İctimai təşkilat elmin inkişafına necə dəstək verir?Alman Tədqiqat Fondu

Almaniyanın, eləcə də dünyanın bir sıra nüfuzlu universitetinin qoşulduğu DFG (German Research Foundation, Deutsche Forschungsgemeinschaft) Alman Tədqiqat Fondu (ATF) ictimai təşkilat olaraq ölkədə elmi tədqiqat işlərinin, eləcə də elm sahəsində beynəlxalq layihələrin dəstəklənməsini həyata keçirir. Onun fəaliyyət istiqamətlərinin, həyata keçirdiyi layihələrin maraq doğuracağnı nəzərə alaraq, məqaləmdə bu barədə bir qədər ətraflı məlumat verməyi qərara aldım. ATF konkret olaraq:

- Dünya elminə fayda verə biləcək elmi layihələri müsabiqə əsasında müəyyənləşdirib maliyyələşdirir;
- Elmin bütün sahələrində layihələrin dəstəklənməsi işini həyata keçirir;
- Hökümətə siyasi və elmi məsləhətlər verir;
- Gənc alimlərin elmi tədqiqat işlərinə dəstək verir;
- Beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərir;
- Elm və sənaye arasında əlaqələrin yaradılmasına nail olmaq və digər məqsədləri hədəfləyir.

Qeyd edim ki, hələ 1920-ci ildə yaradılan Alman Elminə Dəstək Cəmiyyəti 1951-ci ildə Alman Araşdırma Şurası ilə birləşərək fəaliyyətinin yeni bir mərhələsinə qədəm qoydu. Fikrimcə, ictimai təşkilat olaraq ATF-in fəaliyyəti elmi-ictimai sferada fəaliyyət göstərən təşkilatlar üçün olduqca maraqlı bir nümunədir. Maraqlı həm də burasıdır ki, bu təşkilat hazırda öz sıralaraında Almaniyanın, eləcə dünyanın aparıcı ali məktəblərini, elmi-tədqiqat müəssisələrini, Maks Plank adına elmi cəmiyyəti, Fraunqofer elmi cəmiyyətini, Helmoholtsa və Leybnits assosiasiyasını, eləcə də elmlər akademiyalarını və digər elmi təşkilatları birləşdirir. Təşkilat bir sıra beynəlxalq assosiasiyalarla əməkdaşlıq edir. Elmi-tədqiqat sahəsində aparılan beynəlxalq əməkdaşlıq, Alman Tədqiqat Fondu rəsmilərinin fikrincə, elm sahəsində qlobal rəqabəti aktuallaşdırıb. Elmi tədqiqatlara önəm verən dövlətlər həqiqətən də “işıqlı düşüncələrə” yol açmaqdadırlar. Alman Tədqiqat Fondunun qlobal miqyasda yürütdüyü elm siyəsəti də buna şərait yaradır. Bu çərçivədə Alman Tədqiqat Fondunun hələ 10 il əvvəl Almaniyada başladığı “Almaniyada tədqiqatlar” layihəsi ölkədə elmi tədqiqatlar sahəsində fundamental işlərə yol açdı, həmçinin elm sahəsində beynəlxalq əməkdaşlığı sürətləndirdi.

Qotfrid Vilhelm Leybnits mükafatı

Alman Tədqiqat Fondunun fəaliyyətində əsas istiqamətlərdən biri elmi nailiyyətlərin mükafatlandırılmasıdır. Bu mükafatlar elmdə uğur əldə edən elmi tədqiqatçılara verilir. Qotfrid Vilhelm Leybnits mükafatı gənclərdə elmə maraq oyatmaq, onların elmi araşdırmalarını dəstəkləmək üçün nəzərdə tutulub. Elm aləmində böyük önəm daşıyan bu mükafat görkəmli alman alimi Qotfrid Vilhelm Leybnitsin adını daşıyır.

Qotfrid Vilhelm Leybnits Almaniyanın Leypsiq şəhərində 1 iyul 1646-cı ildə Leypsiq Universitetinin fəlsəfə professoru Fredrix Leybnits və Katerina Şmukkun ailəsində dünyaya gəlib. Katerinanın atası Almaniyanın görkəmli hüquqşünaslarından olub. Profssor Fredrix Leybnits oğlunun istedadını hələ kiçik yaşlarında ikən müşahidə edib və onun inkişafı üçün əlindən gələni əsirgəməyib. Vilhelm sonralar bu barədə yazacaqdı: “Atam mənə tarixdən, olanlardan, keçənlərdən maraqlı əhvalatlar danışardı. Bu əhvalatlar çox kiçik olardı, amma özündə çox dərin mənalar daşıyardı. Atam onları o qədər maraqla danışırdı ki, mən onların bitməsini istəmirdim.” Vilhelmin 7 yaşı olanda atasını itirir. Bütün uşaqlar ki, o da bu hadisədən sonsuz kədər hissi keçirir. Atasından yadigar qalan zəngin kitabxana balaca oğlan üçün sığınacaq yerinə, atasının qoxusunu aldığı, ruhunu hiss etdiyi məkana çevrilir. Vilhelm bu kitabxananın övladı kimi həyata yenidən doğulur.

O, Leypsiq və Yen Universitetlərində təhsil alıb. Qotfrid Vilhelm Leybnits riyaziyyat, mexanika, fəlsəfə, ilahiyyat, hüquq, tarix, siyasət, dilçilik, geologiya, paleontalogiya, psixologiya və pedaqogika, siyasət, iqtisadiyyat, publisistika sahəsində zəngin irs yaratmış alman mütəfəkkiri, elm təşkilatçısı olub. Berlin Akademiyasının yaradıcısı və ilk prezidenti də məhz Leybnitsdir. O, Almaniyanın müxtəlif şəhərlərində bu akademiyaya bənzər mərkəzlər yaratmaqla, Almaniyada elmin inkişafına əsaslı şəkildə dəstək verib. Leybnits Birinci Pyotrun xahişi ilə Sankt-Peterburqda Akademiyanın yaradılması layihəsini işləyib, eləcə də Rusiyada elmi-tədqiqat mərkəzlərinin yaradılmasında iştirak edib. Zəmanəsinin görkəmli şəxsiyətləri ilə dostluq edən, onlarla daim fikir mübadiləsi aparan Leybnitsin zəngin irsi sırasında həyatının müxtəlif dönəmlərində aldığı 20 min məktub da önəmli yer tutur. Bu məktubları görkəmli alim 11 min nəfər dostu, həmkarı, oxucusu, tədqiqatçılarından alıb. 1682-ci ildə Leybnitsin təşəbbüsü ilə Leypsiqdə “Acta eruditorium” elmi jurnalı nəşr olunmağa başlayıb. Görkəmli alim bu jurnalda elmin müxtəlif sahələrinə həsr olunmuş bir sıra fundamental elmi məqalələrini dərc etdirib. Leybnits riyaziyyatda hesablamanın inteqral və differensial təhlilini verib. O, ingilis alimi Nyutonun kəşflərindən xəbərsiz tam müstəqil olaraq hesab (və ya riyazi analiz) (Calculus) elmini ixtira edib. Leybnits müasir kompüterlərin əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaradıb, quyudan su vuran nasosu kəşf edib. 1674-cü ildə yaratdığı "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşını riyaziyyatın inkişafına Leybnitsin verdiyi mühüm töhfələrdəndir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı. Leybnits 1679-cu ildə “Explication de l’Arithmétique Binaire” adlı məqaləsində müasir ikilik say sisteminin tam və geniş təsvirini verib. Qeyd edim ki, Leybnitsin həyatı, elmi fəaliyyəti, kəşfləri, ümumiyyətlə elmə verdiyi töhfələr hələ tam öyrənilməyib. Alimin elmi kəşfləri ilə bağlı səsləndirilən fikirlərdə bəzən yanlışlıqlar da olur. Leybnits 14 noyabr 1716-ci ildə Hannoverdə dünyasını dəyişib.

Qotfrid Vilhelm Leybnits mükafatının ümumi fondu 2,5 milyon avro təşkil edir. 1985-ci ildə təsis edilən bu mükafat fondu Almaniyada elm sahəsində ən yüksək mükafatlardan hesab edilir və alimlərə, eləcə də tədqiqatçılar qrupuna verilir. Qaliblər fondun tərkibində yaradılmış komissiya tərəfindən müəyyənləşdirilir.

Haynts Mayer Leybnits mükafatı

Haynts Mayer Leybnits mükafatı 1977-ci ildən elmdə uğur qazanan gənclərə təqdim olunur. Mükafat fondunun məbləği 20 min avrodur. Bununla yanaşı, beynəlxalq əməkdaşlığı dəstəkləyən, ikitərəfli tədqiqatlar üçün nəzərdə tutulan mükafatlar da alimlərin maraq dairəsindədir. Məsələn, Yevgen və İlse Seibold mükafatı Almaniya ilə Yaponiya arasında elmi əməkdaşlıqda nailiyyət əldə edən araşdırmaçılar üçün nəzərdə tutulur. Kopernik adına mükafat isə Almaniya ilə Polşa arasında elmi əməkdaşlığa dəstək verənlər üçündür. “Kommunikator”, Albert Mayçera, Avropa, Kaven, Bernd Rendel mükafatları elmin müxtəlif sahələrində uğur əldə edənlərə verilir. Ursula M.Qendel mükafatı heyvanların müdafiəsi sahəsində gördükləri əməli işlərə görə alimlərə təqdim edilir. Alman Tədqiqat Fondu dünyanın müxtəlif ölkələrinin elmi tədqiqat institutları, elmlər akademiyaları, tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Ümumiyyətlə, Alman Tədqiqat Fondunun beynəlxalq əməkdaşlıq sahəsində yürütdüyü strategiya bu əməkdaşlığın getdikcə genişlənməsinə yol açır. https://www.dfg.de/en/

Oxucularım üçün maraqlı olacağını nəzərə alıb, Alman Tədqiqat Fondunun 1 il ərzində (2018-ci il) maliyyələşdirdiyi layihələrin dinamikasına nəzər salaq. Həmin il 33 min 200 cari və yeni layihə maliyyələşdirilib. Bu layihələrin işlənməsinə 3 milyard 400 milyon avro vəsait xərclənib. Proqramlar çərçivəsində elmi tədqiqatlar sahəsinə yeni qədəm qoyanlara xüsusilə önəm verilib. Ümumiyyətlə, gənc alimlərin dəstəklənməsi proqramı Alman Tədqiqat Fondunun strategiyasında önəmli yer tutur. Bu layihələr fondun ümumi layihələrinin 35 faizini təşkil edir. 2018-ci ildə bu qəbildən olan 7 min 100 layihələyə vəsait ayrılıb. Bəhs etdiyim il çərçivəsində 99 milli və beynəlxalq əməkdaşlıq layihələrinə 800 milyon avroya yaxın vəsait xərclənib.

ATF-nn maliyyələşdirdiyi proqramları nəzərdən keçirirəm. Bu proqramlar müxtəlif elmi mərkəzlər, alimlər qrupu, tədqiqat mərkəzləri tərəfindən təqdim edilən aktual problemləri əhatə edir. Onlara ayrı-ayrılıqda diqqət yetirək:

Tərəfdaş Tədqiqatlar Mərkəzi

Bu mərkəzlər universitetlərin nəzdində 12 il müddətinə yaradılır. Universitetlərin kafedra və fakültələrinə, institutlarına proqram çərçivəsində qrant layihələri hazırlamağa imkan verilir. Universitet mövcud elmi resurslarını səfərbər edərək proqramda fəal iştiraka qoşulur. Bu proqram çərçivəsində universitetin elmi kadr potensialı qüvvələrini birləşdirərək eyni layihənin icrasına başlayır.

Elmi tədqiqat qrupları

Bu qruplar universitetlərin nəzdində gənc alimlərin elmi karyeralarının inkişafına nail olmaq üçün ATF-dən maliyyə dəstəyi almaq məqsədilə yaradılır. Burada əsas diqqət eyni zamanda, tədqiqat proqramlarının məqsədyönlülüyünü təmin etmək, təlim strategiyalarını strukturlaşdırmaq üçün doktorantlarla səmərəli iş aparmağa yönəldilir.

Prioritet proqramlar

Prioritet proqramların əsas xüsusiyyəti bundan ibarətdir ki, bu proqramlar ümummilli əməkdaşlığa əsaslanır. Bu proqram çərçivəsində icra olunan layihələr 6 il üçün nəzərdə tutulur. 6 ildən sonra Senat proqramı təsdiq edir, ATF proqramın davamı üçün müsabiqə elan edir.

Tədqiqat bölmələri

Tədqiqat bölmələri bir layihə üzərində işləyən qrupları özündə birləşdirir.

Klinik tədqiqatlar mərkəzi

Bu mərkəzin həyata keçirdiyi layihələr müəyyən xəstəliklər və pasientlərə istiqamətlənmiş klinik tədqiqatlara yönəlib.
Humanitar və sosial elmlərin dərinləşdirilmiş tədqiqi mərkəzi
Adından da göründüyü kimi, mərkəzin tədqiqatçıları humanitar və sosial elmlərin araşdırlması işini həyta keçirirlər.

ATF-in Tədqiqat Mərkəzi

Mərkəzin əsas məqsədi xarici ölkələrin məhşur və rəqabətədavamlı tədqiqat mərkəzləri ilə Almaniya universitetlərinin məhdud çərçivədə əməkdaşlıq əlaqələrinin yaradılmasını təmin etməkdir. Mərkəz, eyni zamanda, universitetlərin strateji inkişaflarının əsas elementlərini planlaşdırır, tədqiqat mühitinin yaradılmasına, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir.

Mükəmməllik qrupları (Strateji hədəflər)

Strategiyanın məqsədi dünyanın elmi tədqiqat mühitində uzaq perspektiv üçün Almaniyanın mövqelərini möhkəmləndirmək, elmi araşdırmalar sahəsində dövlətin rəqabətədavamlılığını təmin etməkdir. Strategiya Alman universitetlərinin inkişafına dəstək vermək üçün onların layihələrini dəstəkləyir, əməkdaşlıq və tədqiqatçılıq sisteminin təməllərinin möhkəmlənməsinə şərait yaradır.

Böyükağa MİKAYILLI,
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibi, tədqiqatçı-jurnalist

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdir müavinləri məlum olduMilli Məclis Aparatının birləşdirilən şöbələrinin müdir müavinləri məlum olub.

Modern.az-ın xəbərinə görə, İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov, müavini Rövşən Muradov, Mehdi Qurbanov təyin edilib.

Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim Seyid, müavini Səyyad Kərimov təyin olunub.

Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, müavini Babək Ağayev təyin olunub.

Ümumi şöbənin müdiri Gülnarə İsmayılova, birinci müavini Şakir Şabanov, digər müavinlər Şahin Mansurov, Emil Tağıyev təyin olunub.
Ələkbərovun Bakıdakı villası satılır: 15 milyona... - FotoBakının Tiflis prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.

Hit.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli məlumat verib.

Onun sözlərinə görə, dəbdəbəli mülk Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur:

"Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Tiflis prospekti, “Avropa” oteli və Heydər Əliyev İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış meyvə və dekorativ ağacları olan gözəl bağı var".
Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır! - Rəşad Rəhmanov Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini

Əslində bu siyasətin konturlarını bu günlərdə anadan olmasının 97- ci il dönümünü qeyd edəcəyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər deyərdi: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!" Eyni zamanda "Mən Ona özüm qədər inanıram" deyən ümummilli lider layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi və bu günə kimi həmin siyasi kursun layiqli davamçısı olduğunu əməli və sədaqəti ilə isbat etmiş cənab İlham Əliyevdir!

18 aprel 2018 –ci ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin andiçmə mərasimində çıxışının elə ilk cümləsində dediyi kimi: Azərbaycan xalqını bir daha əmin etmək istəyirəmki , bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Daha sonra 2003 –cü ildə, prezident seçiləndə söz verdiyini xatırladan İlham Əliyev: Mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bunu davam etdirəcəm! deyib. Hər keçən gün Azərbaycan xalqı bütün bunların sadəcə söz olmadığını hiss etdi. Hər bir verilən sözün arxasında diqqətin və qayğının dayandığını gördü, belə ki, 2019 cu ili sosial il kimi qiymətləndirmək olar. Həmin nitqdən irəli gələn məsələlərdən saatlarca danışmaq olar.

2020 -ci il ərzində bütün dünyada sürətlə yayılan və bəşər övladı üçün həyatı təhlükə daşıyan yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı qlobal problemlərə baxmayaraq cənab prezidentin tapşırığı ilə əlavə sosial proqramlar həyata keçirildi. İlkin olaraq 19 mart 2020-ci il tarixində imzaladığı sərəncamla 1 milyard manat vəsait ayırdı. Daha sonra Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyeva ilə 1 illik əmək haqlarını yaradılmış fonda ianə etdi və bununla bütün iş adamlarını xalqın yanında olmağa dəvət etdi.

Bütün bunları məntiqi sonluğu kimi deyə bilərəm ki, Azərbaycan xalqı cənab Prezidentimizə inanır və Onun yürütdüyü siyasəti bəyənir.

Yeni Azərbaycan Partiyasının fəalı kimi bütün bunlar məni sevindirməyə bilməz. Mən fəxr edirəm ki, məhz Heydər Əliyevin yaratdığı partiyanın üzvüyəm və bu gün bu siyasəti layiqincə davam etdirən Liderim var! Cənab Prezident çox sağ olun!
Şad xəbər: Sosial yardımın şərtləri sadələşdirilirPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.

Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.
Rəsmi Bakı Qazaxıstana NOTA VERDİQazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Avrasiya.net-ə XİN-dən məlumat verilib.

Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.

Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.
"Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir" Hazırda bütün dünya ölkələri pandemiya ilə mübarizəyə səfərbər olunub. Belə bir şəraitdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, koronavirus pandemiyasının yayılması ilə dünya iqtisadiyyatının qlobal böhrana daxil olması, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına da təsir etməyə başlayıb. Belə olan vəziyyətdə təbii ki, itkilər olmadan pandemiyanın təsirindən çıxmaq mümkün deyil. Əsas məsələ postpandemiya dövründə iqtisadiyyatın daha aktiv və sürətli inkişafı üçün indidən yaradacağı zəmin və sahibkarlara, insanlara olan köməkdir:

"Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir. Bu günlərdə neftin dünya bazar qiymətinin kəskin azalması, pandemiyanın yaratmış olduğu qlobal və regional çətinliklər və eləcə də əsas ticarət tərəfdaşlarımızda milli valyutaların kəskin devalvasiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Qlobal enerji bazarında müşahidə edilən qiymət azalmaları Azərbaycanın neft satışından dövlət gəlirlərinin azalmasına səbəb olur. Belə olan təqdirdə isə qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək. Sevindirici haldır ki, ötən dövr dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz müsbət nəticəsini göstərməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir".

Deputatın fikrincə, Azərbaycan dövləti artıq iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək və ölkə başçısının dediyi kimi, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar və dərin islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır:

"Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verilir. Bu prioritetlərin reallaşması isə birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq".
Karantin qaydalarını pozan şirkət direktoru həbs edilibDaxili İşlər Nazirliyinin şəxsi heyəti tərəfindən ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı aparılan məqsədyönlü mübarizə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, “Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, o karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Şahismayıl Orucov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Ölkədə siyasi münasibətlər getdikcə sağlamlaşır - Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda qeyd edib ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar davam etdiriləcək.

Həqiqətən də son parlament seçkilərində qələbə qazanan müxalifət partiya liderlərinin müxtəlif komitələrdə vəzifələrə təyin edilmələri, hətta vitse-spikerlərdən birinin müxalifətdən seçilən deputatın olması siyasi sahədə sağlam və şəffaf bir münbitin olmasından irəli gəlir.

Qeyd edildiyi kimi hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq baş tutur və artıq bu dialoqun ilkin müsbət təzahürləri görünür. Azərbaycanın bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq ona öz müsbət münasibətini bildiriblər.

Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq. Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.

"Xalq Cəbhəsi" nə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ölkədə yeni siyasi nizamın formalaşması və bu istiqamətdə dövlət başçısının açıqlamaları yeni açılımdan xəbər verir: "Məhz siyasi müxalifətlə dialoq, hakmiyyətdə struktur dəyişiklikləri göstərir ki, Azərbaycan post-pandemiyaya yeni bir sistemlə davam edəcək. Dövlət başçısının siyasi açılımı və müxalifətin müəyyən kəsimi ilə dialoqu yüksək qiymətləndirməsi yeni bir nizamın qurulmasından xəbər verir. Parlamentdə təmsil olan digər partiyaların rəhbərlərinin vəzifələrə təyini, dialoq və əməkdaşlıq istiqamətində atılan addımlar bu işin davam edəcəyinə, xalqın rifahına xidmət edəcəyinə, siyasi balansın qorunmasına yol açır. Hesab edirəm ki, yeni bir siyasi konfiqruasiyanın qurulması burada müxalifətlə əməkdaşlıq, yeni dəyərlər sisteminin qurulması ilə xalq və dövlət birliyinin təməlini yüksəldəcək. Bu istiqamətdə islahatlar labüddür və zamanıdır".

Politoloq siyasi partiya liderlərinin Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin dəvəti ilə görüşmələrini də sağlam siyasi münasibətlərin təzahürü kimi qiymətləndirib.

Cavid
Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxduAzərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1411 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılmışdır.