Prezident  pandemiyaya qarşı mübarizəyə ayrılan vəsaiti AÇIQLADI"Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Keçən il isə, - hər kəs yaxşı bilir, - çox böyük sosial paket tətbiq olundu. Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni bu məqsədlər üçün milyardlarla manat xərcləndi".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur: "Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır. Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır".
Prezidentdən maska taxmayanlara - XəbərdarlıqQapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

"Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün.

İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir", - İ.Əliyev vurğulayıb.
Azərbaycanda bu gün 590 nəfər koronavirusa yoluxduAzərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 14 305 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ordumuz Qafqazın ən güclü ordusudur - Adil Əliyev “Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il fərmanına əsasən Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur: “Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, müdafiə nazirləri istefaya göndərildi. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın həbri büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Çünki erməni separatçıları anlayırlar ki, növbəti müharibə Aprel savaşına bənzəməyəcək. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq. İşğalçı dövlətin ordusu məğlubiyyətə düçardır”.

Sədr müavini bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir: “Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir.

Bundan başqa Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur. Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Gənclərimiz böyük həvəslə hərbi xidmətə can atırlar. 2016-cı ilin savaş günlərində minlərlə gəncimiz orduya yazılmağa və düşmənlə döyüşməyə can atırdı. Ermənistan gəncləri isə işğal altındakı torpaqlarımızda zorla qulluq etməmək üçün ölkələrini tərk edirlər. Bunun özü iki ölkənin gəncləri arasındakı fərqi ortaya qoyur”.

Adil Əliyev qeyd edib ki, düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır: “Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Düşmən dərk edir ki, onların qarşısında 90-cı illərdə olan özünümüdafiə dəstələri yox, nizami və müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu dayanır”.
İlham Əliyev Aqrar Universitetinin yeni tədris korpusunun AÇILIŞINDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Avrasiya.net-in məlumatına görə, dövlət başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.
Prezident və birinci xanım Gəncədə...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.


***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident zavodu işə salıb.


***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.
17 yaşlı azərbaycanlı tələbənin qatili cinayətin motivlərini AÇIQLADI - VİDEORusiyanın Volqoqrad şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Timur Qavrilovun qatili, 22 yaşlı Vitali Vasilyev qətlin səbəbini açıqlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Belarusa qaçmaq istəyərkən Smolensk şəhərində tutulan 22 yaşlı şübhəli Vitali Vasilyev istintaq çəkiliş zamanı “qətli irqi nifrət zəmnində törətmisiniz” sualına müsbət cavab verib. Növbəti “cinayəti törtədiyinizə görə peşmansınızmı” sualına isə “bəli” deyib.

Bununla da istintaqın qətlin milli zəmində törədilməsi barədə versiyası təsdiqini tapmış olub.

22 yaşlı Vladimir Vasilyevin heç yerdə oxumadığı və işsiz olduğu, cinayət baş verənə qədər Timur Qavrilovu tanımadığı da söylənilir. Hazırda Volqoqrad məhkəməsi Vladimir Vasilyev barəsində avqustun 21-nə qədər həbs-qəti imkan tədbiri seçərək barəsində “qəsdən adam öldürmə” maddəsi ilə iş açıb.

17 yaşlı Timur Qavrilov Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi olub. O, iyunun 13-də küçədə hücuma məruz qalaraq 20 bıçaq zərbəsi ilə öldürülüb. Ailənin yeganə övladı olan Qavrilov Gəncədə dəfn olunub.
Baş Prokurorluq: Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilibŞirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirlib ki, faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Millət vəkillərinin koronavirus testinin nəticələri açıqlandıMilli Məclisin deputatlarının koronavirus testinin nəticəsi açıqlanıb.

Milli Məclisin deputatlarının əksəriyyəti bildiriblər ki, onların iyunun 21-də parlamentdə aparılan koronavirus testinin nəticələri neqativ çıxıb.

Koronavirus testinin nəticəsi neqativ çıxan deputatların bir neçəsinin adlarını təqdim edirik:

1. Tahir Kərimli;

2. Fəzail Ağamalı;

3. Elman Nəsirov;

4. Eldar İbrahimov;

5. Siyavuş Novruzov;

6. Müşfiq Məmmədli;

7. Cavid Osmanov;

8. Ziyad Səmədzadə;

9. Madər Musayev;

10. Nəsib Məhəməliyev;

11. Ziyafət Əsgərov;

12. Naqif Həməzyev;

13. Pərvin Kərimzadə;

14. Məlahət İbrahimqızı;

15. Erkin Qədirli;

16. Tahir Rzayev;

17. Vüqar İsgəndərov;

18. Məşhur Məmmədov;

19. Sabir Hacıyev;

20. Müşfiq Cəfərov;

21. Ramil Həsən;

22. Şahin Seyidzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə “Report”a açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi komitə üzvlərinin hamısında koronavirus testinin nəticəsi neqativ çıxıb. Həmin komitə üzvü isə bu şəxslərdir: Hikmət Məmmədov, Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşır oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin İşlər İdarəsinin 2 əməkdaşının koronavirusa yoluxduğu barədə xəbər yayıb.

Deputat Sahib Alıyev də koronavirusa yoluxub və hazırda xəstəxanada müalicə olunur.