İtaliyada daha 743 nəfər öldü
İtaliyada koronavirusdan ölənləri sayı durmdan artır.

Publika.az xəbər verir ki, son sutka ərzində ölkədə daha 743 nəfər virus səbəbindən vəfat edib. Beləliklə İtaliyada koronavirusdan ölənlərin sayı 6820 nəfərə çatıb.

Qeyd edək ki, bu saata olan məlumata əsasən İtaliyada ümumilikdə 69176 nəfərdə koronavirus aşkarlanıb. Son sutka ərzində isə 5249 nəfərdə bu virusla bağlı test pozitiv nəticələnib.

Hazırda İtaliyanın şimal hissələrində, xüsusilə Berqamo və Lombardiyada vəziyyət kritik olaraq qalır
“İndiki məqamda siyasi fürsətçilik dövləti xəyanətdir”
"Bu gün koronavirusla mübarizəyə bütün dünya səfərbər olub".

Bunu Avrasiya.net-ə açıqlamasında BAXCP-nin sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Partiya rəsmisi bildirib ki, virus qarşı mübarizəyə yalnız həmrəylik yolu ilə qalib gəlmək olar: "Birgə səy nəticəsində bundan az itki ilə çıxmaq mümkündür. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrindəki vəziyyəti təhlil etdikdə, problemin çox ciddi olduğuna əsas verir. Azərbaycanın virusa qarşı mübarizəsi ilk gündən effektiv oldu. Xüsusən cənab Prezident İlham Əliyevin anındaca verdiyi məlum qərarlar bunu deməyə əsas verir. Nazirlər Kabinetinin tərkibində Operativ Qərargahın yardılması və intensiv olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və bir sıra fərmanların verilməsinin hər birimiz şahidi olduq. Nazirlər Kabinetinin məsul şəxsi İbrahim Məmmədovun yüksək peşəkarlıqla xalqmızı məlumatlandırılması və anındaca reaksia verməsini də şahidi oluruq. Yüksək səviyyədə işin qurulmasının şahidiyik".

Siyasi şərhçiyə görə, dövlətimiz ən vacib addımları atır: "Buna birbaşa nəzarəti Prezident İlham Əliyev həyata keçirir. Ölkənin birinci şəxsi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bir illik əmək haqqlarını virusa qarşı mübarizə fonduna köçürməsi cəmiyyətdə çox böyük stimul yaradıb. Bizim partiyanın lideri hörmətli Qüdrət bəy Fonda yardım keçirən ilk siyasətçilərdən oldu. Mən də ianə köçürənlər arasındayam. Proses davam edir. Və bu günə qədər 69 milyon ianə toplanıb. İnanıram ki, bu rəqəm daha çox olacaq. Bütün bunlarla yanaşı çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, buna ciddi yanaşanlarla yanaşı, hələ də lağlağı edənlər var. Bu adamlar baş vermiş hadisənin fərqində deyillər. Başa düşmürlər ki, artıq karantin də elan olundu. Ötən gün Prezident də bu məsələdən xeyli danışdı və hətta çağırış etdi hamıya, siyasi təşkilatlara".

N.Orduxanlı vurğulayıb ki, hamımız bir olmalıyıq və həmrəylik nümayiş etdirməliyik:

"Siyasi mövqeyindən aslı olmayaraq hamı həmrəy olmalıdır. Belə bir məqamda siyasi fürsətçilik etmək xəyanətdir. Və bunu Azərbaycan xalqı heç kimə bağışlamaz. Həmrəylik hər birimizin vətəndaş borcudur və mənəvi yüküdür. Biz bir dövlət və cəmiyyət olaraq buna birgə qalib gələ bilərik! Alternativ yolumuz yoxdur! Hər kəs öz insanlıq borcunu yerinə yetirməlidir!"
Deputat Prezidentin çağırışına qoşulanlara təşəkkür edib
"Ölkə başçısının çağırışına qoşulub, Azərbaycan vətəndaşının təhlükəsizliyi naminə və ölkə iqtisadiyyatına dəstək məqsədilə atılmış nəcib və humanist addımları dəstəkləyir, bu təşəbbüsə qoşulanların hər birinə dərin təşəkkürümü bildirirəm".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Anar Məmmədov öz şəxsi facebook hesabında paylaşıb.

Koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir. Çünki bu bizim həm vətəndaşlıq borcumuz həm də sosial məsuliyyətimizdir.

Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı şirkət və sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılır.

Bu gün ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşlarımızdan biri - Rusiyanın ən nüfuzlu iş adamlarından olan xeyriyyəçi Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda 2 milyon manat vəsait köçürüb.
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

Azərbaycanda koronaya yoluxan neçə şəxs var?
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Avrasiya.net xəbər verir ki, bu barədə Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, xəstələrdən 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Azərbaycanlı iş adamlarından böyük ianə
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koranavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.

Bu barədə Axar.az-a professor İlham Rəhimovun mətbuat xidmətindən məlumat verilib.
Koronavirusla bağlı addımlar vaxtında atılıb - AÇIQLAMA
"Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsində əsas məqam ondan ibarətdir ki, burada söhbət dövlət və milli təhlükəsizlikdən gedir. İstənilən məhdudiyyətlərin qoyulması məhz insan sağlamlığı ilə əlaqədardır. Nazirlər Kabinetinin Operativ Qərargahının mətbuat xidmətində və eyni zamanda bu məsələ ilə bağlı müxtəlif qurumların çıxışlarından da bəlli olur ki, alınan tədbirlərin əsas məqsədi virusun ölkədaxilində yayılmaması ilə bağlıdır".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.

Deputat bildirib ki, əvvəl bu virusun xaricdən gələn insanlarda görülməsilə Azərbaycanın sərhədlərini bağlamaqla gəliş-gedişlərə məhdudiyyət qoyulurdusa, hazırda bu xəstəlik ölkədaxilində də görüldüyündən mühim addımlar atılmalıdır: "Məhz buna görə də ölkədə karantin rejimi elan olunub. Burada əsas məqamlardan biri də yaş həddinə uyğun olaraq vətəndaşlara məhdudiyyətlər qoyulması, rayonlardan Abşeron, Sumqayıt, Bakı ərazisinə giriş-çıxışların məhdudlaşdırılması, metropolitenin fəaliyyətinin minimuma endirilməsi və bunun əvəzində ekspres daşımaların həyata keçirilməsi kimi məsələlər artıq gündəmdədir".

A.Nağıyev qeyd edib ki, bu gün istər Bakıda, istərsə də Bakı ətrafında olan qəsəbələrdə və Azərbaycanın bütün rayonlarında dezinfeksiya işləri davam etdirilir: "Epidemiyanın yayılması səbəbindən çətinliklərlə üzləşmiş biznesmenlərə kompensassiyaların ödənməsi istiqamətində atılan addımlar, fondun yaradılması, məhz cənab Prezidentin təşəbbüsü ilə həmin fonda müxtəlif ianələrin köçürülməsi, Vitse-prezident Mehriban Əliyevanın bir illik maaşını fonda ianə etməsi mühim məsələlərdəndir. Prezident və onun ailəsinin dövlət səviyyəsində bu cür humanist addımlar atması təqdirəlayiqdir. Eyni zamanda hər bir vətəndaşla bağlı olan qərarlar çərçivəsində tənha vətəndaşlara xidmət göstərilməsi və bunun təkmilləşdirilməsi də çox mühimdir.

Bu gün bütün dünya bu mövqedən çıxış edir. Azərbaycan virusun qarşısının alınması üçün bu tədbirləri görməsəydi ölkədaxili yoluxmalar həddən artıq çox olardı. Məhz buna görə də atılan addımlar düşünülmüş, vacib və vaxtında atılan addımlardır".
“Bu virus 45 yaşdan yuxarı kateqoriya üçün təhlükəlidir” - Rəşad Mahmudov
“Hər bir vətəndaş gigiyenik tələblərə mütləq şəkildə riayət etməlidir. Məktəblər, bağçalar bağlı ola bilər, amma uşaqların ticarət və əyləncə mərkəzlərinə aparılması qəbul edilən addım deyil. Bu virus uşaqlar üçün böyük təhlükə yaradan qrip olmasa da, onun uşaqlar vasitəsilə onların təmas quracaqları şəxslərə ötürülməsi ehtimalı var. Nəzərə almaq lazımdır ki, 45 yaşdan yuxarı kateqoriya üçün bu virus təhlükəlidir”.

Bu szöləri Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, əvvəlki statistikada ölüm hallarının daha çox yaşlı və xroniki xəstəliyi olan insanlarda rast gəlindiyi təsdiqlənsə də, son məlumatlarda 30-40 yaşlarında olan insanların da getdikcə sıx-sıx bu virusdan dünyasını dəyişdiyi əks olunur: “Bütün bunları nəzərə alaraq, mən insanları önümüzdəki 2 həftə içərisində vəziyyətin nəzarətdən çıxmaması üçün birmənalı olaraq evlərində oturub, lazım olmadığı hallarda kütləvi ortamlara qatılmamağı tövsiyə edirəm. Və ailə daxilində gigeynik qaydalara riayət etmələrini də vacib sayıram”. (Azpolitika.info)
Nazirliklər aksiyaya başladı: Bu şəxslərə dəstək veriləcək
İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyaya başlanır.

Avrasiya.net xəbər verir ki, “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan bu aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil ediləcək. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb.

Bununla yanaşı, yaşlı insanlara Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri tərəfindən zəruri dəstək göstəriləcək.

Sosial xidmətçi və könüllülər çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün həmin ödənişsiz taksi xidmətindən istifadə edəcəklər.

Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin olunublar. Xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçiriləcək.

Yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.

Operativ komandanın iş rejimi: hər gün (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00 - 16:00.

Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi çərçivəsində koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların qorunması üçün evdən bayıra çıxmaları qadağan edilib.
Prezidentdən koronavirus çağırışı: “Xahiş edirik, məsuliyyətli olun!” - MÜSAHİBƏ
Martın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.
Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Avrasiya.net həmin müsahibənin mətnini təqdim edir:

- Cənab Prezident, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə Azərbaycanda bütün irimiqyaslı sosial layihələr uğurla icra olunur və bu möhtəşəm Hövsan layihəsinin icrası da buna əyani misaldır. İstərdik ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz.

- Bəli, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.

Bu kompleksin təməli 2 il bundan əvvəl qoyulmuşdur. Ötən müddət ərzində işlər uğurla aparılaraq bu kompleks indi təhvil verilir. Burada 3 minə yaxın mənzil var, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika, yəni yaşamaq üçün bütün şərait var və bu, bir şəhərcik halına gətirilib. Burada təqribən, 12-15 min insan yaşayacaqdır. Bu, bir daha göstərir ki, Azərbaycanda sosial infrastruktur layihələri yüksək səviyyədə və yüksək keyfiyyətlə icra edilir.

O ki qaldı, bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq.

Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur - 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq.

Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir.

- Növbəti sualımız dünyanı bürümüş koronavirus pandemiyası haqqındadır. Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu tədbirlər daim Sizin nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir. Dünən də bir məlumat yayıldı. Cənab Prezident istərdik bu günədək görülən işlər haqqında məlumat verəsiniz.


- Bilirsiniz, mən bu barədə öz fikrimi açıq bildirmişəm. Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.

Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.

Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir.

- Cənab Prezident, Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Siz və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqqınızı həmin fonda ianə etdiniz. Bu, çox gözəl bir nümunədir. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər. Bunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.

Mənim göstərişimlə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.

Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik.

- Cənab Prezident, Sizin Sərəncamınızla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Bu vəsait iqtisadiyyatın stimullaşdırılmasına nə dərəcədə töhfə verəcək?

- Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük.

- Çox sağ olun cənab Prezident. Suallarımızı ətraflı cavablandırdığınıza görə minnətdarıq.

- Sağ olun.