Azərbaycanda market işçisində koronavirus aşkarlandı, 45 nəfər karantinə alındı - VİDEOSumqayıtda fəaliyyət göstərən marketlərdən birinin işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.

Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin iki əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər.

Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.

Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşlar yenidən işə cəlb olunacaq.
Ərzaq mağazaları və apteklər də BAĞLANDIBu gündən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi qüvvədədir.

Avrasiya.net xəbər verir ki, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır.

Qapadılma, həmçinin, ərzaq mağazalarını və aptekləri də əhatə edir.

Bu səbəbdən də Operativ Qərargah qapadılmadan əvvəl əhaliyə müraciət edərək, iki günlük ərzaq ehtiyatı, həmçinin, lazımi tibbi vasitələr almağı tövsiyə etmişdi.
Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cəriməBaş Nazir Əli Əsədovun 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq sərt karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məhdud sayda əməkdaşla fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub

Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı, avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək.

Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla, iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.