Ağalarovlar külli miqdarda kredit götürdü“Krokus Qrup” şirkətinin prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov və oğlu Emin Ağalarov şirkətin maliyyə öhdəliklərini yerinə yetirmək məqsədilə kredit götürüblər.

Axar.az xəbər verir ki, bunu Emin Ağalarov RBK telekanalına müsahibəsində deyib.

“Şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarov və mən kredit götürdük, böyük məbləği o götürdü”, - Emin Ağalarov bildirib.

E.Ağalarov götürdükləri kreditin məbləğini açıqlamasa da, “Krokus Qrup”un mətbuat xidməti RBK-ya açıqlamasında onun 100 milyon rubl məbləğində olduğunu bildirib.

Emin Ağalarov karantin tətbiqindən sonra ticarət mərkəzlərində trafikin hələ bərpa olunmadığını və 20-25 faiz azaldığını deyib.


Azərbaycana məxsus "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin səhmlərinin müvafiq olaraq 74%-nə və 26%-nə nəzarət edən Elşən Quliyev və Ceyhun Abdullayevin Türkiyədə məhkəməsi başlayıb.

"Finans.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar türk iş adamı Yunus Akgünün 1 milyon ABŞ dolları məbləğində vəsaitini özündən xəbərsiz, "İnvest-AZ" vasitəsilə ölkədən qanunsuz çıxarmaqda, dolayısı ilə ələ keçirməkdə, yəni, dələduzluqda ittiham olunur.

İrəli sürülən ittiham üzrə təqsirləndirilən şəxslərin 17 il müddətinə həbsi tələb edilir.

Zərərçəkmiş qismində tanınan Y.Akgün ifadəsində bildirib ki, investisiya şirkətinin məqsədini əvvəlcədən anlamayıb:

“Davamlı olaraq zərərlə işlədiyini bəyan edən "İnvest-AZ"ın əslində istifadə etdiyi birja platforması üzərindən qanunsuz fəaliyyətlə məşğul olduğunu, investorlara reallıqdan uzaq qiymətlər təqdim etdiyini, mövcud olmayan qiymətlərlə əməliyyatlar apararaq təminat hədləri ilə oynadıqlarını başa düşdüm".

E.Quliyev və C.Abdullayevlə birgə Türkiyə vətəndaşı Ümit Arcanlı da ittiham olunur./report.az
Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcəkAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsipini əsas götürüb. Şura daim media ilə əlaqələrə və sıx əməkdaşlığa xüsusi üstünlük verib, fəaliyyətinin bütün istiqamətlərinin müntəzəm olaraq mediada işıqlandırılmasına çalışıb.

Təəssüflər olsun ki, “media qurumu” olduğunu iddia edən bəzi saytlar ifadə azadlığı hüququndan, azad söz, azad fikir anlayışlarından tamamilə yanlış formada - şantaj, reketlik yolu və digər qanunsuz vasitələrlə gəlir əldə etmək üçün yararlanmağa cəhd edirlər. Fəaliyyətləri mətbuatın həqiqi mahiyyətinə aidiyyəti olmayan, medianın üz qarası sayılan belə saytlar çirkin niyyətləri reallaşmadığından müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan yalan, şantaj və böhtan xarakterli yazılar yayımlayıblar. Bunlardan bəziləri Şuranın əks-arqumentləri ilə razılaşıb yayımladığı yazıların tamamilə saxta, qurama, yalan olduğunu qəbul edərək üzrxahlıq edib. Həmçinin Şuranın bu məsələ ilə bağlı Mətbuat Şurasına müraciətindən nəticə çıxaran elektron media qurumları da olub. Məlumat üçün bildirirəm ki, 2016-cı ildə Şura haqqında şər-böhtan yazan, nüfuzuna bilərəkdən xələl gətirməyə çalışan və qarşılığında utanıb-çəkinmədən maddi maraq güdən “media” qurumları ilə bağlı Baş Prokurorluğa müraciət də edilib.

Təəssüf ki, hər zaman şəffaf, hesabatlı fəaliyyəti, mediaya açıq olması ilə tanınan Şuraya və onun rəhbərliyinə qarşı bütün əndazəni aşan şantaj xarakterli hücumlar son dövrlərdə yenidən kampaniya xarakteri almağa başlayıb. Şura COVID-19 pandemiyası ilə əlaqədar bütün gücünü Azərbaycan vətəndaşlarına xidmətə, QHT-lərə daha çox dəstək verilməsinə, yerli və beynəlxalq miqyasda milli maraqlarımızın qorunmasına, eyni zamanda QHT-hökumət əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsinə yönəltdiyi bir vaxtda qeyd olunan böhtan xarakterli yazılara diqqət yetirməməyə çalışırdı. Şura dövlətin vətəndaşlara, mətbuata verdiyi azad sözü ifadə etmək hüququnu və xüsusilə medianı (baxmayaraq ki, sözün həqiqi mənasında onları media orqanı və ya jurnalist saymaq mümkün deyil) məhkəməyə verməmək haqda tövsiyələrini əsas götürərək ona qarşı çirkin kampaniya aparanların “fəaliyyəti” ilə bağlı heç bir addım atmırdı. Lakin mənəviyyata, əxlaqa sığmayan, iyrənc böhtan nağıllarının uydurulması və tirajlanmasının davam etməsinə hər zaman susmaq mümkün deyil.

Son 3 ayda bir sıra saytlarda Şura haqqında hüquqa və jurnalistikanın peşəkar prinsiplərinə uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı olaraq həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn cəfəng yazılar (hərçənd buna yazı deməyə də insanın dili gəlmir) yayımlanır, Şura və onun rəhbərliyi haqqında çirkin şər, böhtan kampaniyası aparılır. Bu cür böhtan sicillləmələrinə görə həmin “jurnalistlərə” etirazımızı bildirməyimizə, bütün sualları cavablandırmağa hazır olmağımıza baxmayaraq onların etinasız davranışları və qanunsuz əməllərini davam etdirmələri bir daha belələrinin əsl məqsədinin qarayaxma, böhtan və şantaj olduğunu göstərir.

Biz bir daha Şura və onun rəhbərliyinin fəaliyyətinə ləkə yaxmağa çalışan, böhtan və iftira xarakterli yazılar yayımlayan saytları tutduqları yanlış yoldan çəkinməyə çağırırıq. Əks halda haqqımızda dərc olunmuş böhtan və şantaj xarakterli yazıların yayımlanmasının, işgüzar nüfuzumuzu zədələmək cəhdlərinin qarşısının alınması məqsədi ilə media adına ləkə gətirən belə saytlar barədə aidiyyatı qurumlara və məhkəməyə müraciət ediləcək. Hesab edirik ki, ictimai qınağı nəzərə almayan bu tip “media” nümunələrinin qanunazidd əməllərinə hüquqi qiymət verilməlidir.

Elməddin Behbud
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ictimaiyyətlə əlaqələr bölməsinin müdiri
Vətənə, Orduna sevgini, dəstəyini nümayiş etdirmək istəyirsənsə... Elçin Mirzəbəyli

Vətənin sərhədləri qan yaddaşımızdan boy atan düşüncəmizdən, daşının-torpağının qoxusunu çiçək ətri kimi nəfəsimizə çırpan dəli küləklərin yol aldığı ucalıqlardan başlayır. Azərbaycan sərhədlərinin uzunluğu ölümə meydan oxuyan şəhidlərin ŞƏRƏF VƏ NAMUS damarlarının uzunluğu qədərdir!

Bu gün hər yerdə savaş var! Sərhəddə, səngərdə, virtual məkanda..., hər yerdə! Düşmənin informasiya təxribatına, artıq sapı da özgələrin olan xainlərə, dönüklərə, şərəfsizlərə qarşı yalın əllə də savaşmaq olar!

Ayıq ol! Sosial şəbəkələrdə Azərbaycan adları arxasında yüzlərlə, minlərlə düşmən köpəyi gizlənib, ətrafa böhtan və yalan üfürürlər. Hər eşitdiyini, hər oxuduğunu həqiqət kimi qəbul etmə! Vətənə, Orduna sevgini, dəstəyini nümayiş etdirmək istəyirsənsə, əsgər və zabitlərimizin əzəmətli, məğubedilməz görüntülərini paylaş, sosial şəbəkələri Azərbaycan bayrağının rənglərinə bürü!

Düşmənin saxta və yalan məlumatlarına, bu məlumatlara uyanların yanlışlıqlarına biganə qalma, susma, “məndən ötdü” demə, müqavimət göstər, mücadilə apar, Vətəninin, Dövlətinin, Millətinin mövqeyini yorulmadan, usanmadan müdafiə et! Gerçək tarixinlə, haqlı mövqeyinlə, iti idrakınla, Vətən sevginlə silahlan!

200 ildən çoxdur qanımıza susayıblar, paramparça ediblər, dilimizə, mədəniyyətimizə, milli varlığımıza qənim kəsiliblər, bizi məhv etməyə, Yer üzündən silməyə çalışıblar. Amma yenə də heçdən bir bayraq, bir dövlət yaratmışıq. Yoxdan var olmuşuq! Yurd yerlərimizə od vurublar – külündən alov kimi sıyrılmışıq! Bir olmuşuq, hürr olmuşuq, var olmuşuq!
Bu gün Azərbaycan ordusu tarixi türk-Azərbaycan döyüş ənənəsiylə savaşır. Generalı, zabiti – sərkərdələri əsgəriylə çiyin-çiyinə döyüşür, əsgərindən öndə atılır düşmən üzərinə! Bu gün minillərin o başından yol gələn döyüş ruhumuz ayaqdadır!

Bu gün MİLLƏT və DÖVLƏT olaraq dünyanın ən rəzil, ən hiyləgər, ən amansız, ən şərəfsiz düşməninə qarşı savaşırıq!

Bu gün 50 milyon azərbaycanlının ürəyi Azərbaycan sərhədlərində, işğal altında olan yurd yerlərimizdə döyünür!
Amma bu döyüntünün səsini bütün dünya duymalıdır!
Ehey, Güneydə, Qüzeydə, Doğuda, Batıda Azərbaycan adına var olan yurddaşım, həmvətənim, doğmam, əzizim, səsini ucalt, varlığını, birliyini nümayiş etdir!
Unutma, sən qalib gələcəksən!

"Prezident hər zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəal siyasət aparır"Ermənistan və onun rəhbərliyi hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesini pozmağa çalışır, münaqişənin sülh yolu ilə həllini istəmir. Çünki indiyədək müvafiq beynəlxalq qurumlar və təşkilatlar tərəfindən onlara “dur” deyən yoxdur. Törətdiyi təxribatlara görə cəzalandırılmayan Ermənistan hakimiyyəti öz işğalçılıq siyasətini davam etdirir. Paşinyan hökumətinin münaqişənin tənzimlənməsi ilə bağlı heç bir mexanizmi, heç bir fəaliyyəti yoxdur və ümumiyyətlə, bu barədə düşünmək belə istəmir. Belə olan halda, Azərbaycan öz haqqını tələb etməyə məcburdur. Çünki ölkəmizin ərazisinin 20 faizi otuz ildən artıqdır ki, ermənilər tərəfindən zəbt edilib və burada qanunsuz məskunlaşma siyasəti aparılır. Prezident İlham Əliyev də vurğuladığı kimi, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti çıxış və iştirak etdiyi yüksək tribunalardan hər zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəal siyasət aparır. Dövlətimizin başçısının dünyanın ən böyük təşkilatı olan BMT-nin 75 illiyi münasibətilə Qoşulmama Hərəkatının sədri kimi 120 ölkə adından çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir.

