Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınırHikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Aylardır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi. Buna görədir ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan görülən tədbirlər, alınan qadağa qərarları elə də effektiv olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara əməl etməməsinin böyük rolu oldu.

Son nəticə olaraq bəşəriyyət yalnız bir olaraq, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir. Məhz bu baxımdan qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların Zirvə görüşündə iştirakları eyni zamanda ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev şəxsən nəzarət edir. O cümlədən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu işlərdə göstərdiyi dəstək əvəzsizdir. Bu baxımdan Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilməkdədir. Qoşulmama Hərəkatının Zirvə toplantısı da bunu ehtiva etməkdədir.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Görüşdə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə ölkələrin birgə əməkdaşlığına böyük ehtiyac var. O, vurğuladı ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsi çağırışının məntiqi sübutudur. Belə ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradıb, bu körpünün möhkəm dayaqlara söykənməsi də əlbəttə ki, şübhəsizdir. Eyni zamanda, Azərbaycan Prezidentinin Sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Ona görə də, hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətli və vacib reallıqdır.

Cənab Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.



"Bu, Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricilərindəndir" Dünyanın 130 -dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili ilə bağlı təşəbbüsünü dəstəkləməsi bir daha Azərbaycana və ölkə liderinə olan diqqət və rəğbəti nümüyiş etdirir.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricisi olacaqdır:

“Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronovirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və vacib təbdirlər həyata keçirilir.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və onun Təhlükəsizlik Şurasının rolu görünmür. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi.

Azərbaycan Prezidentinin bu təşəbbüsünü BMT-nin 130-a qədər QH üzvü olan ölkəsinin dəstəkləməsi eyni zamanda , ölkəmizin beynəlxalq nüfuzunu dahada artırır.

Bu təşəbbüsə qarşı isə çıxan yeganə ölkə Ermənistan oldu. Bu isə bir daha bu ölkənin dünyadakı həmrəyliyə və birliyə qarşı olan riyakar və təcavüzkar mahiyyətini ortaya qoymuş oldu.

Düşünürəm ki, ən qısa zamanda BMT-yə üzv olan dugər ölkələr də bu baqda məlumatlandırılacaq və sessiya mümkün qədər tez bir zamanda təşkil olunaraq , baş tutacaqdır”.
Zimbabvedə keçirilən ən çirkin adam müsabiqəsində dava düşdüZimbabvedə keçirilən “Cənab çirkin” müsabiqəsinin finalında jürinin qərarından narazı qalan tamaşaçılar dava salıb.

Modern.az "SKY"-a istinadla xəbər verir ki, 42 yaşlı Misona Sere qabaq dişlərinin yoxluğu sayəsində müsabiqənin qalibi olsa da, onun finaldakı rəqibi, 2012-ci il müsabiqəsinin qalibi Uilyam Masvinu və onun tərəfdarları qərarla razılaşmayaraq hakimlərə hücum ediblər. Onların fikrincə, Sere “çox yaraşıqlıdır” və ən çirkin adam sayıla bilməz.

Bu cür qalmaqallar Afrika ölkəsi üçün nadir hadisə deyil. Belə ki, tamaşaçılar 2015-ci ildə keçirilən “Miss Zimbabve” müsabiqəsinin qalibini də yetərincə gözəl saymayaraq buna etiraz etmiş və nəticədə o, tacdan imtina etməyə məcbur olmuşdu.


Həkimindən Bağırzadənin səhhəti ilə bağlı – AçıqlamaBəhram Bağırzadənin ümumi vəziyyətində az da olsa müsbət irəliləyişlər var.

Avrasiya.net xəbər verir ki, bunu COVID-19-a yoluxmuş əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, kiçik də olda bu dəyişikliklər ümid verir: "Bəhram Bağırzadənin vəziyyətində hər gün az da olsa, müsbət tərəfə dəyişiklik müşahidə edirik. Amma hələ yolumuz çox uzundur. Müalicəsi ciddi şəkildə davam etdirilir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.

 Azərbaycanın beynəlxalq ictimaiyyətdə hörmətin artıb  Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır. Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanların, vəfat edənlərin sayı haqqında açıqlanan dəhşətli statistikanın şahidi oluruq. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır. Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri isə birlik və həmrəylikdir.

Hətta BMT müstəvisində qaldırılan məsələlərdən biri odur ki, belə bir şəraitdə müharibələr dayandırılsın. Bu artıq bəşər insanın II Dünya müharibəsindən sonra ikinci dəfə belə ağır vəziyyətə düşdüyünün göstəricisidir. Təbii ki belə çətin vəziyyətdə pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı bir dövlətin yox, bütün ölkələrin, çevik tədbirlər alması zəruri hal alır. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin vaxt itirmədən pandemiyaya qarşı birgə və effektli addımlar atması, “Yol xəritəsi” tapmasıdır. Çünki məhz qlobal əməkdaşlıq və birgə səyləri birləşdirməklə bu virusa qarşı qalib gəlmək mümkün olacaqdır. Bu mənada Azərbaycanın öncüllüyü diqqəti çəkir.

İlk addım olaraq Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşü COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu təşəbbüsünü və liderliyini yüksək qiymətləndirdilər. COVİD–19 pandemiyasına qarşı mübarizədə ölkəmiz əldə etdiyi təcrübəni dünya birliyi ilə paylaşmağa hazır olduğunu bəyan etməklə humanizm, həmrəylik, birgəyaşayış, birlik və bərabərlik mesajlarını verdi.

Bunun davamı olaraq mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir.

Prezident İlham Əliyev COVİD – 19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını, ancaq qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səyləri birləşdirərək, dünya birliyinin birgə mübarizəsi sayəsində COVİD-19-a qalib gəlməyin mümkünlüyünü diqqətə çatdırdı. Bu fakt xüsusi olaraq vurğulanmalıdır ki, hazırda insanpərvərliyə, humanizmə, xeyirxahlığa, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə və vaxtda Prezident İlham Əliyev Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələrini bir araya gətirməyə nail oldu. Eyni zamanda Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

Bu gün 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.

Bildiyimiz kimi, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130 qədər dövlət tərəfindən dəstəklənməsi dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir.
16 polisi öldürən terrorçu edam edildiMisirdə 2017-ci ilin oktyabrında Qahirə yaxınlığında 16 polisin ölümü və 13 qanun keşikçisinin yaralanması ilə nəticələn terror aktının təşkilatçısı Əbdül Rəhim Mismari edam edilib.

Axar.az xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçu Misir təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb, onunla bir qruplaşmada olan 15 silahlı isə məhv edilib. İstintaqla müəyyən edilib ki, terrorçular Liviya ərazisində təlim keçib və Qərbi Səhra bölgəsindən Misirin Qiza ərazisinə keçiblər. Ötən ilin noyabrında ələ keçirilən təhlükəli terrorçu barəsində Misirin hərbi məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.

Misirdə bu ilin martında daha bir terrorçu – Hişam Aşmavi də edam edilib. O, polis əməkdaşlarının və hərbçilərin qətlində təqsirli bilinib. Hər iki terrorçunun Misirdə müsəlmanlarla xristianlar arasında ədavət salmaq planı üzərində işlədiyi müəyyənləşdirilib.

ABŞ-da daha 312 nəfər koronavirusdan öldüABŞ-da son sutka ərzində daha 312 nəfər koronavirusundan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 127 952-yə çatıb.

Qeyd edək ki, indiyədək ABŞ-da 2,578,017 nəfər koronavirusa yoluxub, onlardan 1,071,393-ü sağalıb. Aktiv xəstələrin sayı isə 1,378,672-dir.


Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdiBakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.