İran və Azərbaycan rəsmiləri iqtisadi məsələləri müzakirə ediblər İranın İqtisadi İşlər və Maliyyə Naziri ilə Azərbaycan Respublikası Baş nazirinin müavini arasında telefon danışığı baş tutub.

Avrasiya.net xəbər verir ki, İranın İqtisadi İşlər və Maliyyə Naziri və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri doktor Fərhad Dejpəsənd 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.

Doktor Fərhad Dejpəsənd bu telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulayıb və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə cənab Şahin Mustafayevə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı köməklərimiz nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndiyini və gücləndiyini görə bilərik.
İranın İqtisadi İşlər və Maliyyə Naziri özünün azərbaycanlı həmkarını İrana səfərə dəvət edib və ümidvar olduğunu bildirmişdir ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açmış və bu zəhmətkeş sinfin problemini həll etmək üçün cənab Şahin Mustafayevdən kömək istəyib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirmişdir: korona xəstəliyi ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb.

O, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirmişdir ki, hər bir mövzunu ayrı ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq.
800 ziyalı Bakı merinə müraciət etdi: Divan tutulur... Aralarında millət vəkilləri, akademiklər, professorlar, yazıçılar, müəllimlər, jurnalistlər də olmaqla, 800-ə yaxın ziyalı Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciətdə bildirilir:

“Dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Bu Qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə məyusluq doğurub.

Bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çoz təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.

Bəli, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir. Milli müstəqilliyimizin olmadığı sovet dövründə belə şəhərimizdə indikindən fərqli olaraq rusca yazılarla yanaşı, Azərbaycan dilində yazılara geniş yer verilirdi.

Hörmətli Eldar müəllim!

Sizin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz zaman Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üzləşdiyinizi bilirik. Amma qeyd etdiyimiz bütün bu qanun pozuntularını aradan qaldırmaq da Sizin səlahiyyətinizdə və öhdənizdədir. Çünki Siz Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyətinin rəhbərisiniz.

Hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbidilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Göründüyü kimi, bu Fərmana məhəl qoyulmur. Əcnəbi dillərin təbliğatçılarına çevrilmiş obyektlərin sahibləri təkcə Prezident fərmanına deyil, dövlətin rəsmi Azərbaycançılıq ideologiyasına da etina etmirlər. Sizə bu müraciətimizlə əminliyimizi bildirmək istərdik ki, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi və tutduğunuz vəzifə icabı olaraq qaldırdığımız məsələyə ciddi yanaşacaq, Azərbaycan dövlətinin rəmzlərindən olan dövlət dili haqqında qanuna əməl edilməsi istiqamətində təxirsiz tədbirlər görəcəksiniz”.

Qeyd edək ki, analoji müraciət bir müddət öncə AYB rəhbəri, xalq yazıçısı Anara da ünvanlanmışdı.
AzTV-nin mətbuat katibi İŞDƏN ÇIXDI“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.

Avrasiya.net xəbər verir ki, məlumatı M.Aslanovun özü də təsdiqləyib.

“Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.

Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.

M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib.
İki ölkə arasında ticarətin daha da artmasının şahidi olacağıq - Səfirİran islam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini və bu palatanın bəzi qurumlarının və komissiyalarının rəhbərləri ilə videokonfrans keçirib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini Dr. Məhəmməd Rza Kərbasi ilə keçirilən videokonfransda son illərdə İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 dəfə artmasına işarə edərək koronavirus dövründə iki ölkə arasında ticarət və sərhəd mübadiləsini şərh edib.

Cavad Cahangirzadə səfirliyin İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən maneəsiz gediş-gəlişinin təmin edilməsi üçün gördüyü işləri və Azərbaycan tərəfinin bu işdə səmimi əməkdaşlığını vurğulayıb.

Səfir İranın Ali liderinin İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 milyard dollaradək artırılması üçün potensialın mövcudluğu barədə dediklərini xatırlayaraq videokonfransda iştirak edənlərin suallarını cavablandırıb. O, iki ölkənin özəl sektorları arasında ticarət əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi barədə özəl sektor nümayəndələrinin təkliflərini müsbət qarşılayaraq bu təkliflərin həyata keçməsini səfirliyin gündəliyində olacağını bildirdi.

Görüşdə həmçinin İran yük avtomobillərinin iki ölkənin gömrük məntəqələrində qarşılaşdığı bəzi problemlərin həlli üçün səfirliyin yaxından məşğul olacağı qeyd edildi.

Dr. Cahangirzadə həmçinin İranla Azərbaycan arasında icra olunan müştərək layihələrin son vəziyyətihi şərh edərək müştərək sənaye şəhərciyinin tikilməsi üçün səfirliyin gündəliyində olan layihələrə və həmçinin Azərbaycanla preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələrin başlanmasına işarə etdi və dedi: İnşallah bu layihələrin icrası ilə iki ölkə arasında ticarətin daha da artmasının şahidi olacağıq.
“Bəhramın vəziyyəti kritik ağır olaraq qalır” - xəstəxanadan açıqlama“Ötən gün və gecə boyu Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

B.Musayev qeyd edib ki, xəstənin vəziyyəti stabil, yalnız kritik ağır olaraq qalır:

“Analizlərində, qan qazlarının göstəricilərində və başqa həyati mühüm göstəricilərdə ötən gün ərzində ciddi dəyişiklik baş verməyib. Təyinatlar yerinə yetirilir. Bütün lazım olan müalicə davam etdirilir”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox hissəsi zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Sabah 6 dövlət başçısı bir araya gələcək"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyunun 18-dövlət başçılarının Zirvə görüşü keçiriləcək.

Bildirək ki, "Şərq Tərəfdaşlığı" proqramının üzvləri Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna dövlətləridir.

Avrasiya.net-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, görüş videokonfrans formatında olacaq:

“Zirvə görüşü ali səviyyədə baş tutacaq. Bu görüşdə xarici işlər nazirlərinə onlayn formada dinləmək imkanı veriləcək”.

XİN rəsmisi qeyd edib ki, iyunun 11-də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən xarici işlər nazirlərinin videokonfransında bir çox məsələlərə toxunulub:

“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təxribat xarakterli addımlarla bağlı Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib. Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 11-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən görüşündə hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, eləcə də, bölgədə sülh və təhlükıəsizliyin təminatı məsələlərinə toxunub. Bu konteksdə də münaqişənin həllinin zəruriliyini bir daha iştirakçıların diqqətinə çatdırıb”.
Rusiya-Azərbaycan sərhədində insident: qərar verildiDağıstanın başçısı Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş verən insidentlə bağlı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Dağıstan başçısının rəsmi saytında yer alıb.

Müşavirədə 155 azərbaycanlı vətəndaşı sərhəddən buraxılması ilə bağlı qərar verilib. Bu siyahıya, ilk növbədə, uşaqlı qadınlar, yaşlı insanlar, xəstələr, həmçinin uzun müddət sərhəddə qalan insanlar daxil ediləcək.

Müşavirədə çıxış edən Dağıstan Baş nazirinin müavini Ramazan Cəfərov sərhəddəki insidentlə bağlı 5 Azərbaycan vətəndaşının xəstəxanaya yerləşdirildiyini bildirib.