Deputat xatırladıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəaliyyətini Bandunq prinsipləri – dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi üzərində qurub. Qəbul edildiyi gündən Bandunq prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri soyuq müharibə dönəmində istiqamətləndirib. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurması, quruma sədrliyi dövründə keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti aparmasını beynəlxalq hüquqa zidd olduğunu vurğulayan deputat bildirib ki, bu azmış kimi, işğalçı ölkə həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidləri məhv edir, özününküləşdirir. Faşist ideologiyasına xidmət edən Ermənistanda Azərbaycanafobiya siyasəti hökm sürür və bu ölkədə gənc nəslə xalqımıza qarşı nifrət aşılanır.

“Dağlıq Qarabağ qədim, əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Xalqımız səbirsizliklə işğal altındakı torpaqlarımızın azad olunmasını gözləyir. Erməni təxribatlarının qarşısını almaq üçün xalq-iqtidar, xalq-ordu birliyi güclü olmalıdır. Bu gün cəmiyyətimizdə yüksək əhval-ruhiyyə var. Xalqımız heç vaxt işğalla barışmayıb və bu gün də barışmır. Səbir kasası dolan Azərbaycan xalqı problemin müharibə yolu ilə olsa da, həllini istəyir. Azərbaycanda xalq-iqtidar arasında güclü birlik var. Məhz bu birlik sayəsində biz haqqımız olanı geri qaytaracağıq”,- deyə deputat fikirlərini yekunlaşdırıb
İrandan İrəvana 7 müəmmalı reys: nə daşınır? – SensasiyaAxar.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı saytımıza müsahibəsini təqdim edir:

- Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir?

- Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habelə müxtəlif ölkələrin vətəndaşları olaraq Ermənistanın xüsusi xidmət orqanlarına, işğalçı ölkənin maraqlarına, mənafelərinə xidmət edən şəxsləri nəzərdə tuturam. Onlar artıq Azərbaycana qarşı olan ideoloji və informativ müharibəni keyfiyyətcə yeni mərhələyə keçiriblər. Bu, hibrid savaşdır. Hazırda Azərbaycana qarşı çox ciddi hibrid savaş gedir. Bu hibrid savaşın təzahürlərini biz sosial şəbəkələrdə, müxtəlif akkauntlarda, messencerlərdə, ən başlıcası isə kütləvi informasiya vasitələrində görə bilərik.

- Amma konkret adlar çəkmək istəmirsiniz...

- Bilirsiniz, mən konkret adlar çəkməklə kimlərisə suçlamaq niyyətində deyiləm. Mən məsələnin nə dərəcədə ciddi olduğunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, bu yaxınlarda Azərbaycanda guya Rusiyaya işləyən şəxslərin siyahısı açıqlandı. 76 nəfərin ad-soyadından ibarət siyahı idi. Bu adamların heç biri hər hansı dövlətin nə agentidir, nə də casus şəbəkəsinə daxil olan şəxslərdir. Həmin siyahıda gənclər, tələbələr var idi. Çox absurd və marazmatik siyahıdır. Tələbənin hansı təsir imkanı ola bilər axı?! Mənə maraqlı olan o siyahını kimlərin hazırlamasıdır.

- Sizcə, o siyahını kimlər hazırlamışdı?

- Rusiyalı milyarder Mixail Xodorkovskinin “MBK Media” adlanan şirkətinin strukturu. Həmin siyahını hazırlayan şəxsin adını açıqlayıram. Bu, Modest Kolerovdur. Bu həmin şəxsdir ki, əvvəllər Rusiya Prezidentinin regionlar və xarici ölkələrlə mədəni əlaqələr ofisinin rəhbəri idi. Sonra bu adam həmin işdən qovuldu. Sonra Reqnum İnformasiya Agentliyinin rəhbəri oldu. Reqnum, “Rossiya seqodnya” və “Sputnik” agentliyi birmənalı olaraq Ermənistanı dəstəkləməyə başladı. RT və digərləri də buraya daxildir. Azərbaycana qarşı təxribatların hazırlanmasında əsasən 3 nəfərin əməyi var: Aram Qabrielyanov, Modest Kolerov və Marqarita Simonyan. Aram Qabrelyanov Layfnyus.ru (lifenews.ru) saytının redaktorudur. Marqarita Simonyan isə Rusiyanın RT kanalının baş redaktorudur. Bu adamlar birmənalı olaraq Azərbaycana qarşı düşmənçilik mövqeyi tutub. Onların Azərbaycana qarşı yeni planları var. Mediada isə onların nüfuz dairələri həddən ziyadədir. Bu nüfuzun əhatə dairəsinə Rusiyada yaşayan erməni əsilli və digər millətlərin nümayəndələri olan jurnalistlər daxildir. Eyni zamanda, Yaxın Şərqdə və ən müxtəlif ölkələrdə bunların dedikləri ilə oturub-duran media nümayəndələri var.

- Bəs onların əsas məqsədi nələrdir?

- Bunların əsas məqsədlərindən biri Azərbaycanı zəif salmaq, ölkəmizin daxilində kütləvi çaxnaşmalar yaratmaq, Azərbaycan xalqında xof və pərişanlıq hissləri aşılamaqdır. Ən başlıcası, Ermənistanı zərərçəkən və qalib gələn tərəf kimi göstərməkdir. Ermənistanın maraqlarını Rusiyada tam və geniş miqyasda qoruyan, təmsil edən bu insanlar əməllərindən bixəbər olduğumuzu düşünürlərsə, yanılırlar. Onların kimdən, necə və hansı vasitələr üçün istifadə etmələri də bəllidir. Dövlətə və millətə qarşı yönələn hər niyyətə dəfələrlə ağır, sərt cavab veriləcək. Bir daha deyirəm ki, media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq. İrəvanın tulaları da bunu bilsinlər.

- İran-Kuveyt-Ermənistan aviamarşrutu barədə yazmısınız... Ermənistanı kim və necə silahlandırır? Özünütəcridə yuvarlanmış ölkə necə olur ki, qəflətən hərbi texnika, sursat, hərbi-texniki vasitələrlə təmin olunur?

- Bu yaxınlarda, iyul ayında Tovuzdakı döyüşlərdə bu sual xüsusi aktuallıq kəsb etdi: Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı aviareyslər aşkarlandı. Təyyarələr bir qayda olaraq Ermənistana hərbi yüklər daşıyırdılar. Özü də əksər hallarda dolanbac marşrutlarla. Azərbaycan qəti etirazını bildirdi - özü də tək yük yollayan ölkələrə yox, həm də bu tranzit üçün səmasını açan dövlətlərə. Silah və hərbi texnika daşınmasının qaydalarına əsasən, hava dəhlizi verən ölkə yük, onun daşındığı son məkan barədə məlumatlandırılmalıdır. Lakin bu qaydalara əməl olunubmu - dəqiq bilinmir. Belə ölkələr arasında qonşu İran da var. Adi yüklər bu cür dolanbac yollarla daşınmır. Həmin adları çəkilən ölkələrdən bu uçuşlarla bağlı qaneedici açıqlamalar eşitmədim. Əgər həmin aviareyslərdə hərbi təyinatlı yüklər daşınmırsa, niyə onların çeşidi, siyahısı və tutumu açıqlanmır? Qanunidirsə, niyə açıqlanmır?! Mən sübut etdim ki, Rusiyanın hərbi hava qüvvələrinə məxsus İL-76TB hərbi yük nəqliyyat təyyarəsi Ermənistana gəlib. Orada onun üzərinə boya ilə Ermənistan bayrağı çəkilib. Guya bu, Ermənistanın hərbi hava qüvvələrinə məxsus təyyarədir. Bu təyyarə ilə müxtəlif ölkələrə gizli uçuşlar həyata keçirilib.

- Bəs qəribə və ya dolanbac adlandırdığınız marşrutlar hansılardır? Həmin aviareyslərlə nələr daşınıb?

