Türkiyə niyə şəhid verir? -  Əsrlərin mübarizəsi yeni üslubda
Elməddin Behbud

Türk milləti ötən əsrin əvvəlində azadlığını yenidən qazanmaq üçün təkcə Çanaqqala savaşında 50 minə yaxın şəhid vermişdi. O şəhidlər olmasaydı Anadoluda min illik türk mirasından bu günümüzə gəlib çatan ən yaxşı halda muzeyə çevrilən məscidlər olacaqdı.

1923-cü il 29 oktyabrda Cümhuriyyətin yaradıldığı elan olunandan az sonra Türkiyə doğu Anadoluda çıxan üsyanları (Şeyx Səid, Seyid Rza və s.) da şəhidlərinin qanı bahasına yatıraraq həmin ərazilərdə suverenliyini təmin etmişdi.

Türkiyə 27 noyabr 1978-ci ildə yaradılan, 15 avqust 1984-cü ildən etibarən aktiv şəkildə terror aktlarına başlayan PKK-ya qarşı mübarizədə indiyədək minlərlə şəhid verməsəydi bu gün ərazi bütövlüyü pozulmuş, torpaqlarında "Sevr"in sahiblərinin marionet "dövlət" qurduğu kiçik ölkəyə çevrilmişdi.

Türkiyə "Zeytin Dalı", "Barış Pınarı" əməliyyatlarını keçirməsəydi, türk əsgəri vücudunu terrorçular və onların dəstəkçisi olan imperalistlərin qarşısında sipər etməsəydi bu gün döyüş Anadolunun içində, ən yaxşı halda Hatayda, Kilisdə, Hakkaridə, Şanlıurfada, Qaziantepdə gedirdi.

Unutmayaq, türk əsgəri şəhid olmasaydı, İstanbul türk şəhəri olmazdı. Türk əsgəri şəhid olmasaydı bu gün rahat yaşadığımız, müstəqil Azərbaycanın paytaxtı olan Bakı da Ufa, Dərbənd, Həştərxan, Kazan kimi bir rus şəhəriydi, biz isə bu şəhərin etnik azlığının nümayəndəsi. Bu cəhətdən "Türkiyənin Suriyada nə işi var?", "Türk əsgəri niyə İdlibdə şəhid olmalıdır?" suallarını verməmişdən (məqsədli şəkildə təxribat və informasiya manipulyasiyasıyla məşğul olanları bu sıraya aid etmirəm) öncə tarixə diqqətlə nəzər salmaq lazımdır.

Bu gün min kilometrlə uzaq məsafədən gəlib çoxdan instrumentə, şitə çevirdikləri "demokratiya", "azadlıq", "təhlükəsizlik" anlayışlarının arxasında gizlənərək ordularını Türkiyənin sərhədlərinə dayayan dövlətlərin qarşısında geri çəkilmək 568 illin yaddaşıyla İstanbulu "Kanstantinapol" bilənlərin qarşısında əli-qolu bağlı təslim olmaq deməkdir.

Türkiyənin geosiyasi manevrlərini tamamilə başadüşüləndir. İstər terror təşkilatı PYD-yə "İŞİD-ə qarşı mübarizə" adı altında bir ordunun silahını verən ABŞ-la, istərsə də fasilələrlə 350 il müharibə apardığı, Suriya vasitəsi ilə rəsmi Ankarayla quru sərhəddi əldə etməyə nail olan Rusiyayla münasibətlər yalnız Türkiyənin milli maraqlarının təmin olunması məqsədilə dizayn edilir. Situasiyaya, qarşı tərəfin davranışlarına uyğun olaraq bu münasibətlərin dəyişməsi dövlətlərarası əlaqələrdə normal haldır.

Türkiyə bizim üçün dünyadakı 209 dövlətdən biri deyil.Türkiyə o dövlətlərdən birincisidir!

(Azərbaycan təbii ki öz dövlətimizdir). "Hər bir türkün iki ana vətəni var: biri öz dövləti, digəri isə Türkiyə" deyimini hələ ki, təkzib edən elə bir mübarək dövlət mövcud deyil. Bu reallıqdır. Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra dediyi "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir" cümləsinin hansı məna və informasiya yükünü daşıdığını şərh etməyə güman edirəm ki, xüsusi ehtiyac yoxdur. Bu baxımdan düşmənin hansı ölkə, kim olmasından asılı olmayaraq indiyə qədər olduğu kimi bundan sonra da qan qardaşlarımızın, türk millətinin, Türkiyə dövlətinin yanında olmalıyıq.

Qlobal güc olmaq yolunda əzmlə addımlayan qardaş Türkiyə doğru yoldadır. Türk əsgəri güclüdür, müzəffərdir, dualarımız hər zaman onunladır. Dünən İdlibdə xain hücuma məruz qalan türk əsgərlərinin şəhid olması bizi nə qədər üzsə də, içimizdəki əminlik öz sabitqədəmliyini qoruyub saxlayır: Türkiyə dövlətinin bu sınaqdan da dostlarını qürurlandıracaq, düşmənlərini məyus edəcək şəkildə çıxacaq!
Türkiyə resurslarını doğru ölçüb biçərək və onlardan doğru şəkildə istifadə edərək sərhədlərində "kukla" ölkə yaradaraq dövlət təməllərini sarsıtmağa çalışan bütün qlobal güclərə və onların instrumentlərinə qarşı mübarizəni qərarlı şəkildə davam etdirməlidir.

Allah şəhid olan bütün türk əsgərlərinə rəhmət eləsin!
SSENARİ MÜSABİQƏSİ ELAN EDİLİR
Məmləkətimizin coğrafi hüdudları geniş olmasa da, bu torpağın dünya tərəqqisinə bəxş etdiyi zəka, istedad, bacarıq sahiblərinin say və keyfiyyət miqyasının fərqinə varanda böyük xalq olduğumuzla qürur hissi aşıb-daşır.
Məhz bu qürur hissinin öləziməməsi və daha da artması məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqı və A.M.Qorçakov adına kütləvi diplomatiyaya dəstək Fondu olaraq “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsi elan edirik.

A.M.Qorçakov adına kütləvi diplomatiya dayağı Fondu 2010-cu il fevralın 2-də Rusiya Prezidenti D.A.Medvedevin sərəncamı ilə yaradılıb. Məqsədi kütləvi diplomatiyaya dayaq olmaq olan Fond Rusiya qeyri-höhumət təşkilatlarının beynəlxalq əməkdaşlıqda iştirakına təkan olmaq, həmçinin vətəndaş cəmiyyəti institutlarının xarici siyasət prosesinə fəal və təsirli şəkildə cəlb edilməsini gerçəkləşdirmək niyyətilə fəaliyyətini bir neçə iqtiqamət üzrə qurub.

Rusiyada yaşayıb parlaq fəaliyyət göstərən azərbaycanlıların sayı təsəvvür etdiyimizdən də çoxdur, bu siyahı görkəmli musiqiçi Müslüm Maqomayev və Sibirdə nefti kəşf edən sovet və Rusiya geoloqu Fərman Salmanovun adları ilə məhdudlaşmır. Onlardan başqa elm, mədəniyyət, istehsalat, biznes, idman, inşaat sahələrində onlarla soydaşımız Rusiyaya öz töhfələrini veriblər və verməkdədirlər.

Müsabiqənin məramı ötən illərdən bu günədək Rusiyada yaşayan görkəmli azərbaycanlıların həyat və fəaliyyəti, mədəniyyət, incəsənət, elm, texnika, ictimai və istehsal sahələrində əldə etdikləri nailiyyətlər haqqında geniş tamaşaçı dairəsinə bir daha və ən əsası fərqli baxış bucağından məlumat vermək, həmçinin kinematoqrafçıların sənədli film istehsalında maraqlılığını artırmaqdır.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri kinoesse, kinoportret, kinotədqiqat (xronometrajı 52 dəqiqədən çox olmayaraq) janrlarında təqdim edilə bilər.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.
Ssenariləri 2020-ci il martın 30-dək [email protected] electron ünvanına göndərmək lazımdır.

Müsabiqəyə təedim edilən ssenarilər müəllifə aid olmalı, orijinal olmalı və bu vaxtadək ekranlaşdırılmış ssenari olmamalıdır.

Ssenari ilə bərabər müəllifin iş haqqındakı xülasəsi də təqdim edilməlidir.

Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun başçılıq etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Birinci mükafat - 1500 azn.

İkinci mükafat – 1000 azn.

Üçüncü mükafat – 500 azn.

Əlavə məlumat üçün (012)5059533, (012)4371667 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Azərbaycan Kinematoqrafçılar İttifaqı
Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı
İdliblə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Türkiyə mediası xəbər verir ki, danışıqlar Türkiyə Xarici İşlər Nazirliyində aparılıb.

Bildirilib ki, görüşdə İdlibdə davamlı atəşkəs elan edilməsinin, gərginliyin azaldılması və Suriya ordusunun Soçi razılaşmasında göstərilən hüdudlardan kənara çıxarılmasının zəruriliyi vurğulanıb.
Yunanıstanda Xocalı soyqırımı ilə bağlı foto sərgi keçirilib
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 20-28 Fevral, 2020-ci il tarixlərində "QALA" Cəmiyyətinin ofisində "Xocalı Soyqırımını Unutma" adlı foto sərgi keçirib.

26 fevral tarixində Xocalı qətliamının 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" anım münasibətilə tədbir keçirilib. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər Türk Cümhuriyyətinin Saloniki şəhərindəki Baş konsulu cənab Efe Ceylan bəy, konsulluğun əməkdaşları, Saloniki şəhərində Gürcüstan Respublikasının konsulluğunun əməkdaşları, Türk gənclər və yunan tələbələr də iştirak ediblər.

Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verərək 1992-ci fevralın 25-dən 26-sına keçən gecəni Azərbaycanın tarixində təkcə faciə yox, Azərbaycan xalqına qarşı Soyqırım olduğunu qeyd edib.
"Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməməsi, öz yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının bərpa edilməməsindən 28-il keçməyinə baxmayaraq hələ dünya birliyi susur. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti yaradır.
Yunanıstanda Xocalı soyqırımı ilə bağlı foto sərgi keçirilib
Bu dərd bizi həmişə için-için sızladır. Mən buna bütün qəlbimlə inanıram ki, xalqımız bir nəfər kimi Hökümətin yürütdüyü siyasətə dəstək olaraq, ayağa qalxaraq əsarətdə qalmış və itirilmiş torpaqlarımızı düşmənlərdən azad edəcək"- Rəşid Məmmədov bildirib.

Baş konsul cənab Efe Ceylan bəy də öz çıxışında Xocalı şəhidlərinə Allahdan rəhmət və xalqımıza səbr arzuladı. Sonda Xocalı soyqırımını ehtiva edən sənədli film nümayiş etdirildi və ehsan süfrəsi arxasında müzakirələr aparıldı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik yad edilib.

Tədbir iştirakçılarına Xocalı soyqırımına aid video materiallar və broşurlar təqdim olunub.

Elnur Eltürk
Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.
Prezidentin idmanın inkişafına göstərdiyi yüksək qayğı Azərbaycanın mənafeyinə və müstəqilliyinə yönəlib - Professor
Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqeyə sahib olmasında digər sahələrlə yanaşı idman sahəsinin dinamik inkişafı da xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda keçirilən mötəbər idman yarışları və bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı qələbələr ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasını artıq təsdiqləyib. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini birmənalı olaraq Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər.

Hər il olduğu kimi bu il də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan geniş tədbir keçirilmişdir. Dekabrın 25-də keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edərək, 2019-cu ildə görülən işlər, idman naliyyətləri və ilin uğurları barədə geniş çıxış etmişdir. Cənab Prezident mərasimdə 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara, idmanın sahəsinin inkişafında xidmətləri olanlara, idman mütəxəssislərinə mükafatlar, fəxri adlar və diplomlar təqdim etmişdir. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğısının bir nümunəsi olaraq, onun siyasi xəttinin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun mənafeyi və müstəqil Azərbaycan olduğunu sübut edir.

Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akdemiyasının prorektoru,
professor
İran parlamenti fəaliyyətini dayandırır
İran parlamentinin iclasları koronavirus epidemiyası ilə bağlı dayandırılır.

Parlamentin sözçüsü Əsədullah Abbasi yaranmış vəziyyətlə bağlı əlavə məlumat verilənədək hər hansı sessiya keçirməmək qərarına gəlindiyini açıqlayıb.

Həmçinin parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili də bu gün səhər “Twitter”dəki səhifəsində yazıb ki, 290 parlament üzvünün 30-nun müayinəsi nəticəsində 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlər də ardıcıl olaraq müayinədən keçiriləcək”.



Bununla yanaşı, səhiyyə naziri Səid Nəməki də ölkədə bütün məktəblərin şənbə günündən etibarən üç gün ərzində bağlanacağını bildirib.
Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar
"Mütləq 38 dərəcə hərarəti olanlar, 14 gündə xəstəliyin olduğu ölkələrə səyahət edibsə və ya bu cür adamlarla kontakt olublarsa hərarət varsa yoxlanmalıdılar".

Avrasiya.net-in məlumatına görə, bunu TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V.Əliyev qeyd edib ki, bunun üçün harasa getməyə ehtiyac yoxdur:

"Evdə təcili tibbi yardım çağrılır, yoxlanılacaq, müayinələrdə virus çıxarsa həmin adam izolyasiya olunacaq".
Putin TŞ-ni çağırdı: Türk əsgərləri buna görə həlak olub...
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə İdlibdəki vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri Suriyanın şimalında vəziyyətin kəskin dəyişməsindən çox ciddi narahatlıqlarını bildiriblər.

“İclasda qeyd olunub ki, Türkiyə hərbçiləri İdlibdə müşahidə məntəqələrindən kənar ərazidə həlak olub. Bu postlarda bir dənə də olsun türk əsgəri həlak olmayıb, təhlükə ilə üz-üzə qalmayıb. Türk hərbçilərinin faciəli ölümləri terrorçu dəstələrin hücum əməliyyatlarını keçirdiyi ərazilərdə baş verib. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Türkiyə tərəfi orada türk hərbçilərinin olması barədə məlumat verməyib”.
Şəhidlərimizin qanı yerdə qalmayacaq - Əsəd"Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İdlibdə 33 türk əsgərinin şəhid edilməsinə münasibət bildirərkən deyib.

Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə açıqlanan münasibətdə Ərdoğan sərt açıqlamalar verib.

“Sayı milyonlarla olan insanları sərhədlərimizə yığan rejim milli təhlükəsizlik probleminə bir də əsgərlərimizin qanını əlavə etdi. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Rejimin hər bir ünsürü Türkiyənin hədəfindədir və atəş altına alınacaq. Türkiyə heyətinin Ankarada təklif etdiyi atəşkəs davamlı olmalı və rejim Soçi anlaşmasına əməl etməlidir. Bu cür hücumlar Türkiyənin İdlib məsələsindəki mövqeyini dəyişdirməyəcək”, - açıqlamada deyilir.

Ərdoğan və Putinin yaxın dövrdə görüşəcəyi ilə bağlı qərarın verildiyi də deyilir.

Asif