Prezident SƏRƏNCAM verdi - Jurnalistlər Media günündə mükafatlandırılacaqPrezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, sərəncamda deyilir:

"145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayıb.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:

2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

2.2. jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Milli Şura etimadı doğrulda bilmədi - BAP sədriMilli Şuranın keçirdiyi onlayn toplantılar indiyədək bir az qapalı və müammalı görünən qurumun əsl mahiyyətini açıq-aşkar göstərdi.

Bunu Avrasiya.net-ə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuranın fəaliyyətinə, Azərbaycan hakimiyyətinə qarayaxmalarına münasibətində deyib.

BAP sədri bildirib ki, Milli Şura ora toplananların etimadını doğrulda bilmədi. Qeyri-ciddi müzakirələr, davranışlar, onu, bunu gözdən salma cəhdləri, özlərini aparma tərzləri bu qurumun hansı səviyyədə olduğunu göstərməklə ilk növbədə Milli Şuranın özünə və onu dəstəkləyənlərə ağır zərbə oldu: "Görüntü doğrudan da çox pis idi və nəticədə Milli Şura rəhbərliyində qarşılıqlı ittihamlar meydana gəldi, istefalar oldu. Şura üzvlərinin keçirdikləri onlayn konfranslarda işlətdikləri ifadələr bu qurumun iç üzünü cəmiyyətə açıb göstərdiyindən sıraları sürətlə seyrəldi. Ölkəni idarə etməyə iddialı bir qurumun belə qaragüruh səviyyəsində görünməsi həm də bütövlükdə müxalifətə böyük zərbə vurmuş oldu".
Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub - 1 NƏFƏR ÖLÜBJurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb.

Avrasiya.net-in məlumatına görə, bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

"Mayın 16-da açıqlama yayaraq, 4 ay müddətində (fevral-may ) jurnalistlər arasında COVID-19-a yoluxan və ölüm halları barədə bilgi vermişdik. O zaman dünyada pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfərdi. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi. Qısa zaman kəsiyində-1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına döğru dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub-62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və sair", - deyə o, bildirib.

M.Ələsgərlinin sözlərinə görə, ötən ayın siyahısında dəyişən bir məqam da var:

"Hesabatlarda artıq Azərbycanın da adı görünür. İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib".
Ermənistanda koronadan bir gündə 10 nəfər öldüErmənistanda son sutkada koronavirusa yoluxanların sayı 415 nəfər təşkil edib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla Ermənistanda koronavirusa yoluxanların sayı 25542-yə yüksəlib.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı 10 nəfər artaraq, 447 olub. Koronavirusdan yatan, amma paralel xəstəlikdən öldüyü bildirilən şəxslərlə birgə ölənlərin ümumi sayı isə 590-a qalxıb.
İranda terror: SEPAH komandiri öldürüldüİran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid hərbi konvoya bombalı hücum edilib.

Axar.az xəbər verir ki, hücum İran-Pakistan sərhədinə yaxın Zahidan şəhərinin Kurin qəsəbəsi yaxınlığında baş verib.

Hadisə zamanı SEPAH-ın komandiri və onun sürücüsü ölüb.

Bundan başqa, 3 hərbi avtomobilə ziyan dəyib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti “Ceyş əl-Ədl” terror qruplaşması üzərinə götürüb.
Baş prokurordan 9 yeni TƏYİNATRespublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilib.

Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifələrinə təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Kamran Məmmədova Goranboy, Vüqar Əhmədliyə Kəlbəcər, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Ölkəmiz də belə konstitusiya hazırlamalıdır - HüquqşünasUkraynada uşaqlar üçün ölkə konstitusiyasının sadə formasının nəşr olunması maraqlı təşəbbüsdür. Hesab edirəm ki, Azərbaycanda da uşaqlar üçün konstitusiyamızın sadələşdirilmiş forması hazırlanmalı və ibtidai siniflər üçün dərslik formasında çap olunmalıdır.

Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov Ukraynada uşaqlar üçün hazırlanan sadələşdirilmiş konstitusiya praktikasının Azərbaycanda tətbiq edilməsi haqda danışarkən deyib. O bildirib ki, hüquqşünaslar dilçilərlə birlikdə bu istiqamətdə layihə işləyə bilər:

“Düzdür, hazırda yuxarı siniflər üçün “Konstitusiya hüququnun əsasları” adlı dərslik var. Lakin ibtidai siniflər üçün də sadələşdirilmiş formada bunun keçirilməsi zəruridir. Bunun üzərində hüquqşünaslarla birlikdə dilçi alimlər işləməlidir. Uşaq düşüncəsinə uyğun ifadələr kitaba daxil edilməlidir ki, azyaşlılar hüquqlarını başa düşə bilsinlər. Hesab edirəm ki, sadələşdirilmiş konstitusiya uşaqlarımızın hüquq düşüncəsinin düzgün formalaşması və insan hüquqlarına hörmət olunması üçün çox gərəklidir”.

Qeyd edək ki, Ukraynada “Osnovı” nəşriyyatı uşaqlar üçün ölkə konstitusiyasının sadə formasını hazırlayıb. Konstitusiya uşaqların erkən yaşlarından öz vətəndaş hüquqlarını bilmələri üçün nəzərdə tutulub.
İki vəkil koronaya yoluxduVəkillər Kollegiyasının iki üzvü koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.

O, virusa yoluxan vəkillərdən yalnız birinin adını qeyd edib:

“Bu günə olan məlumata görə, 2 vəkilimiz COVİD-19-a yoluxub, xəstəliklə mübarizə aparırlar. Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm. Vəkil Çimnaz Eyyubovanın sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, Kollegiyanın üzvüdür, mübariz və güclü iradəyə malikdir. Bu xəstəliyə qalib gələcəyinə əminəm.
QHT-lər haqqında qanuna dəyişiklik edildiMilli Məclisin bu gün keçirilən plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirə olunub.

Avrasiya.net xəbər verir ki, dəyişikliklə qanuna yeni 24-3-cü maddə (Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət Təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdiMilli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov onlayn qaydada vətəndaşları qəbul edib.

Avrasiya.net xəbər verir ki, hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinn qanuna uyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirildi. Müraciətlər əsasən işlə təmin olunma, şəhər sakinləri və turistlər üçün velosiped yolunun çəkilməsi, şəhər stadionun təmiri, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ev tikintisi, şəhər ərazisində pandusların quraşdırılması, dam örtükləri və novalçaların təmiri və s. sahədə görülən işlərlə bağlı minnətdarlıq olub.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi
Millət vəkili və İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul etdi