İsrailli ekspert “Startapların COVİD-19-dan çıxış strategiyası” mövzusunda çıxış edəcək08 May 2020-ci il tarixində saat 18:00-da İsrailli startap və akselerasiya eksperti Tal Catran Bakı Mühəndislik Universitetinin İnnovasiya Mərkəzi və Texnoparkının https://www.facebook.com/beutechnopark/ Facebook səhifəsində Canlı efirdə (Live stream) gənc startapçı və sahibkarlara “Startapların COVİD-19-dan çıxış strategiyası” mövzusunda çıxış edəcəkdir.

Tal Catran - TC Holdings platformasının qurucusudur. Bu platforma üzərindən o, bir çox startapın, software və hardware proqram təminatı sistemlərinin, həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. Cənab Catran biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. O, həmçinin bir sıra sənaye və iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə də böyük motivasiya mənbəyidir.

Cənab Tal eyni zamanda texnoloji startup, yenilik və təşəbbüskarlıq mövzusunda məşğul olan əsas mütəxəssis spikeri və TEDx spikeri, peşəkar alət qutusunu dünyanın hər yerindəki sahibkarları mentor etmək, həvəsləndirmək və ilhamlandırmaq üçün paylaşır.

Cənab Tal, Azərbaycan Startup və Biznes ekosisteminin əziz bir dostudur, tez-tez ölkədəki bir çox böyük başlanğıc tədbirlərində iştirak edir, əsas aparıcı və moderator kimi iştirak edir, həmçinin I2B və JAA-nın gənc sahibkarlarına məsləhət verir.

“Startapların COVİD-19-dan çıxış strategiyası” Tal Catran-nın təqdimatında olan Unitalks meetup-ı BMU İnnovasiya Mərkəzi və Texnoparkın, BMU Enactus,BMU Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfdaşlığı ilə həyata keçirilir.

QEYD: Tədbir ingilis dilində keçiriləcəkdir.
Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDIMilli Məclisdə struktur islahatları davam edir.

Avrasiya.net xəbər verir ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb.

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi - Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.
DİM sədri 9-cu və 11-cilərin buraxılış imtahanlarının vaxtını BƏYAN ETDİ9-cu və 11-ci sinfin buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılıb.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi iki deyil, bir mərhələdə keçiriləcək.

M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üzrə ilk buraxılış imtahanları 1 martda Bakı, Şirvan və Naxçıvanda keçirilib:

“Birinci mərhələdə iştirak edənlərin nəticələri 100 ballıq şkalaya uyğunlaşdırılacaq. 1 martda iştirak edən 40 min şagird təkrar imtahanda iştirak etməyəcək".

DİM sədri deyib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Onun sözlərinə görə, imtahanlar Operativ Qərargah tərəfindən hazırlanmış metodiki göstərişlərə əsasən həyata keçiriləcək:

“Qaydalara görə bir otaqda maksimum 12 şagird, hər masada 1 nəfər olmaqla imtahan verəcək”.
Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİAli məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Avrasiya.net-in məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, bu il imtahanlar 1 mərhələdə keçiriləcək və proses iyulun 20-dən sonraya planlaşdırılıb.

11 illik baza əsasında ali məktəblərə ərizə qəbulu mayın 12-dən iyunun 5-nə qədər davam edəcək.

M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər”.

DİM sədri qeyd edib ki, qəbul imtahanı proqramlarından martın 1-dən sonra 11-ci sinfə aid tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

M.Abbaszadənin sözlərinə görə, magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.
Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxduAzərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.
Mehriban Əliyeva xalqa MÜRACİƏT ETDİ - Pandemiya ilə müharibə davam edirAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib.

M.Əliyevanın rəsmi saytında yer alan müraciətdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm.

Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir.

Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi.

Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!

Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər.

Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır!

Əziz dostlar!

Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.

Əziz həmvətənlər!

Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"
Baş bankirin xəbərdarlığı: Bu banklar bağlanacaqBankların təqdim etdiyi hesabatlarla real göstəriciləri üst-üstə düşmür. Yəni banklar faktiki olaraq real göstəricilərini hesabatlarında qeyd etmirlər. Bu isə həm ictimaiyyəti, həm də dövləti aldatmaq deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel tarixli qərarına əsasən Atabank ASC və Əmrah Bank ASC-nin lisenziyalarının ləğv edilməsi, eyni zamanda bəzi bankların risk altında olması barədə ölkənin baş bankiri Elman Rüstəmovun açıqlamasını şərh edərkən deyib. Ekspert bildirib ki, banklar hesabatlarında vəziyyətlərinin yaxşı olduğunu göstərsələr də, Mərkəzi Bankın araşdırmaları ilə bunun heç də belə olmadığı ortaya çıxdı:

“Bu və bu kimi hallar bankların təqdim olunan hesabatlarına nəzarət mexanizminin yaradılması məsələsini aktuallaşdırır. Biz güman edirik ki, Mərkəzi Bank məsələ ilə bağlı əsaslı tədbirlər görəcək. Burada digər məsələ də bankların hesabatlarında yanlış məlumat təqdim etməklə qanunvericiliyi pozmasıdır”.

V.Bayramov bağlanmaq riski olan banklardan da danışıb:

“Konkret hansı bankların bağlanacağını demək çətindir. Digər tərəfdən, bu, Mərkəzi Bankın yeni qiymətləndirməsindən asılı olacaq. Təbii ki, sistem əhəmiyyətli banklarda vəziyyət qənaətbəxşdir. Həmin bankların maliyyə problemləri yoxdur. Lakin sistem əhəmiyyətli olmayan banklarda, düşünürəm ki, Mərkəzi Bank tərəfindən yeni qiymətləndirmənin aparılması düzgün olacaq”.

Ekspert vurğulayıb ki, Mərkəzi Bank önümüzdəki aylarda banklarla bağlı yenidən qiymətləndirmə aparacaq və bundan sonra bankların taleyi haqda konkret nəsə demək olar.
Vilyam Hacıyevin prokuror oğlu işdən ÇIXARILDI - RƏSMİDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Məhəmməd Hacıyevin işdən çıxarılması barədə xəbəri ilk olaraq unikal.org yayıb.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad eduilən Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.
İran Ermənistanın İsraildə səfirlik açmağını İSTƏMİR - RƏSMİİran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü Seyid Abbas Musəvi Ermənistanın İsraildə səfirlik açmaq istəyi ilə bağlı ona ünvanlanmış sualı cavablandırıb.

Avrasiya.net-in məlumatına görə, XİN rəsmisi deyib ki, İran Ermənistanın İsraildə səfirlik açmaq niyyətindən razı deyilş

“Bu narahatlığımız Təl-Əvivdə səfirlik açmaq istəyini elan edən Ermənistana da çatdırılıb. Ümidvarıq Ermənistan dövləti bu qərarını yenidən nəzərdən keçirəcək”.
Prezident və xanımı yeni xəstəxananın açılışındaMayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlət başçısı və birinci xanım tibb işçiləri ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVİD-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.