“Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident"Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq".

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqlik və maliyyə dəstəyinə görə təşəkkür edib: "Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.

Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır".
Gənc nəslin formalaşmasında fiziki tərbiyənin əhəmiyyəti!Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor

Gənc nəsildə sağlamlıq mədəniyyətinin, sağlam həyat obrazına vərdişin tərbiyəsi və aşılanması dövrün vacib məsələlərindən biridir. Yaşlılarla bərabər, böyüməkdə olan, fiziki cəhətdən mükəmməl həyata daxil olan və qabaqcıl biliklərə yiyələnən gənc nəslin nümayəndələri də ölkənin dinamik inkişafı üzrə məsuliyyəti öz üzərlərinə götürməyə qabildirlər.

Məhz buna görə də hökumətin dövlət, ictimai, qeyri-hökumət və digər strukturlarının bütün fəaliyyəti böyüməkdə olan nəslin harmonik cəhətdən inkişaf etmiş, əxlaqi cəhətdən zəngin və fiziki cəhətdən sağlam şəkildə formalaşmasına istiqamətlənmişdir.Gənc nəslin fiziki tərbiyəsinin vacib istiqaməti yeniyetmələrin hərəki aktivliyinin yüksəldilməsi, təhsil alanların öyrədici, təşkilati, nizam-intizamlı xarakterə malik olan və gənclərin fiziki tərbiyəsinin mühüm tərəfi olan idman bölmələrinə intensiv şəkildə cəlb edilməsi hesab olunur.

Müasir dövrdə bədən tərbiyəsinin kütləvi hala çevrilməsi vəzifəsi öz həllini tapmaqdadır ki, bu da elmi cəhətdən əsaslanmış və cəmiyyətin bütün təbəqələrini əhatə edən fiziki tərbiyə sisteminə əsaslanır. Əhalinin müxtəlif yaş qruplarının fiziki inkişafı və hazırlığı üzrə proqram-dəyərləndirmə normativlərinin dövlət sistemləri mövcuddur.
Məlum məsələdir ki, hər bir dövlətin gələcək inkişafı onun fiziki cəhətdən sağlam yetişən gəncləri ilə sıx bağlıdır. Məhz belə bir gənclərin inkişafı təlim-təhsil müəssələrindən başlayır. Məktəblərdə fiziki tərbiyənin məzmunu uşaq və yeniyetmələri fiziki tərbiyə və yaradıcı fəaliyyətə istiqamətləndirən iki komponentin vəhdəti kimi başa düşülür.

Birinci komponent uşaq və yeniyetmələrdə fiziki tərbiyə, sağlamlıq mədəniyyətinin insanın ümumi mədəniyyətinin bir elementi olması haqqında tam nəzəri təsəvvürlər formalaşdırır. Bu, şəxsiyyətin hərtərəfli fiziki və mənəvi inkişafı haqqında əsas biliklərin mənimsənilməsi və “insan-insan”, “insan-cəmiyyət”, “insan-istehsal”, “insan-dövlət”, “insan-təbiət” münasibətlərinin başa düşülməsi vasitəsilə əldə olunur.

Məzmunun ikinci komponenti fiziki tərbiyə prosesini sağlamlıq-fiziki tərbiyə və idman fəaliyyəti üsullarının yaradıcı şəkildə mənimsənilməsi və onlardan sağlamlıq, təhsil, inkişaf və tərbiyə sahəsindəki məsələlərin həllində istifadə bacarığının formalaşmasına yönəldir. Bu komponent başqa cür fiziki tərbiyə sahəsində ümumtəhsil hazırlığının ümumdövlət standartının əsasını təşkil edən komponent də adlandırılır. O, dini, milli və fərdi xüsusiyyətlərdən asılı deyil.

Şəxsiyyətlərarası münasibətlərdə müstəqilliyin, özünənəzarətin, qarşılıqlı nəzarətin formalaşması, dəyişən mühit şəraitində qabiliyyətlərin həmin yönə istiqamətlənməsi vacibdir. Burada cəldlik, sərrastlıq, güclülük, çeviklik, dəqiqlik kimi reaksiayaların inkişafı, eləcə də şəxsi məqsədlərin əldə olunması üçün iradi səy göstərilməsi vacibdir. Bütün bunlar isə nəticədə insanın müxtəlif şəraitlərdə öz davranışlarına nəzarət etmək qabiliyyətini formalaşdırır.

Deməli, təhsil alanların yuxarıda sadalanan fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi insanın daha zəngin mənəvi və əxlaqi dünyasının təşəkkül tapmasına gətirib çıxarır. Beləliklə, şəxsiyyətin əsas keyfiyyət və xüsusiyyətlərinin formalaşmasında fiziki tərbiyənin rolu olduqca böyükdür. İnsan mücərrəd şəkildə fikirləşməyi bacarmalı, ümumi mövqeyini ortaya qoymalı və bu mövqeyə uyğun şəkildə hərəkət etməlidir. Yalnız düşünmək və nəticələr çıxarmaq kifayət deyildir, bununla bərabər bu nəticələri öz həyatına tətbiq etməyi də, uğur əldə etmək yolunda çətinlikləri aşaraq qarşıya qoyulmuş məqsədlərə nail olmağı da bacarmaq lazımdır. Bütün bunlara isə düzgün şəkildə fiziki tərbiyə vərdişlərinə yiyələnmək nəticəsində nail olmaq olar.

Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilərAğdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.

Sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.

Belə ki, mayın 31-nə keçən gecə o, kənddə başqa şəxsin həyətinə girib. Ev sahibi xanım isə həyətə kiminsə girdiyini görərək yaxın qohumlarına məlumat verib. Həmin şəxslər də köməyə gəlib və V. Həsənovu həyətdə taparaq döyüblər. İddialara görə, eks-bələdiyyə sədri həyətdə xanımı narahat edəcək hərəkətlər edibmiş.

Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.

Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət iş başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, V. Həsənov Ağdaş Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Qalib Həsənovun qardaşıdır. Hazırda kənddə bələdiyyə sədri isə V. Həsənovun oğlu Bəhruz Həsənovdur.
Hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik1 İyun - sadəcə bu gün deyil, hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik. Çünki onların hər biri fərqli bir çiçəkdir və hamısı birlikdə bu dünyanı gözəl bir bağ halına gətirir.

Ölkəmizdə uşaqlara qayğı və onların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub və bu dövlətimizin əsas prioritetlərindən biridir. Bu gün daha 4 uşaq Heydər Əliyev Fondunun və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sağlam ürəyə qovuşdu. Komandamız adından bütün uşaqları ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt gələcək arzulayırıq.

Gözəl çöhrənizdən gülüş əksik olmasın, əziz balalar!!!

Rəşad Mahmudov
Milli Məclisin deputatı, ürək-damar cərrahı

Hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik
Hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik
Hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik
QUNDAQDA SUSDURULAN HİMNLƏR…
ƏMRAH FƏQANOĞLU

...YAXUD BEYNƏLXALQ ALƏMİN KOR OLUB GÖRMƏDİYİ KÖRPƏLƏRİMİZ…

Fransız yazıçısı Viktor Mari Hüqonun sözləridir: “Yer üzündə körpə qığıltısından təntənəli himn yoxdur”.

Çünki hər yeni doğulan körpə bəşəriyyətin sabahı, gələcəyi, ümidi deməkdir, onların doğuluşu, “təntənəli himni” olmadan gələcəyin mövcudluğu mümkünsüzdür. Amma erməni qaniçənləri üçün azərbaycanlı, onların təbirincə desək, türk körpələrinin qığıltısı nəinki təntənəli himn, heç insanlığa çağırış anlamı da kəsb etməyib və etmir. Onlar, əksinə, bu qığıltıdan hiddətlənir, vampirə dönür, bütün bəşəriyyətə təhdid olaraq öz işgəncə üsullarını qundaqda olan südəmər fidanlar üzərində tətbiq edirlər.

Məsələn, iyrənc missiyası ilə tarixə özünü vicdanı və şəxsiyyəti ləkəli məxluq kimi pərçimləyən erməni yazıçısı Zori Balayanın 1996-cı ildə nəşr etdirdiyi “Ruhumuzun canlanması” kitabını oxumaq gərəkdir ki, bu ikiayaqlı vəhşinin özü kimi erməni cəlladları ilə birgə 1992-ci ilin fevralında Xocalıda azərbaycanlı körpələri necə ağlasığmaz işgəncələrlə qətlə yetirməsindən xəbərdar olasan. Qatil həmin kitabında yazır:

“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını (türk deyndə azərbaycanlı nəzərdə tutur-Ə.F.) pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara etdiklərini etdim. Başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdik…”

Bax, budur zəhərlənmiş, xalqımıza qarşı nifrətdən yoğrulmuş erməni xislətinin əsl mahiyyəti. Özü də utanmadan, həyasızcasına, yazılan və yazılmayan bütün qanunlara meydan oxuyaraq, bəzən də lap tüpürərək, qoca və qadınlarımıza, körpələrimizə, maddi-mənəvi mədəniyyət abidələrimizə qarşı törətdikləri vandallıqları ilə öyünürlər. Cansız heykəlləri gülləbaran etmələrini cəngavərlik sayırlar. Azərbaycanlı körpələrə qarşı edilən ağlasığmaz erməni vəhşilikləri günü bu gün də davam edir. Qarabağda öz gəlinciyi ilə oynayan iki yaşlı Zəhranın nənəsi ilə birgə qanına qəltan edilməsindən dolayı qəlbimizə vurulan yara hələ də qaysaq bağlamayıb. Sözdə guya haqqın, ədalətin tərəfində dayandıqlarını bir-iki bəyanatla gözə soxan beynəlxalq qurumlar isə erməni vandalları, uşaq qatilləri qarşısında öz acizliklərini sərgiləməkdədirlər. Bu azmış kimi, öz içərimizdə olan bəzi hüquq müdafiəçiləri, açıq-aşkar erməni qaniçənləri ilə mövqe həmrəyliyi nümayiş etdirənlər də belə məqamlarda susur, özlərini korluğa, karlığa qoyurlar. Amma bayraq təəssübü çəkən Ramil Səfərovu, günahsız , dinc soydaşlarımızın işgəncə ilə öldürülməsinə dözməyib, qaniçənlərin yuvasına aslan kimi şığıyan Mübariz İbrahimovu qan tökməkdə ittiham edəndə yatan, çox güman ki, yerli-dibli olmayan vicdanları ilə erməni vandallarının min bir işgəncə ilə öldürdükləri, anaları ilə birgə əsir götürüb qul kimi işlətdikləri azərbaycanlı körpələrin taleyini yada salmırlar. Utanmadan da döşlərinə döyüb, özlərini hüquq müdafiəçiləri, haqq-ədalət carçıları, humanizm mələkləri adlandırırlar.

Haqq-ədalət, hüquq demişkən, iyunun 1-i Beynəlxalq Uşaqların Müdafiəsi günüdür. 1950-ci il il iyunun 1-də BMT Baş Assambleyasında- “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bununla da, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Deputat uşaqları təbrik etdi96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru ilə telefon bağlantısı vasitəsilə qoşularaq, bütün uşaqları təbrik edib, onlara möhkəm cansağlığı, firavan günlər arzulayıb.

Deputat telefon danışığı zamanı Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqları- nın, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir.

Bu gün bu siyasət cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genefondunun qorunmasında misilsiz işlər həyata keçirilir.

Mərkəzin direktoru Süsən Alxasova da öz növbəsində son illərdə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin maddi-texniki bazası, texniki təchizatının daha da gücləndirilməsinə görə ölkə başçısına təşəkkür ünvanlayıb.

Daha sonra könüllülər tərəfindən fiziki qüsurlu uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Deputat uşaqları təbrik etdi
Deputat uşaqları təbrik etdi
Deputat uşaqları təbrik etdi
“Təhlükəli olan virusun varlığı deyil, insanların məsuliyyətsizliyidir”Bunu “Xalq Cəbhəsi”qəzetinə açıqlamasında psixoterapevt, tibbi jurnalist Ramil Nəcəfli hökumətin karantin rejiminin yumşaldılmasından sui-istifadə edən vətəndaşlarımızın məsuliyyətsizliyinə münasibətində deyib.

Onun fikirncə, koronavirusdan qorunma qaydalarına riayətin edilməməsi olduqca təhlükəlidir: “Biz lazım olan prosesə etiraz etmirik, vətəndaş mövqeyi sərgiləmirik, amma konkret pandemiya ilə bağlı təhlükəli məsələlərdə laqeyidlik nümayiş etdiririk, vacib tövsiyələri yerinə yetirmirik. Təfəkkürümüzdə belə vacib məsələlərə laqeydsizlik var. Əlbəttə ki, bu vətəndaşlarımıza ciddi fəsadlar yarada bilər. Hökumətin koronavirusa qarşı görülən tədbirlərə etinazsız yanaşmaq düzgün deyil. İctimai nəqliyyatda vətəndaşlarımızın əksəriyyəti tibbi qoruyucu vasitələrdən istifadə etmirlər, görüntü xatirinə əllərində saxlayırlar, ağızlarını örtürlər, çox hallarda isə ciblərinə qoyurlar. Bununla da virusdan qorxmadıqlarını nümayiş etdirirlər. Əslində bu belə deyil, bu hal məsuliyyətsizlik, laqeydlikdir”.

R.Nəcəfli onu da bildirib ki, vətəndaşlarımız başa düşmək istəmirlər ki, koronavirus mövcuddur, dünyanı təhlükə ilə üz-üzə qoyan bir pandemiya ilə mübarizə aparırırq: “İki qrup insan vardı – karantin müddətində virusun varlığını həddən artıq çox şişirdənlər, təhlükəni bir az da böyüdənlər, bir də ümumiyyətlə virusun varlığını inkar edənlər. Hər ikisi təhlükəli yanaşma idi. Məsələyə harmonik yanaşmaq, balansı qorumaq lazım idi. Bu gün virusu inkar edənlərin balansı çoxalıb. Bu karantin müddətində o qədər də özünü biruzə vermirdi. Amma karantin rejimi yumşaldıqdan sonra məsuliyyətsizlik virusun inkarını genişləndirib. Bu hökumətin koronavirusla mübarizəyə dair həyata keçirdiyi ciddi tədbirlərə laqeydsizlik nümayiş etdirmək deməkdir. Bu məsuliyyətsizlik mütləq böyük fəsadlarla nəticələnə bilər”.

Psizoloq vurğulayıb ki, COVİD – 19-a qarşı məsuliyyətsizliyin arxasında öz taleyinə qarşı bir məsuliyyətsizlik dayanır. Onun sözlərinə görə, söhbət təkcə bu günün aktual mövzusu olan koronavirusdan getmir, sabah digər bir virus, təhlükəli bir pandemiya çıxa bilər, vətəndaşlarımız növbəti böyük fəlakətlə üzləşə bilərlər: “Ruhumuza, həyat tərzimizə hopacaq koronavirusa qarşı məsuliyyətsizlik sabah yarana biləcək və ya üzləşəcə biləcəyimiz digər təhlükəyə də sirayət edəcək. Bilirsiniz, təhlükəli olan virusun varlığı deyil, təhlükəli olan insanların məsuliyyətsizliyidir. Məsuliyyətsizlik, laqeydlik böyük faciələrlə nəticələnə bilər. Koronavirusla mübarizə yaşamaq, sağ qalmaq, cəmiyyətin sağlamlaşması uğrunda mübarizə deməkdir”.
168 nəfər koronaya yoluxdu, 5 nəfər öldü - RəsmiAzərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3508 nəfər müalicə olunaraq sağalmış, 68 nəfər vəfat etmiş, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılmışdır.
“Ehtiyatlı olun, özünüzü, özümüzü, cəmiyyətimizi, gələcəyimizi qorumalıyıq”Bunu “Xalq Cəbhəsi”qəzetinə açıqlamasında kardioloq Qalib Şəfahət son günlər karantin rejiminin yüngülləşdirilməsi nəticəsində koronavirusa yoluxanlarının sayının artmasına münasibətində bildirib.

Kardioloq qeyd edib ki, dünyanı ağuşuna alan və bəzi nəhəng dövlətlərin iqtisadiyyatına, əhalisinin sağlamlığına ciddi zərbələr vuran COVİD – 19-la mübarizə ölkəmizdə ən yüksək səviyyədə aparılıb, müsbət nəticələr də göz qabağındadır. Amma vətəndaşlarımızın arxayınlaşması bu təhlükənin üstümüzdən tam çəkilməyəcəyindən xəbər verir: “Hökumət infeksiya ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Təəssüflər olsun ki, hökumətin çağırışlarına, tövsiyələrinə çoxu riayət etmir, hələ də pandemiyanın xülya olduğunu düşünənlər var. Bir həkim kimi deyə bilərəm ki, virus var və bütün dünya bundan əziyyət çəkir. Bu kimi viruslar insana çox asanlıqla keçə bilər. O insan ki, özünü qorumur, o, ailəsini, yaxınlarını, bütövlükdə cəmiyyəti təhlükə altına atmış olur”.

Həkim qeyd edib ki, bütün iş yerlərində, istər dövlət, istər qeyri-dövlər qurumları, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir.

Q.Şəfahətin fikrincə, bu məsələdə ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır: “İctimai nəqliyyatdan istifadə etdikdə çox diqqətli olmalıyıq. Sosial məsafələr saxlanmalıdır, qoruyucu maskalardan, digər tibbi vasitələrdən istifadə edilməlidir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Təəssüflər olsun ki, əksər vətəndaşlarımız bu tövsiyələrə riayət etmir. Metroda, avtobuslarda, insanların çox olduğu yerlərdə tibbi maskalar yaxalardan asılır, əllərdə tutulur. Maskalardan görüntü xatirinə istifadə edilir, bu təhlükədir”.

Kardioloq bildirib ki, uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib: “Qaydalara riayət edilməsə, karantin rejimi daha da sərtləşdirilə bilər. Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşının sağlamlığını qorumaqdır. Bunun üçün bütün vacib tədbirlər həyata keçirir. Vətəndaşlarımız bunu qaydalara əməl etməklə dəyərləndirməlidir. Bizdən nə asılıdır – təhlükəsizliyimizi qorumaq, sanitar-epidemoloji qaydaları gözləmək, bir-birimizə həmrəy, dəstək olmaq, virusla mübarizədə gücümüzü birləşdirməliyik. Həkim kimi vətəndaşlarımıza bir daha müraciət edirəm – harada olmağınızdan asılı olmayaraq ehtiyatlı olun, özünüzü, özümüzü, cəmiyyətimizi, gələcəyimizi qorumalıyıq”.
Azərbaycanda prokuror koronavirusa YOLUXDUAzərbaycanda prokurorluq əməkdaşında COVID-19 aşkarlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib:

“Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir”.