Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının onlayn iclası keçirilib. İclasda koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər məsələlər müzakirə olunub.

Şura sədri, deputat Azay Quliyev iclası giriş sözü ilə açaraq gündəliyə təqdim olunan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq, yekdilliklə qəbul olunub.
Gündəliyə təqdim olunan məsələ haqqında Katibliyin icraçı direktoru Fərasət Qurbanov geniş məruzə ilə çıxış edib. Şura üzvləri koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı təqdim olunan təklifləri məqsədəuyğun hesab etdiklərini bildiriblər.
Şura 2 aprel 2020-ci ildə "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edib. Qərarda deyilir:

1. Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lərin iştirakı ilə 2 aprel 2020-ci ildə onlayn qaydada keçirilmiş Ümumrespublika Konfransının təklifləri nəzərə alınsın (təkliflər üçün aşağıya bax) və baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilsin;

2. Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması istiqamətində ictimai nəzarət, monitorinq və məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə Şuranın yanında İctimai Qərargah yaradılsın;

3. İctimai Qərargah ümumrespublika konfransında irəli sürülən və vətəndaş cəmiyyətinin funksiyalarına aid olan məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər görsün;

4. İctimai Qərargah Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası ilə əlaqədar xüsusi gücləndirilmiş karantin rejiminin tələblərinə uyğun yeni Qaydalar hazırlasın;

5. İctimai Qərargah fəaliyyəti barədə mütəmadi olaraq Şuraya hesabat versin və gördüyü işlər barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırsın;

6. Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına digər televiziyaların, KİV-lərin, habelə QHT-lərin informasiya resurslarının cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülsün;

7. Koronovirusla mübarizə tədbirlərini gücləndirmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai şuraların iştirakı ilə onlayn müşavirənin keçirilməsi təşkil edilsin;

8. Karantin dövründə vətəndaşların evdə vaxtının səmərəli keçirilməsinə yardım etmək məqsədilə "Evdə qalaq, birgə olaq" ictimai dəstək və marifləndirmə kampaniyası təşkil edilsin.

9. Şura Katibliyi bu qərarların icrası ilə bağlı müvafiq tədbirlər görsün.

2 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nda irəli sürülən

TƏKLİFLƏR

1. Şuranın yanında dövlətin COVİD-19 pandemiyası ilə apardığı mübarizəyə dəstək məqsədi ilə “QHT-lərin İctimai Qərargahı” yaradılsın.

2. Şuranın Real TV ilə birgə təşkil etdiyi “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyası təqdir olunsun, onun əhatə dairəsi daha da genişləndirilsin. Ölkənin digər televiziya kanallarının da bu kampaniyaya qoşulması təşviq edilsin.

3. Qərargahın onlayn Qaynar Xətti yaradılsın.

4. Qərargah QHT-lərin monitorinq aparma qaydaları haqqında təlimat hazırlasın.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri ilə onlayn konfrans keçirilsin.

6. QHT sədrlərinin, ictimai fəalların, sosial şəbəkələrdə nüfuz liderlərinin əhaliyə video və ya yazılı müraciətləri hazırlansın, “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasının şərtlərinə uyğun çağırışlar edilsin.

7. Regionlarda ictimai nəzarət və məlumatlandırma işinin təşkili üçün QHT-lərin regional resurs və təlim mərkəzləri və yerli QHT-lərin fəal iştirakı təmin olunsun.

8. Vətəndaşların evdə vaxtının səmərəli keçirilməsinin təşkilinə yardım məqsədilə müxtəlif mövzularda “evdə qalaq, birgə olaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyanı təşkil edilsin.

9. Özəl sektora müraciət olunsun ki, ərzaq və tibb ləvazimatların onlayn alış-veriş, sifariş və çatdırılma xidmətlərinin əhatə dairəsi və sayı artırılsın, bu sahədə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq genişləndirilsin.

10. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın məsul nümayəndələri ilə QHT-lərin onlayn görüşü keçirilsin.

11. COVİD-19 pandemiyasına qarşı dövlət proqramlarının təşviqi və onun icrasına ictimai nəzarətin həyata keçirilməsi təşkil olunsun.

12. Hökumətin qeyri-rəsmi məşğul əhalinin dəqiq sayının müəyyənləşdirilməsi və onlara sosial yardımların edilməsi ilə bağlı tədbirlərinə ictimai dəstək verilsin.

13. Marketlərdə, mağazalarda və digər satış yerlərində qiymətlərin süni artırılmasının qarşısını almaq və bu barədə müvafiq qurumları məlumatlandırmaq məqsədilə ictimai monitorinqlər təşkil edilsin.

14. İctimai Qərargah üzvlərinin fəaliyyətini təmin etmək üçün onlara birdəfəlik və uzunmüddətli buraxılışların verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilsin.

15. Yaşı 65-dən aşağı və sağlamlıq durumu hazırkı pandemiya şəraitində işləməyə adekvat olan QHT sektorunda fəaliyyət göstərən könüllülərin siyahısı hazırlansın və koronovirusla mübarizə üzrə həyata keçirilən tədbirlərə cəlb edilsin.

16. Xüsusi karantin rejimində leykozlu, talasemiyalı və digər qan xəstəliklərinin daşıyıcılarına qan köçürülməsi, tibbi yardımın göstərilməsi, donorların qanvermə aksiyalarında iştirakı istiqamətində zəruri tədbirlər görülsün.

17. Ölkə ərazisi üzrə bütün təhsil müəsisəsələrində distant təhsilin təşkilini sürətləndirmək məqsədilə müfaviq qurumlar qarşısında məsələ qaldırılsın və bunla bağlı görülmüş işlərin ictimai monitorinqi həyata keçirilsin.

18. Eşitmə və nitq məhdudiyyətli insanlar üçün maarifləndirici və məlumatlandırıcı sosial çarxların, elanların, məlumatların işarət dili ilə çatdırılması təşkil edilsin. İxtisaslaşmış QHT-lər bu işə cəlb olunsun.

19. Koronovirus pandemiyasının yayılmasına səbəb ola biləcək bərk tullantıların, istifadə edilmiş tibbi ləvazimatların toplanıb məhv edilməsi ilə bağlı görülən işlər genişləndirilsin. Ətraf mühitin qorunması sahəsində ixtisaslaşmış QHT-lər bu işə cəlb olunsun.

20. Hazırkı sosialtəcrid dövründə vətəndaşların, o cümlədən hüquqi və fiziki şəxslərin internetdən istifadə ehtiyaclarının artmasını nəzərə alaraq, ölkə üzrə internet xidmətinin keyfiyyətinin və sürətinin artırılması, eyni zamanda internet xidməti ödənişlərinin ən azı karantin müddətində 50 faiz azaldılması məsələsi hökumət qarşısında qaldırılsın.

21. Kabel televizyalarının abunə qiymətlərinin aşağı salınması və proqramların sayının artırılması haqqında məsələ qaldırılsın.

22. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, habelə yataqxana tipli binalarda mütəmadi dezinfeksiya işlərinin aparılması müvafiq qurumlar qarşısında qaldırılsın.

23. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yuxarıda qeyd edilən bütün təkliflərin icarası ilə bağlı müvafiq tədbirlər görsün.
Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik.
Koronavirusla mübarizədə vətəndaşlar sosial məsuliyyət hiss edib, qaydalara riayət etməlidirHikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Bu gün bütün bəşəriyyət koronavirus adlı qlobal təhlükə ilə üz-üzə dayanaraq onunla mübarizə aparır. Qısa müddət ərzində dünyada çox böyük itkilərin olduğunu görür, yoluxma hallarının 1 milyondan çox olduğunu müşahidə edirik. Belə bir həssas məqamda isə dünya ölkələrinin hazırda əsas məqsədi ən az zərər, itki, yoluxma ilə virusdan yaxa qurtarmaqdır.

Lakin burada təkcə dövlətlər, hökumətlər tərəfindən görülən işlər, atılan addımlar yetərli deyil. Burada hər bir vətəndaşın şəxsi mövqeyi olmasa ölkələr virusun öhdəsindən gələ bilməyəcək.

Bütün mürəkkəb situasiyalarda, həlledici anlarda hər bir xalq üçün milli birlik çox mühüm əhəmiyyət kəsb edir. Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti Prezident İlham Əliyevin xüsusi göstərişləri, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müvafiq addımlar atır. Lakın mart ayı ilə müqayisə etsək hazırda ölkə və vətəndaşların real təhlükə mərhələsinə qədəm qoyduğunun şahidi olacağıq. Çünki bu gün bütün dünyada yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur.

Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər kəs bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Əfsuslar olsun ki, nəinki bizdə, hətta digər dövlətlərdə də insanlar şüuraltı bu xəstəliyin nə qədər ciddi olduğunu dərk etmirlər. İnsanlar öz yaxınını bu bəlaya düçar olduğunu görmədən inanmaq istəmirlər.

Koronavirus çox təhlükəli xəstəlikdir. Aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb. Bu gün dövlətimizin demək olar ki, bütün qurumları, nazirlikləri bu xəstəliklə mübarizəyə səfərbər olub. Hər kəsə müraciət olunur ki, qoyulan qaydalara riayət edərək özlərini bu bəladan qorusunlar. Lakin bütün bunların fonunda hər gün virusa yoluxmuş xəstələrin sayının artması təbii ki artıq həyəcan siqnalından xəbər verir. İlkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı.

Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Buna görə də xalqımız dövlət başçısının bu istiqamətdə atdığı bütün addımları dəstəkləyib, bu virusla mübarizəyə səfərbər olmalıdırlar. Hər kəs öz vətəndaşlıq borcunu dərk etməli, dövlətin koronavirusla mübarizədə atdığı addımlara dəstək olmalıdırlar. Dünyanı caynağına keçirmiş pandemiyadan ölkəmizin və vətəndaşlarımızın minimal zərərlə çıxmasına köməklik göstərmək bizim tarix və gələcək nəsillərimiz qarşısındakı məsuliyyətimizdir.
Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİMüdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Milli qəhrəmanlar adından Prezident İlham Əliyevə müraciət edib.

Avrasiya.net xəbər verir ki, müraciətdə deyilir:

"Bütün dünyanı cənginə almış, hətta ən güclü Avropa ölkələrini diz çökdürmüş koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməmişdir. Şükürlər olsun ki, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik cavab vermiş, ilk xəstəlik faktının qeydə alındığı andan etibarən pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmış, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə yüksək səviyyədə təmin edilmiş, əhali arasında maarifləndirmə aparılmış, quru sərhədləri bağlanmış, aviareyslər təxirə salınmış, ölkə daxilində ciddi karantin rejimi tətbiq olunmuşdur. Xaricdən qayıdan vətəndaşlarımızın istisnasız karantinə alınması, ölkə üzrə onlarla xəstəxananın koronavirus xəstələrinin sərəncamına verilməsi belə bir vəziyyətdə olduqca təqdirəlayiq haldır. Bu gün dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilmişdir. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Sizin imzaladığınız müvafiq Sərəncamla böyük həcmdə maliyyə vəsaitinin ayrılması, pandemiyadan zərər çəkmiş sahibkarlara və bu sahədə çalışanlara yardım göstərilməsinə dair göstəriş verməyiniz bir daha sübut etdi ki, dövlətimizin yürütdüyü siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan gələcəyi durur. Pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin yürütdüyünüz siyasətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən də təqdir edilməsi qürurverici haldır.

