İsmayıllıda həmkəndlisinin maşınını atəşə tutdu
İsmayıllı rayonunda kənd sakini həmkəndlisinin avtomobilini atəşə tutub.

Axar.az xəbər verir ki, hadisə Namazgah kəndi ərazisində baş verib.

Kənd sakini Qalib Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Fərman Mirzəzadəyə məxsus LADA-21214 markalı avtomobilə qismən ziyan vurduğu barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən xuliqanlıqda şübhəli bilinən Qalib Mürsəlov saxlanılıb və ondan müvafiq sənədləri olmayan İJ markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Çinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Bu gün Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüşü baş tutub.

Görüşdə tərəflər hazırda COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.

Tərəflər, bu ilin 21 aprel tarixində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsini razılaşdırıblar.
Elgizə görə ARB cəzalandırıldı: 6 saat yayım olmayacaq...
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə MTRŞ-dan məlumat verilib. İclasda 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb.

Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

ARB televiziya kanalı ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.
Hacı Əbdülün mülkü üstündə qırğın başladı - Birinci ailəsi ikinci arvadını İTTİHAM ETDİ
“Babamın ikinci həyat yoldaşı hamımızdan televiziyaya şikayət edib. Biz də bundan sonradan xəbər tutduq. Məqsədi də babamdan qalan mülkə sahib olmaqdır. Babam dünyasını dəyişəndən sonra digər övladlarına da mülkdən pay düşürdü. Ancaq ikinci həyat yoldaşı heç kimi yaxın buraxmır”.

Bu fikirləri Modern.az-a “Tövbə” Cəmiyyətinin mərhum sədri hacı Əbdülün nəvəsi Fatimə Əbdülova məlumat verib.

Fatimə Əbdülova bildirib ki, babasının ikinci həyat yoldaşı birinci həyat yoldaşından olan 6 qızı və oğlunu mirasa yaxın buraxmayıb:

“Əslində babamın mülkü hər bir övladı arasında bölünməli idi. Ancaq ikinci yoldaşı bunu istəmirdi. Hətta babamın sağlığında da ailəmizə söz-söhbətlər salırdı. Biz kamera görüntülərini yoxlamağa gedəndə icazə vermədi. Biz ona dedik ki, “gəl səninlə gedək”. O isə bizdən qabaq polislə bağa gedib. O qadın mülklərin bölünməsini istəmir və hamısının özünə qalmasına çalışır. Biz istəyirik ki, “Tövbə” Cəmiyyətinə də babamın böyük oğlu sahib çıxsın. Çünki varisi atamdır”.

Hacı Əbdülün nəvəsi babasının vəfatından da söz açıb: “Babam dünyasını dəyişən günə qədər yaxşı idi. Hətta bizimlə telefonda danışanda deyirdi ki, “efirlərə baxıram ürəyim sıxılır. Elə deyirlər evdə qalın, çölə çıxmayın”.

Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il aprelin 6-da 79 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Hacı Əbdül Əbdülovun ikinci həyat yoldaşının 37 yaşı var. Mərhumun ikinci həyat yoldaşından 5 övladı qalıb.

İlham Əliyev Həsən Ruhani ilə danışdıAprelin 20-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb..

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Ramazan ayının gəlişi münasibətilə bir-birilərini təbrik edib və ən xoş arzularını xalqlarımıza çatdırmağı xahiş ediblər.

Dövlət başçıları ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Aprel ayının müavinət, təqaüd və kompensasiyaları ÖDƏNİLDİ
Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı. Proses sabah yekunlaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb.

Bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək.

Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər.

Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.
Gəlsinlər pul qoysunlar. - Prezidentdən çağırış
Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub.

Avrasiya.net xəbər verir ki, bunu bu gün “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindən sonra qurumun əməkdaşları ilə söhbət zamanı Prezident İlham Əliyev deyib.

“Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır”, - Prezident bildirib.
Koronavirus Rusiyanı parçalanma təhlükəsi ilə üz-üzə qoyacaq - Politoloq
“Koronavirusun Rusiyaya böyük təsir göstərəcəyi şübhəsizdir”.

Bu fikirləri Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə səsləndirib. O qeyd edib ki, 2012-ci ildən bəri Rusiyanın iqtisadiyyatı donmuş vəziyyətdədir:

“Neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində Rusiya büdcəsinin tarazlığı pozulacaq, böyük kəsir yaranacaq. Məcbur olacaqlar ki, əhalinin rifahı üçün toplanmış ehtiyat fonddan xərcləsinlər. Gələn il də Rusiyadakı mövcud vəziyyət davam edəcək. Rusiyanın vəziyyəti o qədər ağır olacaq ki, xarici ölkələrdən borc istəməyə məcbur qalacaq. Bundan sonrakı dövrdə Rusiyada həyat səviyyəsi düşməyə davam edəcək”.

Politoloq vurğulayıb ki, əksər siyasi təhlilçilərin qənaətinə görə, dünya bazarlarında neftin qiymətinin yenidən yüksək həddə qalxma ehtimalı çox zəifdir:

“Dünya bazarlarında hasil olunan 100 milyon barel neftin cəmi 70 milyon barelinə tələb var. OPEC ölkələri qiymətlərin tənzimlənməsi üçün tələb olunan hasilat azaldılmasının yalnız 1/3-ni təmi edə bilib. Nəticədə Rusiyanın neft sənayesində dərin böhran gözlənilir. Bütün sahələr üzrə maliyyə böhranının olacağı da ehtimal edilir. Siyasi böhran isə göz qabağındadır. Rusiyanı çətin günlər gözləyir. Artıq sosial şəbəkələrdə, dünya mətbuatı, onlarla siyasi təhlilçi Rusiyanın parçalanma təhlükəsi ilə üz-üzə qalacağını yəqin edir”.
Azərbaycanda koronavirusdan 19 nəfər vəfat edib
Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
“Ən azı sentyabradək vaxt lazımdır... " – Koronavirus daşınmaz əmlak bazarını da “vurub”
Koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri və ümumilikdə iqtisadiyyatda yaranmış böhran bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarını demək olar ki, tam durğunluq vəziyyətinə gətirib.

“AzPolitika.info”-nun bu sahədəki durumla bağlı fikrini öyrəndiyi “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin rəhbəri, ekspert Günay İsgəndərova qeyd edib ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisə olunmayacaq dərəcədə geriləmə müşahidə olunub: “Adətən yanvar-mart aylarında bazarda alıcılıq qabiliyyəti normal olurdu. Bazarda dinamikliyin zəifləməsi ilk olaraq neftin qiymətinin ucuzlaşması ilə başladı. Neftin qiyməti düşən kimi, insanlar ev, əmlak almaq əvəzinə pullarını xarici valyutaya çevirməyə üstünlük verdilər. Satılan mənzillər isə yalnız sosial evlər və ipoteka ilə verilmiş mənzillər oldu”.

Ekspert bildirdi ki, koronavirus pandemiyası yayılandan və karantin tədbirləri tətbiq olunandan etibarən daşınmaz əmlak sektorunda yaranan vəziyyəti şərtləndirən bir neçə səbəb var: “Bu durumun yaranması digər ölkələrlə sərhədlərin bağlanması, bəzi bank əməliyyatlarında məhdudiyyətlərin tətbiqi, regionlardan Bakıya gəliş-gedişin olmaması və digər səbəblərlə bağlıdır. Hətta ev almaq istəyənlər olsa belə, ev satanlar virus təhlükəsinə görə öz mənzillərinə kənar adamları buraxmırlar”.

Ekspert daşınmaz əmlak sektorundakı bu vəziyyətin hələ bir neçə ay davam edəcəyi, canlanmanın isə sentyabr ayından tez baş verməyəcəyi qənaətindədir: “Yay aylarında onsuz da əmlak bazarında digər aylara nisbətən sakitlik hökm sürür. Bu sahənin əvvəlki vəziyyətinə qayıtması üçün isə ən azı sentyabra qədər vaxt lazımdır.”

G.İsgəndərovanın fikrincə, xüsusilə təkrar mənzil bazarında vəziyyət daha acınacaqlıdır. İlkin mənzil bazarının iştirakçılarının isə bu durumdan daha az ziyan görəcəyi fikrində olan ekspert, yeni tikilən binalardakı mənzillərə olan tələbatın qalacağını vurğulayıb: “Təkrar mənzil bazarında bir müddət çətinlik yaşansa da, ilkin mənzil bazarında davamiyyət təmin ediləcək. Çünki ilkin mənzil bazarında satılan yeni tikilən binalardakı mənzillər binanı tikən şirkətlər tərəfindən həm daxili kredit, həm də uzunmüddətli bank kreditilə satılır. Ona görə də bu mənzillərə tələbat olacaq. Təkrar mənzil bazarında isə hələ bir müddət sakitlik hökm sürəcək".