"Azərbaycan MDB və GUAM-da üzvlüyünü dayandırmalıdır" Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin keçirdiyi brifinqdə, Lavrov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün etdiyi müraciəti dəstəkləyəcəyini bildirdi. Sizə elə gəlmir ki, bu məsələ artıq həll olunub?

- Lavrovun bu məsələni Ceyhun Bayramovla ilk görüşdə səsləndirilməsi məsələnin dolayısı ilə həll olunmuş kimi təsdiq edir. ŞƏT-lə bağlı fikirlərimi, 2008-ci ildə keçirilən prezident seçkilərində bildirmişdim. Prezidentliyə namizəd kimi, İctimai televiziyada öz çıxışlarımda bu məsələnin Azərbaycan üçün prioritet məsələ olduğunu qeyd etmişdim. Bu mənim siyasi-iqtisadi proqramımda öz əksini tapmışdı. Bu Azərbaycanın ictimai-siyasi həyatında yeni bir təklif idi. Və o dövürdə verdiyim bu təklifə görə demək olar ki, hər tərəfdən tənqid olunmuşdum. İllər keçəndən sonra 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il tarixində isə, Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.

- Belə demək olar ki, prezidentliyə namizəd kimi seçicilərə təqdim etdiyiniz proqramın bir bəndi həyata keçir….

- (gülür) Niyə bir? Bir neçəsi. Misal üçün proqramda Xəzəryanı dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması təklifimdə həyata keçdi. Mən bu gün də hesab edirəm ki, Azərbaycanın üzv olduğu bir neçə beynəlxalq təşkilatlardan çıxmalıdır. Misal üçün, MDB və GUAM təşkilatlarda üzvlüyünü dayandırlmalıdır. Bu təşkilatların demək olar ki, bir adları qalıb. Belə halda niyə Azərbaycan hər il bu təşkilatlara üzvlük haqqı verməlidir? Bunları da 2008-ci ildə demişdim. Yəqin ki, nə vaxtsa verdiyim bu təkliflər də həyata keçəcək.

- İnşallah. Fuad müəlim, ŞƏT Azərbaycana nə verəcək?


- Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi təşkilat olduğuna görə Azərbaycana iqtisadi baxımdan çox şey verə bilər. Baxın, Azərbaycanın neft-qaz kəmərləri Avropaya istiqamətlənib. Yəni ki, biz neftimizi, qazımızı Avropa ölkələrinə satırıq. Bu baxımdan bizim ehtiyat bazarımız olmalıdır. Necə ki, Avropa ölkələrin bu məsələdə seçimi var, bizim də olmalıdır. Bu seçim olmayanda biz Avropa ölkələrindən asılı vəziyyətdə oluruq. Bu iqtisadi asılacağımız, dolayısı ilə siyasi asılacağımıza çevrilir. Bunu da mən hesab edirəm ki, bizim üçün qəbul olunmazdır. Baxın, qardaş Türkiyə Qərblə münasibətləri pozmadan Avrasiya regionuna, ŞƏT-ə can atır. Türkiyə də Azərbaycan kimi, bu təşkilatın tam hüquqlu üzv olmaq istəyir. Niyə? Çünki Fransa və Almaniyanın Türkiyəyə Avropa İttifaqının tam üzvlüyü verilməməsi ilə bağlı qəti mövqeyini nəzərə alan Ankara alternativ əməkdaşlıq platformalar axtarmaq məcburiyyətindədir. Ona görə hesab edirəm ki, Azərbaycan üçün hər iki istiqaməti prinsipcə bir-birini istisna etmədiyinə görə, biz hər iki istiqamətin paralel inkişafında maraqlı olmalıyıq.
ABŞ-da Çin casusu saxlanıldıABŞ-ın Virciniya Universitetində Çinli bir tədqiqatçı şübhəli şəxs qismində saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Virciniya Universitetində araşdırma aparan Çin vətəndaşı Haizhou Hu, kompüter sistemlərinə icazəsiz daxil olmaqda və ticarət sirlərini oğurlamaqda ittiham edilib.

Bildirilir ki, o, Çinə məxsus təyyarəyə minmək istəyərkən tutulub.

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdiAvropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.

C.Borrell görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, ötən ay Türkiyə hökuməti Aralıq dənizinin şərq hissəsində, Kipr adası həndəvərində neft və təbii qaz kəşfiyyatı üçün “Oruc reis” seysmik tədqiqatlar gəmisi üçün "Navtex" (dənizçilərə elan) elanı verərək Yunanıstan və Fransanın sərt reaksiyası ilə üzləşmişdi. Kipr adası yaxınlığındakı kəşfiyyat işlərilə bağlı Türkiyə ilə Yunanıstan arasında bir müddətdir gərginlik yaranıb.

A.Merkelin diplomatik addımları nəticəsində Türkiyə tərəfi adıçəkilən gəmini müvəqqəti olaraq geri qaytarsa da, Yunanıstan Misirlə dəniz sazişi imzaladıqdan sonra Ankara Afinanı sözünü tutmamaqda ittiham edərək bu ay Kipr həndəvərindəki kəşfiyyat işlərinə yenidən davam edib.
ABŞ-da 185 min insan koronadan öldüABŞ-da gün ərzində daha 917 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bununla da ölkədə koronadan ölənlərin ümumi sayı 185 min 713 nəfərə çatıb.

ABŞ-da indiyədək 6 milyon 89 mindən çox insan COVİD-19-a yoluxub.
Onlar “Xəzər”dən kənarlaşdırıldılarXalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.

Bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq.

“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq. (Qafqazinfo)
Gəncədə professor qətlə yetirilibGəncədə qətl hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan orta yaşlı kişi evdə bıçaqla qətlə yetrilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin professorudur.