Şabranda keçmiş məhbus ana və oğlunu GÜLLƏLƏDİ
Şabranda qətl hadisəsi törədilir.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxduğu bəlli oldu
Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılmışdır.

Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilmiş, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 200 nəfəri müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Mehriban Əliyeva: “Bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz”
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva talassemiyadan əziyyət çəkən insanlara dəstək üçün qanvermə aksiyasında iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, vitse-prezident paylaşımında onların addımını yüksək qiymətlənidirib.

"Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir.

Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz.

Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!"
Ermənistan Türkiyədən yardım istədi - Rəsmi
Ermənistan və İsrail yeni tip koronavirusla mübarizə çərçivəsində Türkiyədən yardım istəyib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

O bildirib ki, böyük dövlətlərin iqtisadiyyatının necə aciz vəziyyətə düşdüyünü gördük:

“Türkiyə bir daha qara gün dostu olduğunu bütün dünyaya göstərdi. Bu imtahanda uğur qazananlar gələcəyə doğru daha inamlı addımlar atacaqlar. Uğursuzluğa düçar olanlar isə gələcəyini itirəcək”.
Özünü “jurnalist” kimi təqdim edən məktəb direktoru saxlanılıb – FOTO
Koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejimini müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşının alınması məqsədi ilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə bildirilib ki, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonu ərazisində yaradılmış postda polis əməkdaşları tərəfindən rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb. S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da müəyyən edilərək polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə edilib.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.
Afaq Bəşirqızına bir neçə söz... Və ya Afaq Bəşirqızının ölüm səhnəsi...
Qəribədi...Həmişə babam deyərdi ki, çörəyimin duzu yoxdu. Vallah, elə bil bu torpağın da çörəyinin duzu yoxdu. Bu məmləkətdə ayaq tutan hansı bir insan övladına (təbii ki, az istisnalar olmaqla) necə deyərlər bir balaca işıq ucu göstərib dəyər verirsən özünü yer üzünün zülullahı hesab edir. Hətta elə zənn edir ki, ağlına nə gəldi danışa bilər. Təhqir belə olsa...

İndi bu Afaq Bəşirqızı da o qəbilədən olanlardan oldu. Heç olmaz olaydı! Deməli, bu günlərdə verdiyi müsahibədə rayon əhalisini göstərib deyir ki, Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bu günə düşmüşük. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar flan...

Bəli, bütün cəmiyyətlərdə olduğu kimi bizim də bu cəmiyyətdə Afaq Bəşirqızının dediyi neqativ hallar var. Olub, olur və bəlkə də olacaq. Çünki bu bir cəmiyyət prosesidi. Hər nə varsa müsbət ola bilməz. Bu öz yerində.

Amma adama deyərlər, ay Afaq Bəşirqızı bu məqamda axı sən kimsən, hansı ixtiyar sahibisən ki, hər hansı bir neqativ halı ümumiləşdirib bir əyalətə, xalqa şamil edirsən. Hətta təhqir etməkdən belə çəkinmirsən. Sənətinə dəyər verib, sevgi göstərib səni Afaq eləyən bu xalq olmadımı?! Salonlarda alqış səslərini sənə çatdıran əllərin sahibi bu xalq deyildimi?! Nə oldu, indi dəhlizlərdə təsəvvür edirsən bu xalqı.

Xalqı təhqir etmək, aşağılamaq ucalıq deyil. Heç ziyalılıqdan da deyil, nəyinki şəxsiyyətdən... Ziyalısansa tərbiyə et, nümunə göstər. Əgər lap bu xalqın əxlaqi problemlemləri sənin dediyindən də böyük olsa belə yenə ona günahkar sənsən, mənəm, əli kitablı, özü şəxsiyyət, düşüncə, ailik, mənəviyyat tanıyan hər kəsdi. Ziyalı öz ayıbının üstünə gülməz, ittihamla yanaşmaz, heç ona kinayə də etməz, onu bataqlıqdan xilas edər. Bəli, öz ayıbının! Cəmiyyətin istənilən bir ayıbı ziyalının ayıbıdır.

Adam sevgiyə, özünə xəyanət etməsin gərək, Bəşir Səfəroğlunun qızı!

Sayğılarla,
Emil Rasimoğlu
AYB-nin üzvü,
Prezident təqaüdçüsü
Radikal siyasi qüvvələrin fəaliyyətində hər zaman dövlətə, dövlətçiliyə xəyanət elementləri özünü göstərib
"Azərbaycan müxalifətinin radikal qanadının millətimiz, xalqımız üçün həssas dönəmlərdə dövlətçiliyimizə zərbə vurmaq, insanlar arasında çaşqınlıq yaratmaq cəhdinin daim şahidi olmuşuq və son günlər bir daha belə mənfi tendensiyanı müşahidə edirik".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının (MVP) sədr müavini Süleyman İsmayılbəyli Milli Şura adlanan qurumun ölkədə koronavirusa qarşı aparılan geniş və əhatəli tədbirlərə kölgə salmaq, guya bu istiqamətdə heç bir işlərin görülmədiyi barədə cəmiyyətdə yalnış məlumat formalaşdırmaq cəhdinə münasibət bildirərkən səsləndirib.

MVP rəsmisi deyib ki, bu radikal müxalifətin köhnə adətidir: "Yadınızdadırsa, AXCP sədri Əli Kərimli və onun rəhbərlik etdiyi Milli Şura adlanan qurum 2016-cı ilin uğurlu Aprel zəfəri zamanı da eyni mövqe tutmuş, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyata kölgə salmaq, xalqın qələbə sevincinə bədbinlik gətirmək üçün müxtəlif açıqlamalar vermişdi.

Təsadüfi deyil ki, həmin ərəfədə Əli Kərimli bu tipli açıqlamaları ilə erməni kütləvi informasiya vasiələri, saytlarının baş qəhrəmanına çevrilmişdi. Ona görə də, radikal siyasi düşərgədən indiki halda da ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə dəstək xarakterli hansısa bir fikir eşitmək sadəlövhlük olardı. Bu siyasi qüvvələrin fəaliyyətində hər zaman dövlətə, dövlətçiliyə xəyanət elementləri özünü göstərib".

Süleyman İsmayılbəyli onu da vurğulayıb ki, radikal siyasi düşərgə Azərbaycan dövləti, onun rəhbərliyi, şəxsən Cənab Prezidentin yeni növ koronavirusa qarşı apardığı mübarizə tədbirləri, bu istiqamətdə ölkədə həyata keçirilən tədbirləri, atılan addımları görməməzlikdən gəlsə də, lakin Azərbaycan xalqı bütün bunları görür və qiymətləndirir: "Hər gün respublikanın müxtəlif bölgələrindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ünvanına gələn təşəkkür, minnətdarlıq məktubları bunun əyani sübutudur.

Azərbaycan xalqı aydın şəkildə görür ki, dövlət, onun rəhbəri Cənab İlham Əliyev koronavirus pandemiyasının ölkədə geniş yayılmaması üçün əlindən gələni edir. Cənab Prezidentin bu istiqamətdəki fəaliyyəti mən deyərdim ki, yaxın və uzaq ölkələrə, dünya dövlətlərinə bir nümunədir".
Senatordan sərt çıxış: Çindən qisasımızı belə alaq!
Çin hakimiyyəti ABŞ üçün öldürücü olan koronavirus epidemiyasına görə məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem deyib. O, Pekindən qisas alınması gərəkdiyini və ABŞ-ın bu ölkəyə olan borcunun bir qisminin silinməsi lazım olduğunu bildirib. Qrehem bunun hesabına işsizliyin artırılmasının kompensasiya edilməsi gərəkdiyini deyib:

“Pandemiya Çin ucbatından yaranıb. Bu, artıq Çindən gələn üçüncü xəstəlikdir. Pekin indi gərək Vaşinqtona ödəniş etsin. Çin gərək davranışını dəyişsin”.
“Uşağı böyütməyə hazıram“ - Lerikdə müəllimindən hamilə qalan məktəbli
"Müəllimindən 5 aylıq hamilə olan 11-ci sinif şagirdindən DNT analizi götürüləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, istintaq qrupu hadisə ilə bağlı bütün ehtimalları yoxlayır:

"Amma uşaq doğulmalıdır, ən dəqiqi onda bilinəcək. Qız hamilə qaldığından xəbərsiz olduğunu deyib. Elə biliblər ki, kistası var. Anası həkimə aparıb, müayinə zamanı məlum olub ki, hamilədir".

Mehriban Zeynalova deyir ki, qızın uşaqdan imtina etmək kimi bir fikiri yoxdur: "Qız deyir ki, "ana kimi uşağı böyütməyə hazıram"".

Qeyd edək ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nazir Ramiz Zeynalova yeni müavin təyin etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova yeni müavin təyin edib.

V.Eyvazovun müvafiq əmri ilə, polis polkovniki Fuad Mayılov DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri təyin edilib.

Qeyd edək ki, F.Mayılov bu vəzifəyə qədər Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi olub. /Unikal.org