Xaçmazda gənc qadın intihar etdiXaçmazda intihar hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.

Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Prezidentin köməkçisi ön cəbhədə - FOTOAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.

Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.
Azərbaycanda virusdan sağalanlar yoluxanları üstələdi - 2 nəfər öldü Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2 006 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 351, bu günə qədər isə ümumilikdə 1 002 727 test icra olunub.




Hindistanda koronavirusa yoluxmada REKORDHindistanda koronavirusa yoluxmada gündəlik rekord qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, ötən gün 97,5 min nəfərdə infeksiya aşkarlanıb.

Bununla da ölkədə yoluxmanın ümumi sayı 4 milyon 663 min 930-a çatıb.

Hazırda Hindistanda 962 min 18 aktiv koronavirus xəstəsi var.
İran məşhur güləşçini edam etdi2018-ci ildə hökumətə qarşı çıxışlarda iştirak etməkdə ittiham olunan iranlı güləşçi Navid Əfkari edam edilib.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında İran tərəfinə N.Əfkarinin edam olunmaması ilə bağlı çağırış etmişdi.
Bakıda qadının 1 milyon manatını ələ keçirən falçıların məhkəməsi başlayırBakıda fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvadın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində “Instagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi və bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.

Mətbuatda yayılan məlumatlara görə, təqsirləndirilən şəxslər zərərçəkmiş R.Ağarzayevanı qızını ərə verəcəkləri vədi ilə aldadaraq onun 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİNəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Avrasiya.net xəbər verir ki, hakim Babək Pənahovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub və ona ittiham irəli sürülüb.

Daha sonra onun barəsindəki cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokurorluğa göndərilib.
Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə çatdıErmənistanda son sutka ərzində 172 nəfər koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 45 675 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 2 nəfər artaraq 911-ə çatıb. Ümumilikdə 41 605 pasiyent müalicə olunaraq sağalıb. 2 878 xəstənin müalicəsi davam etdirilir, 234 631 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin bitməsi ilə əlaqədar 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimi tətbiq etmək qərarına gəlib.
İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxırErmənistanın işğalı altında olan Azərbaycan ərazilərində Livandan, Suriyadan köçürülən erməniləri məskunlaşdırması davam edir. Son bir neçə gün ərzində Ermənistan mətbuatı təkcə Şuşa şəhərində Livandan köçürülən 2 erməni ailəsinin məskunlaşdırılması ilə bağlı foto və videomateriallar yayıb. Ermənistan rəsmilərinin açıqlamalarından və işğalçı ölkənin kütləvi informasiya vasitələrində yayılan məlumatlardan isə bəlli olur ki, Azərbaycanın işğal altında olan ərazilərində Livandan və Suriyadan çoxsaylı erməni ailəsi köçürülüb və bu prosesin davamlı olması üçün iş aparılır.

İşğaı altında olan Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması Nikol Paşinyan hakimiyyətinin əsas hədəflərindən biridir. Nikol bununla ilk növbədə işğal altında olan Azərbaycan torpaqlarında tərəfdarlarının sayını artırmaq niyyətindədir. Son günlər separatçı rejimin "rəhbərliyində" təmsil olunan şəxslərin, o cümlədən "təhlükəsizlik şurasının katibi" Samvel Babayanın verdiyi açıqlamalar Paşinyan hökuməti ilə separatçılar arasındakı ziddiyyətlərin aradan qaldırılmadığını nümayiş etdirir. Samvel Babayanın Ermənistan silahlı qüvvələri ilə “dqr ordusu” arasında imzalanması nəzərdə tutulan “müqavilə”yə münasibətdə, “kim kiminlə müqavilə bağlayacaq, hər iki tərəf Ermənistan ordusudur” deməsi rəsmi İrəvanın mövqelərinə zidd olmaqla yanaşı, Nikol Paşinyana qarşı “Qarabağ klanı”nın demarşı kimi də dəyərləndirilə bilər.

Xaricdən köçürülən erməni ailələrinin işğal altında olan ərazilərini məskunlaşdırmaqda Ermənistan hakimiyyətinin başqa bir hədəfi isə hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə, “mülki əhaliyə ziyan dəydiyi” barədə hay-küy qoparmaq üçündür. Əslində, işğal altında olan Azərbaycan ərazilərinə köçürülən ailələr Ermənistan üçün “mülki əhali” adını daşıyan və qurban vermək üçün nəzərdə tutulan canlı “ət parçaları”dır.

Azərbaycan ərazilərinə xaricdən erməni və digər xalqların nümayəndələrinin köçürülməsinin Paşinyan rejiminin əsas hədəflətindən biri olduğunu müəyyənləşdirmək üçün isə bir neçə məqama diqqət çəkməyi vacib hesab edirəm:

Nikol Paşinyan 2019-cu ilin sentyabr ayında Los-Ancelesdə keçirilən mitinqdə “böyük repartasiya”dan söz açaraq, Ermənistanda, əslində isə Dağlıq Qarabağda məskunlaşan erməni ailələrinə veriləcək dəstəkdən söz açmışdı.

Ermənistan prezidenti Armen Sərkisyan isə Suriyanın Erməni Məsələləri Əlaqələndirmə Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşdə bu ölkədən "növbəti böyük repartasiya dalğasının gözlənildiyini" bəyan etmişdi.

Bu baxımdan, diaspor üzrə komissar Sinanyanın bir neçə gün öncə “Repartasiya haqqında” yeni qanunun hazırlandığı barədə açıqlama verərkən, Ermənistana, o cümlədən Dağlıq Qarabağa yalnız ermənilərin deyil, “erməni xalqı ilə identiklik təşkil edən qohum xalqların təmsilçilərinin köçürülə biləcəyini” bəyan etməsi də hazırda işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşması siyasətinin İrəvan üçün prioritet olduğunu nümayiş etdirir.

Hələlik isə Paşinyan rejiminin təmsilçiləri Azərbaycanın beynəlxalq müstəvidə səslənən etirazlarına cavab olaraq, yeni və əslində klassik erməni yalanlarına əl atmağı məqbul hesab edirlər.

Məsələn, diaspor üzrə komissar Sinanyanın iddiasına görə, guya Livanda 25 min Ermənistan vətəndaşı yaşayır və “Ermənistan hakimiyyəti onların ölkəyə qaytarılmasına görə məsuliyyət daşıyır”. Yəni, hədəf “Ermənistan vətəndaşlarının ölkəyə qaytarılması” adı altında 25 min nəfərin Livandan işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsidir.

Qeyd edim ki, Ermənistan mediasında son dövrlərədək Livanda 25 min Ermənistan vətəndaşının yaşadığı barədə heç məlumat yayımlanmayıb. Bu isə sübut edir ki, Ermənistan hakimiyyəti qanunsuz məskunlaşdırma siyasətini “Ermənistan vətəndaşlarının köçürülməsi” adı altında gerçəkləşdirmək niyyətindədir. Bu niyyəti sübuta yetirə biləcək digər məqamlar da var, şübhəsiz. Məsələn, əgər Ermənistan hakimiyyəti öz vətəndaşlarının qayğısına qalmağı özü üçün vəzifə hesab edirsə, o zaman hansı səbəblərdən COVİD-19 pandemiyası səbəbindən xarici ölkələrdə qalan və geriyə qayıtmaq istəyən Ermənistan vətəndaşlarına münasibətdə analoji addım atmaq istəmir?

Maraqlıdır, görəsən Livandakı Ermənistan vətəndaşları ilə, məsələn, İtaliyadakı, lap elə Qazaxıstandakı Ermənistan vətəndaşları arasında fərq nədən ibarətdir?

Şübhəsiz ki, bu sualları təpədən-dırnağa erməni faşizmi ilə zəhərlənmiş Ermənistan mediasının təmsilçiləri heç bir halda Nikol və komandasına ünvanlamayacaqlar.

Görünür, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə maneə yaradan amillərin aradan qaldırılmasına görə birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də danışmaq niyyətləri yoxdur. Halbuki işğal altında olan Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması Ermənistanın işğala son qoymaq, sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını, əksinə prosesi dalana dirəmək, mövcud status-kvonu qoruyub saxlamaq üçün bütün vasilərə əl atacağını bir daha sübuta yetirir.

Həmsədrlər isə susurlar...

Deməli silahlar danışacaq!

Elçin Mirzəbəyli
Ermənistan hərbi hücuma ciddi hazırlaşırAzərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin İspaniya mətbuatında məqaləsi dərc edilib.

Məqalədə Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycana qarşı törədilmiş hücumlar və digər mühüm məqamlar barəsində ispan oxuculara geniş məlumat verilib.

Avrasiya.net məqalənin tam mətnini təqdim edir:

1990-cı illərin əvvəllərində Ermənistan hərbi güc tətbiq edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal edib.

Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bu işğal pislənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

Cəzasızlıq

Ermənistan sözügedən qətnamələrə tamamilə etinasız yanaşır və faktiki olaraq cəzasız qalıb. Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının "öz müqəddəratını təyinetmə" prinsipini əsas tutduğunu iddia edir və bu siyasi oyununa don geyindirmək üçün işğal olunmuş Azərbaycan ərazilərində qondarma rejim təşkil edib.

Son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Ermənistan 1949-cu il Cenevrə konvensiyaları daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək üçün orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

Ətraf mühit təhlükəsiz

Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir, azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir, təbii sərvətləri istismar edir və işğal etdikləri torpaqların su ehtiyatlarından çayların aşağı axarlarında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edir. Beynəlxalq ictimaiyyətin etinasız və qeyri-adekvat münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb.

Hərbi hücum

Ən son və genişmiqyaslı hərbi təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan tərəfindən təxribat xarakterli bəyanatlar, Ermənistan siyasətçilərinin məsuliyyətsiz davranışları və Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin dövlət sərhədində hücum silahlarının yerləşdirilməsi açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı növbəti hərbi hücum planı üzərində ciddi hazırlıqlar gedir.

Ermənistan Müdafiə naziri Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyir. Ermənistan Baş nazirinin xanımı Anna Hakobyan isə, bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlim şousu təşkil edib. Ermənistanın “sülhsevər” Baş nazirinin hərbi forma geyinmiş “sülhsevər” arvadının başqa bir ölkənin ərazisində nə işi var?

Ərazi bütövlüyü

Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır və işğal faktını ört-basdır etmək və törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistan və Azərbaycan arasındakı münaqişənin "tərəfi" kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilmiş danışıqlar formatına tamamilə ziddir.

Dialoqun rədd edilməsi

Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etmişik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir. Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir.

Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir. Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq.