə görə bir daha Ali Baş Komandanımızı və bütün hərbçilərimizi təbrik edirəm!

İnşAllah qarşıda bizi böyük Qələbə gözləyir. Allah Azərbaycan Ordusuna Yar olsun! Bayrağımız tezliklə Şuşada, Xankəndində dalğalansın! Qarabağ Azərbaycandır!

Erməni polkovnik - qərargah rəisi məhv edildi – FotoAzərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenant Muşeq Nurbekyan məhv edilib.

Avrasiya.net xəbər verir ki, polkovnik-leytenant M.Nurbekyanın Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissənin qərargah rəisi oldugu bildirilir.

Qeyd edək ki, məhv edilmiş Nurbekyan 4 iyun 2012-ci ildə təmas xəttinin şimal-şərqində Azərbaycan ordusuna qarşı təxribatda iştirak edərkən yaralanıb və elə həmin il ona qondarma rejimin “şücaət ordeni” verilib.

Şəhid ailəsi və əlillərə 24 ev verildiPrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu gün möhtəşəm zəfərlərlə şanlı tarix yazır. Doğma torpaqlarımızın işğaldan azad edildiyi barədə cənab Prezident tərəfindən elan edilən Qələbə xəbərləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz qürur, iftixar hissi yaradır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki və Oğuz rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

İki rayonda ümumilikdə 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev) təqdim edilib. Oğuzun Gənclik qəsəbəsində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov iştirak ediblər.

Görüşdə bildirilib ki, Ordumuzun bu haqq savaşında əldə etdiyi hər zəfər, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, düşmənə vurulan sarsıdıcı zərbələr Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhunu da sevindirir. Şəhidlərimizin qanı yerdə qalmır, onların qisası layiqincə alınır. Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi “Şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır”.

Qeyd edilib ki, dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təmin olunması tədbirləri də uğurla davam edir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Yeni fərdi evlərlə təmin olunan vətəndaşlar Azərbaycanı bütün istiqamətlərdə daim Qələbələrə doğru aparan və eyni zamanda, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı göstərən Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edib, rəşadətli Azərbaycan əsgərinə yeni-yeni Qələbələr arzulayıblar.
Bakıda avtobus piyadanı vuraraq öldürdüPaytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Ermənistanda bir gündə 21 nəfər öldü Ermənistanda koronavirusa yoluxmada yenidən kəskin artım müşahidə edilib.

Avrasiya.net xəbər verir ki, son sutkada Ermənistanda daha 2241 yoluxma faktı qeydə alınıb və beləliklə, yoluxanların ümumi sayı 82651-ə çatıb.

Son sutkada 21 nəfər olmaqla, ölənlərin sayı 1243-ə yüksəlib. O cümlədən yan xəstəliklərdən ölən koronavirus xəstələrinin sayı 352-yə (5-i son sutkada) qalxıb.

Hazırda 28548 aktiv xəstə var.

"Həmsədrlər bundan düzgün nəticə çıxarmalıdırlar"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Prezidentin “Fox News” televiziya kanalına müsahibəsini bu günlərdə yəqin ki, hamınız izləmisiniz. Öncədən qeyd edim ki, bu çox mükəmməl müsahibə idi. Suallar hər nə qədər açıq hücum xarakterli, ikibaşlı və bəzən də təxribatçı suallar idisə də, cavablar ondan da tutarlı, məntiqli və dolğun idi. Prezident digər müsahibə və müraciətlərində olduğu kimi bu müsahibəsində də beynəlxalq təşkilatların, vasitəçilərin yürüdüyü ikibaşlı siyasəti, “ikili standart”ları ifşa etdi və eləcə də ermənilərin işğalçı mahiyyətinini bir daha bütün dünyaya açıb göstərdi. Bu baxımdan, sözügedən müsahibədə cənab Prezidentin səsləndirdiyi bəzi fikirləri ayrıca şərh etməlk istəyirəm.

