Azərbaycanda alim koronavirusdan vəfat etdi - FOTOAzərbaycanda tanınmış alim koronavirusdan vəfat edib.

Koronavirusa yoluxan filologiya elmləri namizədi, H.Əliyev adına Ali Hərbi məktəbin dosenti Aydın Həsənov 73 yaşında həyatını itirib.

A.Həsənov paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.(Unikal.org)
Ermənistanda koronavirusa yoluxma sayı 14 mini keçdiErmənistanda son sutka ərzində daha 428 nəfər yeni növ koronavirusa yoluxub, 10 xəstə ölüb.

Məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 14 103, xəstəlikdən ölənlərin sayı isə 227 nəfərə çatıb.

İndiyə kimi 5226 xəstə sağalıb.
“Koronavirus sünidir, amerikalılar və çinlilər yaradıb...”Koronavirusun səthindəki genetik ardıcıllıqlar onun təbii mənşəli olmadığını, Çin və Amerika alimləri tərəfindən təkmilləşdirildiyini göstərir. Bu qənaətə Norveç vaksinoloq-alimi Birger Sorensen gəlib.

Virtualaz.org xəbər verir ki, bu barədə Norveçin məşhur “NKR” nəşri geniş məqalə ilə çıxış edib. Məqalədə qeyd olunur ki, alimin fikirlərini Britaniya kəşfiyyatının keçmiş rəhbəri də dəstəkləyib.

Mötəbər “Quarterly Review of Biophysics” nəşrində dərc olunan yeni araşdırmada Sorensen və britaniyalı professor Anqus Dalqliş sübut edirlər ki, koronavirusun quruluşunda ardıcıllıqlar elə görünür ki, sanki,ora süni yolla yerləşdirilib. Həmçinin hər iki alim virusun insanlar arasında yayılmağa başladığından bəri mutasiyaya uğramadığını iddia edirlər. Bu da o deməkdir ki, virus əvvəlcədən insanlara tam uyğunlaşdırılıb. Sorensenin sözlərinə görə, bu viruslar üçün bu çox qeyri-adi haldır.

Sorensen bu virusun SARS virusunun xüsusiyyətlərindən çox fərqli xüsusiyyətlərə sahib olduğunu və əvvəllər təbiətdə tapılmadığını iddia edir.

"Bir virusu texniki olaraq təsvir etdikdə, təbii ki, bunun təbii inkişafın nəticəsi olmadığını görürük. Onu amerikalılar və çinlilər "funksiyanın əldə edilməsi ilə mutasiyalar" adlandırdıqları tədqiqat zamanı istehsal ediblər. Bu cür tədqiqatlar bütün dünyada aparılır. Heç kim bu barədə danışmır, ancaq qabaqcıl laboratoriyalarda bu işlər daim aparılır", - Sorensen qeyd edib.

Çin və ABŞ uzun illərdir ki, koronavirus tədqiqatları ilə bağlı əməkdaşlıq edirlər. Funksiyanın əldə edilməsi ilə mutasiyaların öyrənilməsinə dair təcrübələr zamanı elm adamları virusun yoluxucu təsirini süni şəkildə artırırlar ki, elmi təcrübələrdə istifadə etmək daha asan olsun. Belə dəyişdirilmiş viruslara "ximera" deyilir.

Britaniya kəşfiyyatının rəhbəri: "Virus laboratoriya qəzası ola bilər"

Son günlərdə Sorensenin araşdırması Britaniya mətbuatında qızğın mübahisələrə səbəb olub. Belə ki, keçmiş İngilis kəşfiyyat idarəsi “Mİ-6”nın 1999-2004-cü illərdə rəhbəri olmuş Riçard Dirloun “Telegraph” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, iki alimin işi dünyanı iflic edən bir pandemiyanın laboratoriyada meydana gələ biləcəyini göstərir.

“Düşünürəm ki, hər şey bədbəxt hadisə nəticəsində başladı. Və belə bir sual yaranır, Çin buna görə məsuliyyəti öz üzərinə götürəcəkmi və təzminat ödəyəcəkmi? Hesab edirəm ki, bütün ölkələr Çinə və onun rəhbərliyinə münasibətlərini yenidən nəzərdən keçirməli olacaqlar ", - kəşfiyyat idarəsinin keşmiş rəhbəri deyib.

Düzdür, Britaniya hökumətindən Dirlovun verdiyi açıqlamaya cavab olaraq bildirilib ki, bu gün virusun süni mənşəli olduğuna dair heç bir dəlil yoxdur.

Məqalədə qeyd olunur ki, artıq bir neçə aydır vaxtaşırı olaraq Çinin ən qabaqcıl virologiya laboratoriyası olan Vuhan Virologiya İnstitutunun laboratoriyasından sızma nəticəsində virusun yayılmağa başladığı iddia edilir. İnstitut rəhbərliyi iddiaları qəti şəkildə rədd edərək laboratoriyanın “SARS-CoV-2”yə bənzər viruslarla işləmədiyini bildirib: “Bu təmiz uydurmadır. Bizim institutda ilk dəfə dekabrın 30-da bu virusa dair klinik sınaqlar keçirilib ", - CGTN dövlət kanalına açıqlamada institutun rəhbəri Van Yani deyib.

Çin hələ də virusa yoluxan ilk xəstəni və ya pandemiyanın başlanğıc yerini dəqiq təyin etməyib. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində Vuhan balıq bazarında virusa ilk yoluxmuş xəstə müayinə edilib və məlum olub ki, infeksiya orada yaranmayıb.

Sorensenin sözlərinə görə, virusun səthindəki modifikasiya olunmuş ardıcıllıqları ən əvvəl müşahidə edən Çin alimləri idi. O, həmçinin iddia edir ki, son aylarda Çin bu cür bütün tədqiqatları dayandırıb.

“Bu əlavə edilmiş ardıcıllıqlar haqqında məlumat heç vaxt yayımlanmazdı. Əgər bu indi baş versəydi, heç bir şey olmazdı. Lakin çinlilər o zaman ilk dəfə bu barədə məlumat verməklə böyük səhv etdilər”, -Sorensen qeyd edib.

Sorensen həmçinin əvəzolunmaz köməyə görə Norveç Müdafiə Tədqiqatları İnstitutunun tədqiqat rəhbəri Con Fredrik Moksnesə təşəkkür edib. Belə ki, Moksnes hesablama gücünə dair biliklərini Sorensen və peyvənd şirkəti “İmmunor” ilə birlikdə istifadə edib. Moksnes bildirib ki, müasir vaksin hazırlama prosesində kompüter hesablama və biotexnologiya çox əlaqəlidir, həmçinin Norveçin də bu prosesdə iştirak etməsi vacibdir.

Peyvəndlərin nəticəsi şübhə doğurur

Sorensen hesab edir ki, potensial peyvəndlərin virusun zülal tərkibini hədəf aldığı üçün yan təsirləri olacaq. Çünki onun genetik materialının 80 faizi insan zülalının genetik materialına bənzəyir.

Tropik qızdırması və HİV peyvəndi sınaqlarının göstərdiyi kimi, vaksinin antiteldən asılı infeksiya şiddəti adlanan proses nəticəsində daha da ciddi bir xəstəliyə səbəb ola biləcəyi ilə bağlı risk var.

Sorensen hazırda “Biovacc-19” adlı potensial peyvənd üzərində işləyir. Bu, virusun genetik materialının insanla üst-üstə düşməyən 20 faizinə yönəldilib. Lakin nəşr qeyd edir ki, bütün bunlara baxmayaraq, Norveç peyvəndlə bağlı təcrübələri maliyyələşdirməyə az maraq göstərir.

“Biz bu böyük yarışda iştirak etmirik və birinci olmağa çalışmırıq. Ancaq digərlərindən əsaslı şəkildə fərqlənən potensial peyvənd yaratdıq. İstənilən halda, ən yaxşı dərmanlar da maliyyələşdiriləcək və təşviq ediləcək ",- Sorensen bildirib.
Salyanda DYP əməkdaşını maşın vurduÖtən gün axşam saatlarında Salyan rayonunda keçirilən reyd zamanı Dövlət Yol Polisi (DYP) əməkdaşını maşın vurub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Yenikənd kəndi ərazisində minik maşınına “saxla” işarəsi verən zaman DYP əməkdaşı, polis serjantı, 29 yaşlı Orxan İbrahim oğlu Həsənovu “VAZ-2107” markalı minik maşını vurub.

Xəsarət alan polis əməkdaşı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Diz qapağından xəsarət alan O.Həsənova tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Hadisəni törətməkdə təqsirli bilinən rayonun Kürsəngi kənd sakini olan sürücü tapılaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Palata Vüqar Səfərli haqda işi prokurorluğa göndərdiHesablama Palatasının kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

Palatadan Avrasiya.net-ə bildirilib ki, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
BƏƏ alimlərinin yeni ixtirası əqli mülkiyyətin qorunması hüququna malikdirBƏƏ-də koronavirus (COVID-19) infeksiyasının müalicəsini araşdıran tədqiqatçılar tərəfindən işlənib hazırlanmış metod əqli mülkiyyət qoruması alınmışdır və beləliklə də bu müalicə üsulunun daha çox sayda pasiyentin diqqətini çəkməsinə yol açmışdır.

Avrasiya.net xəbər verir ki, keçən ay ixtiraçı və tədqiqatçı doktor Endryu Venturanın rəhbərliyi ilə Abu Dabi Kök Hüceyrə Mərkəzində həkimlər və tədqiqatçılar qrupu bədənin virusla mübarizə aparmasına və xəstəliyin əlamətlərini azaltmasına kömək edə biləcək yeni ixtira haqqında açıqlama verdilər.

Müalicə kök hüceyrələrin xəstənin qanından çıxarılmasından və yenidən aktivləşdirildikdən sonra xəstənin ağciyərlərinə sprey vasitəsi ilə nəfəs almaqla daxil edilməsindən ibarətdir.

Müalicənin ilkin nəticələri ümidverici idi, çünki orta və ağır simptomları olan 73 COVID-19 –a yoluxmuş xəstədə sınaqdan keçirildi və bütün xəstələr müalicənin effektiv olduğuna dəlalət edən müsbət reaksiyalar verdilər. Bununla belə, tədqiqatçılar nəticələrin hələ ilkin olduğunu və daha çox təhlilə ehtiyac olduğunu bildirdilər.

Abu Dabi Kök Hüceyrə Mərkəzi bildirdi ki, təhlillərin nəticəsi müalicənin effektiv olduğunu və onun mövcud müalicə protokollarına əlavə qismində daxil edilməsinin təhlükəsiz olduğunu göstərdi.

Doktor Fatima Əl-Kaabi, Şeyx Xəlifə Tibb Şəhərinin hematoloji və onkoloji şöbəsinin müdiri və kök hüceyrə layihəsi üçün baş tədqiqatçı: "Kök hüceyrə müalicəsi alan xəstələrin vəziyyəti yalnız adi müalicə alanlardan daha sürətli yaxşılaşmışdır. Əgər kök hüceyrə terapiyası alan xəstələr müalicənin ilk dörd günü ərzində klinik yaxşılaşma göstərmişdisə, şərti terapiya alan xəstələr analoji nəticələri səkkiz gün sonra göstərmişdir”.

"Vəziyyəti ağır olan xəstələrin kök hüceyrələri ilə müalicə müddəti və sağalma müddəti altı gün təşkil etdi. Bu ənənəvi müalicə alan xəstələrin sağalma müddətindən xeyli azdır və onlar xəstəxanada təxminən 22 gün keçirdilər"- deyə əlavə etdi.

Növbəti təhlillər göstərdi ki, kök hüceyrə terapiyasını qəbul edən xəstələrin hamısı yeddi gündən az müddətdə, yalnız ənənəvi terapiya qəbul edən xəstələrin sağalma sürətindən 3,1 dəfə daha sürətli bir şəkildə sağalırlar. Testlər sübut edir ki, kök hüceyrə müalicəsi alan xəstələrin 67% -i yalnız bu innovativ müalicə sayəsində başqa heç bir amillər olmadan tam sağalmışdır.

Abu Dabi Kök Hüceyrə Mərkəzi, mərkəzin bu müalicədə əqli mülkiyyət qorunması hüquqlarını əldə edə biləcəyini ifadə etmişdir. Bu, BƏƏ höküməti tərəfindən rəsmi təsdiqin əldə edilməsindən sonra lisenziyalaşdırılaraq müalicə məlumatlarının başqaları ilə bölüşmək üçün bir yol açdı.
Tədqiqatçılara nəticələri müqayisə etməyə imkan yaradan, kök hüceyrə müalicəsindən keçən 73 xəstənin məlumatlarının şərti müalicə alanların bərabər sayı ilə müqayisəsindən sonra müalicənin uğurlu olması təsdiqləndi.

Tədqiqat həmçinin istənilən yan təsirin meydana gəlməsini qiyaslamış, 28 gün ərzində ölüm səviyyəsini və xəstənin nə zaman yaxşılaşıb xəstəxananı tərk edə biləcəyi vaxtı kotrol etmişdir.

Bundan başqa, məlumatlar xəstənin immun reaksiyasına və xəstəliyin ağırlaşma əlamətləri və laxtalanma testləri əsasında qiyaslanmışdır.

Qanda hemoqlabin səviyyəsi 10-dan az olan, və yaxud qanında hər-hansısa bir infeksiyanın olduğu və bundan öncə xərçəng xəstəliyindən əziyyət çəkənlər, həmçinin 18 yaşına çatmayanlar ya xaric edilir, ya da başqa bir qeyr-ənənəvi müalicə aldılar.

Abu Dabi Kök Hüceyrə Mərkəzi tədqiqatçıların hazırda / üçüncü təcrübə mərhələsi / ideal maksimum doza və astma, xroniki obstruktiv ağciyər xəstəliyi və kistik fibroz kimi digər tənəffüs xəstəliklərində müalicənin effektivliyini təyin etmək üçün müxtəlif sınaq mərhələlərini keçirir.
Ocaq kimi adam, köz kimi adam...Deyir ki,- “Bir dəfə Sabir Rüstəmxanlı ilə yasa gedirdik. Bir dostumuzun yaxını rəhmətə getmişdi. Yasa üç nəfər getməli idik. Oturdum Sabirin maşınına, getdik üçüncü dostumuzu da evindən götürməyə. Yolda Sabir mənə bir bağlama verdi ki, sənə Türkiyədən hədiyyə gətirmişəm. Amma açma, evdə açarsan. Dedim ki, evə niyə saxlayıram e, mənə almısansa, elə burda açacam. Dirəndi ki, yox evdə açarsan. Dözmədim, bağlamanı açdım. Baxdım ki, bir dənə zurnadı. Guya məni dolamaq üçün zurna alıb Türkiyədən. Mən də eləmədim tənbəllik, zurnanı aldım əlimə, başladım çalmağa. İndi biz maşında gedirik, pəncərəni açmışam, zurna çalıram. Hamı da Sabiri tanıyır axı, baxırlar ki, Sabir Rüstəmxanlı maşınla gedir, yanında oturan bir adam da ona zurna çalır. Sabir nə qədər yalvardı, fikir vermədim. Dedim, bəs sən mənnən məzələnib, zurna ala bilirsən?..”

Qayğıkeş, mehriban, çox nikbin adamdır. Yumor hissi güclü olduğundan münasibətdə olduğu insanlarda xoş əhval-ruhiyyə yaradır. Gözəl musiqi duyumu var. Gənc yaşlarından bir neçə musiqi alətini dilləndirə bilir. Natiqdir, dəvət olunduğu məclislərdə mənalı çıxışları ilə hamını özünə heyran edir, hər dəfə yeni fikir söyləməyi bacarır...

1947-ci ildə Yardımlının ucqar dağ kəndi Şıxlarda dünyaya gəlib. Səkkizinci sinfi doğma ata-baba yurdunda başa vurduqdan sonra, Zaqatala Pedoqoji Texnikumunda təhsilini davam etdirib. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə sıravi müəllimlikdən başlasa da, sonradan Yardımlı rayon Komsomol Komitəsinin şöbə müdiri, birinci katibi vəzifələrinə qədər yüksələ bilib. 1975-1977-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasında dövlət quruculuğu və politologiya ixtisası üzrə təhsil alıb. 1977-ci ildən Yardımlı rayon Partiya Komitəsinin təşkilat şöbəsində işləməyə başlayıb. 1979-1982-ci illərdə Yardımlı rayon Xalq Nəzarəti Komitəsinin sədri olub. 1982-1989-cu illərdə rayon Mədəniyyət şöbəsinə rəhbərlik edib. 1989-cu ildə Abşeron rayon Partiya Komitəsində partiya Komissiyasının sədri vəzifəsinə təyin olunub. 1991-ci ildən Milli Məclisdə çalışır. Bir müddət Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib.
Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Haqqında “Adım andımdır” kitabı işıq üzü görüb...

Təvazökardır. Onunla münasibət qurmaq elə də çətin deyil. Həmsöhbətini səbrlə dinləməyi bacarır. Qarşı tərəfdə səmimiyyət gördüsə ürək qızdırıb, mehribanlıq göstərir, özünü ifadə etməyə şərait yaradır. İnsanlara maddi imkanlarına görə deyil, intellektinə, təfəkkürünə, necə deyərlər, ağlına görə dəyər verir. Zəngin dünya görüşü var. Bütün mövzularda fikir yürüdə bilir. Onunla söhbət etmək üçün təzə ən maraqlı xəbərləri, elmi və ya sosial-siyasi xarakterli məlumatları bilmək lazımdır...

Duyğusal, romantik, şair təbiətli insandır. Poeziyanın vurğunudur. Klassiklərdən tutmuş müasir şairlərə kimi hər kəsin yaradıcılığından xəbərdardır. Çox adam bilməsə də, özü də şeir yazır. İndiyədək heç yerdə çap olunmayan gözəl poeziya nümunələri yarada bilib.

Deyir ki,- “Mən yazıram, amma çap etdirmək, kitab çıxarmaq fikrim yoxdur. Özüm üçün, öz ehtiyacım üçün yazıram. Şeir mənə çox kömək eləyir. Cavanlıqda sevgi üçün kömək eləyirdi, indi başqa mənəvi problemlərə kömək eləyir. Bu mənə bəsdir.”

Bu şeiri isə çağdaş Azərbaycan poeziyasının ünlü nümayəndələrindən biri- palaq istedadlı şair Elçin Mirzəbəyli Onun haqqında yazıb:

…Xoş sözə, düz sözə qulağı açıq,
Ata ocağıdı, qucağı açıq,
Mərdə evi açıq, ocağı açıq,
Namərd qarşısında buz kimi adam.

…Niyyəti- saf niyyət… Amalı ulu,
Qəlbi sevgi dolu, mərhəmət dolu.
O, özü bir yoldu- qardaşlıq yolu –
Çığır kimi adam, iz kimi adam…

Haqqında sevə-sevə söhbət açdığım İbrahim Yusifzadənin iyunun 10-da 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Yeni yaşınız mübarək, İbrahim müəllim!

Elman Eldaroğlu
Tanınmış yazıçı vəfat etdiAzərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, əməkdar jurnalisti Aqşin Babayev vəfat edib.

Yazıçı bu gün səhər dünyasını dəyişib.

Aqşin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə tələbə vaxtı respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib.

Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub.

1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən "Körpü"dür. O, radioya rəhbərlik etdiyi vaxtlar "Araz" radiostansiyasının verilişləri səhər erkən efirə çıxdı. "Səhər" proqramı fəaliyyətə başlayıb.

Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik edib, mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub.

Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə 15 il işləyib.

A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.
Qorxunc gəlişmə: “Türkiyəyə ilə savaşa hazırıq” – Ərdoğana xəbərdarlıq“Yunanıstan Türkiyə ilə münasibətlərdə ən pis ssenarilərə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan müdafiə nazirinin köməkçisi Alkiviadis Stefanis deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Aralıq dənizində karbohidrogen araşdırmaları ilə bağlı açıqlamasına toxunan Stefanis rəsmi Afinanın baş verənləri səssiz izləməyəcəyini və buna cavab vermək üçün geniş imkanlarının olduğunu söyləyib:

“Ən pis ssenariyə hazırlaşırıq, bunu edirik. Ən pis ssenari daxilindəki ehtimalları da göz önündə saxlayırıq. Hərəkətə keçmə gücümüzü artırmaq üçün ən bəsit səviyyədən başlamışıq və bu yöndə də çalışırıq”.

Stefanis Türkiyə prezidentinin açıqlamalarına münasibəti belə olub:

“Ərdoğanın açıqlamalarını dinləyirik və analiz edirik. İstədiyini həyata keçirmək üçün əlində olan imkanları incələyirik. Əlbəttə, Türkiyənin istədiyini həyata keçirmək imkanları var. Amma biz də öz əlimizdəki imkanları genişləndiririk”.