Ermənistan ordusu bugünkü itkilərinin sayını açıqladıErmənistan Müdafiə Nazirliyi bu gün cəbhədə Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilən əsgərlərinin bir hissəsinin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, Ermənistan MN bugünkü itkilərinin 23 nəfər təşkil etdiyini bildirib.

Bununla da itkilərin sayının 103 nəfər olduğu qeyd edilib.

Xatırladaq ki, Ermənistan MN vaxtaşırı olaraq ölü saylarında "dəqiqləşmələr" aparır. Belə ki, 28 setnyabrda 59 ölü olduğu halda bir müddətdən sonra əslində ölən kimi qeydə alınan bir əsgərin reanimasiyada yaralı olduğunu qeyd edib, siyahını 58-ə endirmişdi.

Ötən gün isə daha 26 əsgərin öldüyünü və ümumi sayın 84-ə qalxdığını bildirsə də, bir müddətdən sonra 4 nəfərin ölmədiyi açıqlanmışdı.

Belə görünür ki, Ermənistan MN ölənlərini və döyüş meydanında qalanlarını saya bilmir.
Düşmənin qoyub qaçdığı texnikalar - FotoŞanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

Avrasiya.net Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Erməni hərbçiləri darmadağın edilmiş hərbi hissələrində çoxlu sayda döyüş və hərbi texnikalarını qoyub qaçıblar. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv olunub.
Düşmənin qoyub qaçdığı texnikalar - Foto
"Paşinyan növbəti dəfə Prezidentimizin qarşısında aciz qaldı" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Sentyabrın 29-da “Rossiya 1” telekanalında baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi kimin kim olmasını bir daha aydın surətdə göstərdi.
Düşmən ölkənin rəhbəri bu müsahibə nəticəsində növbəti dəfə rüsvayçı duruma düşdü. Belə ki, Paşinyanın çıxışı İlham Əliyevin parlaq çıxışının fonunda həddindən artıq sönük təsir bağışladı. Və bu həqiqəti hətta rusiyalı ekspertlər də etiraf etdilər.

Aydın məsələdir ki, avantürist və populist Paşinyan güclü “performans” göstərə bilməzdi. Çünki o və onun ölkəsi haqsız tərəfdir. Müharibədə haqsız olan, ədalətsiz tərəf kimi çıxış edən ölkənin lideri heç vaxt publika qarşısında, tamaşaçı auditoriyası qarşısında və ən nəhayət İlahi Həqiqət qarşısında əmin şəkildə,
özgüvən hissi ilə, alın açıqlığı ilə danışa bilməz. Eyni zamanda Azərbaycan prezidentinin yüksək siyasi peşəkarlığı və diplomatik ustalıqla çıxış etməsi faktı da həmişə olduğu kimi bu dəfə də öz sözünü dedi.

Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş “60 dəqiqə” proqramında Azərbaycan prezidenti canlı yayıma bağlanaraq rusiyalı telejurnalistlərin suallarını müfəssəl və mükəmməl şəkildə cavablandırdı. Beləliklə, Nikol Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü. Əminəm ki, Ermənistan silahlı qüvvələri də tezliklə bu cür uğursuzluqla üzləşəcək, ağır məğlubiyyətə düçar olub Qarabağımzdan qaçacaqlar. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri bunu deməyə əsas verir.

Ordumuza və Ali Baş Komandanımıza eşq olsun!

Prezidentdən sərt MESAJ: “Ermənistan peşman olacaq və sözümün üstündə dururam"Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Avrasiya.net xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı görüşdə çıxış edib.

Prezidentin çıxışı:

- Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.

Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.

Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.

Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir.

Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk.

Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün.

Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.

Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülk şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun.

Mən sizi həm təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.

Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan, cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəri düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də, hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətli sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizə çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçü yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağ olun.

xxx

Sonda xatirə şəkli çəkdirildi.
Uğurlar olsun,  Azərbaycan əsgəri! Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini


Artıq 30 ildən çox olur ki, Azərbaycan mənfur ermənilər tərəfindən elan olunmamış müharibəyə məruz qalmış, işğalçı siyasət nəticəsində torpaqlarının 20 % itirmişdir. Bu illər ərzində beynəlxalq təşkilatlar bu problemin həlli ilə bağlı dəfələrlə bəyanatlar ,qətnamələr qəbul etsə də erməni tərəfi bunlara məhəl qoymamış, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəniyyəti, qədim izləri məhv etmiş, əsirlərdir xalqımıza məxsus sərvətləri amansizcasına yox etməyə çalışmış, bu torpaqların işğalı zamanı soyqırımlar, vəhşiliklər, barbarlıqlar törətmişdir. Azərbaycan Respublikası dəfələrlə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara ermənilərin vəhşilikləri barədə məlumat vermiş, ən önəmlisi “Xocalıya Ədalət” tələbi ilə bütün dünyaya ermənilərin törətdiyi bu vəhşi soyqırımın çatdırmağa çalışmışdır. Dünya ictimaiyyəti, bir çox ölkələr erməni vəhşiliklərinin görməzdən gəlir, sülh danışıqları sadəcə sözdə qalır. İllərdir davam edən bu danışıqlar heç bir nəticə vermirdi. Azərbaycan tərəfi həmişə məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirsə belə hər şey kağız üzərində qalmağda davam edirdi. Bir çox görüş və sammitlərdə “Dağlıq Qarabağ Azərbaycanındır” fikri ifadə olunsa da, işğal olunmuş torpaqlardan Ermənistanın çıxması haqqında qətnamələrə ermənilərin məhəl qoymaması artıq xalqımızın səbr kasasını daşıdı.

Xüsusən də ermənilərin nəinki işğal olunmuş torpaqlardan çıxmaq fikrinin olmaması, hətta yeni torpaqlar işğal etmək istəməsi, sərhəd boyu atəşkəsi pozması , dinc əhalini atəşə tutması, ordumuza qarşı hücuma keçməsi bizi qəti addımlar atmağa məcbur etdi.
Azərbaycan Ordusu 2016 –cı ildə aprel döyüşlərində, 2020 –ci ildə Tovuz hadisələrində ermənilərə layiqli cavabı vermişdir. Uzun zamandır ermənilərin təxribatçı bəyanatlarına, Dağlıq Qarabağdakı çıxışlarıına, separatçı görüşlərinə susqun qalan beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun son hadisələrdən sonra qəti əks –hücumların, torpaqlarımızın azad olunmasını görüb dərhal tərəfləri atəşi dayandırmağa, sülhə çağırmağa başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək bu məsələnin artıq həll olunmasının zamanı gəldiyini bildirdi. 2020 –ci ilin sentyabrın 27 –də ermənilərin bizə qarşı törətdiyi təxribat cavabsız qala bilməzdi. Mülki şəxslərə qarşı törədilən cinayət, ordumuza qarşı başladılan həmlələr cavabsız qalmadı. Azərbaycan Ordusunun əks hücumuna keçməsi Tərtər, Ağdam, Füzuli, Murov, Ağdərə istiqamətində aparılan əməliyyatlar nəticəsində kəndlərimiz işğaldan azad olundu, strateji əhəmiyyətli yüksəkliklər ordumuz tərəfindən ələ keçirildi. Bu elə bir an idi ki, hamı böyük qürur hissi duydu. 30 ildən sonra torpaqlarımızın azad olunması, düşmənin texnika və canlı qüvvəsinin məhv edilməsi, hərbi nazirimiz Zakir Həsənovun Prezidentimizə bunu beyan etməsi bizı tarixi qürur hissi yaşatdı. Qardaş Türkiyənin həmişə olduğu kimi yanımızda olması, Ermənistanın işğal olunmuş torpaqlardan çıxması haqqında, dünya ictimaiyyətinin Azərbaycanın yanında olmağa çağırışı bir daha bir millət iki dövlət olduğumuzu hamıya sübut etdi.

Azərbaycan Ordusunun uğurlarını, ermənilərin çətin vəziyyətdə olduğunu görən beynalxalq təşkilatlar, dövlət başçıları anında bəyanat verməyə başladılar, tərəfləri sülhə çağırdılar.Amma bir şeyi unutdular ki, sülh istəyən həmişə biz idik, ermənilər yox.Onların yeni ərazilər işğal etmək istəyi artıq layiqli dərsini o zaman aldı ki, ordumuz 30 ildən sonra doğma torpaqlarımızı azad etməyə başladı.
Respublika ərazisində hərbi vəziyyət elan olundu,sərhəd bölgələrində komendant sistemi tətbiq olundu.Ermənilər bu məğlubiyyətin acısını mülki vətəndaşlardan çıxmağa başladı.İri çaplı silahlardan, raket zərbələrindən həyatını itirən,yaralanan vətəndaşlarımız var.Amma bütün bunlar üçün beynalxalq hüquq qarşısında cavab verməli olacaqlar. Biz öz torpaqlarımızda vuruşuruq. Biz xalqa qarşı vuruşuruq. Biz işğalçını öz torpaqlarımızdan qovuruq. Bizim işimiz haqq işidir. Tökülən qanlar yerde qalmamalı. Mətin, şərəfli, Azərbaycan Ordusu !
Sənin işin ədalət, haqq işidir. Sən torpaqlarının azadlığı uğrunda mübarizə aparırsan! Biz səninləyik!

Möhtərəm Prezidentimiz İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişatına dair məlumat verib. Dövlətimizin başçısı bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, buda Cenevra Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır. İlham Əliyev bildirib ki, Ermənistan on minlərlə mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstəsi yaradıb. Ermənistanın yeni müharibəyə hazırlaşmasının BMT Baş Assambliyasının 75 –ci sesiyasının ümumi debatlarında çıxışında qed etdiyini xatırladıb . Prezidentimiz bildirib ki, Ermənistan Rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ Ermənistanındır bəyanatı danışıqlara ciddi zərbə vurub.

Onların Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu qəbul edilə bilməz. Bu məsələ o zaman həll oluna bilər ki, Ermənistan Ordusu işğal olunmuş ərazilərimizdən qeyd –şərtsiz çıxmalıdır. Çıxmaq fikiri olmayan erməniləri isə əks hücuma keçən Ordumuz ciddi zərbələr vurmaqla onları qaçmağa məcbur etdi.Ordu qarşısında aciz qalan ermənilər qadın, uşaq, mülki şəxsləri hədəf almağa davam edir. Bizim Ordumuz mülki əhaliyə qarşı heç bir təxribat, əməliyyat aparmır, hər şeyi hüquqi səviyyədə aparmağa çalışır. Bu iki ordu arasındakı əsas fərqi bir daha nümayiş etdirir.
Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıbAzərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə qədər isə ümumilikdə 1 115 748 test icra olunub.

Erməni xalqına üz tutub demək istəyirəm ki... - PrezidentAzərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.
Erməni təxribatı: 14 mülki şəxs ölüb, 46 nəfər xəsarət alıbMəlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 14 nəfər şəxs isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin, 26 mülki obyektə, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.