Koronavirus əsasən Azərbaycanın cənub bölgəsində yayılıb - Rəsmi
Bu günədək Azərbaycanda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır.

Avrasiya.net - in məlumatında görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbaut konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O qeyd edib ki, virus aşkarlanan şəxslər əsasən 29-50 yaş arasındadır:

"72 şəxsdə koronavorus aşkarlanıb, 10 nəfər sağalıb, 1 nəfər vəfat edib. Fevralda koronavirus Azərbaycana idxal olunurdusa, martdan başlayaraq koronavirus ölkə daxilində yayılmağa başlayıb. Xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları ölkə daxilində yoluxanlardır. Koronavirus əsasən cənub zonasında yayılır".
Azərbaycan-Gürcüstan sərhədi bu vaxta kimi bağlı qalacaq
Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bildirilib.

Qeyd edilib ki, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.

Orduya çağırışla bağlı qərar veriləcək
Koronavirus təhlükəsilə əlaqədar olaraq, hərbi çağırışla bağlı məsələlər diqqət mərkəzindədir.

Avrasiya.net-in məlumatına görə, bunu operativ qərargahın mətbaut konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. İ.Məmmədov qeyd edib ki, hazırda səfərbərliklə bağlı məsələ operativ qərargahın gündəmindədir:

"Yaxın günlərdə yekun rəy ictimaiyyətə açıqlanacaq. Görülən işlər ordumuzun hər bir üzvünün, hərbçilərimizin virusdan maksimum qorunmasına xidmət edir".
Azərbaycanda karantin elan olunub
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.
Şoyqu Putinin təlimatı ilə Suriyaya getdi - Əsədlə görüş
Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə keçirilən görüşdə tərəflər İdlib təhlükəsizlik zonasındakı son vəziyyəti, ölkənin digər bölgələrində sabitliyin bərpası, terrorizmə qarşı birgə mübarizədə hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, S.Şoyqu Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə Suriyada səfərdədir.

İran dövlət televiziyasının əməkdaşları virusa yoluxdu
İran dövlət televiziyasının əməkdaşları virusa yoluxdu
İranın dövlət televiziyası “İRİB”in 19 əməkdaşında koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə televiziyadan açıqlama verilib. Güman edilir ki, jurnalistlər koronavirusla bağlı təhlükəli ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirərkən virusa yoluxublar.

Onların səhhəti barədə məlumat verilməyib.

PA-nın rəhbər şəxsləri əməkhaqlarını fonda köçürdülər
Ölkə ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərir, bu məqsədlə yaradılmış Fonda könüllü ianələr edir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönəldiləcək.

Fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını Fonda ianə ediblər.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər Fonda könüllü köçürmələr edir.
 Mehriban Əliyeva bir illik maaşını Fonda ianə edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Avrasiya.net xəbər verir ki, M.Əliyeva bu barədə İnstaqamda qeyd edib.

Birinci vitse-prezident yazıb:

"Əziz həmvətənlər!

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.⠀

Dərin hörmətlə,

MEHRİBAN".
Təcili yardımla sərnişin daşıyan sürücü işdən çıxarıldı
Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı TƏBİB açıqlama yayıb.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar məsələ araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.