Əvvəla onu qeyd edim ki, Fox News-un məlum müsahibəsində Prezidentə verilən sualların tonu və məzmunu düzgün seçilməmişdi. Sualların əksəriyyəti açıq-aşkar qərəzli və birtərəfli suallar idi. Çünki
həmin suallar məhz işğalçı ermənilərin mövqeyinii ifadə edən, bizim həqiqətlərimizi isə eşitmək istəməyən bir jurnalistin sualları idi. O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı. Bunu
cənab Prezident də dünən (oktyabrın 26-da) xalqa müraciətində ayrıca qeyd etdi. Dövlət başçımız mediaya açıq olduğuna görə ona müraciət edən, müsahibə götürmək istəyən xarici jurnalistlərə “yox”
demir, onları səmimi qarşılayır və bütün suallarını səbr və təmkinlə cavablandırır. Lakin bu jurnalistlərin bir çoxunun suallarında açıq-aşkar erməni tərəfkeşliyi və təəssübkeşliyi hiss olunur. Beləliklə, hazırda İlham Əliyev təkcə Ali Baş Komandan kimi işğalçı Ermənistana qarşı yox, həm də işğalçı ölkənin maraqlarına xidmət edən ermənipərəst dünya mediasına qarşı mübarizə aparır. İnformasiya müharibəsi də real müharibənin əsas istiqamətlərindən biridir. Prezident eyni vaxtda iki cəbhədə mübarizə aparmalı
olsa da, amma etiraf edək ki, o bu vəzifənin öhdəsindən uğurla gəlir.

Fox News-a müsahibəsində Prezident birmənalı olaraq bildirdi ki, son müharibə Azərbaycanın günahı üzündən başlamayıb. 27 sentyabrda müharibəni Azərbaycan yox, Ermənistan başlayıb. Azərbaycan isə sadəcə əks-hücum əməliyyatı aparır, özünü müdafiə edir, torpaqlarını işğaldan azad edir, təhlükəsizliyini təmin etməyə çalışır. Və buna da tam haqqı çatır. Çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın da hal-hazırda etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir.

Dövlət başçımız müsahibəsində atəşkəsin kimin tərəfindən pozulması məsələsinə aydınlıq gətirdi. O bildirdi ki, qarşı tərəfin Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi tamamilə absurddur, çünki Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut, fakt yoxdur. Hər kəs görür ki, atəşkəsi pozan tərəf
Ermənistandır və Ermənistan bunda maraqlıdır. Azərbaycan isə sadəcə atəşkəs və torpaqlarının qaytarılmasını istəyir. Bununçün isə Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ,
Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin Ermənistan bundan boyun qaçırır. Həmsədrlər buyursunlar, Ermənistanı buna
məcbur etsinlər.

Prezident İlham Əliyev Ermənistandan fərqli olaraq Azərbaycanın mülki şəxslərə və obyektlərə hücum etmədiyini də xüsusi olaraq vurğuladı. Eləcə də Azərbaycan tərəfində muzdluların döyüşmədiyini də qətiyyətlə bildirdi. İlham Əliyev qeyd etdi ki, bu iddia dezinformasiyadır və Rusiya, Fransa kimi ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Lakin bunu təsdiq edən hər hansı sübutlar, dəlillər isə yoxdur.

İndiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Əksinə, Ermənistanin özünün terrorçuların və muzdluların ümidinə qalması faktı göz qabağındadır. Azərbaycanın isə muzdlulara, terorçulara ehtiyacı yoxdur.

Ölkəmizin başçısı sözügedən müsahibəsində ABŞ-ın vasitəçiliyi və Donald Trampın münaqişənin həlli istiqamətində göstərdiyi fəaliyyəti barədə ətraflı danışdı. O bildirdi ki, Azərbaycan ABŞ-ın vasitəçiliyini
tam dəstəkləyir və Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur: “Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir”.

Prezident digər həmsədrlərin də tərəf tutmamalı olduğunu bildirdi. Ancaq təəssüf ki, bu belə deyil. Artıq 30 gündür davam edən bu son savaşda Fransa özünün həmsədrlik mövqeyini unudaraq birmənalı şəkildə Ermənistana havadarlıq edir. Rusiya isə ikibaşlı siyasət yürüdür. Lakin Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə də burada sülhün bərqərar olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Bu baxımdan ümid edirik ki, digər həmsədrlərdən fərqli olaraq ABŞ ədalətli mövqe sərgiləyəcək, işğalçı ölkənin təəssübkeşliyini etməyəcək.

Prezidentin həmsədr ölkələrin tutduğu mövqe barədə bu cür həssaslıqla danışması səbəbsiz deyil. Çünki münaqişənin həllinin bu qədər uzanmasının əsas məsuliyyəti Ermənistanla bərabər ilk növbədə məhz həmsədr ölkələrin üzərinə düşür. Minsk Qrupunun həmsədrləri son 27-28 il ərzində münaqişənin çözülməsinə yox, dondurulmasına, status-kvo vəziyyətinin qorunub-saxlanmasına çalışıblar. Onlar Ermənistanın get-gedə azğınlaşmasına və bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmasına göz yumublar. Bəzi həmsədr ölkələr isə ikibaşlı siyasət yürüdərək hətta Ermənistanı gizli və ya açıq şəkildə silahlandırıblar. Odur ki, bu gün bölgədə vəziyyətin belə bir kritik nöqtəyə gəlib çatmasında həmsədrlər də günahkardır. Prezident də bu kimi məqamları həm müsahibələrində, həm də xalqa müraciətində ona görə açıq-açığına dilə gətirir ki, qoy vətəndaşlarımız real vəziyyətin necə mürəkkəb olduğunu öz gözləri ilə görsünlər. Bu eyni zamanda həm də həmsədr ölkələrin özlərinə də bir ismarıcdır ki, Azərbaycan xalqı, ölkə rəhbərliyi həmsədrlərin diplomatik-siyasi fəaliyyətlərinin bütün yaxşı-pis cəhətlərini görür və bilir. Həmsədrlər bundan düzgün nəticə çıxarmalıdırlar.
Qarabağ həqiqətləri: gənc könüllülərimiz bunu dünyaya necə çatdırırlar? I Yazı

Hazırda Azərbaycanın olduqca əhəmiyyətli, ən şanlı tarixi yazılır. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün haqq savaşı gedir. Bu savaş yalnız ön cəbhədə getmir, həm də arxa cəbhədə, eyni zamanda Azərbaycanın sərhədlərindən kənarda aparılır. Bu gün dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimiz indiyədək heç vaxt olmadığı qədər əzmkarlıq, birlik nümayiş etdirərək, mənfur düşmənlə bütün cəbhələrdə mübarizə aparırlar. Bu mübarizəyə xarici ölkələrdə yaşayan gənc könüllülərimiz də töhfə verməkdədirlər. Səsimizin eşidilməsi üçün bu gün onlar həmişəkindən daha fəal, daha mütəşəkkildirlər. Bu dəfəki yazımızda belə könüllü gənclərdən ikisi ilə sizi tanış edəcəyik.

Ədalət Əliyev: “Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər zaman Vətənimlə nəfəs alıram”

Ədalət Əliyev uzun illərdir Kanadanın Toronto şəhərində yaşayır. Təhsilini orada alıb, orada ailə qurub və həyatını da elə orada davam etdirməli olub. İxtisasca videoqraf olsa da, hazırda bir neçə sahədə fəaliyyət göstərir.

Ədalət, Azərbaycandan çox uzaqda azərbaycanlı olmaq nə deməkdir?

– Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər zaman Azərbaycanla, Vətənimlə nəfəs alıram. Bu bizə nəsildən-nəsilə ötürülən Vətən sevgisidir, valideynlərim, nənələrim və babalarım bunu mənə lap körpəlikdən aşılayıblar. Bu gün həyatıma Vətəndən kənarda davam etsəm də, yenə də Vətən üçün çalışmaq çox qürürverici haldır. Biz burda yaşayan həmvətənlərimizlə birgə Azərbaycanı təbliğ etmək üçün var gücümüzlə çalışırıq.

Necə təşkilatlanmısınız? Fəaliyyətinizi necə koordinasiya edirsiniz?

– Kanadada bir neçə Azərbaycan icması var. Hazırda vətənizimdə elə hadisələr baş verir ki, bütün azərbaycanlılar, hətta bu icmalara üzv olub-olmamasından asılı olmayaraq bir yumruq kimi birləşib ortaq amal uğrunda hərəkət edirlər. Hər kəs düşmənin yalançı təbliğatının qarşısını almaq üçün səfərbər olub. Biz burda, demək olar ki, hər addımda mübarizə aparırıq.

Kanada ermənilərin sıx yaşadığı ölkələrdən biridir…

– Tamamilə, doğrudur. Təəssüf ki, ermənilərin miqrasiya tarixi daha qədimlərdən başlayıb. Buna görə də onların lobbi fəaliyyətləri bizdən çox illər əvvələ gedib çıxır. Amma bu bizi qorxutmur. Ermənilərin diaspor təcrübələrinin bizdən çox olmasına baxmayaraq, biz gənc diaspor könüllüləri olaraq, onların öz mənfur niyyətlərini yerinə yetirmələrinə heç vaxt imkan verməyəcəyik. Çünki bizim mübarizəmizin bünövrəsində haqq, ədalət durur, yalançı lobbiçilik və təbliğat deyil. Bizi güclü edən də məhz budur.
– Fəaliyyətinizi istədiyiniz, arzu etdiyiniz şəkildə qura bilirsizmi?
–Bir icma olaraq burda dərindən kök salmaq üçün gərək cəmiyyətə maksimum inteqrasiya edək. İnteqrasiya yalnız burda mövcud olub yaşamaq deyil, eyni zamanda cəmiyyətin hər pilləsində aktiv fəaliyyət göstərməkdir: hüquqda, jurnalistikada, siyasətdə, ədliyyədə, təhsil sistemində gərək öz nümayəndələrimiz olsun. İndiki görülən işləri təhlil edəndə əminliklə demək olar ki, birləşib bu istiqamətdə irəliləyirik.

Üzvü olduğunuz icma Azərbaycan – Kanada Multikultural Mərkəz adlanır. Mərkəz fəaliyyətini daha çox hansı sahələr üzrə qurmağı qarşısına məqsəd qoyub?

– Vətənimizin mədəniyyətini, tarixini tanıtmaq üçün fəaliyyətimiz tələbəlik vaxtımızdan başlayıb. İndi də davam edir və gələcəkdə də edəcək. Azerbaijani Canadian Multicultural Centre (ACMC) adlandırılan icmanın mən də üzvüyəm. Mən onun nəzdindəki media qrupunda könüllü olaraq çalışıram. Qrupun fəəaliyyəti çərçivəsində soydaşlarımızla müxtəlif işlər görürük. İşlərimiz təkcə təbliğatla məhdudlaşmır, həm də Kanadaya yeni köçən həmyerlilərimizə bura uyğunlaşmaqda kömək edirik. Məncə, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbənin ilk işi ordakı müvafiq Azərbaycan icmasına üzvlük olmalıdır. Bu yolla həm icmanın fəaliyyətinə dəstək ola biləcək, həm də digər soydaşlarıyla tanış olub cəmiyyətə daha asan inteqrasiya edəcək. İcma üzvləri də gənc həmvətənlərimizə dost, dayaq olacaq, eyni zamanda köçdükləri ölkə haqqında faydalı məlumatlar verəcəklər.

– Diaspor fəaliyyətində iştirak edən gənc könüllülərə nələri tövsiyə edərdiniz?

– Ümumiyyətlə, ölkə xaricində yaşayan hər bir həmyerlimizin mədəniyyətimizi, Azərbaycanımızı təbliğ etməkdə fəal olması son dərəcə vacibdir. Bizim şəxsi mənafeyimiz heç bir vaxt vətənimiz, millətimiz üçün faydalı şəxsiyyət olmağımızın qarşısına keçməməlidir. Azərbaycanımızın dar günlərində, ələlxüsus, indiki müharibə və pandemiya vəziyyətində icma fəaliyyətinə dəstək verən soydaşlarımız çoxdur. Könüllülərimizin sayı hər gün durmadan artır. Son dövrlərdə Kanadadakı azərbaycanlılar daha fəal olublar. Gərgin günlər bizi sıx birləşdirir və hər birimiz Vətən üçün birgə çalışmağın əhəmiyyətini daha aydın başa düşürük. Aktiv təbliğat və təşviqat işlərinə başlamışıq və bu işlərin nəticələri artıq öz bəhrəsini verir. Diasporun Kanada qolu olaraq səsimizi Kanada Parlamentində eşitdirmək üçün əlimizdən gələni edirik: parlament üzvlərilə əlaqə yaratmaq niyyətilə bir sıra işlər görür, görüşlər keçiririk, ermənilərin yalan üstndə qurulmuş təbliğatının qarşısını almaq üçün yerli xəbər agentliklərinə həqiqəti əks etdirən məktublar yazırıq. Bundan əlavə, Kanadanın böyük şəhərlərində aksiyalar, bir sıra tədbirlər həyata keçiririk. İcma olaraq daim bizim də mövqeyimizin nəzərə alınması üçün öz gücümüzdən də artığını nümayiş etdiririk. Burda əsas məqsədimiz birtərəfli fikirlərin formalaşmasının qarşısını mümkün qədər almaq, ermənilərin yalançı haray-həşirlərinə imkan verməmək, Azərbaycan tərəfinin də fikirlərini bütün dünyaya çatdırmaqdır.

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
İran səfiri:"Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər cür səy göstərir"“Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər cür səy göstərir”.

Strateq.az “Zvezda” telekanalına istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazim Cəlali bildirib.

“İran Dağlıq Qarabağ münaqişəsinin danışıqlar masası arxasında həll edilməsini istəyir”.

Kazim Cəlalinin sözlərinə görə, rəsmi Tehran qonşu ölkədə baş verənlərdən narahatdır.

Müharibənin Ermənistan və Azərbaycan Respublikası üçün nəticələri ilə bağlı səfir bildirib: “Bu müharibə iki ölkə üçün çox ciddi nəticələrə səbəb olacaq. Həm də yalnız iki ölkə deyil, bütün bölgə üçün”.

İranın Dağlıq Qarabağ münaqişəsini danışıqlar masası arxasında həll etmək üçün əlindən gələni etdiyini söyləyən Cəlali İran prezidenti və xarici işlər nazirinin Ermənistan və Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlar apardığını və rəsmi Tehranın vasitəçilik etməyə hazır olduğunu söyləyib.

O əlavə edib: “Şübhəsiz, hər hansı bir bölgədən kənar qüvvə Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirə və yeni bir təhlükə yarada bilər. Ən yaxşı yol bölgə ölkələrinin birlikdə çalışması və münaqişənin dinc yolla həll olunmasıdır”.

Kazim Cəlali İran silahlı qüvvələrinin həmsərhəd ərazilərdə cəmlənməsinə də toxunub: “Sərhədimizdəki durumu təhlükəsizlik və hərbi qüvvələrimiz müşahidə edir. Çünki təhlükəsizliyimizə diqqətlə yanaşan ölkələrdən biriyik”.