“Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumağa çalışır” - Azay Quliyev Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin onlayn iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı çıxış edib.

Avrasiya.net xəbər verir ki, ATƏT PA-nın intensiv şəkildə onlayn görüşlər keçirməsinin çox xoş olduğunu deyən Azay Quliyev prezident Tsereteli və Baş katib Montellaya müntəzəm müzakirələr üçün vacib bir platforma təşkil etdiklərinə görə minnətdarlığını bildirib.

ATƏT PA-nın vitse-prezidenti çıxışında üç onillikdən çox bir müddətdə davam edən və ATƏT məkanındakı ən ciddi və təhlükəli münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra vacib məqamlara toxunub.

Azay Quliyev deyib ki, bütün bu illər ərzində göstərilmiş uğursuz beynəlxalq səylərdən və Azərbaycanın Ermənistan ilə nəticəyə yönəlmiş danışıqların aparılması məqsədilə etdiyi müvəffəqiyyətsiz cəhdlərindən sonra vəziyyət yenə də gərgin və təhlükəlidir: “Hazırkı vəziyyət Ermənistanın qeyri-konstruktiv və təxribatçı addımları səbəbindən hərbi eskalasiya üçün real bir riskin olduğunu açıq-aşkar şəkildə göstərir. Assambleyaya bu məsələ ilə bağlı məlumat vermək istəyimin də səbəbi məhz budur. Mövcud tendensiyaları tam başa düşmək üçün sizi son 4 ayda baş verən hadisələrin xronologiyasına nəzər salmağa dəvət edirəm.

2020-ci ilin mart-aprel aylarında Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT PA tərəfindən qəti şəkildə rədd edilərək tənqid olunan qanunsuz "seçkilər" şousunu keçirir.

Burada belə bir sual yaranır: Ermənistan bu qınaqlardan hansısa dərs ala bildimi?

Heç də yox, çünki artıq 2020-ci ilin aprelində Ermənistanın siyasi rəhbərliyi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin mərhələli qaydada həlli ilə bağlı bəyanatını açıq şəkildə tənqid etdi. Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumaq və sülh danışıqlarına mane olmaq üçün sonsuz cəhdlərini davam etdirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında qanunsuz separatçı rejimin “rəhbərliyi” üçün keçirilən qondarma andiçmə mərasimində iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə səfəri münaqişənin sülh yolu ilə nizamlanmasına birbaşa təhlükə yaradan daha bir təxribat xarakterli addım idi.

Əminəm ki, hər biriniz Avropa Parlamentinin Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən avtomagistralın tikilməsinə etiraz bildirərək Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinə tam dəstəyini bir daha ifadə etdiyi iyunun 10-da qəbul edilmiş Birgə Bəyanatı barədə məlumatlısınız”.

Azərbaycanın ATƏTPA-dakı nümayəndə heyətinin sədri keçən ildən başlayaraq Fransa məhkəmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin “nümayəndələri” ilə bir neçə Fransa bələdiyyəsi arasında imzalanan qondarma memorandumların etibarsızlığını rəsmi şəkildə təsdiqləməyə başladığını bildirib. Demək olar ki, Fransanın müvafiq məhkəmələri bütün bu “memorandum”ları qanunsuz olduqları səbəbindən ləğv edib.

Azay Quliyev bildirib ki, Azərbaycan qarşılıqlı etimadın möhkəmlənməsinə yönələn tədbirlər çərçivəsində əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadiləsini təklif etsə də, Ermənistan tbununla bağlı hələ də adekvat cavab verməyib: “Bütün bunları nəzərə alaraq məntiqli suallar yaranır: Ermənistan münaqişənin ədalətli şəkildə və sülh yolu ilə həlli yollarını rədd etməyə davam edərsə, başqa nə etmək lazımdır? Dinc danışıqlar yoluna alternativ nədir?
Fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ən tez zamanda bu suallara cavab tapmalı və Ermənistanı danışıqlar masasına gətirmək üçün malik olduğu bütün vasitələrdən istifadə etməlidir”.
Daha 537 nəfər koronaya yoluxdu, 7 nəfər öldüAzərbaycan Respublikasında koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Ötən müddət ərzində 529 min 875 test aparılıb. Bugünkü test sayı isə 7102-dir.