Hörmətli cənab Prezident!

Biz - Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!".
Çox sayda SMS göndərən şəxslər də cərimələnəcəkVətəndaşlar xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki, sistem intellektualdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Kimlərsə bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərərsə, sistem artıq onu təhlil edib, araşdıracaq. Daha sonra polisə xəbərdarlıq edə biləcək. Bunun da bir cəzası mövcuddur. Yəni vətəndaşlarımız bilməlidirlər ki, bu sistemdən zərurət olduqda istifadə etmək lazımdır. Belə bir vaxtda məsuliyyətli olmaq lazımdır", - E.Vəlizadə qeyd edib.
Koronavirus pandemiyası hər bir cəmiyyət üçün sınaqdırAnar Məmmədov
Milli Məclisin deputatı


Bu gün artıq dünyanın 203 ölkəsi koronavirus pandemiyasının təhdidi ilə üz - üzə qalıb. Mükəmməl səhiyyə sisteminə malik, ən yüksək elmi texnologiyaları olan ölkələr belə bu virusun yayılmasının qarşısını almaqda və virusla mübarizədə çətinlik çəkirlər. Virus dünyada sürətlə yayılmaqda davam etdiyindən vəziyyət ən pis ssenari üzrə inkişaf etməkdədir. Dünyanın 200 - dən çox ölkəsində yayılan bu virusla mübarizə müxtəlif ölkələrdə fərqli üsullarla aparılır, sərhədlər bağlanır, dövlətlər təcrid olunur. Bu ağır vəziyyət məhz səhlənkarlığın nəticəsində hazırda geniş coğrafiyada yayılıb, insanların koronavirusu ciddiyə almaması və dövlətin qoyduğu qadağalara əməl etməməsi bu çətin vəziyyətin yaranmasına səbəb olub.

Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Məsələn, İtaliyada, İspaniyada, ABŞ - da virusun bu qədər ağır keçməsinin səbəbi də, 65 yaşdan yuxarı insanların əhalinin 23% - ni təşkil etməsidir. Yəni İtaliya dünyanın ikinci ən yaşlı ölkəsidir və buna görə itkilər çoxdur. Son günlər isə Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. Təbii ki bunun belə kütləvi hal almasının bir sıra səbəbləri var. İlk növbədə virusun inkubasiya dövrünün çox olması və xəstəliyin üzə çıxmasının 28 günədək çəkə bilməsi, eyni zamanda virusun ilkin mərhələsində infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi isə həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır.

İlk gündən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb, eyni zamada ölkədə karantin rejimi elan olunub. Belə bir çətin zamanda vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir.

Çünki indiki şəraitdə özümüzü təcrid etmək və ciddi karantin rejiminin tələblərinə əməl etməklə bu virusa qarşı səmərəli mübarizə apara bilərik. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin də öz çıxışında dediyi kimi " vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun ". Ona görə də zəruri ehtiyac olmadan insanlar evlərindən çıxmamalıdır. Əks halda, hər hansı məsuliyyətsiz hərəkət daha pis fəsadlara gətirib çıxara bilər. Buna görə də xoşagəlməz halların qarşısını almaq üçün qaydalara riayət etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın dediyi kimi biz birlikdə, həmrəy olub, qaydalara riayət etməklə bu virusa qalib gələcəyik.

O baxımdan həmrəy olub vətəndaş kimi üzərimizə düşən məsuliyyətimizi dərk edib, təkcə özümüzün deyil, eyni zamanda ətrafımızdakı insanların da sağlamlığını və təhlükəsizliyini düşünməliyik. Buna görə də hər kəsi mütləq şəkildə evdə qalıb, bütün tələblərə riayət etməyə çağırır, dövlətimizin apardığı böyük işlərə dəstək olmağa səsləyirəm. Çünki bu virus hər bir cəmiyyət üçün bir sınaqdır və biz bu sınaqdan alnıaçıq çıxmalıyıq.
Bakıda tanınmış jurnalist maskasız olduğuna görə 100 manatat cərimələnib - AÇIQLAMAMaskasız olduğuna görə polisin cərimələdiyi tanınmış jurnalist, Novator.az saytının baş redaktor müavini Hikmət Sabiroğlu olayla bağlı mətbuat üşün açıqlama verib.

Avrasiyaet-in məlumatına görə, H.Sabiroğlu bunları deyib:

“Aprelin 2-si axşam tərəfi işdən evə qayıdanda metronun “İnşaatçılar” stansiyasının yanında xidmət aparan polis zabiti məni saxlayıb şəxsiyyət vəsiqəmi tələb etdi. Çıxarıb verdim, həmçinin xidməti vəsiqəmi göstərib jurnalist, Novator.az saytının baş redaktor müavini olduğumu, işdən gəldiyimi dedim.

Zabit maskasız və əlcəksiz olmağıma irad tutub mənə 100 manat məbləğində cərimə yazacağını bildirdi. Etiraz etdim, karantin qaydalarında maska və əlcək taxmaq tələbi nəzərdə tutulmadığını dedim, amma etirazım qəbul olunmadı.
Açığı, bu ağır dövrdə polis əməkdaşlarının üzərinə böyük yük düşdüyünü nəzərə alıb, həm də zabitin çox qərarlı olduğunu görüb dərinə getmədim, narazı olsam da, xüsusi irad bildirmədən inzibati xəta protokolunu imzaladım. Protokolda məhz maskasız və əlcəksiz olduğuma görə cərimələndiyim qeyd edilib.

Elə həmin gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidova bu barədə məlumat verdim, aprelin 3-də isə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu bilgiləndirildi. Bu anlaşılmazlığın yoluna qoyulacağı ümidi ilə olayın ictimailəşdirilməsini istəmədim.

Ancaq cərimələndiyimi bilən bəzi dostlar sosial şəbəkədə bu haqda yazıblar, kütləvi informasiya vasitələri də buna əsaslanıb xəbərlər yayır, məndən açıqlama istəyir. Ona görə hadisənin necə olduğunu açıqlamaq zorunda qaldım. Ağır günlərdən keçdiyimizi nəzərə alaraq bu xətanın üstündə çox dayanmağa lüzum görmürəm...”.
İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat
Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, sonuncu açıqlamanızda qeyd etmişdiniz ki, COVİD 19 epidemiyası, daha doğrusu pandemiyası ilə əlaqədar mövcud qanunvericiliyə görə ölkədə fövqəladə vəziyyət elan olunmalıdır. Amma onu da vurğulamışdınız ki, fövqəladə vəziyyət elan olunmasa da artıq tətbiq olunur. Sizcə niyə rəsmi olaraq fövqəladə vəziyyət elan olunmur?

- Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah COVİD-19 epidemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunması barədə qərar qəbul edərkən içəridən kimsə deməyib ki, istinad etdiyiniz 1992-ci ildə qəbul olunmuş "Sanitariya - epidomoloji salamatlılıq haqqında Qanun"un 25-ci maddəsi 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın 112-ci maddəsi ilə ziddiyət təşkil etdiyi üşün Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinə əsasən qüvvədən düşüb. Bu həm də "Normativ hüquqi aktlar" Haqında Konstitusiya qanununun "Normativ hüquqi aktlar"ın kolliziyasının həlli qaydaları adlanan 10-cu maddəsinin tələbidir. Konstitusiyanın 147-ci maddəsinə əsasən Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olduğundan Konstitusiyanın 112-ci maddəsinə əsasən epidemiyaya qarşı mübarizəni təşkil etmək üçün "fövqəladə vəziyyət" elan olunmalı və təcili qaydada qanunlarda yalnız adı çəkilən karantin rejiminin nə olması barədə Qanun qəbul olunmalı idi. Ancaq islahatlar düşüncələrə tam hakim kəsilmədiyindən, hələlik kənar təkliflərə münasibət çox zaman pozitiv olmur. Ya da ola bilsin hökumətin qulağında hüquqi termin kimi mahiyyəti qanunvericiliyimizdə öz əksini tapmamış "karantin rejimi" söz birləşməsi "fövqəladə vəziyyət rejimi" söz birləşməsindən daha yaxşı səslənir. Əlbəttə, bu bir zarafatdır.

- Qüdrət bəy, Operativ Qərargahın qəbul etdiyi qərarlara xalqımızın tabe olma, yaxud hörmət etmə səviyyəsi Sizi qane edirmi?

- Müəyyən istisnalarla insanlar onların azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Çünki qəbul edirlər ki, bu onların yaşamaları üçün vacibdir. Deputat həmkarımız Zahid Oruc zarafatla deyir ki, "evdə qal!" şüarı "Çalış ölmə!" şüarı ilə əvəz olunsaydı, daha cəlbedici və təsirli olardı.

Qəbul olunmuş qərarlara ciddi əməl olunmasının zəruriliyi barədə həm Prezidentin, həm Mehriban xanımın xalqa səmimi və çox təsirli müraciətləri oldu. İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər. Qeyd etdiyim istisnalar isə onunla bağlıdır ki, bəzi insanlar bu virusun çox da təhlükəli olmaması və siyasi məqsədlərlə ortaya atılması barədə internet üzərindən aparılan təxribat xarekterli təbliğatın təsiri altına düşürlər. Bəziləri isə təxribatçı çıxışları ilə insanların şüuraltına təsir etməklə onları arxayın salmağa və təhlükəni ciddi qəbul etməməyə sövq edirlər. Bir fakt göstərim. Bir-iki gün bundan əvvəl patiyamızın funksionerlərindən biri Əli Kərimlinin "Yuotube" üzərindən yayımlanmış çıxışının kiçik bir parçasını mənə göndərdi. Çıxışın həmin hissəsinə qulaq asandan sonra fikirləşdim ki, xalqının mənafeləri üçün mübarizə apardığını bəyan edən, özünü ciddi adam sayan birisi necə belə danışa bilər?!. Bu adam hökumətin epidemiyaya qarşı apardığı mübarizəyə kölgə salmaq məqsədilə öz cılız siyasi maraqları naminə bəyan edir ki, bəzi mütəxəssislərin təsdiqini tapmamış mülahizələrinə görə, ola bilsin, bizdə epidemiya ona görə geniş yayılmır ki, bizim insanlar vərəm əleyhinə peyvənd olunublar. Fikirlərinin təsdiqi kimi keçmiş sovet respublikalarında da epidemiyanın geniş yayılmamasını misal çəkir. Sonra da özünə müdafiə qurmaq üçün deyir ki, mən də sərt tədbirlərin tərəfdarıyam. Bu cür təxribatçılar ifşa olunmalıdır. Əgər sən sərt qərarların tərəfdarısansa elmi cəhətdən təsdiqini tapmamış fikirləri niyə yayıb insanları epidemiyaya ciddi yanaşmamağa sövq edirsən? Çünki bu adam fikirləşir ki, epidemiya iqtisadiyyata ciddi ziyan vurmaqla sosial gərginliyi artıracaq və ona siyasi ambisiyalarını gerçəkləşdirməyə imkan yaradacaqdır. İnsanların həyatına son qoyan, onların rahatlığını əlindən almış bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi sadəcə rəzalətdir. Ona görə xalqımız nəzərə almalıdır ki, hökumətin məhdudiyyətlərin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsaslanır və həyati əhəmiyyətlidir.
KİVDF-nin yeni rəhbəri - Dosye
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

AFN xəbər verir ki, o, bundan əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Əhməd İsmayılov 1980-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri,
2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.

20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.

Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.

Ailəlidir.