Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdiPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"
Marneuli-Qardabaninin parlamentdə SİMASI – AZƏR SÜLEYMANOVBu il oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə iştirak üçün 66 partiya qeydiyyatdan keçib. 78 partiyadan 12-nin müraciəti rədd edilib.

Qeyd edək ki, bu il Parlament seçkiləri seçki məcəlləsinə edilən düzəlişə əsasən, 120 proporsional, 30 majoritar olmaqla, qarışıq sistemlə keçiriləcək. Seçki bariyerinin 1% təşkil edəcəyi seçkilərdən sonra təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.
Bu dəfə də seçkilərdə azərbaycanlı namizədlərin aktiv mübarizəsi gözlənilir.

Daha çox maraq kəsb edən dairələrdən biri Marneuli-Qardabani majoritar dairəsidir ki, ölkənin 4 tanınmış azərbaycanlı siyasətçi - “Avropalı Gürcüstan” Partiyasından Əhməd İmamquliyev, “Lelo Gürcüstan” Partiyasından Murad Muradov, hakim “Gürcü arzusu” Partiyasından Zaur Darğallı və Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov bu dairədən millət vəkili mandatı uğrunda mübarizəyə başlayıblar.

Hər bir namizəd artıq seçki təbliğatına aparmaqdadırlar. Mübarizənin daha çox Azər Süleymanov və Zaur Darğallı arasında gedəcəyi ehtimalı səsləndirilir. Amma aparılan sorğular və təcrübə onu deməyə əsas verir ki, A.Süleymanov rəqiblərindən bir neçə addım öndədir.

15 il mandat sahibi olan A.Süleymanov ölkənin sayılıb, seçilən siyasətçilərdən biri olmaqla yanaşı Milli Hərəkat Partiyasının və Siyasi Şuranın üzvü və liderlərindən biridir. Parlamentdə hansısa konkret dairənin təmsilçisi olmasına baxmayaraq Gürcüstanda yaşayan bütün azərbaycanlıların ümid, pənah yeri olub. Siyasi liderə, millət vəkilliyinə xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirən A.Süleymanov Azərbaycanda da kifayət qədər tanınıb. İki ölkə arasında dostluq əlaqələrin inkişafında böyük səylər göstərib.

A.Süleymanova səs verən seçici ondan gözləntilərini alıb. O, hər seçki öncəsi verdiyi vəd və sözləri həmişə yerinə yetirib. A.Süleymanov cəmiyyətin həyatı ilə yaşamağı bacaran, dünyada gedən prosesləri anlayan, onun üçün ön planda insan olan bir deputatdır. Seçiciləri qarşısında üzərinə götürdüyü məsuliyyəti dərk edən A.Süleymanov onlarla ünsiyyətlərində də davamlı olub. Bəzi deputatlar ki, yalnız seçkidən-seçkiyə seçicilərlə görüşməyib. Mandat əldə etdikdən sonra isə qeybə çəkilməyib. A.Süleymanov eyni zamanda Gürcüstanın parlament diplomatiyasına tövhə verməyi bacaran siyasətçidir. Ölkəsinin milli maraqlarını qoruyub.

O, həmçinin vətənpərvərliyi ilə də seçilib. Mənəviyyatca zəngin, xalq arasında yetişmiş, el-obasının problemlərini dərindən bilən A.Süleymanova seçicilərinin problemlərini özünün problemləri hesab edib, bütün qəlbi və düşüncəsi ilə ona etimad göstərən seçicisinin qayğısına qalıb. A.Süleymanovun vicdanı təmiz, mərd, sədaqətli və cəsarətlidir. Xatırlayırsınızsa, 2016-cı il parlament seçkilərindən sonra Saakaşvilnin lideri olduğu Milli Hərəkat Partiyasından qopmalar başladı, bir çox millət vəkilləri qurumdan ayrıldılar. Amma A.Süleymanov sədaqət və mərdlik nümayiş etdirərək liderinə üz çevirmədi.
Gürcüstan parlamentinin deputatı olsa da Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münasqişəsi, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirən, ölkəmizin mövqeyini qoruyan qətiyyətli mövqeyi ilə seçilib. Çəkinmədən, qorxmadan hər bir hadisəyə, məsələyə operativliyi ilə münasibət bildirib. Hakim “Gürcü arzusu” Partiyasının soydaşlarımız və Azərbaycanla münasibətdə yol verdiyi ədalətsizlikləri cəsarətlə gündəmə gətirib, hakim dairələrə birbaşa iradlarını bildirib.

Gürcüstandakı ermənilərin yuxusunu ərşəyə çəkən liderdir. Xalqın içində olan A.Süleymanov sözü bütöv, ciddi siyasətçidir. Mövqeyi, yolu bəllidir, dünyanın rənglərinə aldanmayan soydaşımız yüksək intellektual qabiliyyətinə malik, savadlı və təcrübəli siyasətçidir. Milli, mənəvi dəyərlərimizə həmişə hörmətlə yanaşıb, onun qorunmasında əlindən gələni edib. Elə bütün bu xüsusiyyətlərindən irəli gəlir ki, hər dəfə xalqın dəstəyi ilə parlamentdə yerini qoruyub saxlaya bilib. Bütün maneələri dəf edən A.Süleymanovun bu seçkidə də qələbə qazanacağına şübhə yoxdur.

Xalqın etimad və hörmətini qazanmaq hər siyasətçiyə xas olan keyfiyyət deyil. Ümid edir və inanırıq ki, A.Süleymanov bu dəfə də Marneuli-Qardabaninin parlamentdə siması olacaq.

Avrasiya.net
DTX əməliyyatı: Şübhəlilər belə tutuldu - VideoDövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.
AMEA-dan şok məqalə: Müdafiə, yoxsa dövlətə qarşı çağırış?!AMEA prezidenti, akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslərin səngidiyi və az qala gündəmdən çıxdığı bir vaxtda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin bu gün yayılan məqaləsi sensasiya sayıla bilər.

Axar.az xəbər verir ki, professor Ramiz Mehdiyevin müdafiəsinə qoşulmadığını dönə-dənə bildirib, şəxsi zəmində elmi proseslərlə bağlı müraciətlərini və onların müsbət həllini xatırlatmaq üzərində qurduğu məqalədə əslində akademiki müdafiə etdiyi aydınca görünür.

Ancaq maraqlı məqam bu məqalədə bəzi meydanoxumalardır.

Məsələn, professor yazır:

“Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?”

Bu hissədə professor birincisi, cəmiyyətin indiki hala (???) düşməsi xatırladılır, ikincisi isə M.Abbasovun Ümummilli liderə qarşı hansısa mövqeyi təqdir edilir və belə alimlərin olmadığından “şikayətlənir”. Maraqlıdır, AMEA-nın rəsmi saytında dərc edilən və Ramiz Mehdiyevin əvvəlcədən oxuduğuna və dərcinə razılıq verdiyinə heç bir şübhə olmayan məqalədə cəmiyyət niyə ittiham edilir? Cəmiyyət hara “düşüb” ki?

Digər tərəfdən, ziyalıların dövlət və onun rəhbərinə qarşı “dirənişinə” çağırış nə deməkdir? Xüsusilə indiki pandemiya şəraitində və ermənilərin ciddi şəkildə müharibəyə hazırlaşdığı, Azərbaycanın diplomatik münasibətlərini yenidən çeşidlədiyi bir vaxtda!

Daha bir şok məqam professorun məqaləsində mövcud siyasi sistemə qarşı demarşıdır. Sitata baxaq:

“Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?”

Solmaz Tohidi kimi müqavimətə çağırır və niyə? Hansı zərurətdən yaranıb bu çağırış?

Növbəti məqam isə hədədir və ümumilikdə bəlli dairələrə Ramiz Mehdiyevin bir güc olduğunu nümayiş etdirməkdir:

“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Akademik Ramiz Mehdiyevin ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığı kimə və niyə xatırladılır və ümumiyyətlə, dövlətimizin içində indiki siyasi proseslər fonunda bu çağırış nəyə lazımdır?

Ramiz Mehdiyev ətrafında baş verən qalmaqalın səngidiyi bir vaxtda bu məqalə ilə yeni “yanğın ocağı” yaratmaqda məqsədi nədir?

Bu suallar böyük şübhələrə yol açır və doğrusu, böyük təəssüf də doğurur…
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FotoTürkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər bir müddət öncə istirahət etdiyi bildirilirdi. Yayılan məlumatlara görə, sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.

Axar.az-ın əldə etdiyi məlumatlara görə, adıçəkilən ərazidə ən ucuz villaların qiyməti 3.150.000 TL-dən, yəni təxminən 787.500 manatdan başlayır.

Həmin ərazidəki “ultra lüks” kateqoriyalı ən bahalı VİP villaların minimum qiyməti isə 27 milyon türk lirəsidir. Bu da Azərbaycan manatı ilə 6 milyon 750 min manat deməkdir.

Konyaaltı, Gürsuda min kvadrat metrdən çox ərazisi olan və iki ailənin rahat istirahət edəcəyi dördmərtəbəli lüks villaların qiyməti 31-35 milyon türk lirəsi (8-9 milyon manat) arasında dəyişir.

Prezidentin keçmiş köməkçisinin qudası Səttar Möhbalıyevlə birgə eyni villada ailəvi istirahət etdiyini nəzərə alsaq, çox güman ki, Əli Həsənov Antalyada məhz 30-35 milyonluq “ultra lüks” villada dincəlir.
ABŞ və Rusiya terrorçularla müzakirə aparır – HəkimABŞ, Rusiya və Misir Suriya Demokratik Qüvvələrini (SDQ) Cenevrədəki iclasda masaya oturtmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyasının (SMDK) Türkiyə təmsilçisi Nəzir Həkim deyib.

