Məşhur repçi vəhşicəsinə öldürüldüKanadanın "Houdini" ləqəbli məşhur repçisi Cimarcio Ceniks vəhşicəsinə öldürülüb.

Kult.az xəbər verir ki, repçi Toronto şəhərində dostu ilə gəzərkən otelin yaxınlığında avtomobildən onlara atəş açılıb. Xəstəxanaya çatdırılan Houdini güllə yarasından vəfat edib. Həkimlər hazırda onun dostunun həyatını xilas etməyə çalışırlar.

Verilən məlumata görə, hücum nəticəsində 27 yaşlı naməlum bir qız da xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
ABŞ-dan Çinə qarşı yeni sanksiya“Çin Honkonqla bağlı verdiyi sözə əməl etməyib. Məhz bu səbəbdən Birləşmiş Ştatlar Çin Xalq Respublikasının və Honkonqun rəsmi şəxslərinə qarşı sanksiya tətbiq edəcək”

Modern.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

ABŞ prezidenti qeyd edib ki, Çin Honkonqun muxtariyyətinə hörmət etmir, bu səbəbdən sözügedən ölkənin rəsmi şəxslərinə sanksiya tətbiq olunacaq.

“Administrasiyaya tapşırıq verdim. Bundan başqa, ABŞ bütün imtiyazları, xüsusən Honkonqun istifadə etdiyi ticarət imtiyazlarını ləğv edir”,- deyə Tramp qeyd edib.
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdüDünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6 milyonu keçdi.

Avrasiya.net xəbər verir ki, saat 02:30-a olan son məlumata əsasən dünya üzrə 6,009,150 nəfərdə infeksiya aşkarlanıb, onlardan 366,039-u vəfat edib, 2,650,714-ü isə sağalıb.

Son sutkada ən çox yoluxma hadisəsi Braziliya (26,354) və ABŞ-da (20,837) qeydə alınıb.

Bu ölkələrdə pandemiya qurbanlarının sayı da çox olub. Belə ki, Braziliyada son sutkada ölənlərin sayı 1114, ABŞ-da isə 1080 nəfər olub.

Qeyd edək ki, COVİD-19 dünyanın 213 ölkə və regionunda yayılıb.






Daha 1400 şəhid ailəsinə və müharibə əlilinə ev veriləcəkMənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb. 2020-ci ilin sonuna bu rəqəm 9100-ə çatacaq.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir. Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.

Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb.

2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 min 100-ə çatacaq.

Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.
“Münaqişə mərhələli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”Nəsib Məhəməliyev: “Əks təqdirdə günü-gündən güclənən Azərbaycan ordusu öz sözünü deyəcək”

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün salınmış “Qobu Park 3” yaşayış kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev ictimaiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirib”.

Bunu Avrasiya.net-ə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib.

O, “Qarabağ münaqişənin yaranma səbəblərinə toxunan ölkə başçısı haqlı olaraq qeyd etdi ki, əgər həmin vaxt ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olsaydı, torpaqlarımız işğal olmazdı”, - deyə əlavə edib: “Heydər Əliyev Moskvadakı vəzifələrindən istefa verdikdən iki həftə sonra ermənilər separatçılığa başladılar. Nə qədər ki, Heydər Əliyev yüksək dövlət vəzifəsində idi, ermənilər cürət etmirdilər belə məsələləri qabardılmasına. Təəssüf ki, Qorbaçovun anti-azərbaycan mövqeyi ermənilərə rəvac verdi.
İkinci bir səbəb isə 1988-ci ildən başlayaraq fasiləsiz küçə mitinqləri, torpaqların müdafiəsindən daha çox vəzifə davası aparan “demokratlar”. Bütün bunlar xalqın qarşısında baş verib. Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın vahid dövlət olaraq dünya siyasi xəritəsində mövcud olmazdı.

— Diqqəti çəkən məqamlardan biri son vaxtlar Paşinyanın danışıqlar prosesindən qaçması və erməni ictimai rəyini aldatmasıdır. Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gələndən sonra xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Əvvəl bəyan etdiyi kimi Rusiyanın təsirindən çıxaraq Qərbyönümlü siyasət aparacağı ilə verdiyi vədi yerinə yetirə bilmədi və nəticədə Qərbdən maliyyə dəstəyi ala bilmədi. İqtisadiyyat zəiflədi. Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”ndə öz adamını hakimiyyətə gətirə bilmədi. Əhalinin sosial vəziyyəti pisləşdi. Strateji müttəfiqi olan Rusiya Federasiyasının siyasi rəhbərliyi tərəfindən qeyri-ciddi, peşəkarlıqdan uzaq, siyasi liderlərə məxsus etik normalardan bixəbər, davranışları ilə qıcıq yaradan təsadüfi bir şəxs olaraq qəbul edildi. Təbii olaraq bütün bunlar onun ictimaiyyət arasında nüfuzunun kəskin aşağı düşməsinə səbəb oldu. Buna görə də o, ictimai rəyi aldatmağa, Qarabağla bağlı danışıqlardan yayınmağa başladı.

Ancaq cənab Prezident bir mənalı şəkildə həm erməni ictimaiyyətini, həm də beynəlxalq təşkilatları xəbərdar etdi ki, münaqişə mərhələli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Əks təqdirdə günü gündən güclənən Azərbaycan ordusu öz sözünü deyəcək”.
Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatı - daha 2 nəfər vəfat etdiAzərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3125 nəfər müalicə olunaraq sağalmış, 58 nəfər vəfat etmiş, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılmışdır.
"Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır" Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, dövlət müasir dövrdə insanların rifah halının yüksəldilməsində mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində məhz sosial dövlət quruculuğuna ciddi fikir verilir: "Azərbaycan bu gün sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Bu kontekstdə isə əhalinin sosial təminatı üzrə proqramların yüksək səmərəliliklə reallaşdığını xüsusilə vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, sosial sferada davamlı və uğurlu proqramları reallaşdırmaq üçün lazımi səviyyədə iqtisadi potensial olmalıdır. Azərbaycan bu sahədə bütün işləri ancaq daxili imkanları hesabına görür, kənardan yardım almır".

A.Məmmədovun fikrincə, bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır: "Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da buna olan əyani sübutdur".

Millət vəkili bildirib ki, ölkə başçısı dəfələrlə bildirib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah halı və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas xəttini təşkil edir. Dövlətimizin başçısı verdiyi bütün qərarlarda ilk olaraq insanları düşünür: "Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev çıxış edərkən deyib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Qarşıya qoyulan hədəflərə görə, 2020-ci ildə məcburi köçkünlərə 7-8 min mənzilin verilməsi gözlənilir. Eyni zamanda buna nail olunsa, cari il ərzində Bakıda, Sumqayıtda və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Atılan addımlar isə nəticədə Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir".

Onun fikrincə, Cənab Prezident çıxışında həmçinin torpaqlarımız işğaldan azad ediləndən sonra həmin torpaqlarda gözəl binalar, şəhərciklər tikəciləcəyini, ermənilər tərəfindən dağılmış şəhərlərimizin yenidən qurulacağını diqqətə çatdırdı: "Bu isə bir daha Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan dövlətinin münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəf olduğunu diqqətə çatdırır. Çünki Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın".
Mayın 31-dən bu qadağalar ləğv olunur - Rəsmi açıqlamaAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan Avrasiya.net-ə daxil olan məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;
ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);
açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - QərarNazirlər Kabineti “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq yeni qərar verib.

Avrasiya.net xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir:

1. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Səfərli əməliyyatı: Külli miqdarda yeyinti aşkarlandıKütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.

Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, yoxlamalar zamanı küllü miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib.

Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyəti şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən belə tapşırıq gəlib.

Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən "Portos İnşaat", Jurnalist Evi MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub.