Dərs ili başlayandan 95 şagird, 26 işçi heyətdə koronavirus aşkarlanıb - RƏSMİ"Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir".

Avrasiya.net-in xəbərinə görə, bu barədə ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumatda bildirilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər, ümumilikdə, 346 nəfərlə təmasda olmuşlar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.
ABŞ-dan İrana qarşı yeni sanksiyaABŞ İran Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo məlumat verib.

O qeyd edib ki, İranın nüvə və silah proqramlarında əli olanların hamısına, həmçinin Venesuela Prezidenti Nikolas Maduroya sanksiya tətbiq olunub.
Gəncə üzrə sosial şəbəkələrlə bağlı növbəti onlayn müzakirə keçirilib – FOTO“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin dördüncü onlayn ictimai müzakirəsi keçirilib.Növbəti dəfə Gəncə şəhəri üzrə təşkil olunan ictimai müzakirədə əsasən gənclər, tələbələr və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında qurumun atdığı addımlardan, təşkilatlara dəstəyindən ətraflı məlumat verib.

100 –dən çox iştirakçının qatıldığı müzakirədə çıxış edən millət vəkili Müşfiq Cəfərov ermənilərin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlara toxunub və qeyd edib ki, mübarizə tək səngərlərdə deyil, həmçinin sosial şəbəkələr üzərindən də aparılmalıdır.Bu səbəbdən də vətəndaşlarımız sözügedən seqmentdən maksimum yararlanmalı, düşmənə peşəkar səviyyədə sarsıdıcı zərbələr vurmalı, informasiya müharibəsinin bütün tələb və şərtlərinə əməl etməlidirlər.

Sonra çıxış edən əməkdar jurnalist, tanınmış siyasi ekspert Elçin Mirzəbəyli də mövzunun aktuallığından danışıb.Onun sözlərinə görə, hazırda sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz hissəsinə çevrilib.Təbii ki, heç bir kəs bu prosesdən kənarda qala bilməz.İnformasiya kommunikasiyalarının inkişaf etdiyi bir dövrdə təkcə fərdlər deyil, ölkələr də yeni çağırışlarla üz-üzə qalırlar.Bu səbəbdən natiq sosial şəbəkələr üzərindən Azərbaycana qarşı şər və böhtanlara qarşı davamlı mübarizənin aparlmasının vacibliyini önə çəkib.Siyasi ekspert həmçinin gəncləri sosial şəbəkələrdən daha peşəkar səviyyədə istifadə etməyə çağırıb.

Gəncədən olan digər millət vəkili Pərvin Kərimzadə də indiki dövrdə bu mövzuları əhatə edən layihələrin icrasının vacibliyini diqqətə çatdırıb.Sosial şəbəkələrlə bağlı statistik rəqəmlər səsləndirən parlament üzvü bu seqmentlə bağlı Milli Məclisdə qəbul olunmuş qanunların, qərarların, əlavə və dəyişiklərin təsnifatına, mahiyyətinə toxunub.Onun sözlərinə görə, sosial şəbəkələrlə bağlı qanundan, sərt qaydalardan çox, ictimai qınaq instrumentinin tətbiqi daha effektli ola bilər.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Yeni Azərbaycan Pariyası (YAP) Gəncə Şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasovun da çıxışları və təklifləri maraqla qarşılanıb.

Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.Onlayn müzakirə iştirakçıları ekspertlərə suallar ünvanlayıb, vacib saydıqları məqamları gündəmə gətiriblər.

Layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və onlayn müzakirələrin sonunda xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

Prezident BMT-nin iclasında 120 ölkənin adından ÇIXIŞ ETDİ - MƏTNSentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib.

Avrasiya.net xəbər verir ki, İclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi.

Prezident İlham Əliyevin çıxışı

Cənab Sədr.

Cənab Baş katib.

Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.

Bu çıxışımı Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməyə şərəf duyuram.

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər.

BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir.

Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir.

İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.

Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.

BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.

Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir.

Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir.

Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik.

Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir.

Hər iki ildönümü bizə BMT Nizamnaməsində və Bandunq Bəyannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və bizə - BMT-yə üzv olan dövlətlərə meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq. Təşəkkür edirəm.

X X X

İndi isə mən Azərbaycan adından çıxış edirəm.

Cənab sədr, cənab Baş katib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur.

Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib.

Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir.

Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi.

BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaqdır. Həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.



Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalimzin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır. Sağ olun.
Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 93 milyon 752 min 626 manat ianə toplanıb.

Yenisabah.az xəbər verir ki, ianə edənlər arasında həm fiziki, həm də hüquqi şəxslər var. Müxtəlif təbəqədən olan insanlar bacardıqları qədər yardım ediblər.

Fonda ianə köçürənlərin arasında dövlət xadimləri sabiq və hazırki nazirlər, biznesmenlər, bir sözlə, xeyli sayda tanınmış var.

İanə edənlər arasında hətta xarici vətəndaşlar da var. Onlardan biri məşhur britaniyalı biznesmen Marandi Cavad Alimuraddır. Cavad Marandi fonda 1 milyon 100 min manat dəyərində ianə köçürüb. İran əsilli iş adamının fonda bu qədər yüksək məbləğdə pul köçürməsi maraqla qarşılanıb.

Bəs biznesmenin Azərbaycan fonduna bu dəstəyinin səbəbi nədir?

Belə ki, İran əsilli biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var.

Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir.

Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərin dəyəri isə 24,1 milyon funt sterlinqdir.

Cavad Marandi biznes və xeyriyyə sahəsindəki xidmətlərinə görə, 2020-ci il Yeni il Fəxri mükafatlarında Böyük Britaniyanın xüsusi orderinə layiq görülüb.

O, mətbuatda ən varlı azərbaycanlılardan biri kimi təqdim olunur. İş adamı biznesindən əlavə Londonda təxminən 22.5 milyon funt sterlinq dəyərində bir evə, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir.
Azərbaycanda virusa yoluxanların sayında kəskin azalma - 92 yoluxma, 1 ölümAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 011, bu günə qədər isə ümumilikdə 1 057 803 test icra olunub.


"Ermənilər bilməlidirlər ki, istənilən təxribatın qarşısı alınacaq"Son aylar Ermənistanın baş nazirin həyat yoldaşı Anna Akopyanın son dərəcədə aktiv fəaliyyəti istər istəməz cəlb edir. Ümumiyyətlə birinci ledilərin nə işlə məşğul olduqları həmişə maraqlı olub. Araşdırmalara görə, demək olar ki, birinci ledilərin əksəriyyəti humanitar məsələlərlə məşğuldular. Müxtəlif fondların rəhbərləri olurlar. Sosial proqramlarda iştrak edirlər. Kasıb ailələrə, yaşlı insanlara, ailəsiz olan uşaqlara yardım kampaniyalar təşkil edib köməklik edirlər. Bu hardasa qadının Ana missiysından gəlir. Çünki ana olmaq - qadının təyinatıdır, missiyasıdır. Ananın baş yaylığı sülh, əmin-amanlıq rəmzidir. Çətin məqamlarda ananın örpəyi yerə səriləndə böyük bir davanın qarşısı alınır. Əsl ehtiram, hörmət rəmzidir bu adətlər.

Amma Anna Akopyanın silah əlində olan şəkillərə baxanda heç də sülh yada düşmür.

Baxmayaraq ki, “Qadınlar sülh uğrunda” təşəbbüsün müəlifidir. Anna Akopyan “Qadınlar sülh uğrunda” təşəbbüs irəli sürərək, qondarma “DQR” 45 günlik hərbi təlimlər keçirmək istəyir. Nəzərdə tutulan təlimlərdə 18-27 yaşlı qadınların iştrak edəcək. Bu bir daha onu göstərir ki, Ermənistan militarizm siyasətini həyata keçirir. Bu onun və Ermənistanın baş nazirin Azərbaycana hədə-qorxu bəyanatları göstərir ki, Ermənistan qeyri-rəsmi olaraq sülh danışıqlarından çıxıblar.

Bununla bağlı, Dövlət başçısı İlham Əliyev AZTV, İTV və REAL TV müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə aid çıxışında bildirib. Dövlət başçısı, “Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir” –bildirib.

Dövlət başçısının “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək” bəyanatı, bizə ümid verir ki, işğalda olan torpaqlarımız yaxın bir zamanda azad olunacaq.

Və son olaraq, dünən, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən növbəti dəfə məhv edilməsi xəbəri yayıldı. Ermənilər bilməlidirlər ki, istənilən təxribatın qarşısı alınacaq.

“Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” deyən dövlət başçısı, Qarabağ torpaqlarımızı işğaldan azad olunandan sonra, gələcək planlarına işarə edir. Ermənilərin yadına salmaq lazımdır ki, Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Təzyiq altında verilən “qardaş” payı nə vaxtsa geri gayıdacaq.

Dinarə Məmmədova
ALDP sədrin müşaviri
Navalnı geyimlərini Moskvadan tələb etdiAleksey Navalnı komadan çıxdıqdan sonra öz bloqunda ilk paylaşımını edib.

Axar.az xəbər verir ki, Navalnı öz paylaşımında geyimlərinin geri verilməsini tələb edib. Bloger təyyarədə olan zaman üzərindəki əşyaların taleyinin onu narahat etdiyini söyləyib:
“Məni Almaniyaya aparmazdan öncə üzərimdən bütün geyimlər çıxarılıb və tam olaraq lüt göndərilmişəm”.

O, üzərindəki geyimlərin vacib dəlil olduğunu deyib.
Türkiyə PUA-ları Ermənistan sərhədində - FotoTürkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir.

Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu bildirilir.
Türkiyə PUA-ları Ermənistan sərhədində - Foto
Rusiyanın hazırladığı peyvənd effektivdir - ÜSTÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüqe Rusiyanın Baş naziri Mixail Muraşko ilə telefon əlaqəsi saxlayıb.

Avrasiya.net xəbər verir ki, H.Klüqe Rusiyanın COVİD-19-a qarşı hazırladığı “Sрutnik V” peyvəndinin effektiv və insan orqanizmi üçün ziyansız olduğunu bildirib.

O, eyni zamanda, vaksinin hazırlanmasına görə Rusiyaya təşəkkürünü çatdırıb.