- Son həftələrdə İran-Küveyt marşrutu ilə gerçəkləşdirilmiş çox qəribə aviareyslər barədə məlumatlar var. Maraqlıdır ki, o reyslərin hamısı İrəvandakı Zvartnos hava limanına enişlə gerçəkləşdirilib. Avqustun 13-də İranın “Fars Air Qeshm” aviaşirkətinin Boinq- 747 təyyarəsi yerli vaxtla 16.05-də Tehrandan İrəvana uçub. Təyyarə İrəvan hava limanında 7 saat qalıb, sonra Küveytə uçub, avqustun 14-də, səhər saatlarında isə oradan Tehrana qayıdıb. Bir həftə keçib və 21 avqustda yerli vaxtla 15.00-da “Fars Air Qeshm” aviaşirkətinin elə həmin Boinq-747 təyyarəsi Tehrandan İrəvana uçub. Ertəsi gün səhər erkən saatlarda təyyarə İrəvandan Küveytə yollanıb. Avqustun 22-də isə Küveytdən Tehrana qayıdıb.

- Bu reyslər müntəzəm olub?

- Xeyr, bu reyslər müntəzəm olmayıb. Növbəti müəmmalı aviareys 26-27 avqustda olub. Yenə Boinq-747, yenə “Fars Air Qeshm” və yenə də Tehran-İrəvan-Küveyt marşrutu, oradan da geriyə, Tehrana. Sentyabrın əvvəlində daha bir insident olub. Mediada yayılan xəbərlərlə görə, nömrə nişanları olmayan hərbi yük maşınlarından və digər xüsusi texnikadan ibarət karvan İran-Ermənistan sərhədini “Norduz” nəzarət-buraxılış məntəqəsindən keçib.

Yeri gəlmişkən, bir qədər əvvəl digər qonşumuz - Gürcüstan ərazisini Ermənistana hərbi tranzit üçün qapalı elan etmişdi. İrandan isə yüklər heç bir problem olmadan keçib.

İranın Bakıdakı səfirliyi onda bəyan etmişdi ki, bütün bunlar hansısa “üçüncü qüvvələrin yaydığı yalan və dezinformasiyadır”. Bununla belə, İrandan Küveytə müəmmalı, İrəvandakı aeroportda saatlarla dayanmaqla qəribə uçuşlar nəinki dayanmayıb, əksinə, daha da intensivləşib. Özü də tək İrana yox.

- Sizdə “müəmmalı reyslərin” sayı barədə məlumat varmı?


- Deməli, sentyabrın 15-də elə həmin “Fars Air Qeshm” aviaşirkətinin Boinq-747 təyyarəsi Tehrandan İrəvana uçub, orada bir neçə saat qalıb, sonra “adət edilmiş” marşurtla Küveytə yollanıb. Küveytdən isə həmin təyyarə təbii ki, birbaşa Tehrana qayıdıb. Sentyabrın 16-da isə sözügedən aviaşirkət təyyarəsini Tehrandan İrəvana yollayıb. Zvartnots hava limanında 7 saat qalan təyyarə sonradan Birləşmiş Ərəb Əmirliklərinə, Ras əl-Hayma yolanıb. Ertəsi gün təyyarə Tehrana qayıdıb. Sentyabrın 17-də də Tehran-İrəvan-Küveyt-Tehran marşrutu ilə daha bir reys gerçəkləşdirilib. Beləliklə, demək olar ki, Tehrandan ən azı 7 müəmmalı aviareyslə yüklər İrəvandan keçməklə daşınıb. Bütün avieryslərdə İran aviaşirkətinin təyyarəsi olub və o, nədənsə Tehrandan Küveytə birbaşa yox, Ermənistandan keçməklə uçub. Ölkəmizə qarşı fəaliyyətdə olanları aşkarlamalıyıq. Azərbaycana qarşı uzanan əlləri kəsməliyik. Biz bunların hamısını aşkara çıxarmalıyıq.
Belarus ordusu Lukaşenko qarşısında and içdiBu gün Belarus hərbçiləri ölkə başçısına sədaqət andı içiblər. Mərasim Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimindən sonra baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

“Onlar Belarus xalqı və ali baş komandanı qarşısında vətənin ərazi bütövlüyünü və suverenliyini qorumağa hazır olduqları barədə and içiblər”, - məlumatda bildirilib.

Andiçmə mərasimində Belarus Silahlı Qüvvələrinin bütün qoşun növlərindən hərbçilər iştirak edib.
Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölümAzərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.




Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilibAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti onlayn iclası keçirilib.

Mətbuat Şurasından verilən məlumata görə, MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya əvvəlcə “şübhəli şəxs” qismində Bakı şəhəri, Kürdəxanı istintaq təcridxanasında saxlanılan Zaur Yusifovun “Kanal24.az” portalı barədə müraciətini müzakirə edib. Komissiya üzvlərinə məlumat verilib ki, müraciət öncə MŞ katibliyi səviyyəsində araşdırılıb, “Kanal24.az” portalında Z. Yusifov barədə yayımlanmış materialların qarşı tərəfin mövqeyi nəzərə alınmadan yayımlandığı müəyyən edilib. Bu, balans prinsipinin pozulmasıdır. Bu, portalın redaktoru Səadət Şükürovanın diqqətinə çatdırılıb. S. Şükürova materialların birtərəfliliyinin səbəbini qarşı tərəflə əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qalması ilə əsaslandırıb, həmçinin narazılıq doğuran məqamların tezliklə aradan qaldırılacağını bildirib. Məsələdə qarşılıqlı razılığa gəlinib.

Şamaxı şəhər sakini Aslan Xudaverdiyevin Şamaxı rayon rəhbərliyinə qarşı şikayəti ilə bağlı Şura Katibliyinin məlumatı dinlənilib. Şikayətçinin müraciətində əks ounan məsələlər media ilə əlaqəli olmadığından, Katibliyə tapşırılıb ki, ona bununla əlaqədar tövsiyə xarakterli müraciət ünvanlansın.

İclasda “Anews.az” xəbər saytının baş redaktoru Nailə Bağırovanın “correct.az” saytının redaktoru Rövşən Əsədova qarşı şikayəti də araşdırılıb. Komissiya üzvlərinə məlumat verilib ki, məsələ MŞ Katibliyi müstəvisində həll edilib. Belə ki, şikayətçinin müraciəti qarşı tərəfdə anlayışla qarşılanıb, narazılıq doğuran məqamlar aradan qaldırılıb.

Komissiya üzvləri Xəzər Rayon İcra Hakimiyyətinin “Arama” jurnalının baş redaktoru Mahir İmanova qarşı şikayətini də araşdırıblar. Bəlli olub ki, jurnalın fəaliyyəti “KİV haqqında Qanun”un 3-cü maddəsinə uyğun gəlmir, 28-ci maddənin tələbləri isə ciddi şəkildə pozulub. Belə ki, jurnal istinad məlumatlarını dəqiq təqdim etmir. “Arama”nın elektron ünvanı, mobil əlaqə vasitələri, digər rekvizitləri əlçatan olmadığından, onunla müzakirələr aparmaq imkansızdır. Mahir İmanov isə nəşrin adından müxtəlif ünvanlara müraciətlər ünvanlayaraq, özünü jurnalın baş redaktoru qismində təqdim edir, müxtəlif tələblər irəli sürür, jurnalist adından sui-istifadə yolu tutur. Şikayətçinin diqqətinə çatdırılıb ki, MŞ yalnız KİV-lərdə yayımlanmış materiallardan şikayətlərə baxır. Hazırda “Arama” jurnalı fəaliyyət göstərmədiyindən, onun baş redaktoru qismində çıxış edən şəxsin hərəkət və davranışlarının müzakirəsi digər müvafiq müstəvilərdə aparılmalıdır. Şikayətçiyə də mövcud xüsusda tövsiyənin əksin tapdığı cavab məktubunun ünvanlanması məqbul sayılıb.
5 ölkə Lukaşenkonun andiçməsini TANIMADIBelarus müxalifətinin lideri Svetlana Tixanovskaya, Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya Aleksandr Lukaşenkonu prezident kimi tanımadıqlarını bildiriblər.

Bu açıqlamalar Lukaşenkonun bugün düzənlənən andçimə mərasiminə reaksiya olaraq səslənib.

Avropa Birliyi avqustun 9-da baş tutan prezident seçkilərinin demokratik şəraitdə keçirilmədiyi qənaətindədir.