Ermənistanda milyonçu partiya sədrinin həbsinə qərar verilibErmənistan parlamenti deputat, müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyonçu Qaqik Tsarukyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Bu barədə “Aysor” agentliyi xəbər verib.

Daha əvvəl Ermənistanın Baş prokuroru Artur Davtyan Qaqik Tsarukyanın həbsi ilə bağlı vəsatət qaldırmışdı. O bildirmişdi ki, Tsarukyan azadlıqda olduğu halda istintaq tədbirlərinə mane ola bilər.

Səsvermədə yalnız hakim “Mənim addımım” fraksiyasının deputatları iştirak edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub. Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması, əslində, siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan Baş Nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.
Ermənistanda qorxu içində: 468 tibb işçisi koronavirusa yoluxubErmənistanda 141-i həkim olmaqla 468 tibb işçisi yeni növ koronavirusa yoluxub.

Avrasiya.net yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, 59 anestezioloq-reanimatoloq, həmçinin 15 klinik-rezident koronavirusla mübarizəyə cəlb olunub. Səhiyyə Nazirliyi ölkədə mütəxəssis çatışmazlığı olduğunu bəyan edib. Fransadan mütəxəssislərin artıq Ermənistana gəldiyini deyən nazirliyin nümayəndəsi Alina Nikoqosyan əlavə edib ki, Rusiyadan, Litva və Gürcüstandan da həkimlərin gəlişini gözləyirlər.
"Milli Şuradakılar qeybətlə məşğuldurlar"Milli Şuranın “zoom konfransı”ndan yayılan son video cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli bir müddət öncə Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevinir.

"Yeni Müsavat" qəzeti bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.ALDP sədri Fuad Əliyev cavabı daha kəskin oldu: “Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər. Həyatda heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bir qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırır. ”Rüstəm Şou-Maski Şou"nu davam etdirən professor “yox, qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm”- deyir. Bu nə yanaşmadı, bu nə düşüncədir? Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi".
“NBC Bank”ın 100 əmanətçisinə pul qaytarılmayacaqAzərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.

Avrasiya.net FED.az-a istinadən xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən "NBC Bank"ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq "NBC Bank"a əmanət qəbul etmək qadağan edilibmiş.

Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank "NBC Bank"ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.

Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.

Bankın əmanətçisi İlqar İmanov bildirib: "Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, amma indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, bankın özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın".
ABŞ-da 119 min insan koronadan öldüABŞ-da gün ərzində daha 717 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.

Ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 119 minə çatıb.

ABŞ-da hazırda 2 milyon 202 mindən çox koronaviruslu xəstə var.
Tramp liderləri Vaşinqtona çağırdı: Əsrin münaqişəsi bitir?Kosovonun müstəqilliyini 111 ölkə tanıyıb. Bununla belə, münaqişə hələ də bitməyib. ABŞ lideri Donald Tramp tərəfləri barışdıraraq, həm Avropada tam sabitliyə nail olmağa, həm də yenidən “sülh göyərçini” imicini bərpa etməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Serbiya və Kosova liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsini şərh edərkən deyib.

O bildirib ki, Balkan yarımadası hər zaman dünyadakı müharibələrin çoxunun başlanğıc yeri, ya da səbəbi olub:

“Kosovo Balkan yarımadasında mövcud olan münaqişə ocaqlarındandır. 2.5 milyonluq əhalisinin 90%-i Kosovo albanları, 5%-i serblər və qalan hissəsini isə türk, makedon və başqa millətlər təşkil edir. Elə məhz münaqişənin başlanmasına əsas səbəb serblər və albanlar arasında olan etnik qarşıdurmalardır. 24 mart 1999-cu ildə NATO-nun baş katibi Solana Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini verdi.

Yuqoslaviyanın Belqrad, Priştina, Podqoritsa, Novi-Sad və digər şəhərləri şiddətli bombardmanlara məruz qaldı. Uzun mübarizələrdən sonra Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevralın 17-də elan etdi”.

Q.Hüseynlinin sözlərinə görə, Donald Trampın birdən-birə Serbiya və Kosovo liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsi heç də təsadüfi deyil:

“Beynəlxalq münasibətlərdə bəzən ən kiçik bir predmetin belə böyük nəticələri ola bilər. Trampın birdən-birə Serbiya və Kosovo liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsinin də pərdəarxası məqamları var. Birincisi, Tramp Serbiya və Kosovo arasında münaqişənin əvvəlki səviyyədə olmadığını yaxşı bilir. Yəni tərəflər istənilən bir dövlətin müşahidəsində rahatlıqla uzlaşa bilər. Məsələ ondadır ki, Kosovo münaqişəsi bu gün münaqişə olaraq unudulub. Düzdür, tam həll olmasa belə, münaqişə kimi unudulub. Düşünürəm, Tramp tərəfləri uzlaşdırıb, daha sonra bunu dünya mediasında “Əsrin münaqişəsi”nin sonu kimi təqdim edəcək. Özünü isə bu münaqişəni bitirən “sülh göyərçini” olaraq göstərəcək. İkincisi, ABŞ-da iğtişaşlar davam edir. Məsələ artıq dünya ictimaiyyətinin diqqətindədir. Hətta ABŞ-ın bir zaman tənqid etdiyi ölkələr belə bu gün onu tənqid etməkdədir. Tramp Serbiya və Kosovo arasında münaqişəni birdən-birə aktuallaşdırmaq və sülhə nail olmaqla dünya mediasının fikrini Balkanlara çəkmək istəyir. Beləcə ABŞ-da baş verən hadisələr tədricən dünya ictimaiyyəti tərəfindən ən azından bir müddət unudulacaq. Üçüncüsü, Tramp Serbiya və Kosovo arasında münaqişəni bitirərək, ABŞ-ın dünya siyasətində heç də hər zaman destruktiv mövqedə olmadığını nümayiş etdirmək istəyir. Rəsmi Vaşinqton bu münaqişəni ilk gündən izləyir. Təsadüfi deyil ki, 24 mart 1999-cu ildə NATO-nun Baş katibi Solananın Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini ilk ABŞ dəstəkləmişdi. ABŞ 1999-cu ildə başlatdığı işi bitirmək istəyir”.
Salyanda 24 yaşlı gənci güllələyib öldürən şəxs tutulduBaş Prokurorluq Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

Xəbər verildiyi kimi, iyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Pandemiya bu tarixdə BİTƏCƏKRusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıb.

Alimlərin hesablamalarına görə, bu, iyulun sonuna qədər baş verəcək. Mütəxəssislər epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıb.

Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVID-19-un yayılmasının yeni dalğalarını da istisna etmir.

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdı: onların hesablamalarına görə, pandemiya yalnız avqustun sonunda bitəcək.


Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı AÇIQLAMAƏməkdar artist Cabir İmanov "Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib.

Publika.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək yayılan informasiyalara inanmamağı məsləhət görüb: “Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloggerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin".

Qeyd edək ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Prezident distant təhsildən DANIŞDI: “Sentyabrın 15-dən məktəb və universitetləri aça biləcəyimizi bilmirik"“Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq”.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Microsoft” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Prezident daha sonra bildirib: “Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.