Hələ də sovuşmayan bəla: pandemiyaMillət vəkili Aqil Məmmədov: “Zənnimcə, cərimələrin tətbiqi zərurətdən yarandı və bu yoluxanların sayını azaldacaq”

Artıq altıncı aydır ki, koronavirus pandemiyası dünyanı çalxalamaqda davam edir. COVİD-19-a yoluxanların sayı 6 milyon nəfər həddinə çatmaq üzrədir. 350 mindən çox insan isə pandemiyanın qurbanı olub. Mütəxəssislərin yekdil rəyinə görə, bu virus hələ qarşıdakı 1 il ərzində (ən azı!) bizi narahat edəcək. Düzdür, havaların gündən-günə istiləşməsi pandemiyanın yayılma ehtimalını bir qədər azaldır. Digər tərəfdən, bu fikrin elmi əsasları yoxdur. Deməli, ən yaxşısı qorunma üsullarına riayət etməkdir.
Ayrı-ayrı ölkələrin iqtisadiyyatına güclü ziyan dəydiyindən, təbii ki, uzun aylar insanlara “evdəqal” prinsipi ilə də yanaşmaq doğru olmazdı. Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələri “yumşaltmalar” metoduna keçdilər.

Bəs ardınca nə baş verir?

Milli Məclisin son iclaslarından birində fasilə zamanı parlamentin yeni deputatlarından Aqil Məmmədova yaxınlaşdıq. Ayaqüstü söhbət zamanı millət vəkilindən bəzi məsələlərə aydınlıq gətirməsini xahiş etdik. “Bilirsiz ki, pandemiya problemi hazırda bütün dünyanı narahat edir” – deyə Aqil müəllim söhbətə başladı: “COVİD-19 bu gün də gündəmdədir və yəqin ki, “xoşagəlməz qonaq” hələ bir müddət bizimlə olacaq. Yəni, bunu gözaltına almaq lazımdır. Mən deyərdim ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə ölkəmizdə ilk mərhələdən pandemiyaya qarşı düşünülmüş, önləyici tədbirlərin görülməsi öz səmərəsini verdi. Özü də həmin tədbirlər mərhələ-mərhələ həyata keçirildi. Nəticə də göz qabağında idi. Təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sərt qaydalar uzun müddət davam edə bilməzdi.

Ona görə Azərbaycanda da digər ölkələrdə olduğu kimi “yumşaltmalar”a başlandı. Əslində bunun özü də normal və doğru qərar idi. Təəssüf ki, bir çox vətəndaşlarımız bunu yanlış anladılar və virusdan qoruyucu tədbirlərə biganəlik göstərdilər…”

Millət vəkili söhbət zamanı qaydalara riayət etməyənlər barədə inzibati tədbirlərin görüləcəyi ilə bağlı parlamentin qəbul etdiyi qərara da öz münasibətini bildirdi: “Əlbəttə, bir çox qadağaların aradan götürülməsi bu virusun heç də ləğvinə nail olunduğu demək deyildi. Açıq deyim ki, bizim cəmiyyət az qala bunu belə qəbul etdi. Özünüz də şahidsiniz ki, qoruyucu maskalardan istifadə edilməməsi, məsafə saxlanmaması və digər zəruri məsələlərə etinasızlıq qısa bir zamanda yoluxma hallarının artmasına gətirib çıxardı. Nəticədə, Milli Məclis qaydalara riayət etməyənlər barədə İnzibati Xətalar Məcəlləsinə cərimələrin tətbiqi ilə əlaqədar düzəlişlər etməyə məcbur oldu. Əslində belə cərimələr dünyanın, eləcə də Avropanın sivil ölkələrində də var. Özü də bizdən fərqli olaraq daha yüksək məbləğlərdə. Güman edirəm ki, bu yanaşma yoluxanların sayının azalmasında öz müsbət təsirini göstərəcək”.
Sonra millət vəkili ilə başqa mövzuya keçid edirik. Ölkə Prezidentinin bu günlərdə birinci xanımla qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş Qobu-3 yaşayış kompleksinə baş çəkməsi, diqqəti bir daha Qarabağ probleminin həllinə yönəltməsi, inamlı və nikbin ruhda fikirlər söyləməsi ilə bağlı Aqil müəllimin rəyini soruşuruq. O, deyir: “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, belə çətin məqamda da sosialyönlü layihələri dayandırmır, vətəndaşlarımızın, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Baxın, əgər 2019-cu ildə bu qəbildən olan insanlar üçün 5 min mənzil inşa edilmişdisə, bu il həmin rəqəmin 7-8 min civarında olacağı gözlənilir. Bura belələrinə dövlət müavinətinin, avtomobillərin verilməsini də əlavə etsək, onda qaçqın və məcburi köçkünlərə hansı səviyyədə qayğı göstərildiyini izah etməyə lüzum qalmayacaq.

Mən şəxsən cənab Prezidentin həmin tədbirdə etdiyi çıxışı diqqətlə dinlədim və çox böyük qürur hissi keçirdim. Fikirləşdim ki, nə yaxşı bizim Azərbaycan kimi müstəqil dövlətimiz var. Və bu dövlətin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, əgər o illərdə ölkəmizə ümummilli liderimiz başçılıq etsəydi, ermənilər bir qarış torpaq belə ala bilməzdilər. Bəli, dahi şəxsiyyətin yolunu artıq 16 ildən çoxdur ki, onun layiqli varisi İlham Əliyev davam etdirir. Ötən illər ərzində ölkəmizin hansı nailiyyətlərə imza atması isə cild-cild kitabların mövzusudur və sizlər bunun şahidisiniz.
-“Aqil müəllim, səhv etmirəmsə, “Qobu-3” yaşayış kompleksi bəzi xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir, deyilmi?” – deyə həmsöhbətimə növbəti sualı ünvanlayıram. “Yaxşı məqama toxundunuz”- deyə, millət vəkilinin üzünə təbəssüm qonur. “Sualınıza cavab verməzdən əvvəl 2003-cü ili yada salmaq istəyirəm: möhtərəm Prezidentimiz o vaxt öz çıxışında qeyd etmişdi ki, beş ilə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq. Ölkə başçısının iradəsi və qətiyyətliliyi sayəsində bu problem cəmi 4 ilə öz həllini tapdı. “Qobu-3” yaşayış kompleksi isə artıq qaçqın və məcburi köçkünlər üçün inşa edilən 111-ci qəsəbədir. O ki qaldı sualınızın konkret cavabına, sözügedən qəsəbədə yeni mənzillər tikilib, tam təmir olunaraq istifadəyə verilib. Fərqlilik ondadır ki, həmin ərazidə bir sıra infrastrukturlarla yanaşı, yeni iş yerlərinin açılması nəzərdə tutulur. Məsələn, xalçaçılıq və digər sahələr”...

Söhbətimizin sonunda millət vəkili son vaxtlar Ramil Səfərovla bağlı məkrli qonşularımızın və “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkədə başladıqları kompaniyaya da qısaca öz münasibətini bildirdi: “Ermənilər tarix boyu xain və eybəcər planlarını həyata keçirməyə çalışıblar. Zaman-zaman onlar buna nail olublar da. Ancaq hər şeyin bir sonu var. Düşünürəm ki, artıq ermənilərin hiyləgər nömrələrini dünya siyasətçiləri də, dünya ictimaiyyəti də yaxşı başa düşür. Ramil Səfərovla bağlı məsələnin Avropa İnsan Hüquqları Məhkəməsində yenidən qaldırılmasına heç ehtiyac da yox idi. Çünki bütün prosedurlar hüquqi müstəvidə həll olunub. Bununla bağlı Azərbaycan dövlətinin də üzərinə heç bir öhdəlik qoyulmayıb və qoyula da bilməz. Təkcə bir məsələni vurğulamaq istərdim ki, Ramil Səfərov sadəcə erməni məkrinin qurbanı olmuşdu, mənfur dığaların bayrağımızı tapdalamasına dözməmişdi… Qısaca desəm, bütün bunlar əslində erməni faşistlərin bizə qarşı törətdikləri yüzlərlə cinayətin fonunda baş verib. Mən fürsətdən istifadə edərək, öz həmvətənlərimizə bununla bağlı düşünüb-daşındıqan sonra fikir yürütməyi məsləhət görürəm. Ermənilər isə iki məsələyə diqqət yetirsələr yaxşı olar: Birincisi, Qarabağ torpaqlarında törətdikləri qətliamlar, soyqırımlar kimin ayağına yazılmalıdır? İkincisi, Avropa Məhkəməsində Çıraqov qardaşlarının işi ilə əlaqədar təzminatı niyə ödəməkdən imtina edirlər?”

Haqlı suallardır. Atalar burda yaxşı deyiblər: “Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır”…
atributinfo.az
"İkili standartlar olan yerdə ədalətdən danışmaq mümkün deyil"Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə, Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçirdiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib: "Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən, AŞPA zaman - zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri - obyektivliyə yol verir. Belə olan təqdirdə isə Azərbaycan hökumətinin atdığı müsbət addımları, ölkəmizdə həyata keçirilən islahatları görməzdən gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin qarşıdurma, əsassız ittihamlar, açıq yalanlar və təhdidlər yolunu seçməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır".

A.Məmmədov bildirib ki, Azərbaycan 2001-ci ildən AŞPA - nın üzvüdür və biz hər zaman bu qurumdan ədalət, obyektivlik gözləmişik. Amma təəssüflər olsun ki, AŞPA gözləntilərimizin əksi olaraq hər zaman qərəz nümayiş etdirib, anti-Azərbaycan, ermənipərəst qüvvələrin əlində alət rolunu oynayaraq daim ölkəmizə təzyiq göstərməyə cəhd edib. Ötən 19 ildə AŞPA işğalçı Ermənistana ciddi şəkildə təzyiq etməyib: "Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə, ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. İndiyə kimi Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun ədalətli mövqe nümayiş etdiriblərmi? Çox təəssüflər olsun ki, yox. AŞPA-nın mövqeyi, fəaliyyəti bax budur. Təbii ki, əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, antiazərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda AŞPA ədalətsiz mövqeyindən geri çəkilməli və fəaliyyətini yenidən korrektə etməlidir".

Deputatın fikrincə, pandemiyanın ilkin mərhələsində dünya ölkələri virusla mübarizə apardığı bir zamanda, Ermənistan işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər" keçirdi, bu "seçkilər"in nəticələri isə heç bir beynəlxalq qurum tərəfindən tanınmadı. Bu da Azərbaycan diplomatiyasının növbəti uğuru və Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi: "Əfsuslar olsun ki, bəzi beynəlxalq qurumlar yenə də öz ikili standartlarından əl çəkmirlər. Yenə də Avropa Şurası Parlament Assambleyası işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" ilə bağlı hər hansısa bəyanat vermədi. Hər kəs çox yaxşı bilir ki, bu təşkilatda cəmləşən anti - Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Dəfələrlə Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA - da məruzələri zamanı Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə - dönə söyləyib, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan ediblər. Lakin bu səsləndirilən fikirlərə əks olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib".

A.Məmmədov onu da deyib ki, bu gün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir və keçirilən “prezident seçkiləri” heç bir şeyi həll etmir. Dünya ictimaiyyəti Dağlıq Qarabağın işğal altında qaldığını yaxşı bilir. Beynəlxalq təşkilatların bununla bağlı qərar və bəyanatları var. Ermənilər bu dırnaqarası seçkiləri keçirməklə hansısa nailiyyətlərə nail olacaqlarını düşünürdülərsə, yanıldılar: "Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. AŞPA isə nədənsə Ermənistanda baş verən bu hadisələri görməməzlikdən gəlir. Niyə o zaman mənfur düşmənlərimizdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında nqeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?! Azərbaycan xalqında haqlı olaraq bu sual yaranır. Bütün bunlar Azərbaycan cəmiyyətində AŞPA-ya qarşı çox böyük etmadsızlıq, etiraz yaradır".

Deputat sonda qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq. Azərbaycan xalqında artıq belə fikir hakim kəsilməkdədir ki, Avropa Şurası kimi AŞPA kimi qurumlarda qalmağın mənası yoxdur. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər.
Bakıda 14 yaşlı qız itkin düşdüİyunun 4-də Bakının Xətai rayonu, Bağırova küçəsi, 30/12 ünvanında yaşayan 14 yaşlı Ləman Mahmudova itkin düşüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məktəbli qız saat 16:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Hazırda əməliyyatçılar yeniyetmənin yerini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, son sutka ərzində daxili işlər orqanlarının əməkdaşları altı oxşar hadisəni qeydə alıblar.

Azərbaycanda meyitdən bu orqanın götürülməsinə icazə verilirAzərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.

Publika.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Nazirliyimizin iç üzü açıldı: sadəcə, dəhşətdir...73-cü Kann film festivalına düşən filmlərin siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan bəhs edən film də var.

Yox, sevinməyə tələsməyin, filmimiz Kann festivalına düşməyib. Amma ermənilərin işğal altındakı Qarabağla bağlı çəkdikləri film festivala düşüb. Ermənistan, Belçika və Fransanın birgə istehsalı olan “Əgər külək əsərsə” adlı bu filmin rejissoru Nora Martirosyandır.

Təsəvvür edin, adamlar Qarabağımızdan film çəkib festivala düşürlər.

Filmi izləmədiyim üçün dolğun təsəvvürüm yoxdur, lakin bildiyimə görə, filmdə erməni ailə üzvlərinin Azərbaycanın “aqressiyasına” görə bir-birindən uzaq düşməsindən bəhs edilir.

Festivala ümumilikdə 2067 film göndərilib. Bunlardan 56-sı festivalın proqramına daxilib. Bu 56 film Toronto, Nyu York, Venesiya, San Sebastyan və başqa böyük şəhərlərdə nümayiş olunacaq. Yəni dünyada milyonlarla insan Qarabağ münaqişəsi məsələsində erməni yalanlarını izləyib, ona inanacaq.

Təhlükənin fərqindəsinizmi?

İndi gələk ikinci əsas məsələyə!

Ermənilərin filminin Kann festivalına düşməsindən sonra Mədəniyyət Nazirliyi xəbər yaydı ki, bəs, bizim də filmimiz bu festivalda yer alacaq. Nazirliyin məlumatda qeyd edilir ki, Kann film festivalının “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmlər siyahısına azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi də düşüb.

Nazirlik öz bacarıqsızlığını malalamaq üçün belə bir xəbər yaydı, mediamız da bunu “bir ilk” kimi tirajladı. Kiçik araşdırma aparsaq, görərik ki, “Axşama doğru” filminin düşdüyü kateqoriyanı “adam yerinə qoyan” yoxdur. Sadəcə Kann festivalı qısa siyahıdan kənarda qalan filmləri qaytarıb başımıza çırpmaqdan utandığı üçün filmimizi “padval kateqoriyası”na salıb.

Bəla təkcə bu deyil.

Bəla həm də filmin özüdür. Təbii, filmin yalnız treylerini izləyə bilmişik. Treylerdə nə görürük? Bir azərbaycanlı qız Biləcəri tərəfdə maşında oturub siqaret çəkir.

Ümumiyyətlə, filmdə Azərbaycana aid yeganə şey Biləcəridir. Qalan heç nəyin bizlə əlaqəsi yoxdur.

Mənə maraqlıdır, rejissor, ssenarist hansı zərurətdən siqaret çəkən qızı soxuşdurub filmə? Avropanı qoyaq kənara, qardaş Türkiyədə inanmırlar ki, Azərbaycanda hansısa qız siqaret çəkir. Budurmu sizin üçün Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı?

Sizin üçün önəmli olan Qarabağ yox, Biləcəridir. Elə ona görə də Biləcəridən o tərəfə keçə bilmirsiniz.

Mənə çox maraqlıdır, Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxsləri nə düşünür? Erməninin Qarabağla bağlı filminin dünyaya yayılması fonunda damağında siqaret tüstülədən qız təsvirli Azərbaycan filminin “padval”da nümayiş olunması onları ağrıdırmı? Bu rüsvayçılığa görə zərrə qədər utanırlarmı?

Əslində, bəzən günah təkcə rejissorda olmur. Məsələn, dövlət film sahəsinə milyonlarla pul ayrırır. Aydındır, basıb yeyirsiniz, yaxşı bilirik hamısını. Filmin büdcəsini 150 min yazıb, 50 min rejissora verib, 100 mini qoyursunuz cibinizə. Haram xoşunuz olsun! Bəs düşünürmürsünüzmü, bu yazıq rejissor 50 minə nə çəksin? 50 minə indi camaat reklam çəkir e!

Rejissor min bir əziyyətlə 150 minlik filmi 50 minə çəkir. Təbii ki, bu məbləğə çəkilən filmin keyfiyyəti aşağı olur və dünyanın nüfuzlu festivalları da “itaparan olsun” deyib, belə filmləri “padval kateqoriyası”nda dəyərləndirir. Nəticədə ortaya rüsvayçı nəticə çıxır.

Məncə, dövlət başçısına müraciət etmək lazımdır ki, ümumiyyətlə, film sektoruna ayrılan maliyyə başqa sahələrə yönəldilsin. Onsuz da film sektorunda oturanlar illərdir ortaya düz-əməlli bir əsər qoya bilməyiblər. Əvəzində isə düşmən Ermənistan və qonşu Gürcüstan belə festivalların qısa siyahısına düşür.

Regionun lider dövləti Azərbaycanın filmi isə “zirzəmilərdə”, “çayxanalarda” nümayiş olunur.

Erməni ordusu 26 il əvvəl Qarabağa girib oturub. İndi isə erməni “mədəniyyəti” də Qarabağa girdi. Amma təkcə bunu etmədi, həm də bizim Mədəniyyət Nazirliyimizin iç üzünü açdı.

Şeyx Teymur
15 il əvvələ boylanarkən…15 il bundan qabaq “Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz” fikrini əlimizdə rəhbər tutaraq bir fəaliyyətə başladıq. 23-24 yaşında gənclər idik. Heç bir maddi resursumuz, bizə dəstək verəcək “dayı”mız yox idi. Amma Azərbaycan sevgisi, türk-islam düşüncəsi, ideoloji mövzulara olan marağımız var idi. Təşkilat yaratmağı, imkanlarımızı birləşdirməyi qərarlaşdırdıq. Ziyalılarla, özümüzə yaxın bildiyimiz şəxslərlə bir neçə aylıq məsələhətləşmələr apardıq. Xeyir-dua verən də, bu işin çətin və mənasız olduğunu söyləyənlər də oldu. Lakin təsvir edilən çətinliklər bizi qorxutmadı və əlimizi soyutmadı.

2005-ci ilin yanvar ayından başlayan məsələhətləşmə və təşkilatlanmadan sonra 5 iyunda Axundov adına Milli Kitabxananın kafesində beş nəfərlik kiçik, amma qətiyyətli və inamlı bir heyətlə toplanaraq “Türk-İslam Dünyası” İctimai Birliyini yaratdığımızı elan etdik. İlk dəstəyi Azərbaycanda Atatürk Mərkəzindən, onun müdiri, professor Nizami Cəfərovdan, o zamankı “Qismət” mətbəəsinin həmtəsisçisi Halil Öztürkdən, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdan, o zaman Milli QHT Forumunun prezidenti olan Azay Quliyevdən, AHB firmasının prezidenti, dəyərli ziyalımız Hüseyn Artıkoğludan, mərhum professor Rövşən Mustafayevdən, TRT-nin Bakı ofisinin sabiq müdiri Abdulhamit Avşardan, Nazirlər Kabinetinin o vaxtkı mətbuat xidmətinin rəhbəri Akif Əlidən, Gəncliyə Yardım Fondundan, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan və s. qurumlardan, ziyalılarımızdan, gənclərimizdən aldıq.

Bir neçə aylıq fəaliyyətdən sonra Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinin o zamankı rəisi Fazil Məmmədovla görüşdük, qeydiyyat probleminin səbəblərini müzakirə etdik, sonunda təşkilatın Müasir İnkişaf İctimai Birliyi kimi qeydiyyata alınmasını qərarlaşdırdıq. Ad dəyişikliyi ideoloji məram və məqsədimizə nəinki mənfi təsir etmədi, əksinə qeydiyyat prosesinin müsbət həlli bizi daha da həvəsləndirdi və 15 il ərzində çoxsaylı fəaliyyətlərə imza atdıq.

Çətinliklərimiz oldu. Cəmiyyətin milli-ideoloji məsələlərə, vətənpərvərlik mövzusuna laqeydliyi bizi içdən yandırsa da gerə çəkilmədik. Dəstəyini əsirgəməyən dostlarımızın sayəsində doğru bildiyimiz yolda yürüyərək, düz bildiyimiz fikirləri dilə gətirməyə çalışaraq bir tarix yazdıq. Nəticədə Azərbaycanın 29 illik müstəqillik tarixinin 15 ilinin formalaşmasında təşkilatımız da aktiv iştirak etdi, bizi qürurlandırdı, qəlbimizi sevinc və fərəhlə doldurdu. Çox şey yazmaq olar. Çünki bu 15 ilin bir anını belə olsun dayanıb-dincəlmədik. Amma bütün bu fəaliyyətlərin hamısını yazıb sizləri bezdirmək istəməzdim. Arzu edənlər təşkilatımızın fəaliyyətləri ilə bağlı məlumatları internetdən tapıb tanış ola bilərlər.

Sonda bir şeyi demək istəyirəm. Mübarizəmiz və həvəsimiz bitməyib. Eyni həvəsdə, bir az daha təcrübələnmiş şəkildə fəaliyyətimizə davam edirik. Bir neçə nəfərlə çıxdığımız yolda artıq üzvlərimizin və tərəfdarımızın sayı yüzlərlədir. Bu tarixə qədər bizə dəstək olan, bizimlə birgə addımlayan, qarşıya qoyduğumuz hədəflərə çatmaqda bizimlə birgə iştirak edən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da təşkilat olaraq qarşıya qoyduğumuz hədəfləri reallaşdırana qədər çalışmalarımıza davam edəcəyimizdən əmin ola bilərsiniz.

https://dialoq.info/15-illik-hesabat/
https://dialoq.info/muasir-inkisaf-birliyi-haqqinda-melumat/
https://www.youtube.com/user/Uluturk100/videos

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri
Tramp: Əvvəl koronanı anlamırdıq, indi isə...ABŞ koronavirusu indi anlamağa başlayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, indiki dönəmdə xüsusi risk qrupunda olan insanlara fokuslanmaq lazımdır:

“Xalqımızın sağlamlığı ilə bağlı ən yaxşı strategiya öz resurslarımızı evlərdə qalan yaşlı insanların qorunmasına sərf etməkdir. Biz sağlamlara və cavanlara dərhal işə qayıtmalarına icazə veririk. Biz indi bu xəstəliyi anlayırıq. Əvvəl anlamırdıq”.
Azərbaycanlı aktyor yarıçılpaq şəklini paylaşdı, evlilik təklifi aldı - FOTORusiyada yaşayan, aktyorluq və modellik fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Oxu.Az xəbər verir ki, aktyor rəngarəng güllər fonunda kamera önünə keçərək yarıçılpaq və seksual şəkillər çəkdirib.

Ehtiraslı fotosunu sosial media hesabında yayımlayan A.Xəlilovu izləyicilər təriflərə qərq ediblər. Aktyorun yarıçılpaq fotolarını görən xanım izləyicilər Anara evlilik təklifi ediblər.

Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.

Xəlilov aktyorluqdan başqa, model kimi də fəaliyyət göstərir.


ABŞ-da təyyarə qəzası - 5 nəfər öldüABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə Corciya ştatının şimalında baş verib. Qəza zamanı azı 5 nəfər həlak olub.

Hadisə zamanı təyyarədə pilot və bir ailənin 4 üzvü olub. Təyyarə Florida ştatından İndiana ştatına uçurmuş.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi bildirib ki, təyyarə fırtınaya düşüb. Lakin qəzaya məhz bunun səbəb olduğunu demək mümkün deyil.

Hadisənin digər təfərrüatları açıqlanmır.