Türkiyə səfiri Azərbaycana dəstək aksiyasında - FotoAzərbaycanın Çexiyadakı səfirliyi qarşısında ermənilərin təşkil etdiyi etiraz aksiyasına qarşı Türkiyə və Azərbaycan vətəndaşları birliyini nümayiş etdirib. Azərbaycan və Türkiyə vətəndaşlarının Azərbaycana dəstək aksiyası şənliyə çevrilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib. O bildirib ki, erməni etirazçılarından təxminən 10 dəfə çox olan azərbaycanlılara və türklərə dəstək məqsədilə Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış da aksiyada iştirak edib:

“Səfirin aksiyada iştirakı Azərbaycan və Türkiyə vətəndaşlarını daha da ruhlandırıb. Eyni zamanda, E.Bağışla Azərbaycanın Çexiyadakı səfiri Adiş Məmmədovun əl-ələ verməsi Ermənistanın düşməncə hücumlarına qarşı dəstək vermək üçün toplaşan aksiya iştirakçılarını məmnun edib. Ermənilər isə bu görüntüyə görə kədərlənib. İki səfirin əl-ələ verməsindən sonra aksiya iştirakçıları "Bir millət, iki dövlət", "Türkiyə-Azərbaycan qardaşdır" şüalarını səsləndiriblər.

Bir millət iki dövlət! Bu mənzərə düşmənə ciddi mesajdır. Allah Azərbaycanımızı, Türkiyəmizi və birliyimizi daha güclü etsin”.

Q.Paşayeva Türkiyənin Çexiyadakı səfiri Egemen Bağışa təşəkkürünü bildirdiyini və bu videoları də Bağışın göndərdiyini vurğulayıb.
Qusarda göldə batan 20 yaşlı gəncin meyiti tapıldıQusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə məlumat verilib.

A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sözçülük və “şəkil çəkdirmək” mərhələsi geridə qalıbHücumu düşmənin bütün cəbhələrdə kapitulyasiyasına nail olanadək davam etdirmək lazımdır

Belçikada, ABŞ-da, Böyük Britaniyada Ermənistanın Azərbaycanın sərhəd bölgəsində həyata keçirdiyi hərbi təxribata etirazlarını bildirən azərbaycanlılara qarşı fiziki güc tətbiq edilməsini, diplomatik nümayəndəliklərimizə hücumu ermənilərin son 30 il ərzində buraxdıqları ən böyük səhvlərdən biri hesab etmək olar. Artıq həm Ermənistan, həm erməni diasporunun əlaqələndiriciləri, həm bu işğalçı ölkənin ənənəvi himayəçiləri də baş verənlərin fərqindədirlər. Nəyin bahasına olursa-olsun diqqəti zorakılıq faktlarından yayındırmağa, azərbaycanlıları təxribata çəkməyə, buraxdıqları ciddi səhvi kompensasiya etməyə çalışacaqlar. Bu məqsədlə müxtəlif səhnələşdirilmiş “hadisə”lərin baş verməsi, Ermənistanın, eləcə də digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının ələ aldığı şəxslər tərəfindən təxribatlara əl atılması da gözləniləndir. Bu prosesdə Ermənistanla və bu ölkənin xaricdəki təxribat qrupları ilə sinxron hərəkət edən sosial şəbəkə “terminatorları”nın iştirakı da mümkündür. Bu baxımdan, xaricdəki həmvətənlərimizdən maksimum təmkin və soyuqqanlılıq tələb olunur.

Azərbaycanlılarla ermənilər arasında Rusiyada baş vermiş insident də, qənaətimə görə ciddi təhlil olunmalıdır. İzlədiyim videolar məndə bu lokal, kiçik miqyaslı insidentlərdə qaranlıq məqamların olduğu təəssüratını yaratdı. Burada ermənilərin azərbaycanlılara qarşı həyata keçiridiyi, mahiyyət etibarilə terror aksiyasını xatırladan amansız, qəddar davranışların yaratdığı emosional ab-hava da rol oynaya bilər. Bunu istisna etmirəm. Amma düşünürəm ki, planlı təxribat ehtimalını da diqqətdə saxlamaq lazımdır. Çünki bu üslub ermənilərin azərbaycanlılara qarşı həyata keçirmək istədikləri, yaxud keçirdikləri bütün təxribat xarakterli aksiyalarda özünü büruzə verib. Sumqayıt hadisələrini, baş təxribatçının kimliyini xatırladaq. Təbii ki, Sumqayıt hadisələri zamanı öz soydaşlarına qarşı ən qəddar cinayətləri törətməklə başqalarını da təxribata çəkən Eduard Qriqoryan tək deyildi. Öncədən planlaşdırılmış bu təxribatların arxasında erməni xüsusi xidmət orqanlarının əməkdaşları, onlarla işbirliyində olan SSRİ DTX-sının tör-töküntüləri dayanırdılar.
Məhz bu səbəbdən də, istənilən insident, istənilən hadisə ciddi və həm də çevik şəkildə təhlil olunmalı, hadisələrə vaxt itirmədən reaksiya verilməlidir.

Qeyd edim ki, erməni təbliğat maşını son 2 gündə kifayət qədər fəallaşıb. Xüsusilə də sosial şəbəkələrin rus dilində olan seqmentlərində. Bunun da məqsədyönlü şəkildə baş verməsi mümkündür. İndiki şəraitdə, ən doğru seçim bütün istiqamətlər üzrə, həm də özfəaliyyətə yol verilmədən diaspor qurumlarının, xüsusulə də MDB məkanındakı təşkilatların həmvətənlərimizin marifləndirilməsi məqsədilə fəallıq nümayiş etdirməsi, azərbaycanlılara qarşı həyata keçirilən qəddar, amansız zorakılıq hərəkətlərinin hüquqi müstəvidə təqib edilməsi, informasiya hücumunun daha da sürətləndirilməsidir.

Hazlrda ermənilər çaşqın və narahatdırlar. Bu, 4 dildə yayımlanan “Russia Today” (Rusiya bu gün) telekanalının sahibi Marqarita Simonyanın təxminən 6 gün öncə həmvətənlərinə ünvanladığı, kifayət qədər sərt ritorika ilə müşayiət olunan müraciətdən də sezilir. Bu müraciət ermənilər arasında ölkənin gələcəyi və prioritetləri ilə bağlı fikir ayrılıqlarının dərinləşərək qütbləşməyə doğru getdiyini sübuta yetirir. İndiki şəraitdə xalqımıza məxsus tolereantlıq ənələrinin müqayisəli şəkildə, səmimi nümunələrlə və mümkün qədər da geniş auditoriyaya təqdim etməliyik. Ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, bütün digər xalqlara, o cümlədən ruslara, yəhudilərə, ukraynalılara, gürcülərə qarşı dözümsüz olduqları konkret faktlarla, sənədlərlə və həm də müxtəlif dillərdə təbliğ olunmalıdır.

...Ermənilər özlərindən olmayan hər kəsə nifrət bəsləyirlər. Bu faktı fasiləsiz olaraq ən müxtəlif vasitələrlə dünyaya təqdim etməliyik. Sözçülük və “şəkil çəkdirmək” mərhələsi geridə qalıb. Hücumu düşmənin bütün cəbhələrdə kapitulyasiyasına nail olanadək davam etdirmək lazımdır.

Elçin Mirzəbəyli
Polad Bülbüloğluyla bağlı təxribata əl atıldı - SəfirlikAzərbaycanın Rusiyadakı Səfirliyi bəzi saytları ittiham edib.

Səfirlikdən verilən məlumata görə, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə diplomatik korpusun binası önünə gəliblər. Səfir Polad Bülbüloğlu onlarla görüşüb:

“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdi. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər.

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər".

Mehriban Əliyeva xaricdəki azərbaycanlılara müraciət etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib.

Avrasiya.net müraciəti təqdim edir:

"Əziz həmvətənlər!

Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib.

Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.

Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər.

Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.

O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb.

Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub.

Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.

İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub.

Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.

Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər.

Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?

Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur.

Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?

Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.

Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.

Əziz qardaşlar və bacılar!

Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.

Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.

Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.

Hər bir səsin əhəmiyyəti var!

Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.

Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.

Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.

Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!".
Moskvada azərbaycanlılara vəhşi hücum - VideoErmənilər Moskvada da azərbaycanlılara hücum ediblər.

Axar.az xəbər verir ki, ermənilərin hücum videolarını “Moskva-Baku” saytı öz Yutub kanalında yerləşdirib.

Yayımlanan videoda hücumun əvvəlcə Moskvada azərbaycanlılara məxsus restoranlardan birində gerçəkləşdiyi əks olunub. Bundan sonrakı kadrda isə qarpız satıcısı olan azərbaycanlının vəhşicəsinə döyülməsi görünür.

Qeyd edək ki, soydaşlarımıza qarşı ermənilərin ABŞ və Avropada hücumlarından sonra Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşma yaşanıb. Bununla bağlı videolar yayıldıqdan sonra Ermənistan mətbuatı, eləcə də Ermənistan dövləti Azərbaycana qarşı təbliğata start verib. Erməni diasporu bütün təbliğat vasitələrindən istifadə edərək, öz terrorçu mahiyyətlərini gizlətməyə və azərbaycanlıları vəhşi kimi göstərməyə çalışır.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan isə insidenti azərbaycanlıların başlatdığını iddia edib.

Maraqlı olan əsas məqam isə Toqanyan çıxışı zamanı özü də istəmədən hadisələrin əsl üzünü açmağa yardım edib. Belə ki, o, insidentin satış nöqtələrindən başladığını deyib. Məhz yayılan videodakı ikinci kadrın gündüz saatlarında çəkilməsini nəzərə alsaq, Moskvadakı olayların əslində kimlər tərəfindən başladılmasını və azərbaycanlıların niyə gecə küçələrə çıxmağa məcbur olduqlarını anlaya bilərik.
Fərid Mustafayev: “Torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq”İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev yaşadığı ölkənin nüfuzlu COPE radiosuna Ermənistan-Azərbaycan münaqişəsi və sərhəddə yaranmış son vəziyyət haqqında danışıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ACAE-dən məlumat verilib.

İspaniyanın Cope radiostansiyasının aparıcısı, Fərid Mustafayevlə söhbətə başlayarkən bunları deyib:

- Neçə illərdir burda (İspaniyada) fəaliyyət göstərirsiz. İdmançı olduğunuzu bilirik. Məşqçi kimi fəaliyyət göstərmisiniz, tələbələriniz dəfələrlə İspaniya çempionu olublar, Avropa çempionatlarında mükafatlar qazanıblar…

- Bəli mən uzun illərdi güləşlə məşğul oluram. Öz bildiklərimi buradakı güləşçilərlə də bölüşmək istədim və burada xeyli güləşçinin çempion olmasına nail oldum. İdmanla məşğul ola-ola həm də biznes sahəsində fəaliyyətə başladım, Azərbaycan İspaniya Mədəniyyət və Ticarət Assossasiyasını yaratdım ki, iki ölkə arasında ticarət və mədəniyyət əlaqələrinin daha da gücləndirək.

- Bu gün Azərbaycan-Ermənistan cəbhəsində baş verənlər sizi nə dərəcədə narahat edir?

- Azərbaycan haqq yolundadır və öz torpaqlarını tələb edir. Biz 30 ildir ki, bu haqsızlıqla üz-üzəyik, dözürük. Artıq buna dözmək fikrimiz yoxdur. Çünki Ermənistan heç bir beynəlxalq razılaşmaya əməl etməyib. BMT-nin işğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsi var bunların heç birinə riayət olunmuyub. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribat göstərir ki, onlar öz işğalçı və terrorçu əməllərindən əl çəkməyiblər. Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan vətəndaşları şəhid olublar.

- Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı nə düşünür və hansı addımları atmaq istəyir?

- Azərbaycan xalqı artıq qalxıb ayağa və torpaqlarımızı erməni terrorçularından azad etmək niyyətindədir. Ali baş komandanımızın əmrini gözləyirik. Bütün Azərbaycanlılar müharibəyə hazırdır. Bütün Azərbaycan xalqı bu gün həmrəydir və ölkə başçısı ilham Əliyevin yanındadır. Biz müharibə istəmirik. Lakin lazım gələrsə torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq.
GUAM Parlament Assambleyası Ermənistanın təxribatına qarşıGUAM PA-dakı üzv ölkələr Ermənistanın Azərbaycana növbəti təcavüzünün yolverilməz olduğunu bəyan edib.

Avrasiya.net xəbər verir ki, bu gün Milli Məclisdə GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar Büro iclası keçirilib.

Növbədənkənar Büro iclasının 8 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu ərazisində törətdiyi təxribat barədə ətraflı məlumat verib. Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribatın bölgədə vəziyyəti çox gərginləşdirdiyini bildirən Elnur Allahverdiyev əlavə edib ki, ermənilərin hərbi əməliyyatları nəticəsində Azərbaycanın şəhidlər verib. Bu təxribatın dünya ölkələrinə və beynəlxalq qurumlara doğru-dürüst çatdırılması üçün GUAM PA-nın fəallaşmasına ehtiyac olduğu vurğulanıb.

Videokonfransda iştirak edən GUAM PA-dakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yuraş Svyatoslav, Gürcüstan nümayəndə heyətinin rəhbəri Kuçava Kaxaber, Moldova nümayəndə heyətinin rəhbəri Jizdan Aleksandru GUAM ərazisində baş vermiş bütün təcavüz aksiyalarını pisləyib, Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi təxribatdan narahat olduqlarını bildiriblər, Ermənistanın növbəti təcavüzünün yolverilməz olduğu bəyan edilib.

BÜRO üzvləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normativ-hüquqi aktlarda əks olunan sərhədləri çərçivəsində həll edilməsinin vacibliyini vurğuladılar. Videokonfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Kərimli, Fatma Yıldırım işğalçı Ermənistanın riyakar siyasəti, Tovuz bölgəsinə hücumun təfərrüatları barədə həmkarlarına dolğun məlumat verib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Ukrayna, Moldova və Gürcüstan parlamentarilərinin birgə fəaliyyətinin vacibliyini vurğulanıb.

Büro iclasında GUAM PA-nın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar öz ölkələrindəki vəziyyət və mübarizə tədbirləri barədə ətraflı fikir mübadiləsi aparıb. GUAM PA-nın Baş katibi Altay Əfəndiyev və nümayəndə heyətlərinin rəhbərləri əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair rəy və təkliflərini diqqətə çatdırıb.
İrəvanda ruslar etiraza qalxdı…Rusiya vətəndaşları Ermənistandakı Rusiya Federasiyasının səfirliyi qarşısında etiraz aksiyası keçirərək, onlara ölkədən getməyə icazə verilməsini tələb ediblər.

Axar.az xəbər verir ki, 168.am pandemiyadan öncə Ermənistana müəyyən səbəblərə görə gələn Rusiya vətəndaşlarının artıq uzun müddətdir geri qayıda bilmədiklərini qeyd edib.

Məlum olub ki, müəyyən səbəblərdən Rusiya vətəndaşlarının öz avtomobillərində Ermənistandan getməsi hökumət tərəfindən qadağan edilib, bu isə rusiyalıların hiddətinə səbəb olub.

“Niyə Ermənistan hakimiyyəti bizə evə getməyə imkan vermir? Biz sadə insanlarıq və Ermənistan rəhbərliyinin siyasi intriqalarında iştirak etmək istəmirik”, - deyə sosial şəbəkələrdə Ermənistandan çıxma problemləri ilə üzləşən RF vətəndaşları yazırlar.

Etirazçılar Ermənistanın müvafiq qurumlarına məktub və şikayətlər göndəriblər, eyni zamanda qeyd ediblər ki, əgər onların problemi həll olunmasa, iyulun 30-da Baqrataşen nəzarət-buraxılış məntəqəsinə yola düşəcəklər və güc yolu ilə sərhəddi keçməyə cəhd edəcəklər.