Azərbaycanda qadın ərini və qayınatasını bıçaqladıQazaxda ata və oğlu bıçaq xəsarəti alıb.

Avrasiya.net-in məlumatına görə, rayon sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu sifət və qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriblər.

İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.
"Azərbaycan Bayrağı" ordenli polis koronadan öldüLaçın rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, mərhum ötən gün koronavirusa yoluxduğuna görə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, Alıyev Zöhrab İbrahim oğlu 1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713-saylı batalyonunda hərbi xidmətə başlayıb. Laçın rayonunun işğaldan azad ediləsi istiqamətində aparılan döyüşlərdə iştirak edib. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanıb, 12 dekabra qədər hərbi hosbitalda müalicə olunub. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli ərazisində davam etdirib. Z.Alıyev döyüşlərdə xüsusi igidlik göstərib. 1993-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Z.Alıyev 1994-1999 cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Laçın rayon Polis Şöbəsinin əməkdaşı idi.

Allah rəhmət eləsin!
İstirahətə gedərkən polis forması geyindi, həbs edildiKarantin günlərində postdan polis formasında keçmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Ona 30 sutka həbs cəzası verilib, lakin şəxs bu cəzadan narazıdır.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Xəyal Süleymanlı Nazirlər Kabineti tərəfindən evə qapanma ilə bağlı qərar verilən zaman Qubaya istirahətə gedib. İstirahətdən qayıdanda isə saxlanılıb.

Məlum olub ki, X.Süleymanlı postlardan keçmək üçün polis forması geyinibmiş.

Qubadan qayıdan zaman polis əməkdaşları Xəyalı saxlayıb və şübhələndikləri üçün sənədləri tələb ediblər. Bu zaman Xəyal sənədlərinin evdə olduğunu deyib.

Polis bölməsinə dəvət edilən Xəyalın polis əməkdaşı olmadığı üzə çıxıb.

27 yaşlı Xəyal məhkəmə qərarı ilə həbs edilib. Əməlindən peşman olduğunu desə də, bir faydası olmayıb.

Xəyal barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələrilə protokol tərtib olunub.

Həm də 1 illik sürücülük hüququndan məhrum edilən Xəyal bu cəzadan şikayət versə də, təmin edilməyib və o, həbsdə qalıb.
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdiAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli APA-ya bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.
Baş həkimin oğlu maşını ilə 2 qadını vurub öldürdü - FOTOSabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

"Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir" Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan СOVID - 19 pandemiyası dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, pandemiyanın ilk dəfə özünü göstərdiyi Çin Xalq Respublikasından digər ölkələrə yayılmağa başladığı vaxtda hər bir ölkə təşvişə qapılaraq özünü qoruma prinsipini üstün tutmağa cəhd etdi. Vəziyyət hətta o həddə çatdı ki, dünya ölkələri arasında biri digərinin pandemiyaya qarşı mübarizə vasitələrini mənimsəyir, təyyarə limanlarında digər ölkə nümayəndələrinin maskalarını və ya qoruyucu vasitələrini müsadirə etmək kimi hadisələr baş verirdi. Bunlar onu göstərir ki, dünya hər nə qədər inkişaf etsə də hələ də belə bir vəziyyətə hazır deyil. Hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan tək çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir:

"Artıq aylardır ki, COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəlaya qarşı mübarizədə əsas faktordur. İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın açılışı oldu. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması və qısa bir zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsi, növbəti bir ay yarım ərzində 1300 xəstənin qəbulunu nəzərdə tutan daha bir modul tipli xəstəxananın inşası, eyni zamanda əlavə olaraq daha on modul tipli xəstəxananın tikintisinin nəzərdə tutulması seytnot vəziyyətdə belə hökumətimiz tərəfindən lazımı addımların atılmasının bariz nümunəsidir".

Bu, COVID -19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 5 mindən çox çarpayılıq ehtiyatı yaranacaq. Burada əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir:

"Açılışda çıxış edən ölkəmizin başçısı bildirdi ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.

Məlumdur ki, hazırkı vəziyyətdə ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı son zamanda inşa olunmuş, "Yeni klinika"da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 29 laboratoriya mövcuddur. Yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44-ə çatacaq".

A.Məmmədov bildirib ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. İndi dünyada bir çox ölkələr - Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Bu dəhşətli pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür: "Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq".