On gün keçir, amma bizə sübut verilməyib - PrezidentSiz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmi açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiyə birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gətirib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində deyib.

“Halbuki bunun heç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu günə qədər bizə heç bir sübut verilməyib. Bu, bizə qarşı edilən haqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır. Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi, ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərəm. Hər halda, hər bir ölkə özünü müdafiə etməlidir. Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik. Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır. Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir”, - İlham Əliyev bildirib.
Biz Amerikanın mövqeyindən razıyıq – İlham ƏliyevAmerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə birlikdə bu işlərdə iştirak edir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk telekanalına müsahibəsində deyib.

“Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”, - İlham Əliyev bildirib.

Müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır - Prezidentİlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk telekanalına müsahibəsində deyib.

“Bizdə olan yeni kəşfiyyat məlumatları, - bunların bir hissəsi artıq mətbuata da açıqlandı, - onların danışıqları, onların təmasları haqqında artıq sənədlər və audioməlumat var. Bu, bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı törədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar”, - İlham Əliyev bildirib.
Ordumuz yeni dayaq məntəqələri işğaldan azad edib - Anar EyvazovCəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərinin azad olunması istiqamətində əks-hücum əməliyyatlarını davam etdirir.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, davam edən döyüşlər nəticəsində düşmən ağır irkilər verərək geri çəkilməyə məcbur edilib: "Ordumuz əldə edilən nailiyyətləri nətcəsində yeni dayaq məntəqələrini azad edib, düşmənin hərbi texnikaları məhv edilib. Gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var".

A.Eyvazov sentyabrın 27-dən bu günə qədər əks-hücum əməliyyatları nəticəsində düşmənin məhv edilən döyüş texnikasının siyahısını da açıqlayıb: "Sentyabrın 27-dən bu günədək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

İtirilmiş mövqeləri sözdə dırnaqarası qaytaran düşmən əhalinin kompakt yaşadıqları əraziləri, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl, Yevlax, Gəncə, Mingəçevir, Goranboy rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandanın verdiyi tapşırıqlar uğurla icra olunur".
Ermənistandan növbəti rəsmi ETİRAF - Daha 80 hərbçi MƏHV EDİLİBErmənistan Ordusu son sutka ərzində məhv edilmiş hərbçilərinin yeni siyahısını dərc edib.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, növbəti rəsmi siyahıda daha 40 hərbçinin adı qeyd olunub.

Beləliklə, məhv edilmiş düşmən hərbçilərinin ümumi rəsmi sayı 320-ni keçib. Düşmənin verdiyi itkilərin bundan dəfələrlə çox olduğu məlumdur.
Ermənilərin Qarabağdan qaçdığı təsdiqləndiAzərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin ərazini kütləvi formada tərk etdikləri təsdiqlənib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan bölgədən 70 000-75 000 nəfərin qaçdığını bildirib.

“İlkin rəqəmlərə görə, insanların 50 %-i Qarabağdan Ermənistana gedib”, - o deyib.

Şura Ordumuza ianə köçürdüPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud qeyd edib.

O bildirib ki, bu qərar 27 sentyabrdan etibarən işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün uğurlu hərbi əməliyyatlar aparan Ordumuza dəstək məqsədi daşıyır.
50 siyasi partiya Fransanın Qarabağla bağlı mövqeyini pislədiAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair bəyanat yayıblar.

Avrasiya.net xəbər verir ki, bəyanatda deyilir:

"Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-u Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verib. Daha sonra Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz ölkəmizə qarşı böhtan atın. Bu açıqlamalar Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub və biz qəti əminik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.

1993-cü ildə Fransa özü BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.

İndi isə Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir.

Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Ona görə də Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.

Biz əminik ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Ölkəmiz Ermənistanın işğal etdiyi torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır.

Fransa Əlcəzairdə, Vyetnamda, Cibutidə, Çadda, Qabonda, Tunisdə soyqırımları törətmiş bir ölkədir.

Biz qəti əminik ki, beynəlxalq dəyərlərə fərqli münasibət göstərmək olmaz. Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqının millətlərin öz müqəddəratını müəyyən etmək prinsipinə necə yanaşırsa, Dağlıq Qarabağ mövzusuna da eyni münasibət göstərsin.

E.Makron 21-ci əsrdə Ermənistan Azərbaycanı “yeni torpaqlar üçün yeni müharibə” ilə hədələyəndə, beynəlxalq humanitar hüquqa zidd olaraq işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti aparanda və bunu internetdə nümayişkarcasına göstərəndə açıqlamalar verməli idi. Lakin bunu etmədi. Halbuki həmsədr ölkə kimi bu məsələlər birbaşa Fransanı da narahat etməliydi. Bu, açıq şəkildə Fransanın qərəzini sübut edir.

Azərbaycana qərəzli mövqe göstərmək əvəzinə, Fransa prezidenti öz tarixlərinə nəzər yetirərək ölkəsinin müstəmləkəçi siyasətini yada salmalıdır. Azərbaycan öz torpağında işğalçıya qarşı mübarizə aparır.

Azərbaycanın işi haqq işidir. Bizim mövqeyimiz həm beynəlxalq hüquqa, həm də tarixi ədalətə əsaslanır. Qarabağ Azərbaycandır!

Azərbaycanda bütün siyasi qüvvələr Qarabağ məsələsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin yanındadır. Biz Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham ƏIiyevin münaqişəyə son qoyulması ilə bağlı bütün şərtlərini dəstəkləyirik. Münaqişənin həlli üçün Ermənistan ordusu işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmalı və Vətənimizin ərazi bütövlüyü tam olaraq bərpa edilməlidir. Bu, Azərbaycan xalqının tarixi haqqıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbidir. Yalnız bu halda regionda dayanıqlı sülhə nail olmaq mümkündür.

Biz siyasi partiyalar olaraq bəyan edirik ki, bu açıqlamaları ilə Fransa prezidenti Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurmuşdur. Biz açıq-aşkar işğalçını dəstəkləyən Fransanı bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi görmürük".

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
4. Böyük Quruluş Partiyası – Fazil Mustafa
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
7. Vəhdət Partiyası – Tahir Kərimli
8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
10. Milli Cəbhə Partiyası – Razi Nurullayev
11. ReAL Partiyası – İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn
16. Ədalət Partiyası – İlyas İsmayılov
17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər
19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan
20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
26. Milli Vəhdət Partiyası – Yunus Oğuz
27. AĞ Partiya – Tural Abbaslı
28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
31. Azadlıq Partiyası – Əhməd Orucov
32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
35. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
36. Yeni Zaman Partiyası – Musa Ağayev
37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev
38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov
40. Milli Konqres Partiyası – İxtiyar Şirinov
41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
45. Birlik Partiyası – Xudadat Xudiyev
46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov
48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
49. Qorqud Partiyası – Firudin Kərimov
50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
"Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir" - Ruhaniİran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlardan narahat olduğunu ifadə edib.

Avrasiya.net “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Tehranda Nazirlər Kabinetinin görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.

“Bölgəmiz çox həssas və əhəmiyyətlidir. Şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək lazımdır. Qarabağdakı müharibə sərhədlərimizdə aparılır. Mərmilər də ərazimizdə partlayır və bu, yolverilməzdir.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə və hüquqlarına hörmətlə yanaşmalıdır”, - deyə Ruhani qeyd edib.

İran Prezidenti bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.