"İndoneziyaya Azərbaycanı ürəyimdə aparacağam...”Hüsnan bəy Fanani: “Bir azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik”

4 ildir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani iki dost və qardaş ölkə arasındakı əlaqələrin möhkəmlənməsi və genişlənməsinə çalışıb. Azərbaycanda İndoneziyanı, İndoneziyada Azərbaycanı tanıdıb. Diplomatik fəaliyyət müddəti az olsa da, Azərbaycan və azərbaycanlılara sevgisi böyükdür, tükənməzdir. Elə azərbaycanlılar da onu çox sevir – sadə, səmimi və mehriban bir diplomatı özümüzdən biri hesab edirik. Hüsnan bəy Fanani Azərbaycanda keçirdiyi İndoneziya mədəniyyəti günləri çərçivəsində Azərbaycan mədəniyyətini də təbliğ edib. Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfirin, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını oxuması, ona Odlar Yurduna, onun sakinlərinə olan sonsuz sevgisinin nümunəsidir. Təəssüf ki, səfir gələn ay bizi tərk edir, ölkəsinə qayıdır.

Bu ərəfədə onunla görüşüb, təəssüratlarını öyrəndik.
“Xalq Cəbhəsi”nin ilk sualı dünyanı vahimə içində saxlayan koronavirusla bağlı oldu. Əhali sayına (270 milyon) görə dünyada dördüncü yerdə olan, Cənub-Şərqi Asiyanın ən böyük adalar dövləti İndoneziyada pandemiyaya qarşı mübarizənin necə aparıldığını öyrəndik.

- Koronavirus bütün dünyaya yayılsa da, bu İndoneziyaya gec çatdı – fevral və martın sonlarında. Amma buna baxmayaraq, virusun qurbanlarının sayı digər ölkələrə nisbətdə çox azdır. Pandemiya ölkələrin iqtisadiyyatına da ağır zərbələr vurub, müəyyən böhran yaşandı. İqtisadi baxımından da İndoneziya Cənub Şərqi Asiyada önəmli yer tutur, iqtisadiyyatın mərkəzi hesab olunur. Pandemiya İndoneziya iqtisadiyyatına da mənfi təsir göstərib, bizim ölkədə iqtisadiyyat dedikdə xalqın iqtisadiyyatı nəzərdə tutulur. Orada bir çox kiçik və orta müəssisələr-təşkilatlar vardır ki, onlar xalq tərəfindən istifadə olunur, böhran orada çalışan işçilərin dayanması deməkdir. Hökumətin qərarından sonra bir çox fabrik və zavodlarda fəaliyyət dayandırıldı, əhalinin bir qismi isə evdə qalmaq məcburiyyətində oldu. Pandemiya ilə mübarizəyə görə, 17500 adadan, 34 əyalətdən ibarət, 570 şəhəri olan İndoneziya zonalara bölünüb – qırmızı, sarı və yaşıl. Qırmızı zona xəstələrin sayının artdığı, əhalinin daha sıx yaşadığı şəhərlərdir, sarı zonada virusa az yoluxanlar, yaşıl zona isə normal həyatın davam etdiyi yerdir. Baxın, Azərbaycanın iri şəhərlərinə giriş, çıxış qadağan olunub. Amma bu qadağanı İndoneziyaya tam tətbiq etmək olmaz. Qadağaların tətbiqi əyalətlərdəki vəziyyətdən asılıdır. Orada əhalinin gəliri, həyatı onların yalnız iş yerlərindən asılıdır. Virusa yoluxanların artım sayına gəlincə, son aylarda bu Cənub Şərqi Asiya ölkələrində də özünü biruzə verdi. Mart ayında İndoneziyaya giriş-çıxış dayandırıldı, xüsusən də paytaxt Cakartaya. Hazırda Cakarta qırmızı zona elan edilib. Digər ölkələrdə olduğu kimi, İndoneziyada virusdan qorunmaq üçün insanlar arasında sosial məsafə saxlamaq və evdə qalmaq kimi qaydalar da tətbiq edilir. Bundan başqa əhaliyə sanitar-gigiyenik qaydalara riayət etmək tövsiyə olunub.

- Cənab səfir, bunu daha çox hansısa supergüclərin əvvəlcədən hazırladığı ssenari və ya bioloji silah olduğu iddiaları da səsləndirilir. Siz necə fikirləşirsiz?

- Mənim fikrimcə, bu məsələdə iki fərziyyə var – birincisi, böyük dövlətlər tərəfindən həyata keçirilən bir ssenaridir. Bu, inandırıcı ola da bilməz. Bu, əsas güc ölkələrinin ssenarisi olsa idi, bu ölkələrdə minlərlə insan virusdan ölməzdi. İkinci ssenari bioloji silahın olmasıdır ki, bu da inandırıcı görünmür. Vyana Konvensiyasına əsasən bioloji silahdan istifadə qadağandır. Bir ehtimal da var ki, bu da dünyanın maliyyə sistemini, iqtisadiyyatını qorumaq məqsədilə kapitalizm tərəfindən həyata keçirilən bir ssenaridir. Elə bir kapitalistlər ki, dünyadakı xalqların inkişafını istəməsinlər. Axı xalqlar inkişaf etdikcə onların maliyyə və maddi baxımdan idarə edilməsində çətinlik yaradır. Zəngin insanların sayının artması onların fəaliyyətlərinə əngəl olur. Çünki kapitalistlər istəməzlər ki, onlardan başqaları zənginləşsinlər. Onlar istəyirlər ki, həmişə başqalarının üzərində ağalıq etsinlər. Digərlərinin zənginləşməsi onların kapitallarının itirmələri ilə nəticələnə bilər. Dünyada əksər qüvvələrin kapitalistləri müdafiə etdiyini də göz önünə almaq lazımdır.

- O zaman bu virus haradan meydana çıxıb?

- Düşünürəm ki, Allahın qəzəbinin nəticəsidir. Bizə bəxş etdiyi həyata görə həmişə Allaha şükr etməliyik. Yalnız Allah bizim üzərimizdən hökmranlıq edə bilər. Hər şeyin müvəqqəti, Allahın daimi olduğunu nəzərə almalıyıq. Həyatımız bur anlıqdır. Dünyanın tanınmışları - Lenin, Linkoln, Vaşinqton, Stalin neçə yaşında vəfat ediblər. Ən yuxarısı 80 yaşında. Məhəmməd Peyğəmbər isə 63 yaşında dünyadan köçüb. O zaman necə ola bilər ki, biz bütün dünyaya hakim olmaq iddiasında olaq. Bəlkə də Allah bizə qəzəblənib, xatırlatma edir. Göstərir ki, mən varam. Birinci dünya müharibəsindən sonra Avropada müəyyən hadisələr baş vermişdi ki, bu, Allahın varlığının göstəricisi idi. Sonra da İkinci dünya müharibəsi oldu, ardınca SSRİ dağıldı, ABŞ-da hadisələr baş verdi. Dünya xəritəsinə baxsanız, nələrin baş verdiyini görmək olar. Yalnız Allahına inanan, ona sığınan, inam gətirən xalqlar xoşbəxt yaşayırlar. Azərbaycan da bu ölkələr sırasındadır. Bura Nuh peyğəmbərin, nəvə və nəticələrinin yeridir. Nizami, Füzuli, Nəsimi, Nəimi və başqa mütəfəkkirlərin məskənidir. Allah Azərbaycana neft bəxş edib, odlar yurdudur bura. Burada Allaha inam, etiqad olduğundan sabitlikdir.

- Koronavirus dönəmindən sonra yeni dünya düzəninin formasını necə görürsüz?

- Koronavirisdan sonra insanlar mehriban olacaqlar. Böyüyə hörmət olacaq, insanlar sağlamlıqlarının qeydinə qalacaq, bir-birlərini incitməyəcəklər. Ölkələr bir-birinə yaxınlaşacaq. İslam ölkələri arasında mehribançılıq yaranacaq. İnsanların əlaqələrini asanlaşdıracaq texniki vəsaitlər ortaya çıxa biləcək. Dünyanın ən ucqar yerində insanlar bir-birləri ilə telefonsuz əlaqə saxlaya biləcəklər. İşqalçı ölkələrin sayı azalacaq, qan tökülməsinə, müharibələrə son qoyulacaq...

- Müharibədən söz düşmüşkən, dünyanın siyasi xəritəsində müharibələrin daha çox müsəlman ölkələrində baş verməsinin əsas səbəbləri nədir?

- İkinci dünya müharibəsindən sonra dünyada ABŞ və SSRİ hegemonluğu ələ almağa çalışdı və hər biri istəyirdi ki, digər ölkələri öz əsarətlərində saxlasınlar. Mənim sizə bir sualım var – bu ölkələrdən daha hansı müsəlman ölkələrini işğal edib? (SSRİ –cavabını verdim – Red.) Amma indi SSR dağlıb, müsəlman ölkələri azaddır – Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Mərkəzi Asiyada bir çox ölkələr var ki, hazırda azaddırlar. Müsəlman ölkələrində İŞİD, Əl-Qaida kimi terror təşkilatları yoxdur, bu uydurmadır.

- Cənab səfir, bu il diplomatik missiyamız başa çatır. Azərbaycanda fəaliyyət göstərdiyiniz dörd il yaddaşınızda necə qalacaq..

- 4 ildir Azərbaycandayam. Pandemiya dövrünün Azərbaycanı tərk edəcək sonuncu səfiri mən olacam. Ömrümün ən gözəl günlərini burada keçirdim. Ölkənizi qarış-qarış gəzmişəm. Lələtəpədə, Cocuq Mərcanlıda belə olmuşam. Azərbaycanın bütün universitetlərində mühazirələrim dinlənilib. Ölkənin bütün regionlarında - Lənkəran, Sumqayıt, Mingəçevir, Gəncənin ali təhsil müəssisələrində mühazirələr oxumuşam. 30-dan çox universitet məni qəbul edib. Nəticədə mən Azərbaycanda professor adına layiq görüldüm. 4 il ərzində gördüyüm işləri sadalamaqla bitməz. Şad olardım ki, bir azərbaycanlı da mənim qədər Azərbaycanı sevdiyi kimi İndoneziyanı sevsin. İndoneziya Azərbaycanı hər bir məsələdə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Bilirsiz ki, Qarabağ, ona bitişik rayonlar işğal altındadır. İndoneziya həmin bölgəni Azərbaycanın torpağı tanıyır və həmin torpaqları işğaldan azad edəcəyik. İndoneziya İsrailin işğal etdiyi Fələstini də dəstəkləyir və Yerusəlimi fələstinin torpağı olaraq qeyd edir. Hər il keçirdiyim ziyafətin əsas məqsədi iki ölkə arasındakı dostluq və qardaşlığı göstərmək idi. 4 ildə Azərbaycanda hər il İndoneziyanın mədəniyyət günlərini keçirdim. Bulvarda, H.Əliyev adına sarayda, Fəvvəralər meydanında, Bakıda və bölgələrdə. Azərbaycanı çox sevirəm. Xalqımı, dövlətimi burada yüksək səviyyədə təmsil etdim. Azərbaycan dünyada öz gözəllikləri, tarixi ilə zəngindir, təbiəti gözəldir, əhalisi mehriban, səmimi və qonaqpərvərdir. Əxlaqi baxımdan yüksəkdir. Azərbaycanın bəyləri və xanımları yaraşıqlı və gözəldirlər. Bu gözəllikəri qoyub İndoneziyaya getmək istəməzdim. Azərbaycan mənim ikinci vətənimdir, yurdumdur. Burada dost və qardaşlarım var.

- Vətənə döndükdən sonra Azərbaycanla əlaqələrinizi hansı formada və necə qoruyub saxlayacaqsız?

- Çalışacam ki, Azərbaycanla əlaqələrimi saxlayım. İndoneziya və Azərbaycanı birləşdirəcək bütün sahələrdə. Ola bilsin biznes, media, təhsil, mədəniyyət, gənclər, din sahəsində assosiasiyalar yaradaq. Çalışacam ki, bu sahələri bir yerdə cəmləşdirən təşkilat yaradam. Darıxmayın və narahat olmayın, siz məni yenidən burada görəcəksiz. Azərbaycan islam ölkəsidir, istərdim ki, xalq islamı düzgün qəbul etsin. İki dövlət arasında təhsil, dini əlaqələrin inkişafına çalışacağımı dedikdə təbii ki, bunlar islamla əlaqələnir. Bilirsiniz, 15-ci əsrlərdə İndoneziyanın müsəlman ölkəsi olmasına əsas səbəb indoneziyaya gəlmiş azərbaycanlı olub. Azərbaycana islam Məhəmməd peyğəmbərin dövründən sonra, 7-ci əsrdə gəlib. 14-15-ci əsrlərdə isə anası qafqazlı, yəni azərbaycanlı, atası ərəb mənşəli olan Şeyx Mövlanə Malik İbrahim İndoneziyanın qərb adalarına gəlib İslam dinini yaymağa başlamışdı. Hazırda həmin adam İndoneziyada islam dinini təbliğ edən bir ustad kimi qəbul edilir. İbrahim orada dəfn edilib, məqbərəsi var. İndoneziyanın din nümayəndələrinin müəllimi hesab edilir, təbii ki, mənim də. Baxın, 6 əsrdən sonra İndoneziyadan Azərbaycana əcdadlarımın yurduna gəlmişəm ki, Mövlanənin bizə bəxş etdiyi həqiqi islami bilikləri axtarım. İslam Azərbaycan xalqı tərəfindən daha da qüvvətləndirilir. İndoneziyada elə bir yer yoxdur ki, orada namaz qılmaq üçün yerdən istifadə edilməsin. İndoneziyada islam olmasaydı, indi hinduzim dini olardı. Mən də namaz qılmazdım. Azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik.

- Deməli, bizi bir-birinə bağlayan tellər 14-15-ci əsrə gedib çıxır..

- Düzdür. Baxın, Şirvanşahlar sarayında məzarı olan Yəhya əl Bakuvi 30 kitab yazıb. “Asroor At-Talibin - Elmin sirləri” adlı kitabı 15-ci əsrdən etibarən indoneziyalılar tərəfindən mədrəsələrdə istifadə olunur. Balaca olanda anam mənə müxtəlif hekayələr danışardı, onlardan biri də sevgi hekayələri idi. Sonradan bildim ki, həmin hekayələr Azərbaycandan gəlib. Məsələn, Nizaminin “Leyli Məcnun”undan. O vaxtdan bu hekayələr məndə Azərbaycana, azərbaycanlılara qarşı sevgi oyadıb. Ona görə də bu gün mən Azərbaycanı sevirəm. Bu səbəbdən də irəli gələrək “Leyli Məcnun” filmini çəkdirdim və hazırda İndoneziyada yayımlanır. Pandemiya dövrü düşdüyündən həmin filmi Azərbaycana gətirə bilmədik. Filmin 70 faizi Azərbaycanda çəkilib. Kann festifalına da göndəriləcək. Filmdə azərbaycanlı aktyorlar da yer alıblar, amma o qədər də tanınmış deyillər.

- Azərbaycanı tərk etdiyiniz zaman ölkənizə buradan xatirə olaraq nə aparacaqsız?

- Bütün gözəlliklərini aparacam. Azərbaycana vurulmuşam ürəyimin bir parçası Azərbaycanda qalacaq. İndoneziyaya Azərbaycanı ürəyimdə aparacağam...
Bakıda qəbiristanlıq yanırFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.
Azərbaycanda ŞOK HADİSƏ - Qonşunun evini gülləbaran elədiBiləsuvarda silahlı insident baş verib.

Avrasiya.net Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.
Polis orqanları öz xidməti borcunu yerinə yetirirAnar MƏMMƏDOV
Milli Məclisin deputatı


Artıq neçə aylardır koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə karantin rejimi elan olunub. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş verməsinə səbəb oldu. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son iki gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyuldu.

Belə həssas günlərdə həkimlərlə yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayişin qorunması üçün şərəflə öz vəzifə borclarını yerinə yetiriblər. Lakin çox təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri, ayrı-ayrı şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. . Təbii ki bütün bunlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Amma həmin qüvvələr onu anlamalıdırlar ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir.

Bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin - amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçib. Mən təbii ki Daxili İşlər Nazirliyi orqanları sistemində hər şeyin tam ideal vəziyyətə gəldiyini, heç bir problemin olmadığını iddia etmək fikrindən uzağam.

