Radanın daha bir deputatı koronavirusa yoluxdu
Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, deputat Anna Skoroxod koronavirusa yoluxma faktı ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl Ali Radanın deputatları Sergey Şaxov, Ruslan Qorbenko və Sergey Rudik da koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bakıda sürücülər arasında dava: bıçaqlanan var
Bakının Nəsimi rayonunda gənc oğlan taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

Taksi sürücüsü kimi fəaliyyət göstərən 1991-ci il təvəllüdlü Abdullayev Nahid Vahid oğlu eyni ərazidə taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxslə mübahisə edib.

Mübahisə zəminində Elçin bıçaqla N.Abdullayevin bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.Abdullayevin vəziyyəti ağırdır.
"Bu, həqiqətən də müharibədir"
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan həkimlərinin fəaliyyəti ilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir.

Koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə onun öhdəsindən gələ bilmirlər.

Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir.

Bir çox ölkələr kimi, Azərbaycan da fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətindədir. Görünməz təhlükə ilə mübarizə bu gün müxtəlif istiqamətlərdə aparılır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər.

Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir.

Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

Əziz tibb işçilərimiz,

Fədakarlığınıza, imkanlarınız daxilində sərf etdiyiniz əməyə, hər gün nümayiş etdirdiyiniz qəhrəmanlığa görə sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu gün sizin simanızda biz xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük.

Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq.

Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram!

Uca Tanrı sizi qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.
Koronavirusdan İtaliyada daha 889 nəfər öldü
İtaliyada son sutka ərzində koronavirusdan 889 nəfər ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb:

"Bu gün 70 065 italiyalı koronavirusa yoluxub, bu göstərici bir gün ərzində 3 651 pasiyent artıb. Koronavirusdan 889 insan ölüb. 12 384 nəfər sağalıb, dünənki sayla müqayisədə 1 434 nəfər artıb”.

Qeyd edək ki, ölkədə pandemiya qurbanlarının sayı 10 023 nəfər təşkil edib. Ötən gün 589 xəstə sağalıb.
Prezidentdən xəbərdarlıq: “Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək”
"Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz".

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Azərbaycan Prezidenti bildirib:

"Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal.

Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”.

Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır.

Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək".
Prezidentdən mesaj: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına”
"Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır".

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Dövlət başçısı bildirib:

"Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər.

Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk".
“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham Əliyev
"Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır: "Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.

Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz".
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.
Bu şəxslər Bakıya buraxılacaq - SİYAHI
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydası təsdiqlənib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qaydaya əsasən, polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (iki nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri - təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər - polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

Eyni vaxtda polis postundan beşdən artıq işçisi keçən müəssisə və təşkilat onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.


Türk həkimlər koronavirusun müalicəsində İLKƏ imza atdılar
Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib.

A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: “Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli olaraq, biz toplanan qan örnəklərini əvvəlcə test edəcəyik və təmizlədikdən sonra xəstələrin üzərində istifadə edəcəyik”.

Prorektor qeyd edib ki, bu proses rəhbərlik etdiyi universitetdə qurulacaq sistemlə həyata keçiriləcək.

“Bu sistem sayəsində biz xəstənin başqa virusa yoluxması təhlükəsini sıradan çıxaracağıq”, - o bildirib.

Rektor müalicənin necə tətbiq ediləcəyini də açıqlayıb: “Bir insan hər-hansı virusa yoluxduqda onun qanında antikorlar formalaşır. Bunun sayəsində o, xəstəlikdən sağalır. Lakin həmin antikorlar insanın qanında aylarla, hətta illərlə qalır, proteinlər yaradır. Biz bu antikorlardan xəstələrin müalicəsində istifadə edəcəyik. Müalicə uğurlu olarsa, süni tənnəfüs aparatına daha az ehtiyac olacaq. Müalicəyə aprel ayının sonuna kimi başlamağı planlaşdırırıq”.