“Misir, Rusiya və Əsəd rejiminin PKK-nın qolu sayılan SDQ arasında anlaşma olduğunu hiss edirik. Moskva ilə SDQ arasında yaxın əlaqələrin olduğu aydındır. Misir, Rusiya və Əsəd rejimi bacardıqları qədər SDQ-dən istifadə edir. Bunu yaxşı bilməlidirlər ki, terror təşkilatları Türkiyənin qırmızı xəttidir. Terrorçuların o masada oturmasına heç vaxt icazə verməyəcəyik. Cenevrə masasında yer alan qruplarda kimlərin olduğunu incə detalına kimi araşdırırıq”, - N.Həkim bildirib.
Bakıda dəhşət: daşla vurub öldürdülərSentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən 15 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumatda bidirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Vüqar Səfərli hər şeyi açıqladı: Qanunsuzluqları o edib!KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.

Avrasiya.net Yeniçağ.az-a istinadən xəbər verir ki, Fondun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub.
Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "525"-ci qəzetin "Siyasi dialoq" rubrikasının qonağı olaraq, geniş müsahibə verib. Müsahibənin I hissəsini təqdim edirik.

- Fuad bəy, bir müddətdir ki, Azərbaycanda belə demək mümkünsə, iqtidar-müxalifət dialoquna start verilib. PA-nın şöbə müdiri Ədalət Vəliyev mütamadi olaraq siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun aparılması nə üçün vacibdir.

- İlk olaraq onu qeyd edim ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur - Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması hakimiyyətin siyasi partiyalarla müntəzəm iş aparmaq, sağlam əməkdaşlıq qurmaq istəyindən irəli gəlir. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Bu eyni zamanda ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. ALDP bu görüşü yüksək qiymətləndirib. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bunu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bütün sivil və demokratik ölkələrdə hakimiyyət-müxalifət dialoqu baş tutub. Bu dialoq təkcə tərəflərin yox, bütövlükdə cəmiyyətimizin xeyrinədir. ALDP hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirir, onun davamlı olmasına ümid edirik.

- Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar- müxalifət dialoqu hansı rolu oynaya bilər?

- Hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, Dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu konfiqurasiyanı qorumalıyıq. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq. Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?

- Sizin rəhbərlik etdiyiniz partiya prosesdə nə dərəcədə aktiv cəlb olunub və dialoq çərçivəsində hansı məsələləri qaldırıb, nə kimi təkliflər irəli sürmüsünüz?

- ALDP həmişə istər müxalifət daxili, istərsə də müxalifətlə hakimiyyət düşərgəsi arasında dialoqun tərəfdarı olub. Biz ölkədə siyasi sistemdə də islahatların aparılmasını istəmişik. Eyni zamanda milli və dövlətçilik maraqlar naminə həmrəylik tərəfdarı kimi çıxışlar etmişik. Dəfələrlə digər siyasi partiyalara bu mövzuda müraciətlər etmişik. Müxalifətə ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə dəstək olmaq təklifini vermişik. Təəssüflər olsun ki, müxtəlif obyektiv səbəblərdən çağırışlarımız nəticəsiz qalıb. O ki, qaldı dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq Seçki Məsəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyi, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tətəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı ... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Ümid edirəm ki, hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alacaq.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? İlkin nəticələr Sizi qane edir?

- İlk addımları müsbət qiymətləndirirəm. Hələ nəticədən danışmaq tezdir. Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Düzdür, fikir mübadilələri aparmışıq, təkliflərimizi səsləndirmişik. Hə, partiyaların qeydiyyat məsələsini qeyd etmək olar, amma ümumillikdə, hələ ortada heş nə yoxdur. ALDP təmərküzləşmənin, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinin tapılmasının tərəfdarıdır. Müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmalıyıq. Bizim istəyimiz budur. Hakimiyyət-müxalifət dialoquna atılan ilk addımlar onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alarq deyə bilərəm ki, PA rəsmisi Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözləyirəm.

Ardı var
İrəvanda aksiya: 5 min tələbə etiraz imzaladıİrəvanda onlarla tələbə Ermənistan hökumətinin binası önündə etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, buna səbəb ölkənin bəzi universitetlərində təhsil haqlarının artırılmasıdır.

İrəvan Dövlət Universitetinin Tələbə Şurasının sədri David Apoyanın jurnalistlərə verdiyi məlumata görə, etirazçılar yürüşə İDU-nun əsas korpusundan başlayıblar.

“Koronavirusla əlaqədar bir çox tələbənin valideynləri işlərini itiriblər, onlar maddi cəhətdən əziyyət çəkirlər”, - D.Aloyan bildirib.

Etirazçılar tələblərini yazılı şəkildə hökumətə təqdim ediblər. Bəyanatı 5 mindən çox tələbənin imzaladığı bildirilir.