Olsun ki, bu sistemdə öz məsuliyyətini lazımınca anlamayan, vətəndaşla kobud davranan, rüşvət tələb edən, cinayət hallarına qarşı mübarizədə qeyri - peşəkarlıq göstərən insanlar da var. Amma əsas odur ki, bu cür hallara qarşı çox sərt mübarizə aparılır, diqqətə çatdırılan problemlər dinlənilir, nəticə çıxarılır, nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülür, vətəndaşların polisə etimadının daha da gücləndirilməsi üçün həllər tapılır.

Azərbaycan polisi bizim həyatımızı qoruyur. Biz də öz polisimizin şərəfi, ləyaqəti, məsuliyyəti ilə doğrultduğu adını qoruyaq. Polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keşiyindədir. Ona görə də, biz vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir”.
Ermənistanda koronadan ölənlərin sayı 211-ə çatdıErmənistanda sutka ərzində 195 nəfərdə koronavirus aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ermənistanda koronavirusa yoluxanların sayı 13325 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı son sutkada 11 nəfər artaraq 211 nəfər təşkil edib”, - məlumatda qeyd olunub.

Daha 3 koronavirus xəstəsinin "digər xəstəlikdən" öldüyü qeyd edilib. Beləliklə, koronavirusa yoluxan, amma digər xəstəlikdən öldüyü bildirilənlərin sayı 72 nəfərə qalxıb.
AAAF Park çökdü: yüzlərlə vətəndaşın pulu yeyilib?Bir qrup vətəndaş AAAF İnşaat MMC ilə bağlı üzləşdiyi problem haqda ölkə rəhbərliyinə müraciət edib.

Onlar şikayətlərində bildiriblər ki, onlarla ailə 2015-2016-cı illər ərzində “AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mənzil alğı-satqısına dair müqavilə bağlayıb. Əksəriyyəti mənzilin dəyərini tam ödəsə də, mülklərinə sahib ola bilməyib. Vətəndaşların iddiasına görə, qeyd edilən müqavilələrin bağlanmasından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, “AAAF İnşaat” MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı (19 saylı küçədə A, B, C, D, E, F nömrəli, 28 saylı küçədə, 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli, 29 saylı küçədə 1, 2, 3, 7, 8 nömrəli) hündürmərtəbəli binaların tikintisini başa çatdırmayıb.

Bundan başqa, hətta bəzi binaların təməli belə qoyulmayıb. Vətəndaşlar bildirir ki, dəfələrlə “AAAF İnşaat” MMC-nin rəhbərliyinə - şəxsən Tofiq Heydərova, Raid Məmmədova tikinti ilə bağlı edilən şifahi və yazılı müraciətlər cavabsız qalıb, onlar MMC-nin rəhbərliyi tərəfindən qəbul edilməyib.

Şikayətçilərin iddiasına görə, “AAAF İnşaat” MMC tərəfindən illərdir vətəndaşlar aldadılır. Belə ki, 19, 28, 29 saylı küçələrdə yerləşən binalardan mənzil almış yüzlərlə vətəndaş tərəfindən ödənilmiş külli miqdarda pul vəsaiti faktiki olaraq mənimsənilib. Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən AAAF yaşayış kompleksinin 19, 28, 29 saylı küçələrində yerləşən tikintisi başa çatdırılmamış çoxsaylı binaların 16-17 mərtəbəli olmasını, qeyd olunan binalarda blok və mənzil saylarını nəzərə alsaq, bu problemdən əziyyət çəkən ailələrin (2000 ailə), həmçinin problemin miqyasını müəyyən etmək çətin deyil. Aldadılmış vətəndaşlar arasında kirayə qalanlar, maddi durumu çətin olanlar, əlil vətəndaşlar da var.

Ev üçün pul ödəyən vətəndaşlar bildirir ki, 24 may tarixində bir daha AAAF MMC-nin rəhbərliyi ilə görüşməyə cəhd etsələr də, mümkün olmayıb. Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar Azərbaycan Prezidentinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisə və Ombudsmana şikayət məktubu ilə müraciət ediblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev bildirib ki, son illər “AAAF İnşaat”-ın fəaliyyətində, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşanmaqdadır:

“AAAF-İnşaat MMC olaraq həyata keçirdiyimiz bütün layihələrdə göstərilən xidmətin ən yüksək səviyyədə olmasını hər zaman arzulamış, fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Əksər hallarda da buna nail olmuş, təqdir edilmişik. Son illər fəaliyyətimizdə, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşamaqdayıq. Tikinti prosesi ləng gedir və bu da narazılıqlar yaradır. Bununla bağlı bildirmək istəyirik ki, sözügedən tikinti öhdəliklərinin ləng yerinə yetirilməsinin ən böyük səbəbi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə qarşı tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısıdır. Məhz bu tələblər səbəbindən qeyd edilən və sonrakı müxtəlif vaxtlarda şirkətə artıq vergi yükləri əlavə edilib və əsassız olaraq ödənilməsi təmin edilib. Hazırda da şirkətin rəsmi bank hesabları dondurulub, maliyyə əməliyatları əngəllənib. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Bu ödənişlər isə məcburi qaydada yuxarıda qeyd etdiyimiz əsassız vergi və digər ödənişlərə getdiyi üçün tikintidə sürət aşağı düşüb və vəziyyət indiki həddə qədər gəlib çatıb”.

K.Məstəliyev bildirib ki, bununla yanaşı, hazırda pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi də maliyyənin zəifləməsinə səbəb olub:

“Çünki bölgələrdən gediş-gəlişlərdə məhdudiyyətlər var. Müştərilər aylıq kredit ödənişlərini edə bilmirlər. Bu səbəbdən də zəif olan maliyyə qaynağımız daha da zəifləyib, çətinliklər çəkməkdəyik. Buna baxmayaraq, şirkət olaraq iyun ayından etibarən müəyyən addımlar atmaq qərarı vermişik. Əminliklə qeyd edə bilərik ki, bunun nəticəsində tikinti daha da sürətlənəcək. Ancaq yenə də bu sürətlənmə bizim arzuladığımız həddə deyil. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, həmçinin digər müvafiq və aidiyyəti qurumlara, ən yüksək instansiyalara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətimizlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətimizə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edirik. Bu halda, AAAF İnşaat MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi mövcudluğunu davam etdirəcək”.
Bakıda polisə zibil atan 11 nəfər SAXLANILDI - VİDEODünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Daxili İşlər Nazirlyiindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib:

“Karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”.
ASALA terror təşkilatı geri qayıdıb? – FOTOErmənistanda koronavirus pandemiyasının vüsət aldığı məqamda sosial şəbəkələrdə Yerevanda çəkilən foto yayımlanıb.

Modern.az xəbər verir ki, fotoda başlarına ASALA terror təşkilatının emblemi olan maskalar taxmış 2 şəxsin polis tərəfnidnə saxlanıldığı an əks olunub. Bəzi erməni istifadəçilər terror qruplaşmasının yenidən fəaıiyyətə başladığını yazıblar.

Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu (ASALA) 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılıb. Qruplaşma dünyanın müxtəlif ölkələrində 20-dən artıq türk diplomatlarını qətlə yetirib. 1990-cı illərin əvvəllərindən qruplaşma fəaliyyətini dayandırıb.
Ordu hərəkətə keçdi: İranın hərbi mövqeləri darmadağın edildiİsrail Silahlı Qüvvələrinin qırıcıları İranın Suriyanın Dəyr əz-Zor bölgəsindəki hərbi obyektlərini bombardman edib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində İran ordusunun (SEPAH) “Qüds” briqadasının hərbi obyekytləri və silah anbarları məhv edilib.

Əməliyyatlarda SEPAH-ın ən az 12 muzdlusunun həlak olduğu bildirilib.

İsrail hücumun məsuliyyətini rəsmən öz üzərinə götürməsə də, Suriya İnsan Haqları Monitorinq Qrupu “France Press” agentliyinə açıqlamasında, İran mövqelərinə qarşı hava zərbələrinin İsrail qırıcıları tərəfindən endirildiyini qeyd edib. Hücumda İranın hərbi mövqelərinə qarşı çoxsaylı hava zərbələri endirilib.

Rəsmi Tehran, bununla bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib.