Ərdoğan o videodan danışdı: Putin bizi maşına qədər ötürdü
Türkiyə-Rusiya əlaqələri media manipulyasiyalarına qurban verilə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin onu dəhlizdə gözlətməsi ilə bağlı iddialara münasibətində deyib.

“Putin bizi avtomobilə qədər ötürdü. Əlbəttə, niyyət pisdirsə, bunu yazmazlar. Qəsdlə hər hansı hərəkətdən söhbət getmədiyini, özləri də (Rusiya tərəfi) bu hərəkətdən narahat olduqlarını açıqladılar.

Putinin iş otağı o biri tərəfdədir, biz isə digər tərəfən gəlib ortaq nöqtədə görüşürük”, – deyə türk lider bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsi barədə iddianı “Rossiya-1” yayıb. Putin özü isə bu məlumatı "hörmətsizlik" adlandırıb.

Bundan sonra da dövlət qurumlarında təmizləmə işləri aparılacaq“ - Prezident
"Azərbaycanda islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında vurğulayıb.

Nazirlər Kabinetinin yeni tərkibdə formalaşdığını qeyd edən dövlətimizin başçısı deyib: “Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.

Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Karantin müddətini başa vuran 312 nəfər sərbəst buraxıldı – Operativ qərargah
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.
Aysel Ələkbərzadə bu hərəkatın qurbanıdır - Prokurorluq
İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.
“Siyasi partiyalar haqqında qanun”layihəsi dəyişdirilir“Siyasi partiyalar haqqında” qanunun yeni variantı hazırlanır.

Avrasiya.net-in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.

S.Mirzəyev deyib ki, qanun müasir tələblərə uyğun olacaq:

“Prezident İlham Əliyev də bu gün Milli Məclisdə çıxışında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Bu gün parlamentdə bütün komitələrin sədr müavinləri müxalif partiyalardan seçilib. Milli Məclisin rəhbərliyində də müxalif deputat təmsil olunur. Bütün bunlar göstərir ki, “Siyasi partiyalar haqqında qanun”a lazımi dəyişikliklər etməliyik ki, partiyalar cəmiyyətdə daha fəal rol oynasın”.
Makron və Merkel Türkiyəyə gəlirFransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel martın 17-də Türkiyəyə səfər edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən deyib.

Bəzi AB dövlətlərinin miqrant uşaqları qəbul etməsi ilə bağlı qərarını dəyərləndirən Türkiyə lideri bunun yeni bir mövzu olmadığını bildirib.

“Əgər Böyük Britaniyanın Baş naziri Boris Conson da gələ bilsə, dördtərəfli zirvə toplantısı olacaq”, – Ərdoğan vurğulayıb.
Azərbaycanda gənc müəllimə vəfat etdi - HƏKİM SƏHLƏNKARLIĞI - FOTOSamux rayon Qiyaslı kənd orta məktəbinin gənc müəlliməsi vəfat edib.

Publika.az Samux rayon Təhsil Şöbəsinə istinadən xəbər verir ki, Qiyaslı kənd ümumi orta məktəbin fizika müəlliməsi İsmayılova Kifayət Asim qızı martın 5-də dünyasını dəyişib.

İş yoldaşları onun həkim səhlənkarlığı nəticəsində, bağırsaqlarında yaranan problem səbəbindən vəfat etdiyini bildiriblər.
Bakıda şok hadisə - Restoranın şüşələrini sındırdılar - VİDEOBu gün Bakının Xətai rayonunda restoranlardan birinin şüşələri sındırılıb.

Publika.az xəbər verir ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında bir qrup şəxslə restoran sahibi arasında dava-dalaş düşüb. Bu zaman narazı şəxslər restoranın şüşələrini daşla vurub sındırıblar. Əraziyə polislər gəldikdən sonra, asayiş bərpa edilib.

Bildirilir ki, restoranın şüşələrini sındaran şəxslər əvvəl orada işləyən və maaşlarını ala bilməyən şəxslərdir.

Hadisənin görüntülərini təqdim edirik.
Azərbaycanın dünya şöhrətli kardiocərrahı Milli Məclisin komitə sədrinin müavini seçilibAltıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında tanınmış kardiocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini seçilib. Bu münasibətlə onu təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada, ziyalı ailəsində dünyaya göz açıb. Rayondakı Səməd Vurğun adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra -1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1997-2003-cü illərdə Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək, Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.

1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı olaraq, ağır xəstəlikdən əziyyət çəkən minlərlə insana “ikinci həyat” bəxş edib. Statistikaya müraciət etsək, Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 8000-dən çox şəxs üzərində açıq ürək əməliyyatları aparıb ki, onların arasında anadangəlmə ürək qüsuru ilə doğulan yüzlərlə körpə də var. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən humanitar aksiyalar çərçivəsində Rəşad Mahmudovun komandası Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba, Füzuli səhiyyə ocaqlarında 800-dən artıq açıq ürək əməliyyatı icra edib. Sonrakı dövrdə Bakı Ürək Mərkəzində çalşan R.Mahmudov hazırda Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisidir, eyni zamanda ən mürəkkəb ürək-damar əməliyyatlarını uğurla icra edir.
Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunub.
2005-ci il sentyabrın 7-də Azərbaycan səhiyyəsinin inkişafında xüsusi rol oynamış nadir səhiyyə təşkilatçısı, mərhum professor, Mərkəzi Neftçilər Xəstəxanasının o vaxtkı baş həkimi Fəxrəddin Cavodovun təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi, Raşad Mahmudovun, MNX-nın həkim-cərrahı Qulam Rüstəmzadənin yaxın iştirakı ilə ölkədə ilk dəfə olaraq "Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası" təsis edilib və bu qurumun sədri vəzifəsi doktor Rəşad Mahmudova həvalə edilib. 2010-cu ildə həmin İctimai birliyini adı dəyişdirilərək, "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" adlandırılıb.

2006-cı ildən etibarən R.Mahmudov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox beynəlxalq və regional konfransın təşkilinə rəhbərlik edib, 2005-ci ildən xaricdə keçirilən 50-dən çox beynəlxalq konfransda isə iştirakçı olub.

20-22 Noyabr 2014 tarixləri arasında "20 Noyabr Ümumdünya Uşaqlar Günü”nə həsr olunmuş "Children's hearts beat in Azerbaijan" (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan beynəlxalq konfransa dörd qitəni (Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları qatılıb. Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycanda ilk dəfə olaraq ürək-damar xəstəliklərinə aid "Ürəklər susmasın" adlı sosial öhdəlikli video çarx hazırlanıb və konfransın rəsmi tədbirində nümayiş olunub.

Rəşad Mahmudov 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi medalı" ilə mükafatlandırılıb. 2009-cu il mayın 10-da Azərbaycanın 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. 2014-cü il iyunun 14-də dövlət başçısının sərəncamı ilə "Əməkdar Həkim" fəxri adına layiq görülüb. 2015-ci il və 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V-VI çağırışlar) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilib.
NK-dan tövsiyə: Toyunuzu təxirə salın!Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı açıqlama yayıb.

Avrasiya.net-ə daxil olan açıqlamada deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib:

"Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar bildiririk ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq".