Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı - VideoUkraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib.

Ukrayna KİV xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, - deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.
Bakıda işdən çıxan baş həkimin meyit tapıldıBu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Avrasiya.net xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, vəfat edən şəxs həkimdir və 3 il əvvələdək Nizami rayonu ərazisində yerləşən poliklinikanın baş həkimi olub. 3 il əvvəl isə o, təqaüdə çıxıb.

Araşdırma aparılır.
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞÖtən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Avrasiya.net xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb.
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ“Bu dəqiqələrdə Zeynəb Xanlarova zəng edib israrla onun fikirlərinin məhz mənim səhifələrimdə paylaşılmasını xahiş etdi. Səbəbini soruşduqda isə bildirdi ki, bu günə qədər onlarla dəfə heç vaxt səsləndirmədiyi "uşaqpulu verilməsin" kimi fikirləri məhz mətbuat yayıb və bilə-bilə onun fikirlərini dəfələrlə təhrif ediblər. Ona görə də Zeynəb xanımın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı müraciətini dediyi kimi səhifələrimdə paylaşıram”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın müraciətini olduğu kimi özünün sosial şəbəkə səhifəsində yerləşdirib. Müraciətdə deyilir:

"Cənab Prezident, Hörmətli İlham müəllim!


Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun Dövlətimiz, Xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq Dövlətimiz, Millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz. Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq Dövlətimiz, Millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram.


Hörmətlə,
Zeynəb Xanlarova"
Bu gün neçə nəfər koronaya yoluxub? - RəsmiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 601, bu günə qədər isə ümumilikdə 1 035 286 test icra olunub.
Elman Nəsirov deputatlardan üzr istədiBu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda bir sıra məsələləri qabartdım. Xüsusilə də sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbul edilməsinin vacibliyini söylədim. Bildirdim ki, bu gün sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzuna xələl gətirilir və bu halda heç bir məsuliyyət daşımırlar.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Eyni zamanda, bu konteksdə söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar. Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir. Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub", - deputat bildirib.

E.Nəsirov bu məsələni növbəti dəfə araşdırdığını və hələ ki, bu faktların təsdiqini tapmadığını qeyd edib:

"Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.
Afaq Bəşirqızının oğlu hakim qarşısına çıxacaqAfaq Bəşirqızının oğlunun məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Unikal.org-a Yasamal Rayon Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlunun nikahının pozulması ilə bağlı 16 sentyabrda Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə, hazırlıq iclası keçirilib. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

Növbəti məhkəmə prosesi 7 oktyabr saat 15:30-da keçiriləcək.


“KİV haqqında qanun yeni dövrün mediası ilə uyğunlaşmadığından yenilınməsini tələb edir” “Kütləvi informasiya vasitələri haqqında” qanun köhnədir. Söhbət, tarix baxımından , yəni onun 1999-cu ildə qəbul olunmasından getmir. Məsələ ondadır ki, bu qanun mahiyyət baxımından yeni dövrün mediası ilə uyğunlaşmır. İnternetin inkişafı, yeni medianın ortaya çıxması KİV haqqında qanunvericiliyin də yenilınməsini tələb edir”.

Avrasiya.net xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, mövcud qanun isə sosisal şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil, qanunda çoxlu boşluqlar var. “Ötən dövr ərzində KİV qanunvericiliyinə, təqribən, 38 dəyişiklik edilib. Bu qədər dəyişiklikdən sonra ortadakı problemlər yenə də aradan qalxmayıb. Mövcud qanunlar ənənəvi medianın-qəzet, jurnal, televiziya, radio- fəaliyyətinə uyğundur, amma yeni medianın-internet tv, xəbər portalları, social medianın fəaliyyəti üçün qənaətbəxş deyil. İndi əksəriyyət onlayn media resursu təsis dir. Amma onlayn media təsisçiliyini tənzimləyən standartlar yoxdur. Baxıb görə bilərsiniz ki, əksəriyyət özü üçün sosial şəbəkə platformalarında-facebook, youtube və sair-şəxsi hesab açır, fikir paylaşımı edir, amma bunun adını KİV qoyur. Hansı ki, onların paylaşımları KİV haqqında qanunlara, KİV standartlarına cavab vermir. Onda sual yaranır ki, bəs bu tip KİV-lərin fəaliyyəti necə tənzimlənməlidir. Düzdür, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu yeniləşdirməklə, bu boşluğu müəyyən qədər aradan qaldıra bildilər, amma problem böyük mənada hələ də qalmaqdadır. İndi elə qanunlar hazırlanmalıdır ki, internet medianı və sosial şəbəkələri də əhatə də bilsin”-M.Ələsgərli bildirib.



"Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlayır"Dövlət başçısının bu məsələyə dair ciddi iradəsi ortadadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu milli maraq və mənafelərimizə xidmət edir və bu islahatlar Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik, digər neqativ halların aradan qaldırılmasını prioritet kimi, əsas hədəflərdən biri kimi nəzərdə tutur. Məqsəd ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi nə nail olmaqdır.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Onun fikrincə, görünən budur ki, ölkə rəhbərinin bu məsələdə heç kimə güzəşt etmək fikri yoxdur. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən birmənalı şəkildə vurğuladı ki, bu gün ən vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır: "Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Partiya sədri bildirib ki, MHP olaraq cənab Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması istiqamətində tutduğu bu cür prinsipial mövqeyini alqışlayır və dəstəkləyirik: "Əminik ki, bundan sonra korupsiyaya qarşı mübarizə işi daha da səmərəli aparılacaq. Çünki korrupsiyaya qarşı mübarizə artıq keyfiyyətcə tamamilə yeni müstəviyə keçib. Hazırda dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, o cümlədən ictimai şuraların fəaliyyətinin genişləndirilməsi üçün önəmli tədbirlər görülür".

Sevindirici haldır ki, ölkə vətəndaşlarının da bu istiqamətdə görülən işlərə münasibəti, reaksiyaları adekvatdır. Belə ki, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşılması, bürokratik əngəllərə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə aparılması əhali tərəfindən təqdir olunur. İnsanlarımız ölkə başçısının məmurlara qarşı prinsipial mövqeyini rəğbətlə qarşılayır:

" Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu və ya digər yeni kadrları vəzifələrə təyin edərkən idarəetmə strukturlarındakı mövcud neqativ hallarla, məmur özbaşınalıqları ilə əlaqədar öz iradlarını onların diqqətinə çatdırır və yeni kadrlara bu cür hallara yol verməmələri barədə məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Eyni zamanda onlara xəbərdarlıq edir ki, əgər yeni təyin olunanlar verilən tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Prezidentin bu addımı artıq öz müsbət nəticəsini göstərməkdədir. Dövlətin və xalqın mənafelərinə zərər vuranların, hökumətin fəaliyyətinə kölgə salanların, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin sayı get-gedə azalır".

İnanırıq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin fəaliyyəti də korrupsiya hallarının qarşısının alınması işinə öz töhfəsini verəcəkdir. Yeni tərkibin sentyabrın 15-də videoformatda keçirilən ilk iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Komissiyanın sədri Samir Nuriyevin öz çıxışında səsləndirdiyi fikirlər belə düşünməyimizə əsas verir. Belə ki, Komissiya sədri vurğuladı ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir:

"İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib".

MHP sədri bildirib ki, korrupsiyaya, rüşvətxorluq hallarına qarşı mübarizə nə üçün vacibdir? Bu mübarizə nəyə görə dövlət siyasətinin prioritetinə çevrilib? Çünki korrupsiyanın, rüşvətxorluğun genişlənməsi ölkənin iqtisadi inkişafını əngəlləyir, çeşidli sosial layihələrin həyata keçirilməsinə süni maneələr yaradır, cəmiyyətin mənəvi sağlamlığını zədələyir:

"Cənab Prezident də məhz bu kimi məqamları nəzərdə tutaraq hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı mütləq alınmalıdır. Düşünürəm ki, ölkənin bütün siyasi qüvvələri bu prosesə dəstək verməlidirlər".