Şəhid evini söküb məscid tikmək istəyən şəxs saxlanıldıŞəmkir rayonunda şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 14-ü Şəmkir Rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə bildirilib ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb.

Müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə E. Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Venesuela ABŞ təyyarəsini vurubVenesuela hərbçiləri ölkə sərhədini qanunsuz keçən ABŞ təyyarəsini vurub.

Axar.az xəbər verir ki, bu barədə Venesuelanın Daxili İşlər naziri Nestor Reverol məlumat yayıb.

Onun sözlərinə görə, vurulan təyyarə göyərtədə narkotik daşıyıb.

Qeyd edək ki, 2013-cü ildə Venesuela Prezidenti Nikolas Maduro ölkənin hava sərhədlərini pozan narkotik mafiyalarının bütün təyyarələrini vurmağa icazə verib. Sözügedən qərarın təşəbbüskarı isə Maduronun sələfi Uqo Çavez olub.
"Sumqayıt Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevrilib"Məzahir Əfəndiyev
Milli Məclisin deputatı

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir.

21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir.

2019-2020 – ci illərdə bir mlrd. manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir.

Hal-hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir.

Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik.

Cənab Prezidentin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır.

Eyni zamanda burada yeni iş yerlərinin yaradılması gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə daha da yaxşı, müsbət təsir göstərəcəkdir.




"Qarabağ" vacib matça çıxır - Qurbanovdan açıqlamaMilli komandaların oyunlarındakı fasilədən sonra bu görüşə hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi vəziyyət qənaətbəxşdir. Bir neçə futbolçumuzun yüngül zədələri var və bu, bizi narahat edir.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib: “Xayme Romero və Mahir Emreli zədəlidirlər. Rəqibimiz bu turnirə ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Molde” fərqli sistemdə oynayır. Bu cür rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.


Tramp: Qalib gəlsək, İranla saziş bağlayacağıq...Prezident seçkilərində qalib gəlsəm, İranla qısa vaxtda saziş bağlayacağıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"Seçkilərdən sonra görək nə olacaq. Düşünürəm ki, seçkilərdən bir həftə, ola bilsin, bir ay sonra, amma çox qısa vaxt ərzində görəcəksiniz ki, İran gələcək və deyəcək ki, onlar saziş bağlamaq istəyirlər. Seçkilərdə biz udsaq, İranla saziş bağlayacağıq", - Tramp qeyd edib.
Bakıda gənc qızın təhqir olunduğu VİDEO yayıldıBakıda gənc qızın təhqir edilməsini əks etdirən görüntülər yayılıb.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda gənc oğlanın qızı dəniz sahili ərazidə məcburən diz çökdürərək üzr istəməyə vadar etməsi əks olunub.

Gənc qızın təhqir edildiyi görüntülər telefonla videoya çəkilib və daha sonra müxtəlif şəxslərə göndərilib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Hadisənin qızın nişanlısının törətdiyi bildirilir. Qeyd edilir ki, oğlan xəyanətdən şübhələnib.

(Publika.az)
UEFA Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏFutbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Avrasiya.net xəbər verir ki, ilk oyun günündə üç oyun keçirilib.

Kiyev “Dinamo”su doğma meydanda “Alkmaar”a 2:0 hesabı ilə qalib gəlib. Ukrayna təmsilçisi inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

Portuqaliya “Benfika”sı isə PAOK-a 1:2 hesabı ilə məğlub olub.

Avstriya “Rapid”i isə “Gent”ə 1:2 hesabı ilə yenilib.