Reanimasiyada olan COVİD-19 xəstələrinin sayı AÇIQLANDI Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 4081 nəfər test edilib.

TƏBİB-dən verilən məlumata görə, bununla da ölkədə koronavirusa qarşı test edilənlərin sayı 391 699 nəfərə çatıb.

Ölkədə 338 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 10 662 nəfər virusa yoluxub, 126 nəfər ölüb, 5 948 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 588 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 133 nəfər müalicə alır, 29 nəfər isə süni tənəffüs cihazına qoşulub.
“Pandemiyadan əziyyət çəkən sahələrə yardım edəcəyik” - Prezident“Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

“Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir.

Lakin eyni zamanda iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”, - deyə Prezident əlavə edib.
Baş Prokurorluqda yeni təyinatlar - SiyahıAzərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturunun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Elnur Musayevə yeni yaradılmış Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Aynur Osmanova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi, Ceyhun Kazımov yeni yaradılmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Erkin Əlixanov yeni yaradılmış Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, Vüqar Əliyev isə yeni yaradılmış Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi vəzifələrinə təyin edilmişlər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Fərid Nağıyevə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Zamir Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi, Kamal Talıbov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi-idarə rəisinin müavini, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, İsfəndiyar Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini, Əmir Ocaqverdiyev isə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifələrinə təyin edilmişlər.

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
DİN-dən Ramin Hacılının iddialarına münasibətDaxili İşlər Nazirliyi (DİN) Ramin Hacılının iddiaları ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə daxil olan açıqlamada deyilir:

Vətəndaş Ramin Hacılı sosial şəbəkələrin birində canlı yayıma çıxaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız yerə çağırıldığını və təhdid edildiyini iddia edib. O, polisə çağırılmasının səbəbini hansısa icra hakimiyyəti başçısının oğlu haqqında dediyi sözlə əlaqələndirib.

Lakin R.Hacılı özü çox yaxşı bilir ki, o, qeyd edilən idarəyə hansı səbəbdən dəvət olunub. Əgər unudubsa, polisə çağırılmasının səbəbini bir daha ona xatırladaq. Belə ki, o, 2018-ci ildə 35 nəfər vətəndaşın etibarından sui-istifadə edərək müxtəlif xarici ölkələrə viza alacağı və digər sənədləşmə işləri həyata keçirəcəyi adı ilə onların ümumilikdə 153 min 875 manat pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərin çoxsaylı şikayətləri əsasında toplanmış material üzrə BMCMİ-də Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ona ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Təqsirləndirilən şəxs R.Hacılının vətəndaşlara vurulmuş ziyanın qısa zamanda ödəniləcəyi ilə bağlı verdiyi vədlər və səhhətində olan problemlər nəzərə alınaraq 2019-cu ilin mart ayında məhkəmənin qərarı ilə o, həbsdən azad edilmiş və barəsində başqa yerə getməmə haqqında iltizam tədbiri seçilmişdir.

Azadlığa çıxdıqdan bu günə qədər, yəni bir il üç ay ərzində o, yalnız 14 nəfərin pulunu tam, 7 nəfərin pulunu isə qismən (təxminən 30 min manat) qaytarmış , 14 nəfərin pulunu (təxminən 123 min manat) bu günə qədər ümumiyyətlə qaytarmamışdır.

Odur ki, pullarını ala bilməyən 21 nəfər zərərçəkmiş şəxs yenidən istintaqa müraciət edərək R.Hacılının dələduzluq yolu ilə onlardan aldığı pul vəsaitlərinin tam qaytarılmasına köməklik göstərilməsini tələb edirlər. Hətta şikayətçilər polisi R.Hacılını müdafiə etməkdə də suçlayırlar. Buna görə də o, 3 gün əvvəl - iyunun 13-də istintaqa çağırılmış və vətəndaşlara vurduğu külli miqdarda ziyanın qısa müddətdə ödənilməsi ilə bağlı bir daha ciddi xəbərdar olunmuşdur.

R.Hacılı bütün bunları bilə-bilə müxtəlif saytlarda və sosial şəbəkələrdə polisə çağırılmasının əsassız olduğunu, guya bu çağırışların onun fəaliyyəti ilə bağlı olduğunu iddia etməklə məsuliyyətdən yayınacağını fikirləşirsə, böyük səhvə yol vermiş olur. O, vaxtını belə işlərə sərf etməkdənsə, çoxsaylı vətəndaşlara vurduğu ziyanın ödənilməsini təmin etməlidir.

Ermənistan Şuşanın Azərbaycan şəhəri olduğunu rəsmən etiraf etdi - FOTOFAKT/VİDEOErmənistanda işğal etdikləri Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlə təsdiq edən ikinci hadisə baş verib.

Publika.az xəbər verir ki, Rusiyadan gəlmiş Ermənistan vətəndaşı İrəvanda koronavirus xəstələri üçün ayrılmış xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada onu karantində qalması üçün işğal altındakı Dağlıq Qarabağa göndərmək qərarına gəliblər və bunun üçün ona rəsmi sənəd verilib. Sənəddə xəstənin göndəriləcəyi ünvan belə yazılır: “Azərbaycan, Şuşa şəhəri”.

Bu haqda informasiyanı “Sasna srer” partiyası yayıb və Səhiyyə Nazirliyini, ümumilikdə hökuməti ittiham ediblər.

Ermənistan Səhiyyə Nazirliyi isə bunu belə izah edir ki, ünvan “Yandex” və “Google” elektron xəritələri vasitəsilə avtomatik təyin olunur, yəni günah onlarda deyil.

Qeyd edək ki, bundan öncə Dağlıq Qarabağda yaşayan Marina Belov adlı erməni qadına verilən pasport da da doğum yeri kimi Azərbaycan göstərilib. Ermənistan hakimiyyəti bununla Dağlıq Qarabağın işğal edildiyi faktını təsdiq etməyə məcbur olub. Çünki beynəlxalq təşkilatların hamısı Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, bununla yanşı, Ermənistan da Qarabağdakı separatçı rejimi tanımır.
Yasamalda 22 yaşlı qızla 29 yaşlı oğlan yoxa çıxdı – AXTARIŞ BAŞLADIÖtən gecə Bakı şəhər Yasamal rayonunda 2 nəfərin itkin düşməsi ilə bağlı 29-cu Polis Şöbəsinə müraciət daxil olub.

Publika.az xəbər verir ki, V.Əliyev küçəsində yaşayan 22 yaşlı Z.Məmmədovanın yaxınları onun saat 20 radələrində mənzili tərk etdiyini və daha sonra məlumat ala bilmədiklərini bildiriblər.

Dadaş Bünyadzadə küçəsi 3A ünvanında yaşayan 1991-ci il təvəllüdlü T.Səfərovun itkin düşməsi ilə bağlı isə saat 02 radələrində polisə məlumat daxil olub.

Hər iki şəxsin tapılması istiqamətində iş aparılır.
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldüAzərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Rəsmi məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Prezident onlara fəxri adlar verdi - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim

Abbasova Nəzakət Salah qızı
Abdullayev İlyas İdris oğlu
Bayramov Əli Əliəsgər oğlu
Əsədov Çingiz Daşdəmir oğlu
Həsənov Kamil Asif oğlu
İsayev Firqət Məhərrəm oğlu
İsmayılov İlqar Kamal oğlu
İsmayılova Ofelya Ələddin qızı
Qəhrəmanova Səmrat Məmməd qızı
Quliyev Ağayar Əlövsət oğlu
Nəsirov Şahlar Yəhya oğlu
Nəzərov Cəlil Oruc oğlu
Nəzərov Fuad Cabbar oğlu
Səfərov Ayaz Həsənbəy oğlu
Səfərov Ələddin İbrahim oğlu
Tağıyev Ələkbər Soltan oğlu
Tağıyeva Ziyafət Teymur qızı
Yunusov Məhəmmədemin Baba oğlu

Əməkdar tibb işçisi”

Məmmədova Cəmilə Həsən qızı
Orucova Həvva Abbasqulu qızı.
Mətbuat Şurasının sədri koronavirusla bağlı jurnalistlərə müraciət etdiAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook hesabında koronavirus təhlükəsi ilə bağlı Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb. Avrasiya.net-in məlumatına görə, müraciətdə bildirilir:

"Əziz dostlar, tanınmış fotojurnalist, 'Azərbaycan' qəzetinin əməkdaşı Fərman Bağırov koronavirus bəlasından dünyasını dəyişmiş ilk Azərbaycan jurnalistidir. Bu xəstəliyə yoluxan media nümayəndələrimiz var. Sevindirici haldır ki, onların sırasında sağalanlar çoxdur. Hər bir halda onu nəzərə alaq ki, Fərman müəllimin vəfatı jurnalistlər üçün siqnal olmalıdır.

Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərin koronavirus dövründə fəaliyyətinin müxtəlif aspektlərinə toxunan tövsiyələr hazırlayıb, çağırışlar edib. Həmin tövsiyə və çağırışlarda əsasən iki məqama diqqət yetirmişik.

1. Jurnalistlərin təhlükəsizliklərinin qorunması. Burada redaksiya rəhbərlərinə peşə vəzifələrini həyata keçirmək üçün müxtəlif yerlərə göndərdikləri jurnalistlərin gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət həyata keçirmələri əsas götürülüb. Eyni zamanda jurnalistlər özləri də qoyulan qaydalara əməl etməlidirlər, hər hansı laqeydlik yolverilməzdir.

2. Jurnalistlərin koronavirusla bağlı həssas davranmaları. Biz müxtəlif vaxtlarda ayrı-ayrı sosial şəbəkə profillərində, xəbər saytlarında virusla əlaqədar sensasiyon xarakterli fikirlərin, dezinformasiyaların yayıldığını görürdük. Bildirirdik ki, insanları təlaş içərisində saxlamaq, ruh düşkünlüyü yaratmaq qətiyyən yolverilməzdir. Bu fikri yenə də vurğulayırıq.

Ancaq son vaxtlar müşahidə edilən tendensiya ondan ibarətdir ki, bəzi sosial şəbəkə profillərində koronavirusla bağlı əsasən lağlağılar, xəstəliyin miqyasını kiçildən bilgilər paylaşılır. Bu yolla sanki ona əhəmiyyətsiz yanaşma təlqin edilir ki, belə münasibət də təhlükəlidir, qurbanların və yoluxanlarını sayını indiki həddən də yüksək edə bilər.

Azərbaycan Mətbuat Şurası bir daha jurnalistlərə müraciət edərək onları koronavirus pandemiyası ilə bağlı ancaq həqiqətləri qələmə almağa, reportaj, müsahibə hazırlayarkən faktlara istinad etməyə, yoxlanılmış, cəmiyyət tərəfindən qəbul olunan ekspertlərə üz tutmağa çağırır. Kütləvi informasiya vasitələrinin əməkdaşları hazırkı çətin şəraitdə maarifləndirmə işinə həssas yanaşmalıdırlar.

Təbii ki, virusun qarşısının alınması istiqamətindəki fəaliyyət də digər işlər kimi nöqsansız deyildir. Ancaq nöqsanları diqqətə çatdırmaq istəyi vətəndaşlarda ümüdsüzlük, etibarsızlıq aşılamamalı, inam yaratmalıdır. Mətbuat Şurası jurnalistlərdən məhz bu cür peşəkar yanaşma gözləyir.

KİV-lərimizin yaydıqları informasiyalar cəmiyyətin müxtəlif təbəqələrində məsuliyyət hissini artırmalıdır. Təkrarən bildiririk ki, mövcud istiqamətdə yol verilmiş qeyri-ciddilik, etinasızlıq ümumilikdə cəmiyyətə mənfi təsirini göstərməkdədir. Koronavirus təhlükəsinə qalib gəlməyimiz üçün isə belə mənfi təmayüllərdən qurtulmağımız mütləq şərtdir".
Məhkəmə “Lider TV” ilə bağlı qərar verdi - müflis elan olunduBakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb.

Avrasiya.net xəbər verir ki, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda iddia təmin edilib.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.