Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Rusiya prezidenti Vladimir Putin koronavirusla bağlı hakim dairələrə xəbərdarlıq edib.

Publika.az-ın xəbərinə görə, o bildirib ki, Rusiyada epidemiyanın fəsadları qarşıdakı günlər ərzində daha da artacaq. "Bütün ölkə, insan həyatı üçün mübarizə aparmağa yüz faiz hazır olmalıdır" deyən Kreml rəhbəri, müvafiq qurumlara tapşırıqlar verib:

“Zirvəyə hələlik çatmamışıq. Virusun yayılması ilə bağlı yüksək təhlükələr var. Yoluxmalar sadəcə Moskvada deyil bütün bölgələrdə sürətlə artır”.

Qeyd edək ki, Rusiyada 32 mindən çox insan “COVİD-19”a yoluxub, 273 nəfər həyatını itirib.
Saxlanılan bələdiyyə sədri azadlıqda
Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev və Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.

Qərara əsasən, hər iki şəxs polis nəzarətində qətimkan tədbiri seçilib və sərbəst buraxılıblar.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozmaqda ittiham olunaraq saxlanılmışdılar.
Daha 25 min nəfərə 190 manat ödənildi
İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb.

Bu barədə Avrasiya.net-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə aldıqdan sonra mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda, istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Qeyd edək ki, Nazirlik tərəfindən işsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.
Deputat səhiyyə işçilərinin üzləşdiyi problemlərdən danışdı
“Bu gün pandemiya ilə mübarizə çərçivəsində səhiyyə işçilərinin gördüyü işlər yüksək qiymətləndirilir”.

Avrasiya.net-in xəbərinə görə, bunu millət vəkili Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən bildirib.

O deyib ki, bu gün xidməti və professional işlərini yerinə yetirməklə bağlı zor tətbiq etmə, zor tətbiq etmə ilə xəsarət yetirmə halları baş verir: “Səhiyyə işçiləri bəzən getdiyi yerdə nə ilə qarşılaşacağını bilmir. Bu reallığı qəbul etmək lazımdır. Bu gün bütün millət vəkilləri, Milli Məclis olaraq bu məsələyə qarşı Cinayət Məcəlləsində olan məsələyə düzəliş etməliyik. Bununla Azərbaycan səhiyyəsinin gələcəkdə daha çox inkişafına təkan verəcəyik. Bu məsələnin Milli Məclisin aidiyyəti komitəsində gündəmə gətirilməsini xahiş edirəm. Azərbaycan səhiyyə işçisi bu gün və bundan sonra da öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”.
Azərbaycanda koronavirusa yoluxanların sayı 1340 -a çatdı - 528 nəfər isə sağalıb
Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır.

Azərbaycan yeni siyasi dönəmə qədəm qoyub
MVP: "Bu günlərdə müxalif mövqedə dayanan iki siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması da siyasi sahədə atılan müsbət addımlardandır"

"Artıq Azərbaycan yeni siyasi dönəmə qədəm qoyub və bu dövrdə hakimiyyətin siyasi qüvvələrlə daha geniş aspektdə əməkdaşlığı özünü açıq şəkildə büruzə verir".

Avrasiya.net xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyib ki, bu müsbət tendensiyanın baş verməsi üçün Cənab Prezident İlham Əliyev tərəfindən ortaya siyasi iradə qoyulub:

"Dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı söylədiyi fikirlər, eləcə də yeni qanunverici orqanın həm rəhbərliyi, həm də ayrı-ayrı komitələrinin formalaşdırılması zamanı rəhbər vəzifələrə müxalifətdən olan siyasi partiyaların təmsilçilərinin də təyin olunması məhz bunun göstəricisi idi".

MVP rəsmisi qeyd edib ki, artıq Azərbaycan siyasətində yeni bir canlanma yaranıb və bu tendensiyanın yaranmasında hakimiyyətin özü daha çox maraqlıdır:

"2016-cı il referendumundan sonra Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbənin yaradılması, ötən müddət ərzində sözügedən şöbənin rəhbərliyinin ayrı-ayrı partiyaların sədrləri ilə görüş keçirib müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparması məhz hakimiyyətin siyasi sahədə də islahatlar həyata keçirmək, ayrı-ayrı partiyalarla qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətinin əyani sübutudur".

Partiya rəsmisi qeyd edib ki, bu günlərdə müxalif mövqedə dayanan iki siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması da siyasi sahədə atılan müsbət addımlardandır və bu qərar təkcə qeydiyyata alınan həmin iki partiya deyil, eləcə də əksəriyyət siyasi qüvvələr tərəfindən təqdir edilir:

"Hesab edirəm ki, bu hakimiyyətin siyasi partiyaların fəaliyyətinə, onların ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamasına yaratdığı şəraitlə yanaşı, həm də ölkədə həyata keçirilən siyasi islahatların bir parçası, davamıdır. 2016-cı il referendumundan sonra həyata keçirilən bu islahatların davam edəcəyi anonsunu isə Cənab Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı "İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz" fikirləri ilə vermişdi".
İlham Əliyevdən həbs olunan  icra başçılarına İTİHAM: “Özlərini və əcdadlarını biabır ediblər”
"Əvvəl demişdik ki, bu il üçün 50 min ödənişli ictimai iş yeri açılsın. Amma bugünkü vəziyyətlə əlaqədar bu rəqəm artırılmalıdır. Belə ki, bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. İndi mexanizm daha şəffafdır".

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, ilkin mərhələdə bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də öz ciblərinə basırdılar:

"Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini və əcdadlarını biabır ediblər. Öz yaxınlarına böyük ziyan vurublar. Dövlətə ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud işləmək qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində maaş alıb evinə çörək pulu gətirsin. Minimum əmək haqqını 250 manata qaldırdıq, amma bunu da mənimsəyib kartları özündə saxlayıb pulları çəkib varlanırdılar. Bu həm cinayət, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz".
İran bu tarixdə atom sualtı qayığı yaradacaq – Rus general
İran 10-15 il ərzində öz atom sualtı gəmisini yarada bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Silahlanma üzrə keçmiş rəisi general-polkovnik Anatoli Sitnov deyib.

“Nüvə reaktorları 1945-1947-ci illərdə yaradılıb. Yəni informasiya mübadiləsi dövründən o qədər çox keçib ki, İran atom sualtı qayığı üçün potensial toplaya bilib. Bu, artıq sirr deyil. Məncə, onlar bu silahı 10-15 il ərzində yarada bilərlər”, – deyə o bildirib.

Qeyd edək ki, İranın hazırda “Qadir” adlanan kiçik sualtı qayıqları var. Bu qayıqlar İran tərəfindən daha çox kəşfiyyat məqsədilə istifadə olunur.
Prezident karantin rejimini yumşaldır: Tapşırıq verildi
Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

"Statistikada müsbət dinamika olsa da, biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq. Görəcəyik ki, bu dinamika nə qədər çəkəcək, bu dinamika davamlıdır yoxsa yox. Və hansı əlavə tədbirlər görülməlidir".

Prezident daha sonra karantin rejimi ilə bağlı nazirlərə tapşırıq verib:

"Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq. Karantin rejimindən çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik. Bunun hansı formada olacağını gərək hökumət, nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm ki, uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlər əllərindən gələni edirlər ki, insanlara köməklik göstərilsin. Səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi onunla bağlıdır ki, xəstəliyin yayılma sürətini nəzarətdə saxlaya bildik".