“Xoşagəlməz hallar digər rayonlarda da var” - Prezident icra başçılarından DANIŞDI“Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı deyib: "Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.

Eyni zamanda bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.

Ona görə bu dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır".
“Ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra satsınlar” - İlham Əliyev“Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycanın Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər:

“Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.

İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”.
“Karantin rejiminin əsas dəyəri”Şahin Seyidzadə
Milli Məclisin üzvü


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı pandemiya elan edildikdən sonra hökümət tərəfindən ilk mərhələdə qaydalar və tövsiyələr əsasında, 24 mart 2020-ci il tarixindən isə qüvvəyə minən xüsusi karantin rejiminə əsasən xəstəliyə yoluxmanın yayılmamasına qarşı addımlar atılmışdır. Karantin rejimi bir çox istiqamətdə fəaliyyəti və insanların hərəkətlərini məhdudlaşdırmışdır. Bir müddət keçdikdən sonra göstəricələrə görə virusun yayılmasında müsbət trendin müəyyən olunması əsasında, 27 apreldən tarixindən etibarən karantinə rejiminin qismən yumşaldılmasına dair qərarlar verilmişdir. İlkin yumşaldılma qərarından sonra Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.

Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir. Amma bu o demək deyil ki, karantin rejimi tamamilikdə dayandırılıb. Karantinin şərtləri üçüncü fazaya keçərək növbəti təhlillərə və bundan irəli gələrək növbəti “yoxlama tarix”indən sonra olan müddətdə veriləcək qərarlara əsas yaradır. Artıq bizim növbəti “yoxlama tarixi”miz 31 maydır. İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Bugünkü dönəmdən sonra bütün statistik göstəricilərin təhlili, epidemiyanın yayılmasının qarşısının alınmasında nəticələrinin ölçülməsi, virusun yayılma və yoluxanların sağalması tempinin müşahidə edilməsi və digər istiqamətlərə dair təhlillərin apaılması çox vacibdir. Növbəti addımlar (1) bəzi sahələrdə yumşalmanın, (2) bəzi sahə və istiqamətlərdə mövcud vəziyyətin saxlanılması və yaxud (3) hər hansı istiqamətlər üzrə qaydaların sərtləşməsi olaraq baş tuta bilər. Qərarlar müxtəlif ola bilər. Onları ətrafında diskussiya və fikir mübadiləsi apara bilərik. Lakin müzakirə olunmayan bir dəyər var, karantin rejiminin əsas dəyəri - insanların sağlamlığı və təhlükəsizliyidir. İnsan sağlamlığında hər hansı bir təhlükə varsa, onu heç bir maddi və qeyri-maddi göstərici ilə ölçülən vəziyyətə qurban vermək olmaz.

“Hökümət və xalqın qarşılıqlı münasibəti”

Bilirsiniz ki, hökümət və vətəndaşlar qarşılıqlı məsuliyyət və öhdəlik münasibətindədir. Çox xoşdur ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır, qəbul və əməl edir. Hökümət qanun çərçivəsində və yaxud tövsiyə əsasında müxtəlif qaydalara riayət edilməsinə çağırış edir. Əgər dövlət özünə məsuliyyəti götürərək, vətəndaşın sağlamlığın qorumaq naminə addımlar atırsa, o zaman hər bir vətəndaş həm hüquqi, həm də həyati vərdişlərə əsaslanan bu qaydalara riayət etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni vətəndaşların sağlamlığı ilə bağlı başda Prezident olmaqla, hökümət məsuliyyət daşıyırsa, o zaman sağlamlığın qorunmasının öhdəliyi isə vətəndaşların özündədir. Yəni vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı, sağlamlığının qorunması üçün məsuliyyət daşıyan hökümətin tövsiyə və qaydalarına əməl etməkdə öhdəliyi anlamalıdır.

Hökümət vətədaşların sağlamlığının qorunması, koronavirus yayılmasında minimum insan və iqtisadi itki ilə mövcud vəziyyətdən çıxmaq üçün qərarlar qəbul edərək bu məsuliyyəti öz üzərinə götürüb. Vətəndaşlar isə bu qərarlardan ortaya çıxan qanunlara və tövsiyələrə əməl edərək məsuliyyətin öz üzərinə düşən hissəsinə riayət etməlidir.

“Yumşaltma” və post-karantin dövrə hazırıqmı?

Sual əmələ gəlir – bizim üçün vacibdir karantin nə vaxt bitəcək? Yoxsa karantin bitənə qədər olan “yumşaltma” və yaxud bitəndən sonra olan dövrə hazırıqmı? Xüsusi karantin rejimi bitənə qədər vacib işlərin görülməsi, bitdikdən sonra tövsiyə edilən qaydaların tətbiqi və sağlamlıq statusunun qorunması kimi addımların atılması çox vacibdir. Hal-hazırda hər kəs gözləyir ki, “karantin rejimi bitsin”. Bəs “yumşaltma” və post-karantin dövrünə hazırıqmı? Bunun üçün hansı işləri görmüşük, görürük və görəcəyik? Ümumiyyətlə bitdikdən sonra nəyə hazırıq? Hansı ehtiyatları görmüşük? Əgər karantin rejiminin nisbətən və yaxud tam bitməsini gözləyiriksə ondan sonra olan mərhələyə hazır olmalıyıq.

“Qanuni və tövsiyə edilən qaydalara riayət edilməsində “tarazlaşma” prinsipi”

Hal-hazırda qanuni eyni zaman tövsiyə edici qaydalar mövcuddur. Nə qədər qanuni qaydalar liberallaşmağa doğru getsə bir o qədər tövsiyə edilən qaydalara məsuliyyətlə yanaşma və əməl edilməsinin öhdəliyi artır. Qanuni və tövsiyə edilən qaydaların riayət edilməsində “tarazlaşma” prinsipi qorunmalıdır.

Qaydalar liberallaşan zaman vətəndaşların məsuliyyəti xüsusi ilə artır. Liberallaşma və yaxud karantin tam bitəndən sonra qanuni olan tələblər tövsiyə xarakteri daşıya bilər və onlara əməl edilməsinin məsuliyyəti dərəcəsi heç də azalmır.

Suallar yenidən yaranır. Sözügedən icbari və tövsiyə edilən qaydaları həyat tərzimizə uyğunlaşdırmışıqmı? Yaxud karantindən sonra olan dövrdə karantindən əvvəl olan dövrdə olduğu kimi davam etməyə hazırıqmı? Bu sualların cavabları müsbət olmadığı halda iki risklə üzləşə bilərik: (1) xəstəliyə yoluxma sayının artmasıdır və yaxud (2) yenidən bu xəstəliyə yoluxmasıdır.

Karantin rejiminin liberallaşması dövründən başlayaraq ləğv edilməsi dövrünə qədər fiziki və hüquqi subyektlər, KİV nümayəndələri, ictimai birliklər və təşəbbüs qrupları məsələdə aktiv iştirakçı olaraq ciddi təbliğat aparmalıdır.

“Narahatlığın azalması hələ nəzarətin azalması demək deyil”

Hal-hazırda son statistikalar göstərir ki, ciddi narahatlıq yoxdur amma bu “narahatlığın azalması hələ nəzarətin azalması demək deyil”. Əgər bir şagird zəif oxuyursa və nəticələri yüksək deyilsə, o nəticələri yüksəltmək üçün müəllim, valideyn, şagird qarşılıqlı olaraq səy göstərir və nəticədə uğur əldə edir. Lakin hələ demək deyil ki, yüksək nəticə əldə olunandan sonra, bu səylər azalmalıdır və yaxud davam etməməlidir.

Növbəti qərarlar qəbul edilən zaman 5 prinsipi ciddi nəzarətdə olmalıdır: (1) tələsməmək, (2) digər ölkələrin təcrübəsini nəzərdən keçirmək, (3) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etmək; 4) yerli və müxtəlif sahələrin spesifik olan xüsusiyyətləri nəzərə almaq və (5) vətəndaşların gigiyenik-sanitar standartlara riayət etməsinə hazırlığı təmin etmək.

Yekun olaraq, qeyd etməliyik ki, ümumi fon pozitivdir və biz bu potizivliyi qorumaqla, karantin rejiminin yumşalmasına, post-karantin və post-pandemiya mərhələlərinə hazır olmalıyıq.
Anar Əlizadənin “SOCAR Türkiyə”də oyunları

AZƏRBAYCAN NEFT VƏ QAZINDAN GƏLƏN YÜZ MİLYONLARI TALAMAQ ÜÇÜN QURULAN MÜRƏKKƏB MEXANİZMİN SİRRİ

ANAR ALİZADƏNİN 1 İLDƏ ƏLDƏ ETDİYİ GƏLİRİN MƏBLƏĞİ YÜZ MİLYONLARLA DOLLARDIR

Azərbaycan neftindən əldə edilən gəlirləri ölkəyə daxil olmadan mənimsəmək üçün Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev yaxınlarından ibarət xüsusi bir şəbəkə yaradıb. Bu şəbəkə mürəkkəb bir sxemlə Azərbaycan neft və qazının satışından əldə edilən yüz milyonlarla dollar vəsaiti özününküləşdirirlər. Dünyanın ən müxtəlif ofşor zonalarında hesablar açaraq Azərbaycan neftindən və qazından əldə edilən pulları şəxsi bizneslərindən əldə edilən gəlir kimi sənədləşdiriblər. Söhbət 5, 10, 100 milyondan yox, yüz milyonlarla dollardan gedir. Məsələn, Anar Alizadənin bir ildə rəsmi kapitalı 300 milyon dollardan çox artıb. Bəs Anar Alizadə Rövnəq Abdullayevin dayısı oğlu olmaqdan başqa hansı xüsusi əqli keyfiyyətə malikdir ki, bir ildə gəliri yüz milyonlarla artıra bilir?

ANAR ALİZADƏNİN TÜRKİYƏ FIRILDAQLARI

Əvvəlki yazılarımızda Anar Əlizadənin Mübariz Mənsimova məxsus şirkətləri müsadirə əməliyyatları haqqında yazaraq Mübariz Mənsimova qarşı ifadə verən şəxslərlə Anar Əlizadənin biznes əlaqələrini üzə çıxarmışdıq. Bu yazımızda isə Anar Əlizadənin SOCAR-ın Türkiyədə qurduğu şirkətlərlə ortaqlıqları və SOCAR-dan qazandığı milyonlar haqqında ətraflı məlumat verəcəyik.


ANAR ALİZADƏNİN BİZNES SXEMİ

Öncə qeyd edək ki, Global Witness təşkilatının 2013-cü ildə yayınladığı hesabatda o vaxta qədər işgüzar çevrələrdə tanınmayan Anar Əlizadənin milyardlıq biznes şəbəkəsi üzə çıxarılmış, Anar Əlizadənin SOCAR ilə şübhəli biznes ortaqlıqlarından külli miqdarda vəsait əldə etdiyi məlum olmuşdur. Anar Əlizadə təkcə Supra Holding Limited şirkətindəki 40%-lik payın satışından 103 milyon dollar əldə etmişdir.

https://www.rns-pdf.londonstockexchange.com/rns/9123H_-2015-3-19.pdf

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan_anonymous_lr_0.pdf

DUBAYDAN AMSTERDAMA UZANAN FIRILDAQ ŞƏBƏKƏSİ

Niderlandın biznes reyestr məlumatlarına görə, 25 avqust 2009-cu il tarixində Amsterdamda Heritage-UGE Coöperatief U.A. (yeni adı: Eventus-UGE Coöperatief U.A.) şirkəti təsis edilib. Şirkətin təsisçisi mərkəzi Dubayın azad ticarət zonasında yerləşən Heritage General Trading FZE (yeni adı: Eventus General Trading FZE) şirkətidir ki, bu da Anar Əlizadəyə məxsusdur. Qeyd edək ki, Heritage General Trading FZE şirkəti eyni zamanda Supra Holding Limited şirkətinin təsisçilərindən biridir. Eventus-UGE Coöperatief U.A. şirkəti SOCAR ilə birlikdə Niderlandda 5 şirkətin təsisçisidir. Bu şirkətlərdə Anar Əlizadənin payı aşağıdakı kimidir.


Agena Petroleum Holding B.V. şirkəti 23 fevral 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis olunub. Coöperatief Menkent U.A. şirkətinin səhmləri SOCAR-ın nəzarətindədir.
Türkiyə biznes reyestr məlumatlarına görə, 5 dekabr 2011-ci ildə təsis edilən SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. ortaqları arasında Agena Petroleum Holding B.V. 70% paya malikdir. Anar Əliyev və ya soyadını gah Əlizadə, yaxud da Alizadə kimi təqdim edən şəxsin adı Agena Petroleum Holding B.V. şirkətini təmsilən müşahidə şurasının üzvləri arasında qeyd olunub.

SOCAR TÜRKİYƏ ƏMƏLİYYATI

SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. nəzdində Türkiyədə yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. 19 aprel 2017-ci ildə Agena Petroleum Holding B.V. SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 70% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır. Qeyd edək ki, 2013-cü ilin aprel ayında SOCAR Turkey Petrol Enerji Dağıtım Sanayi ve Ticaret A.Ş. tərəfindən SOCAR Turkey LNG Satış A.Ş. və Azoil Petrolcülük A.Ş. şirkətləri təsis edilib.

14 mart 2011-ci ildə Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə təsis edilən SOCAR Gas B.V. şirkəti isə Türkiyədə Azərbaycan qazının satışını həyata keçirən SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətinin təsisçisidir.

Belə ki, 11 sentyabr 2011-ci ildə SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkəti təsis edilmişdir. Bu şirkətdə SOCAR Gas B.V. 78.5% paya malik idi. 28.08.2017 tarixində SOCAR Gas B.V. SOCAR Turkey Gaz Dağıtım Sanayi ve Ticaret A.Ş. şirkətindəki 78.5% payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.
27 iyul 2011-ci ildə Amsterdamda Eventus-UGE Coöperatief U.A. və Coöperatief Menkent U.A. ortaqlığı ilə yeni bir şirkət – SOCAR Electric B.V. (yeni adı: Eventus Energy B.V.) təsis edilib. Türkiyə biznes reyestr məlumatlarına görə, SOCAR Electric B.V. 2 sentyabr 2011-ci ildə təsis edilən SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində 75% paya malik olmuşdur. SOCAR Power Enerji Yatırımları A.Ş. şirkətində SOCAR Electric B.V.-nin partnyoru isə hal-hazırda FETO terror qruplaşmasına üzv olduğuna görə beynəlxalq axtarışda olan Enver Taner Baltacının sahib olduğu Lotus Müteahhitlik şirkətidir. Enver Taner Baltacının SOCAR Power Enerji Yatırımları A.Ş.-də ümumi payı 24.46 % olmuşdur. 17 iyul 2013-cü ildə SOCAR Electric B.V. bu şirkətdə payını SOCAR Turkey Enerji A.Ş. şirkətinə sataraq ortaqlıqdan ayrılmışdır.

https://www.ogunhaber.com/genel/feto-operasyonu-azerbaycan-da-devam-edecek-574546h.html

https://www.sabah.com.tr/guney/2017/08/24/fetonun-enerji-sevdasi

Anar Əlizadənin bu satışlardan nə qədər vəsait əldə etdiği biznes reyestr məlumatlarında qeyd olunmayıb. Ancaq Sinqapur biznes reyestr məlumatlarına görə, Eventus-UGE Coöperatief U.A. və Eventus General Trading FZE şirkətlərinin təsisçisi olan Union Grand Energy PTE ltd. şirkətinin 2017-ci ildə aktivləri 492 milyon dollar, 2018-ci ildə isə 591 milyon dollar olmuşdur.
Qeyd edək ki, Anar Əlizadənin sahib olduğu Union Grand Energy PTE Ltd.şirkətinə daxil olan şirkətlərlə bağlı araşdırmalarımız davam edəcək.





















Toy-yas mərasimlərinə qadağa qüvvədədirKütləvi tədbirlər və toy-yas mərasimlərinə qadağa qüvvədədir.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, hərbi çağırışla bağlı ölkə rəhbərliyinə müraciət olunub:

"Qaydalar hərbi müəssisələrə təqdim edilib. Bu qaydalara riayət etməsək, əvvəlki vəziyyət geri qayıda bilər".
Maskadan istifadə etməyən cərimələnəcəkTibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq:

"Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.
Koronavirusa yoluxmanın ən çox olduğu rayonlar – SİYAHIKoronavirusa yoluxanların 50 faizi Bakı şəhərinin payına düşür.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, yoluxma daha çox Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarındadır:

“Həmçinin Sumqayıtda da yoluxanların sayı çoxdur. Bundan başqa son günlər Gəncə, Lənkəran koronavirusa yoluxanlar artır. Bu əhalinin karantin rejiminə ciddi əməl etməməsilə bağlıdır”.
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİMəlum olduğu kimi, AR Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Avrasiya.net-in xəbərinə görə, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

O bildirib ki, tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur:

“Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcəkdir. 01 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur”