Fransada 9000 insan koronavirusa yoluxdu
Son gün ərzində Fransada 89 nəfər COVİD-19 epidemiyasının qurbanı olub.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın Sağlamlıq üzrə baş direktoru Jerom Salomon bildirib. Ölənlərin 7 faizinin yaşı 65-dən aşağı olub.

“Biz bundan sonra sürətlə yayılan epidemiya ilə üz-üzəyik“ - Jerom Salomon bildirib.

Fransada bu gün COVİD-19 epidemiyasına yoluxanların sayı 9 134-ə, ölənlərin sayı 264-ə çatıb. Hazırda reanimasiyada 931 nəfər ağır vəziyyətdə saxlanılır.

Xatırladaq ki, 17 martdan başlayaraq ölkədə karantin rejimi tətbiq edilib, vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. 67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilər.

Ölkə üzrə hazırda 100 min polis və jandarm əhalinin karantin rejimi qaydalarına riayət etməsinə nəzarət edir. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar karantinin ilk günü 38 avro, ikinci günündən etibarən isə 135 avro cərimə olunurlar. Cərimənin məbləği 375 avroya qədər artırıla bilər.
İtaliyada koronavirusdan ölənlərin sayı 2978-ə yüksəlib
İtaliyada yeni tip koronavirusdan dünyasını dəyişənlərin sayında kəskin artım qeydə alınıb.

Axar.az xəbər verir ki, son 24 saat ərzində 475 nəfər dünyasını dəyişib. Bununla koronavirusdan ölənlərin sayı 2978-ə yüksəlib.

İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli ölkədə koronavirusa yoluxanların sayının da 28 min 710-a çatdığını deyib.
Əsəd rejimi Türkiyəyə qarşı yeni savaşa hazırlaşırƏsəd rejimi Türkiyəyə qarşı yeni savaşa hazırlaşır
Türkiyənin hərbi əməliyyatı zamanı böyük zərbə alan Əsəd rejimi İdlibdə yeni bir hərəkata hazırlaşır.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, rejim qüvvələri bölgəyə çox sayda hərbi qüvvə toplayıb.

Rejimi dəstəkləyən İran milislərinin də İdlibdə cəbhə bölgələrinə çox sayda zirehli maşın, ağır silah, tank və digər hərbi texnikalar göndərdiyi bildirilib.
Arvadını aldadıb sevgilisinin yanına getdi: KORONAVİRUSA YOLUXDU
Məzuniyyəti zamanı İtaliyadakı sevgilisinin yanına gedən İngiltərə sakini koronavirusa yoluxub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, həmin vaxt həyat yoldaşı ərinin ölkə xaricinə ezamiyyətə getdiyini düşünüb.

Adı açıqlanmayan 39 yaşlı pasiyent arvadına deyib ki, Böyük Britaniyadan kənara ezamiyyətə yollanır. Ancaq sözün həqiqi mənasında o, Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı İtaliyada başqa qadınla vaxtını keçirib. Arvadına xəyanət edən kişi qayıdandan sonra həkimlərə İtaliyada olduğunu və virusa yoluxa biləcəyini etiraf edib.

Varlı və yüksək vəzifəli kişi həqiqətən koronavirusa yoluxubmuş. O, həkimlərə öldürücü virusa yoluxma ehtimalı olan sevgilisinin adını açıqlamaqdan imtina edib.
Azərbaycan 171 vətəndaşını Rusiyadan da təxliyə etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

Axar.az xəbər verir ki, reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

AZAL-ın Rusiya nümayəndəliyindən Report-a verilən məlumata görə, çarter reyslər təlabata uyğun olaraq həyata keçiriləcək.

Sabah, martın 19-da isə daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Britaniyalı tədqiqatçılar aşkar edib ki, yeni tip koronavirus əksər səthlərdə təxminən 72 saat qalır.

Publika.az xəbər verir ki, bu barədə məlumat "The New England Journal of Medicine" jurnalında yer alıb.

Alimlər SARS-CoV-2 ilə SARS-CoV-1-in müqayisəsini aparıb.

Onlar qənaətə gəliblər ki, hər iki virus təxminən eyni şəkildə yayılır, plastik və paslanmayan poladda daha yaxşı qalır, mis və kartonda isə qısa müddətə yaşayır. Viruslar havada isə təxminən üç saat qalırlar ki, bu da koronavirusun hava damcıları ilə yoluxma riskini təsdiqləyir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 11 martda COVID-19-u pandemiya elan edib.

Jurnalist Böyükağa Mıkayıllı "Adaptiv təhsil sistemi"nin yeni modelinden bəhs edir...
Tərbiyə məsələləri birinci yerdə dayanır

“Universal onlayn” sistemində şagirdlərin təlim-tərbiyəsinə əsas yanaşma 3 alt sistemin qarşılıqlı təsirini təmin edir. Sistem yaradıcıları haqlı olaraq birinci yerdə tərbiyəni qeyd edirlər. Burada tərbiyə ümumi hədəf təyinatlıdır. Sonra isə təlim gəlir. Sistem yaradıcıları təlimi tərbiyə məqsədlərinə nail olan vasitə kimi vurğulayırlar. Nəhayət şagirdin fərdi inkişafı…Onlar şagirdin fərdi inkişafını tədris prosesinin əsas məhsuldar tərəfi hesab edilər.

Universal-onlayn” özündə nələri birləşdirir?

Valeriy Kiriçukun sözlərindən bəlli olur ki, “Universal-onlayn” sistemi şagirdlərin fiziki, zehni, sosial və mənəvi inkişafının obyektiv və operativ qiymətləndirilməsi üçün kompleks psixoloji və pedaqoji diaqnostika üsullarını özündə birləşdirir. Sistemdə, eyni zamanda, psixoloji, tibbi və pedaqoji diaqnostika və şəxsi inkişaf səviyyəsi təhlil olunur. Məhz təhlildən əldə olunan nəticələrə rəğmən sinifdə yaradılacaq təbii, obyektiv və sosial mühitdə şagirdə yanaşma nizamlanır.

“Universal-onlayn” ümumi orta təhsil müəssisəsinin ümumi məqsədlərini göstərməklə yanaşı, şagirdlərin şəxsi keyfiyyətlərinin (fiziki, mental, sosial, mənəvi) inkişafını nəzərdə tutur. Burada eyni zamanda, şagirdin təhsil sisteminin xaricində özünü inkişaf etdirməyə hazır olması da nəzərə alınır.

“Universal-onlayn” sisteminin tətbiqi sinifdə müxtəlif rollu oyunların da həyata keçirilməsini zəruri edir.

8 metod və 116 kriteriyaya malik unikal sistem

“Universal-onlayn” layihə olaraq funksional sistemə malikdir. Valeriy Kiriçuk bu sistemdən bəhs edərək vurğulayır ki, 1-2 iş günü ərzində təhsil prosesinin üzvlərinə – təhsilalanlara, valideynlərə, müəllimlərə və tibb işçilərinə 8 metod və 116 kriteriya üzrə distant sorğu göndərilir. Sorğunun nəticələrinə və onların analizinə əsasən hər bir şagirdə:

– fiziki, psixoloji, sosial və mənəvi inkişafı üçün proqnoz qoyulur;

– təhsil müəssisəsində təhsil ili üzrə sinifdə təhsil alan hər bir şagird üçün fərdi inkişafı təmin edən semester tapşırıqları hazırlanır;

– layihə dizayneri vasitəsi ilə təhsil və tərbiyə layihələri yaradılır; Bununla da təhsil proqramları və təhsil layihələri bankı təşkil olunur.

– Təşkilatçılar tərəfindən hazırlanan layihələr əsasında təhsil müəssisəsi üçün, sistemli-kompleks, qrafik, təqvim planı, layihə modeli, plan vahidi, fərdi plan, ayrıca iş növləri olmaqla 7 tip plan tərtib edilir; avtomatik olaraq fənn
müəllimləri, psixoloqlar, sinif rəhbərləri üşün xidmət planları: təqvim planı, kompleks sistemli plan və qrafik plan alınır;

– Senarstlərin köməyi ilə şəxsi inkişaf yönümlü dərslərin və tərbiyəvi tədbirlərin senarisi hazırlanır;

– Müəllimlərin işinin keyfiyyətini yoxlamaq üçün xüsusi keyfiyyət protokollarından istifadə olunur;

– Şagirdlərin inkişafının statistik göstəriciləri cədvəllər, qrafiklər, matrislər şəklində tərtib edilir (tibbi diaqnoz, psixi və sosial vəziyyət, inkişaf tənliyi və s. əsasında116 meyarla analiz edilir, 500 variantdan çox seçim olur);

– Təhsil müəssisəsi və siniflər üzrə uşaqların fərdi inkişafının dinamik monitorinqinin qrafikləri hazırlanır.
Sistemin tətbiqi prinsipləri Valeriy Kiriçuk “Universal-onlayn” layihəsinin tətbiqi zamanı nəzərə alınmalı olan prinsiplərin mövcudluğundan bəhs edərək, onları aşağıda qeyd edəcəyim formada təsnifləşdirir. O, şagirdin hərtərəfli inkişafına yönəldilmiş bu prinsiplərdən ilk olaraq:

– “Tədris müəssisəsinin sistematik korreksiyaedici, profilaktik, inkişaf vəzifələri və fərdi inkişaf məsələləri” prinsipindən bəhs edir. Bu prinsipə əsasən şagirdin deviant davranışının ani vəziyyəti deyil, onun şəxsiyyətinin inkişafı ilə bağlı son proqnozlar əsas götürülür.

– “Diaqnostika, inkişaf və korreksiya birliyi” prinsipi, Valeri Aleksandroviçin sözlərinə görə, pedaqoji prosesin bütövlüyünü təmin edir. O, qeyd edir ki, hər hansı subyekt haqqında ilkin məlumatları bilmədən effektiv və geniş miqyaslı korreksiya-inkişaf işlərini aparmaq mümkün deyil. Şagird haqqında obyektiv məlumatlar, onun inkişaf xüsusiyyətləri, yaşıdları və böyüklərlə münasibəti, deviant davranışı düzəltmək və potensial imkanları inkişaf etdirmək üçün lazımi metod və üsulları tapmaq çətindir. İnkişafı korreksiya edən pedaqoji proses dəyişikliklərin olub olmamasını, korreksiyaetmənin inkişafının və sürətinin dinamikasının idrəedilməsini; diaqnostik prosedurların aparılmasını, düzəliş və inkişaf fəaliyyətlərinin bütün mərhələlərini – məqsədə çatmaq üçün məqsəddən yekun nəticəyədək olan bütün proseslərin reallaşdırılmasını nəzarətdə saxlayır.

– “Universal-onlayn”ın “Şagirdlərin şəxsi keyfiyətlərinin fərdiliyni və qüsurların strukturunu nəzərə almaqla korreksiyaedici – inkişafetdirici və tərbiyəvi proseslərin layihə planlaması prinsipi” təlim vəzifələrinin həyata keçirilməsi, korreksiyaedici-inkişaf məsələlərinin həlli ilə sıx bağlıdır.

– “Potensial imkanların inkişafını və korreksiyasını özündə maksimum səviyyədə ehtiva edən funksiyalar əsasında bütün təhsil və korreksiya edən tərbiyəvi tədbirlərn təşkili və həyata keçirilməsi prinsipi” sistemdə növbəti addım kimi dəyərləndirilir.

– “Proqramın müxtəlif bölmələrində mövzular üzrə tədris materiallarını qruplaşdırma prinsipi” Valeriy Kiriçukun sözlərinə görə, məktəbdə təhsil müddətinin bütün dövrlərində rast gəlinir.

– “Korreksiya-tərbiyə işinə fəal yanaşmanın həyata keçirilməsi prinsipi”, eyni zamanda bütün növ tərbiyə işinin — əsas fəaliyyət qruplarının məcrasında təhsil və korreksiya işlərinin aparılması prinsipi də hesab edilir. Korreksiyaedici-pedaqoji işin planlaşdırılması və təşkili zamanı korreksiya və inkişaf üçün ən adekvat məqsəd və vəzifələri seçmək lazımdır. – deyə Valiriy Kiriçuk vurğulayır. O, fəal yanaşma prinsipi korreksiya və inkişaf prosesinin qurulmasının metodoloji əsasıdır, – deyir.

– Sistemin növbəti prinsipi “Korreksiya-pedaqoji fəaliyyətin metod və üsullarının kompleks istifadəsi prinsipi”dir. Bu prinsip özündə həm müəyyən məntiq, həm də pedaqoji metodların və korreksiya üsullarının tətbiqi ardıcıllığını, şagirdin şüuruna, onun hiss və duyğularına təsir, onun həmyaşıdları və ya böyüklərlə fəal fərdi və ya qrup fəaliyyətinə cəlb edilməsi imkanlarını ehtiva edir.

– Valeriy Kiriçuk qeyd edir ki, “Kompetensiyal yanaşma prinsipi”nə əsasən sistemdə idrak fəaliyyətinin, nitqin inkişafını, korreksiyanı mütəxəssislər həyata keçirirlər. Sinif rəhbərləri, fənn müəllimləri, tərbiyəçilər, defektoloqlar bu işləri həyata keçirirlər. Praktik psixoloq uşaqların psixoloji sağlamlığını, uşağın şəxsiyyətinin inkişafını təmin edir. Ümumiyyətlə, “Universal-onlayin” sistemində sinif rəhbərləri, tərbiyəçilər, bir sözlə hər kəs birlikdə fəaliyyət göstərir. Əslində ayrı cür mümkün də deyil. Əldə onunan informasiyalar birlikdə müzakirə olunur, uşağın gələcək inkişafı, ona yanaşmalarla bağlı qərar qəbul edilir. “Təhsil prosesinin bütün iştirakçılarının işində qarşılıqlı əlaqə prinsipi” də bu yanaşmaya əsaslanır.

– “Universal-onlayn” sisteminə daxil edilən “Təhsil proqramlarının mənimsənilməsi zamanı uşağın psixofiziki vəziyyətinin uçotu prinsipi”, Valeriy Kiriçukun sözlərinə görə, sistemin ən mühüm yanaşma faktorlarından biridir. Bu prinsip məktəb rəhbərliyinin, fənn müəllimlərinin, sinif rəhbərlərinin, tərbiyəçilərin, tibb işçilərinin, şagird özünüidarə orqanlarının, valideynlərin qarşılıqlı fəaliyyət modeli əsasında həyata keçirilməlidir. Bu isə öz növbəsində tibbi və pedaqoji tədbirlərin ardıcıllığını təmin etməyə və sistemləşdirməyə imkan verir.

– “Gələcək sosial adaptasiya üçün vacib olan şəxsiyyət keyfiyyətlərinin prioritet formalaşma prinsipi”nin tətbiq olunması, Valeriy Kiriçukun sözlərinə görə, şagirdlərdə fəal həyat mövqeyi, nikbinlik, ünsiyyət qabiliyyəti, öz bilik və bacarığına inam formalaşdırlmasına xidmət edir.

– Valeriy Kiriçuk sistemin “Ən yaxın sosial mühitin səylərinin inteqrasiyası prinsipi”ni şərh edərkən vurğulayır ki, şagird sosial mühitdən kənarda inkişaf edə bilməz, o, sosial mühitin aktiv komponenti olub bütöv sosial münasibətlər sisteminin tərkib hissəsidir. Buna görə də onun davranışındakı deviantlıq yalnız onun psixo-fizioloji vəziyyətinin deyil, həm də valideynlərin, yaxın dostların və həmyaşıdlarının, pedaqoqların ona fəal təsirinin nəticəsidir. Yəni şagirdin davranışındakı təzadlar onun yaxın ətrafla münasibətlərindən, onların birgə fəaliyyətinin və ünsiyyətinin xüsusiyyətlərindən, sosiumla şəxsiyyətlərarası əlaqələrindən yaranır.

Böyükağa MİKAYILLI
Bu şəxslərə beşqat maaş veriləcək - Sərəncam
Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd olunur:

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin;

2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən bildirilib ki, qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırki durumu haqqında məlumat alıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.

Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıb.



Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Dövlət Komitəsinin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.
RƏŞAD MAHMUDOV: “Sağlam və təhlükəsizlik dünya üçün” şüarı ilə həm də bütün dünyaya xoş bir mesaj vermiş olarıq”
Millət vəkili, tanınmış kardiocərrah Rəşad Mahmudov Milli Məclisin plenar iclasındakı çıxışında bütün dünyaya meydan oxuyan koronavirus infeksiyasına qarşı mübarizənin əhəmiyyətindən danışıb, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda bu sahədə aparılan işlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, pandemiya təhlükəsinə çevrilən bu virusa yoluxmamaq üçün hər bir kəs öz üzərinə düşən vəzifəni dürüst yerinə yetirməli, şəxsi məsuliyyət və intizamlılıq prinsipinə əməl etməlidir.
Rəşad Mahmudov koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsinin vacibliyinə də diqqət çəkib: “Koronavirusun ilk aşkar olunduğu ölkənin – Çinin qədim sivilizasiyasının tanınmış filosofu Konfutsinin məşhur bir kəlamı var: “Qaranlığı söymək əvəzinə bir şam yandır”.

Bunu nəzərə alaraq təklif edirəm ki, Novruz bayramı axşamı əvvəlcədən təyin olunmuş eyni vaxtda hamılıqla Novruzun ən gözəl atributlarından olan şam yandırıb eyvana çıxmaqla ölkəmizdə ümummilli məsələlərdə həmrəyliyimizi ifadə edə bilərik. “Sağlam və təhlükəsizlik dünya üçün” şüarı ilə həm də bütün dünyaya xoş bir mesaj vermiş olarıq.

Təklifim qəbul olunarsa, bu görüntülərdən videoçarx hazırlana bilər və bu sosial əhəmiyyətli videoçarx son günlərdə hamıya bəlli olan – İtaliyada insanların eyni anda eyvanlara çıxıb mahnı oxuması qədər dünyaya inam və ümid ifadəsinin təzhürünə çevrilmiş olar”.