Mətbuat Şurası deputatın şikayətinə baxdıAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Müşfiq Ələsgərli əlavə edib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, bölgələrdən verilən şikayətlərin onlayn qaydada müzakirəsinə qərar verilib.

Komissiya ilk olaraq Qax rayon ictimaiyyəti nümayəndələrinin “qax.org.az” saytına qarşı şikayətini araşdrıb. Komissiya sədri məlumat verib ki, Qax rayonun 83 nəfər sakini adından imzalanan müraciətdə “qax.org.az” saytında mərhələlərlə dərc edilmiş 10-a yaxın materialdan şikayət olunub. Müraciət müəllifləri adından onlayn müzakirəyə qatılan 2 saylı məktəb-litseyin direktor müavini Dilşad Mustafayeva, rayon sakinləri Hümbət Məmmədov, Məhəmməd Məhəmmədov və digərləri şikayət doğuran materiallarda ayrı-ayrı təhsil, səhiyyə müəssisələrinə, dövlət, hakimiyyət orqanlarına, o cümlədən, konkret şəxslərə qarşı əsaslandırılmamış kəskin ittihamların yer tutduğunu, həmçinin, etnik separatizmə yol açan fikirlərin verildiyini bildiriblər. Belə yanaşmanın etnik-mədəni qruplar arasında narazılığa səbəb olduğunu qeyd ediblər. Komissiya üzvləri materialların araşdırılması zamanı müəyyən ediblər ki, “qax.org.az” saytında yayımlanan və rayon sakinlərində şikayət doğuran materiallar birtərəfli hazırlanmış, barəsində ciddi ittihamlar səsləndirilən şəxslərin mövqeləri öyrənilməmiş, onlara öz mövqelərini işıqlandırmaq üçün şərait yaradılmamışdır. Beləliklə, materiallarda balans prinsipi pozulmuş, ittiham xarakterli faktların əsaslılığının yoxlanılmasına təşəbbüs göstərilməmişdir. Komissiya “qax.org.az” saytında xəbərdarlıq edərək, yol verilən qüsurların aradan qaldırılmasının zəruriliyini bildirmişdir.

Baki şəhər sakini, Xətai rayonunda fəaliyyət göstərən həkim-ginekoloq Aytən Səfərovanın “yenisabah.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materiallar “yenisabah.az” saytından öncə digər xəbər portallarında da yayımlanıb. Saytın təsisçisi Elnur Məmmədli qeyd edib ki, şikayətçi tərəfindən zamanında təkzibedici açıqlamalar yayımlanmadığı üçün həmin məqamlar “yenisabah.az” saytında yayımlanmış məqalələrdə də yer tutub. Bununla yanaşı, komissiya üzvləri bildiriblər ki, sayt materialı hazırlayarkən qarşı tərəfin rəyini öyrənməmiş, bununla da balans prinsipi pozulmuşdur. Komissiya tövsiyə edib ki, qarşı tərəfə öz fikirlərini ifadə etmək üçün şərait yaradılsın.

Agcabədi Rayon İcra Hakimiyyətinin “ZAMAN TV”nin xüsusi müxbiri və “DÜHA-İNDO” informasiya şəbəkəsinin rəhbəri İqbal Muğumova qarşı şikayətinin də araşdırılıb. “ZAMAN TV”-nin təsisçisi Xəyal Əsgərov bildirib ki, sözügedən şikayət “ZAMAN TV”nin redaksiyasına da daxil olub. Araşdırma zamanı İqbal Muğumovun redaksiyanı bilgiləndirmədən hərəkətlər etməsi, özfəaliyyətlə məşğul olması faktları aşkarlanıb. Muğumov işdən kənarlaşdırılıb, onunla əməkdaşlıq dayandırılıb və redaksiyanın vəsiqəsi geri alınıb.

İclasda Milli Məclisinin deputatı Nurlan Həsənovun bir qrup seçicisinin adından MŞ-yə “Qərb Bölgəsi Press” qəzeti ilə bağlı ünvanlanmış şikayəti də araşdırılıb. Komissiya üzvləri müraciətin geniş şəkildə araşdırılması üçün əlavə faktlara ehtiyac olduğunu vurğulayıblar. Tövsiyə edilib ki, müraciət müəllifləri onları narahat edən materiallar barədə təfsilatlı bilgiləri Şuraya göndərsinlər.
QHT sədri vətəndaşları məsuliyyətli olmağa çağırdıDövlət də eyni zamanda əhalinin sağlamlığın qorunması məqsədilə alterativ variantlar üzərində işləmək məcburiyyətində idi. Bu variantlardan biri həftəsonu sərt karantin şərtlərinin tətbiqidir. Məlumdur ki, yeni koronovirusun simptomları 7-14 gün ərzində bilinir. Bu baxımdan bu tip tədbirlərin müsbət nəticələri məhz 1-2 həftə ərazində özünü göstərir.

Bunu İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib: "Deyərdim, ilk dönəmdə yoluxma sayının artmaması, rəqəmlərin stabil qalması müsbət nəticə hesab oluna bilər. Çünki yoluxma sayı həndəsi silsilə ilə artığından, rəqəmlərin stabil qalması, hər hansı formada yoluxmaya təsir olunduğunu göstərir”.

C.Hüseynzadənin fikirlərinə görə, bu məsələdə çox ağrılı məqamlardan biri də odur ki, vətəndaşlar bu virusun olmasına inanmırdılar:

“Həmin şəxslər “mən koronavirusa inanmıram, tanışlarımın heç biri koronavirusa yoluxmayıb, yalandır” deyirdilər. Çox təəssüflə qeyd edirəm ki, bu tip arqumentlər irəli sürən şəxslərin bəziləri yaxın qohumlarında və tanışlarında bu virusun yoluxması ilə bağlı məlumatlar yayırlar. Dövlət orqanları, tibb mütəxəssisləri, ictimai xadimlər, kütləvi informasiya vasitələri insanlara çağırışlar etsələr də, təəssüf ki, hələ də bəzi insanlar fiziki məsafəni qorumur, tibbi maska taxmırlar.

Biz vaxtında zəruri önləmlər almasaq, nəticə ürəkaçan olmaya bilər. Bu prosesdə hər bir vətəndaş iştirak etməlidir. Çünki qaydalara riayət etməyən şəxs, hər birimizi yoluxdura bilər. Bu cür laqeydlik həm onların özünü, ailəsini, həm də bütövlükdə cəmiyyəti risk altında qoyur. Yayılma sürətinə görə, bu xəstəliyi heç bir ölkənin səhiyyə sistemi üzərinə götürə bilməz. Bəzi ölkələrdə yoluxmuş xəstələr xəstəxanalarda növbə gözləmək məcburiyyətində qalırlar”.

Cəsarət Hüseynzadə hesab edir ki, çıxış yolu tibbi maskalardan istifadə ilə bağlı müvafiq cərimələrin tətbiqidir:

“Əgər vətəndaş qaydalara riayət etmək istəmirsə, qanunlara hörmət qoymursa, bu hərəkəti ilə digər vətəndaşlara hörmətsizlik edirsə, burada qanun öz sözünü deməlidir və sərt addımlar atılmalıdır. Məsələn, qonşu Gürcüstanda pandemiya dövründə cərimələr vətəndaşlar üçün 1000 dollar civarında olub. Əlbəttə mən cərimələrin artırılmasın təklif etmirəm. Vətəndaşları məsuliyyətli olmağa çağırıram.

Eyni zamanda qaydalara riayət olunması ilə bağlı, vətəndaş nəzarəti, ictimai qınaq da vacibdir. Sual olunur ki, bu məqamda maskadan istifadə və sosial məsafənin gözlənməsi nə qədər mühümdür? Axı alternativ tədbirlər də mövcud deyil. Bu qaydalara riayət etmək məcburiyyətindəyik. Özümüz üçün, yaxınlarımız üçün, cəmiyyətimiz üçün.

Sərbəstlik və azad həyata, yəni əvvəlki rejimə daha tez qayıtmaq üçün, qaydalara daha ciddi formada əməl etməliyik. Bu tələblər gigiyenik qaydalara riayət etmək, tibbi maskadan istifadə etmək və sosial (fiziki) məsafəni saxlamaqdan ibarədir. Məncə, mövzu bizim və sevdiklərimizin həyatı və sağlamlığıdırsa bu qaydalara əməl etmək o qədər də çətin deyil”.
Yunanıstandan Türkiyəyə növbəti təhdid – Gərginlik artırTürkiyənin Aralıq dənizinin şərqində karbohidrogen axtarışlarının qarşısını kəsməyə çalışan Yunanıstan daha bir təhdid irəli sürüb.

Publika.az xəbər verir ki, Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Floros “yunan əsgərləri türklərin yolunu kəsəcək” açıqlamasını verib.

Qeyd edək ki, Türkiyə Liviya ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair müqavilə imzalamadıqdan sonra Aralıq dənizində təsir gücünü artırıb. Hazırda Türkiyə Krit, Kipr və Kaşot adalarının şərqindəki 7 bölgədə axtarış işləri aparır. Yunanıstan isə bu bölgələrin onlara aid olduğunu iddia edir. Bundan əvvəl Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos “Türkiyə ilə müharibəyə hazırıq” açıqlaması vermiş, Türkiyə Müdafiə naziri Hulusi Akar isə bunu “ordumuz bütün vəzifələrin öhdəsindən gəlmək gücündədir” sözləri ilə cavablandırmışdı.
Ağalarov bu şəxsi məhkəməyə verdi: 17 milyonluq davaBir neçə il əvvəl iş ortağına külli miqdarda borc verib geri ala bilməyən xalq artisti, iş adamı və müğənni Emin Ağalarov məhkəməyə müraciət edib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, 40 yaşlı azərbaycanlı sahibkar məhkəmə yolu ilə keçmiş biznes ortağı Stanislav Vitinskiyə qarşı iddia qaldırıb. O, verdiyi pulları və ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edib.

Bildirilib ki, Stanislav Vitinskinin Eminə 17.5 milyon rubl (təxminən 440 min manat) borcu var. Hadisə mayın sonlarında paytaxtın Presnenski məhkəməsində qeydə alınıb. Üstəlik 60.000 rubl - ödənilən dövlət rüsumu var.

“Bu kredit müqavilələri üzrə pul vəsaitidir, üstəlik 60.000 rubl - ödənilən dövlət rüsumunun həcmidir”, - Rusiya mətbuatı məhkəmədəki mənbələrinə istinadən xəbər verib.

Mediada yayılan məlumatlara görə, bir neçə il əvvəl Ağalarov və Vitinski birlikdə əşyalar və mal alış-verişi üçün qeyri-adi biznes xidmətinə başlayıb. İndi proqram uğurla işləyir, amma Eminin özü layihəni tərk edib. Bəlkə də keçmiş iş ortağına qarşı çox milyonlarla dollarlıq məhkəmə iddiasının səbəbi məhz budur.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanın Xalq artisti Bakıda ən çox gözlənilən festivallardan biri - Jaranı təxirə salmalı olub. Bakıda iyulun 29-dan avqustun 2-dək keçirilməli olan “Jara” beynəlxalq musiqi festivalı 2021-ci ilə keçirilib. Bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov Instagram səhifəsində məlumat verib:

“Əziz dostlar, çox böyük təəssüflə deməliyəm ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi-əyləncəli tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər səbəbindən biz “Jara” musiqi festivalını təxirə saldıq. O, 2021-ci ildə iyulun 28-dən avqustun 1-dək keçiriləcək. Konsert proqramı ilə dəvət olunan artistlər dəyişməyəcək. Bundan başqa, biz xeyli xoş sürpriz və gözlənilməz adlarla gələcəyik”.
Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilibErmənistanın İsraildə səfirlik açması İranda etirazlara səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, buna etiraz edən bir qrup tələbə Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları Ermənistan hökumətinin İsraildə səfirlik açmasını pisləyiblər. Etirazçılar Ermənistan hökumətindən bu qərarına yenidən baxmasını tələb ediblər.

Aksiyanın sonunda bəyanat qəbul edilib.

Ombudsman "Yasamal işi"ni nəzarətə götürdüAzərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Yasamal rayonunda vətəndaşların polis tərəfindən saxlanılması görüntüləri ilə bağlı açıqlama yayıb.

Avrasiya.net sözügedən açıqlamanı təqdim edir:

"08.06.2020-ci il tarixdə internet səhifələrində və sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu ərazisində sərtləşdirilmiş karantin rejimi dövründə qaydaları pozan vətəndaşların polis tərəfindən saxlanması anı ilə bağlı video və fotoşəkillər yayılmışdır.

Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir.

Bu baxımdan internet resurslarında və sosial şəbəkələrdə yayılmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülüb. Saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır. Eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olmuş hər bir müraciətə dərhal reaksiya verilməklə tərəfimizdən araşdırılır və hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək.

Ombudsman tərəfindən ilkin müraciətlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə də müraciət olunub.

Saxlanılan şəxslərin ailə üzvləri və əlavə müraciətlər olduğu təqdirdə vətəndaşlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Qaynar xətt" üçün ayrılmış 050-370-98-96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər".
Süleymaninin qatili edam ediləcəkİran məhkəməsi general Qasim Süleymaninin ölümündə səbəbkar kimi bilinən Seyid Mahmud Musəvi Məcd barəsində ölüm hökmü verib.

Axar.az xəbər verir ki, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.

Q.İsmaili bildirib ki, Seyid Mahmud Musəvi Məcd həm İsrail, həm də ABŞ kəşfiyyatına işləyib:

“O, pul qarşılığında Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları aidiyyəti üzrə ötürüb. Yaxın zamanda məhkəmənin qərarı icra ediləcək”.

Qeyd edək ki, yanvar ayında Bağdadda ABŞ-ın atdığı raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymani öldürülmüşdü.
34 yaşlı arvadını öldürmək istədi - SumqayıtdaSumqayıtda həyat yoldaşını öldürməyə çalışan şəxs tuulub.

Avrasiya.net Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Jurnalistlər Milli Məclisin növbəti iclasına çağırılmayacaqMilli Məclisin iyunun 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda yeddi məsələ müzakirə ediləcək.

“2019-cu il dövlət büdcəsinin icrası haqqında” sənəd, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik də ikinci oxunuşa təqdim olunacaq.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında layihə parlamentin iclasının gündəliyinə salınıb.

Deputatlar “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara dəyişikliklərə də münasibət bildiriləcəklər.

Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrin səsə qoyulması gözlənilir.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Parlamentin iclasına koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı KİV nümayəndələri dəvət edilməyəcək.