Kim Çenin komada olduğu təsdiqləndi
Şimali Koreya lideri Kim Çen İnin səhhəti ilə bağlı mətbuatda yazılanlar təsdiqini tapıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.

“Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, - deyə bildirilir.

Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.

Məlumata görə, ölkə rəhbərinin vəziyyəti xəstəliyi səbəbindən pisləşərsə, hakimiyyətə kiçik bacısı Kim Yo-jonq keçəcək.

“Mən kimsəyə qarşı haqsız davranmamışam” - Əflatun Amaşov tənqidlərə cavab verdi
"Məni tanıyanlar yaxşı bilir ki, heç kəsin toyuğuna “kiş” deməmişəm. Kindən, küdurətdən uzağam. Barəmdə yersiz danışanlara, tənqid yağdıranlara münasibətdə norma gözləmişəm. İnanın ki, onlar sonradan üzr istəyəndə heç nə olmamış kimi gülümsəmişəm. Özüm qəsdən mövzudan uzaqlaşmışam ki, utanmasınlar. Mən beləyəm".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "facebook" səhifəsində yazıb.

Əflatun Amaşov daha sonra bildirib ki, Milli Məclisdə təmsil olunduğu dovrdə də hər zaman mətbuatın problemlərini dilə gətirib:

"Jurnalistlər hörmətli Vahid müəllimin (Milli Məclisin deputatı Vahid Əhmədovun) “Modern.az” saytına açıqlamasında mənim adımın da çəkilməsinə münasibətimi öyrənmək istəyərkən cavabdan yayındım. Yeri gəlmişkən, sağ olsun, həmkarlarım ağına-bozuna baxmadan haradasa diqqət çəkən yazı peyda olan kimi bir göz qırpımında, ya özlərinə məxsus saytlarda, ya da sosial şəbəkələrdə paylaşırlar, diqqətçəkən sərlövhələrlə mövzuya sanki rəng qatırlar. Nəyə görə həmkar məsələsini qabardıram. Çünki həmkarlarıma həmkar kimi yanaşmışam…

Bəzən hansısa məsələyə mülayim münasibət açıqlamışam və bilmişəm ki, bu, adekvat deyil. Ümumən tam adekvatlıqdan yayınmışam. Sadəcə ona ki, hər kəsdə daha çox müsbət nələrisə görməyə çalışmışam. Lakin elə məsələlər olur ki, həddən artıq ictimailəşir. İstər-istəməz düşünürsən və çox təəssüf ki, cavab vermək məcburiyyətində qalırsan. Nə üçün təəssüf edirəm? Ona görə ki, bəzən həm cavablar, həm də ümumən hansısa açıqlanmış fikir müəyyən münasibətlər sisteminə, bəlli dəyərlərə zərbə vurur. Adam bir yaşa çatanda əldə etdiyi dəyərlər barədə düşünür və təbii ki, onları itirmək istəmir. Axı, bu dəyərlər asan qazanılmayıb…

Vahid müəllim itirmək istəmədiyim adamdır. Onu lap çoxdan - ötən əsrin 80-ci illərindən tanıyıram. Həmin vaxt AzərTAC-da işləyirdim. O isə zavod direktoru idi. Sonrakı fəaliyyət yolundan da xəbərdaram. Milli Məclisin deputatı kimi həmkar təmaslarımız xoş münasibətə, qarşılıqlı hörmətə əsaslanıb. İndi medianın problemlərindən söz açır və məni də belə demək mümkünsə, problem piramidasında görür. Ümumən haqlıdır. Çünki media sahəsində çox işlər həyata keçirilməlidir. Bəs nəyə görə Vahid müəllimin medianın problemlərdən danışarkən mənim adımı hallandırması ilə razı deyiləm?

Dəfələrlə Milli Məclisin tribunasından mətbuatın ən müxtəlif çətinlikləri ilə bağlı fikirlərimi bildirmişəm. Aktual olan məsələləri qabartmışam. Hər bir parlament çıxışımı facebook sosial şəbəkəsindəki profilimdə paylaşmışam. Jurnalistlər də bununla bağlı materiallar hazırlayıblar. Vahid müəllim buyurub Milli Məclisin stenoqramlarını da izləyə bilər. Media müstəvisində qaldırdığım ƏDV-nin ləğvi, mətbu nəşrlərin yayımı, medianın hüquqi bazasının təkmilləşməsi, o cümlədən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, mediada reklam və sair bu kimi məsələlərlə hər kəs tanışdır. Həm Mətbuat Şurasının sədri, həm də deputat kimi bu kampaniyanı aparmışam. Kampaniyadan uduşlu tərəf ancaq media ola bilərdi. Bu istiqamətdə ən çox dəstəyi elə Vahid müəllimin özündən gözləmişəm. Hətta ummuşam. Niyə ondan gözləmişəm və ummuşam, bu barədə danışmaq istəmirəm, öz səbəblərim var. Təəssüf ki, dəstək görməmişəm. Parlament tribunasından diqqətə çatdırdığım problemlərin heç olmasa, biri həllini tapsaydı, indi müəyyən qədər fərqli mənzərə olardı…

Hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var. Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm. Qəbul etmədiyim isə haqsızlıqdır. Mən kimsəyə qarşı haqsız davranmamışam. Hər zaman cəmiyyət və media üçün məqbul, reallığa uyğun orta xəttin mütləq varlığına inanmışam. Bunun üçün çalışmışam. Bu gün də heç nə dəyişməyib. Media sahəsində islahatların aparılmasının, yeniliklərin tətbiqinin, şəffaflığın təmin olunmasının, xoşagəlməz halların araşdırılması və qanuna müvafiq surətdə qiymətləndirilməsinin tərəfdarıyam. Nə hörmətli Vahid müəllimin, nə də bir başqasının bu mövqeyimdən şübhəsi olsun.

Biz həyatımızın çox hissəsini yaşamış nəslin nümayəndələriyik. Bilmirik, nə qədər ömrümüz qalıb. Dahilərdən birinin sözüdür ki, insanın içindəki vicdan onun Tanrısıdır. Çox istərdim, hər kəs o Tanrı ilə üzbəüz qalanda əzab çəkməsin".
Dağlıq Qarabağla bağlı ABŞ-a məktub göndərildi
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasına məktub göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Konqres üzvü,

Mən, Amerika Birləşmiş Statları Konqresinin Erməni lobbisinə yaxın olan nümayəndələri - Frank Pallone, Jake Spayer, Qus Bilirakis və Adam Şiffə - Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınayıram və etiraz edirəm.

Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun qeyri-qanuni şəkildə işğalına davam edərkən Azərbaycan icması 28 ildən çoxdur ki etnik təmizlənmə yolu ilə zorla evlərindən qovulmuş və təməl insan haqlarından məhrum edilmişdir.

Bu kontekstdə, 31 Mart və 14 Aprel tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki "seçki şousu"nu qanuniləşdirməyə cəhd etmək məsuliyyətsizlikdir, çünki beynəlxalq ictimaiyyət, o cümlədən Amerika Birləşmiş Ştatları, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu” nu qəti şəkildə rədd etmiş, Azərbaycanla həmrəy olduğunu ifadə etmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin etnik təmizlənməsinin və qanunsuz işğalının nəticələrini qəbul etməyəcəyi barədə çox güclü bir mesaj göndərir.

İnsanların hüquqlarına, ümumbəşəri dəyərlərə və qanunun aliliyinə sadiq olduqlarını sübut etmək üçün həmin nümayəndələr yaxşı olardı ki, Ermənistanı vəziyyəti daha da ağırlaşdıran qanunsuz əməllərdən çəkinməyə, işğal olunmuş ərazilərdən çəkilməyə və konstruktiv şəkildə sülh danışıqlarını davam etdirməyə çağırış edə bilərdilər.

Lakin, bunun əksinə, yuxarıda adı çəkilən nümayəndələr ABŞ-ın əsas insan haqlarına hörmət və ümumbəşəri dəyərlər üzərində qurulan dövlətçiliyinin təməl prinsiplərinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilərn etnik təmizlənmə siyasətini dəstəklərini göstərdilər. Təəssüf ki, bu şəxslərin hərəkətləri Ermənistan cəmiyyətində tarixən bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam rəvayətlər irəli sürənlər tərəfindən dəstəklənməkdədir. Bu isə, nə Ermənistan üçün və nə də ümumilikdə regionun gələcəyi üçün müsbət heç nə vəd etmir.

Hətta həmin nümayəndələri bu “seçki şousu”nun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki sakinlərin COVİD-19 infeksiyasına yoluxma riskinin yüksək olduğu bir vaxtda keçirilməsi belə narahat etmirmiş. Bu amillər isə həmin nümayəndələrin işğal altındakı ərazilərdəki sakinlərə ümumiyyətlə əhəmiyyət vermədiklərini, ancaq xüsusi bir siyasi qrupun maraqlarına xidmət etdiklərini göstərir.

Təəssüf ki, faktlar və arqumentlər sübut edir ki, belə bir məktubun göndərilməsinin əsl mahiyyəti ABŞ-da yaşayan erməni diasporunun bəzi üzvlərinin təşviqi ilə bütün mənəvi və siyasi prinsiplərə, ləyaqətə zidd olaraq, sırf şəxsi qazanc məqsədi ilə həyata keçirilmişdir.

Qısacası, Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirən, Azərbaycanlılara qarşı həyata keçirilmiş ayrıseçkilik və etnik təmizləməyə təşviq edən məsuliyyətsiz “məktub” həm mənəvi, həm qanuni və həm də siyasi baxımdan tamamilə yalnışdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey, bütün məcburi köçkünlərin əsas insan hüquqlarınının təmin edilməsi üçün və həm erməni, həm də azərbaycanlı icmaları arasında dinc yanaşı yaşamağa xidmət edəcək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək addımlar atmaqdır. Bu ABŞ-ın siyasi rəhbərliyi tərəfdən həm müsbət bir nümunə, həm də davam edən ayrıseçkilik üzərində insan haqlarının qələbəsi olardı.

Sonda vurğulayıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc yanaşı yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-da bizim haqqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yalnış yoldan çəkinməyə çağırırıq".
İranda koronavirusdan ölənlərin sayı 5 391-ə çatdı
İranda daha 94 nəfər koronavirusun qurbanı olub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 5 391 nəfər olduğunu deyib.

O bildirib ki, daha 1 194 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 85 996 nəfərə çatıb.

K.Cahanpur həmçinin 63 113 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

O, 3 311 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 572 000-i ötüb. Bunların 701 540 nəfəri sağalıb, 178 550 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


(Virtualaz.org)
Deputat seçiciləri ilə növbəti onlayn qəbullar həyata keçiribBu gün, millət vəkili Şahin Seyidzadə Abşeron-Qobustan dairəsinin sakinləri ilə növbəti onlayn qəbullar həyata keçirib.

#evdəqal təlimatı və xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq Qobustan rayonu üzrə Qobustan şəhəri və Yekəxana, Poladlı kəndləri, Abşeron rayonu üzrə isə Güzdək, Qobu, Saray və Hökməli qəsəbələrinin sakinlər tərəfindən daxil olmuş müraciət əsasında video zəng vasitəsi ilə qəbullar baş tutub.

Miqrasiya və vətəndaşlıq, kənd təsərrüfatı, mədəniyyət və gənclərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan mərkəzlər, kommunal və abadlaşdırma işləri, sosial müavinət, dövlət tərəfindən ayrılan güzəştli ev kreditləri və iş müraciətləri əsasında gün boyu müraciətçilərlə fərdi görüşlərdə mövzular ətraflı dinlənilib.

Deputat xatırladıb ki, hazırda qüvvədə olan karantin rejimi ilə bağlı olaraq bu tipli onlayn görüşlər seçiciləri tərəfindən daxil olan müraciətlər əsasında davamlı olaraq həyata keçiriləcəkdir.

#covid19 #koronavirus #seyidzade50 #MilliMəclis #Abşeron #Qobustan
“Barselona” klubunda oynayacaq ilk azərbaycanlı - EKSKLÜZİV
İspaniyanın məşhur "Barselona" futbol klubunda bir ilkə imza atıla bilər.

"Olaylar" İspaniya Azərbaycanlıları Birliyinə istinadən xəbər verir ki, sözügedən futbol klubunda ilk dəfə olaraq azərbaycanlı futbolçu oynayacaq. "Barselona" futbol klubunda oynamaq şansı qazanan şəxs hazırda valideynləri ilə birlikdə İspaniyada yaşayan Turan Qasımlıdır.

İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov vasitəsilə Turan Qasımlının valideynlərinin redaksiyamıza verdiyi məlumata görə, 10 yaşlı gənc təmsilçimiz 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaga şəhərinə köçən Tural Qasımlı burada qısa müddət karete ilə məşğul olub. Lakin sonradan Tural öz istəyilə Malaga klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib. Buna səbəb Turalın solaxay olması, ancaq sol ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı və qıvraq biləkləri, mükəmməl ara pasları onu digər həmyaşıdlarından fərqləndirib.

Turalın valideynləri deyir ki, 2018-2019-cu ilin sezonu la Liga Benjamin ( junior) A komandasına yüksəlir və sezonun ikinci dövrəsində 7 nömrə formasını geyinərək komandanın dəyişilməz oyunçusuna çevrilir. İkinci dövrədə çıxdığı 15 oyunun hamısında start heyyətdə meydana çıxır. Orta sahə və ya sol qanadda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürməylə klub məşqçilərinin diqqətini bir az da üzərinə çəkir. Bununla yanaşi o, öz klubunda ilin ən dəyərli oyunçusu seçilir. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Granada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu oyuna İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir Eyni zamanda həmyerlimiz Turan Qasımlı da həmin oyuna dəvət edilir. 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyun keçirilir. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 qalib olur. Həmin oyunu izləmyə gələn ispan klubları Skaut komandalarının içində sözsüz ki, "Barselona" Skaut məşqçiləri də olur. Bundan sonra Turan artıq "Barselona"nın diqqətini üzərinə çəkmişdi.

Bir neçə ay keçdikdən sonra FİFA meneceri, həmçinin "Barselona" Skaut komandasının üzvü Marko Turanın Atasına telefonla zəng ederek onu istədiklərini söyləyirlər. Valideynləri deyir ki, hazırda sezonun bitməsini gözləyirlər: "Koronavirusdan dolayı klublara verilən ara nə qədər olacaq və necə olacaq, onu indidən deyı bilmirik. Amma bir şeyə inanırıq ki, Turan "Barselona"da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək".
Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin dəyişir, leysan, qar gəlir
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Tramp İran katerlərini məhv etmək tapşırığı verdi
ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə Amerika gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

Avrasiya.net xəbər verir ki, bu barədə prezident özünün tvitter səhifəsində yazıb.

Tramp tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin Amerika gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı qeyd olunmuşdu.
Prezidentin sərəncamı niyə İcra Hakimiyyətinin saytına yerləşdirilməyib?
Prezident İlham Əliyevin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsi ilə bağlı sərəncam ismayilli-ih.gov.az saytına yerləşdirilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib:

"Prezidentin İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla bağlı sərəncamı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmi saytına niyə qoyulmayıb? İcra Hakimiyyətinin vəzifəli şəxsləri və sayta cavabdeh şəxslər bilmirlər ki, Prezidentin həmin rayona aid sərəncamı dərhal sayta qoyulmalıdır. Bu töhmət olsa belə".

S.Vəkilov bildirib ki, bu İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası qanununa və Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin tələbidir.

Qeyd edək ki, Prezident İlham Əliyev Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən(DİN) Avrasiya.net-ə verilən məlumata görə, tədbir zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram narkotik vasitə heroin, 1,028 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Qeyd edək ki, A.Məmmədovun narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub. A.Məmmədov ifadəsində həmçinin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.

Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.