Azərbaycan Prezidenti: “Aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik”“Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi” .

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan dövlətinin ilk gündən seçimi insanların həyatının qorunması olub: "Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.
Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər".
Elman Rüstəmov ləğv edilən banklardan danışdı"Bu gün Azərbaycanın bank sektorunda köhnəlmiş, bizə miras qalmış problemlər var və həmin problemlər sektorun aktivlərinin cəmi 3-4 faizini əhatə edir, yəni sistem əhəmiyyətli problemlər deyil".

Avrasiya.net xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın rəhbəri qeyd edib ki, ötən gün 4 banka inzibatçı təyin edilib: "Bu gün isə onlardan 2-nin lisenziyasını ləğv etdik. Onlardan birində - "Atabank"da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi. Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Digər bank isə "Amrah Bank"dır. Təbii ki, bu bankların problemləri bu gün yaranmayıb, yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-yə müəyyən tövsiyələr verildi, həmin tövsiyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər".

"Bu bankların əmanətçilərinin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq. Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa, kredit almaq üçün AMB-yə müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var",- deyə E.Rüstəmov vurğulayıb.
  Zelenskinin iradəsizliyi: Saakaşvilinin təyinatı baş tutmadıUkrayna hökuməti Mixail Saakaşvilinin Baş nazirin müavini postuna təyin olunması barədə parlamentə verilən təqdimatı geri çəkib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hökuməti belə bir addım atmağa vadar edən səbəb Mixail Saakaşvilinin təsdiqlənməsi üçün kifayət qədər deputatın dəstəyini almaması olub.

Saakaşvilinin kabinetə daxil olması üçün Ali Rada deputatlarının 226-nın səsi lazım idi. Əslində hakim Xalqın Xidmətçisi Partiyası parlamentdə 248 deputatla təmsil olunur və Saakaşvili o biri fraksiyaların rəyi olmadan da keçə bilərdi. Buna baxmayaraq, gürcü əsilli siyasətçinin partiyanın deputatları ilə danışıqları nəticə verməyib və o, sadəcə 170 parlament üzvünün dəstəyini qazana bilib.

Mətbuatın yazdığına görə, V.Zelenskinin komandası Mixail Saakaşviliyə başqa vəzifə təklif etməyi planlaşdırır.

Bunlardan biri də onun Xalqın Xidmətçisi Parityasından Odessa meri postuna namizədliyinin irəli sürülməsidir. Prezident bu məsələdə keçmiş həmkarına hər cür dəstək göstərəcəyinə söz verib.

Ukraynalı jurnalist Yuri Butusov isə Mixail Saakşvilinin təyinatı ilə bağlı prosesin iflasa uğramasına görə Prezident Vladimir Zelenskini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, dövlət başçısı hələ də İnstaqram ab-havasındadır.

“Bütün təşəbbüslər ancaq xarici effekt və rezonans yaratmaq üçündür. Zelenski Saakaşvilinin əli ilə hansı islahatları həyata keçirmək istədiyini də demədi. O, bu təyinata sadəcə media oyunu kimi baxırdı”, - deyə siyasi icmalçı qeyd edib.
ÜST-ün rəhbəri İlham Əliyevə təşəkkür etdiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Avrasiya.net xəbər verir ki, baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb.

“Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.
Tural Gəncəliyev Qarabağ ermənilərinə müraciət edib“Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır”.

Avrasiya.net xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Azərbaycan Milli Məclisinin üzvü Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev daha sonra bildirib:

“Məlum olduğu kimi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildiriblər.

Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir.

Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk.

Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq”.
"Təhsilimiz bu sınaqdan da layiqincə çıxmaqdadır"- Rufiz QonaqovRufiz Qonaqov: "Prezidentlə birinci vitse-prezidentin yorulmaz və qətiyyətli səyləri öz bəhrəsini verdi"

"Təhsil naziri Ceyhun Bayramovun ölkəmizdə təhsil və dərslərlə bağlı fikirləri tam olaraq, düzgün və dəqiq idi. Müzakirə olunan məsələ olduqca həssas və ciddidir. Belə tezliklə dərslərin başlanması həm təhlükəli, həm də çətindir".

Avrasiya.net xəbər verir ki, bunu açıqlamasında politoloq Rufiz Qonaqov bildirib.

Bütün dünya koronovirusla mübarizə apardığı bir zamanda, dövlətimizin qabaqlayıcı tədbirlərinin öz bəhrəsini verdiyini deyən politoloq qeyd edib ki, ölkəmiz dünya üçün nümunə ola biləcək bir səviyyədə bu qlobal bəladan da çıxmaq üzrədir:

"İtkilərimiz minumum səviyyədə, xəstələrin böyük əksəriyyəti sağalmaqdadır. Lakin, biz ehtiyatımızı əldən verib arxayınlaşa bilmərik. Dünyadakı vəziyyət də bunu deməyə əsas verir. Təhsil və tədris elə bir məsələdir ki, bu, vəziyyətin tam sabitləşməsindən asılıdır. Biz övladlarımızı risqə ata bilmərik. Təhsil Nazirliyi və aidiyyatı qurumlar bu karantin dövründə nə mümkündürsə edirlər. Hətta mümkün olandan da artığı olunur bəlkə də. Şagird və tələbələrimiz, müəllimlərimiz onlayın dərslərdə iştirak edirlər. Yəni təhsil və tədris tam dayanmayıb və davam edir".

R.Qonaqovun fikrincə, bu müddətdə karantin rejimi şagirdlərimizin və tələbələrimizin bilik səviyyəsinə ciddi təsir göstərəcək:

"Düşünürəm ki, təhsilimiz bu sınaqdan da layiqincə çıxmaqdadır. Əsas olan odur ki, cənab Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz və qətiyyətli səyləri öz bəhrəsini verdi. Ölkəmizdə şükürlər olsun ki, şagird, tələbə, müəllimlərimiz də daxil olmaqla, biz bu sınaqdan da mütəşəkkil və birlikdə çıxmaq ərəfəsindəyik".

“Necə Rusiyapərəst siyasətçiyəm ki…” - Qüdrət Həsənquliyevdən ittihamlara CAVABBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin İctimai TV-də Qarabağın azad edilməsi qarşılığında MDB-nin Avropa İttifaqı modelində yeni birliyə çevrilməsi məsələsinin mümkünlüyü barədə fikirləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Həmin kateqoriyadan olan insanlar hesab edirlər ki, Rusiya ilə yaxınlaşma keçmişdə baş verənlərə və Qarabağın işğal altında qalmasına görə yolverilməzdir.

Bəs görəsən, onlar nə dərəcədə haqlıdırlar?

Modern.az məsələ ilə bağlı Qüdrət Həsənquliyevin mövqeyini öyrənib. Deputat hesab edir ki, ona qarşı hücum edənlər xarici himayədarlarından yarınmaq istəyənlərdir:

"Əvvəla həmin adamların kimliyin araşdırsaq görəcəyik ki, onlar əsasən tərbiyəsiz,nankor adamlardır və hansısa xarici dövlətdən pul dilənənlərdirlər. Onlardan sadəcə istifadə olunur. Siyasət emosiya və şeyriyyəti sevmir. Digərləri isə məhz, bu qəbildən olan, işğala son qoymaq üçün heç bir ağıllı təklif irəli sürmək qabiliyyəti olmayan, çətin vaxtlarda heç vaxt prinsipial mövqe ortaya qoymağı bacarmayanlardır. Mənə hücum edənlər sadəcə xarici himayədarlarına yarınmaq istəyirlər. Bir vaxtlar Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda bu addımın yalnış olduğunu və ilk növbədə Türkiyənin maraqlarına cavab vermədiyini söyləmişdim. Onda da bugünkü qaragüruh düşmüşdü üstümə ki, sən niyə elə deyirsən. Sonra nə baş verdiyini təkrarlamağa ehtiyac yoxdur. Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və münaqişənin həllində maraqlı görünmür. Ona görə hökumətə təklif edirəm ki, Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparsın. Ermənistanla hər hansı danışığın faydası yoxdur. Əgər Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz. Ermənistanın, onun savaşda tam qələbəsini təmin edəcək, Qarabağda ermənilərin öz müqəddəratını müəyyən edəcək referendiumun keçirilməsini nəzərdə tutan, Madrid prinsiplərindən imtina etməsi də bununla bağlıdır. İndi elə bir beynəlxalq vəziyyət yaranıb ki, biz Qarabağ naminə, suverenliyimizdən imtina etmədən, Rusiyanın regiondakı maraqlarını nəzərə alsaq, onun mövqeyini dəyişmək ehtimalı var. Həm də qardaş Türkiyədən tələb və xahiş edə bilərik ki, hansısa regional məsələdə Rusiyanın marağını nəzərə alsın və onun Qarabağ məsələsində obyektivliyini təmin etməyə kömək etsin. 26 ildir danışıqlar davam edir, ermənilər torpaqlarımızı məskunlaşdırır, təbii sərvətlərimizi talayır. Necə Rusiyapərəst siyasətçiyəm ki, Rusiya ilə danışıqlar baş tutmayacağı təqdirdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmağımızı, Ermənistana heç kimin təzyiq etməyəcəyi təqdirdə, bizə hansı qiymətə başa gələcəyindən asılı olmayaraq, Böyük Vətən müharibəsinə başlamağı təklif etmişəm. Baxmayaraq ki, o zaman biz tək qalacağıq, Ermənistanın yanında isə Rusiya və İranla yanaşı Qərb də olcaq. Birinci Qarabağ savaşında olduğu kimi".

Qüdrət Həsənquliyev həmçinin qeyd edib ki, əgər Avropa İttifaqı modelində birlik suverenliyin itirilməsidirsə, niyə Türkiyə Avropa İttifaqına qoşulmaq üçün illərdir mübarizə aparır?

"Axı, orda keçmişdə həm bir-biri ilə, həm də Türkiyə ilə qanlı savaşlarda olmuş, bir-birinin torpaqlarını işğal etmiş çoxlu dövlətlər, xalqlar var. Ona görə də biz qabağa baxmalıyıq. MDB Avropa İttifaqı modelində İttifaqa çevrilərsə, bura Türkiyənin və İranın da qoşulmasına çalışmalıyıq. Bu halda biz Cənubi Azərbaycanlılarla eyni ittifaqın vətəndaşları ola bilərik. Yeni birlik Avropa İttifaqı və Çinlə regionda sağlam rəqabət apara və inkişafa böyük töhfə verə bilər. Kiçik dövlətlərin əzilməsinə və işğalına son qoyular, Avroasiya məkanında sülh olar", - deyə deputat bildirib.
"Atabank” və “Amrah Bank”la bağlı qərar verildiMərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

Azərbaycan Mərkəzi Bankından Avrasiya.net-ə verilən məlumata görə, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməyiblər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirib. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılıb və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaqdır.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır.
Lavrovun bəyanatının SİRRİ: Moskvanın səbri tükənir, tezliklə Qarabağda...“Ermənistan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatını təkzib etmək cəhdləri siyasi kobudluqdur”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Paşinyanın komandası əvvəl də Rusiya ilə bağlı dözülməz davranışlar sərgiləyib: “O, daim yalan danışır, ABŞ və Avropa İttifaqına quyruq bulayır, ölkə daxilində siyasi opponentlərini, həmçinin, rusiyayönümlü siyasətçiləri təqib edir. Rusiyada yaşayan erməni diasporu indiyə qədər Paşinyan komandasına qarşı münasibətin sərtləşməməsinə səbəb olan amildir. Bu diaspor siyasi dairələrdə, biznesdə, mətbuatda və kriminal strukturlarda nüfuzludur. Amma diaspor nə qədər müdafiə edə biləcək?! Moskvanın səbri tükənir, bu da Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla ümumi münasibətdə sərt mövqenin sərgilənməsi ilə nəticələnə bilər. Lavrovun bəyanatı sübut edir ki, Paşinyan Moskvanı çox qıcıqlandırır və Ermənistan Xarici İşlər Nazirliyi təsadüfən Lavrova diş qıcamadı”.

Markov hesab edir ki, tezliklə danışıqlar atmosferi dəyişəcək və Ermənistan Qarabağ məsələsində geri çəkilməyə başlayacaq.

“Pandemiya və dünya iqtisadiyyatında yaranmış böhran Ermənistanı buna məcbur edəcək”, - o bildirib.
Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxdu, 59 nəfər sağaldıAzərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.