Azərbaycanda AİLƏ FACİƏSİ - Oğlu həbs edilən ata özünü öldürdü
Göygöl rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə özünü ağacdan asaraq intihar edib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən T.Məmmədovun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə gün əvvəl bir qrup şəxslə qonşuluqdakı evdən oğurluq etdiyinə görə tutulub.

60 yaşlı T.Məmmədovun oğlunun əməlindən sonra sarsıntı keçirdiyi və bu səbəbdən həyatına qəsd etdiyi ehtimal edilir.

Muxtar
Ataya jurnalist gödəkcəsini kim verib? – MŞ-dan cavab
Ötən gecə bloger Ata Abdullayevin Xocalı soyqırımı günü Bakının mərkəzində çalışan bar-klubun fəaliyyət göstərməsini tənqid etməsi görüntüləri zamanı əynindəki jurnalist gödəkcəsi diqqət çəkib.

Axar.az xəbər verir ki, yalnız Mərbuat Şurasının üzvü olan media qurumlarına verilən jurnalist gödəkcəsinin Ata Abdullayevin əynində olması sosial şəbəkələrdə müzakirə yaradıb və belə bir sual doğurub: bir bloger və ya fərdi jurnalistika ilə məşğul olan şəxs MŞ-dan jurnalist gödəkcəsi ala bilərmi?

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşviq Ələsgərli bildirib ki, blogerə jurnalist gödəkcəsi MŞ tərəfindən verilməyib:

“Gödəkcə standart deyil və Mətbuat Şurası tərəfindən verilməyib. Ümumiyyətlə, Mətbuat Şurası tərəfindən heç bir blogerə və müstəqil çalışan fərdi şəxslərə gödəkcə verilməyib. Mətbuat Şurası gödəkcələri yalnız redaksiyalara verir. Xüsusilə 2019-2020-ci illərdə keçirilən aksiyalarda ortaya belə fakt çıxdı ki, bir qisim insan çalışdıqları redaksiyalardan gedəndə o gödəkcələri özləri ilə aparıblar. İndi fərdi jurnalistika ilə məşğul olsalar da, yenə də MŞ-nın verdiyi gödəkcədən istifadə edirlər. Bir qisim şəxslər isə kustar halda hazırlanaraq bənzədilmiş gödəkcələrdən istifadə edirlər. Bu da yolverilməzdir”.

M.Ələsgərli bildirib ki, MŞ gödəkcəsindən bu cür sui-istifadə edən şəxslərlə bağlı hansısa cəza və qadağa hələlik yoxdur:

“Ona görə də MŞ yeni gödəkcəyə keçmək istəyir ki, bu anlaşılmazlıq aradan qalxsın. Yaxın vaxtlarda Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə yeni gödəkcələr hazırlayıb təqdim edəcək. Burada yeni mexanizmlər olacaq. Gödəkcələr kodlaşdırılacaq və nömrələnəcək. Artıq bunu saxtalaşdırmaq və başqaları ilə əvəz etmək mümkün olmayacaq. Gödəkcələr nömrələrlə konkret şəxslərə veriləcək və nömrəni itirən şəxslər məsuliyyət daşıyacaqlar”.
Bakı və Ankara hava müdafiəsini birləşdirir – Hərbi müqavilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın budəfəki səfəri əlamətdar bir dövrə təsadüf etdi. Xüsusilə də regionda son zamanlar artan gərginlik bu görüşün əsas müzakirə mövzusu oldu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq hər il keçirilən görüşlərlə daha da inkişaf edir:

“Əslində, Ərdoğanın Azərbaycana rəsmi səfəri təbii haldır. Çünki hər il ölkə başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bu səfərlərin xüsusilə də ilin yekunları və əvvəllərində edilməsi heç də təsadüfi deyil. Səfər zamanı bir çox məsələlər geniş müzakirə olundu, önəmli qərarlar qəbul edildi, sənədlər imzalandı. Siyasi əlaqələr haqqında geniş fikir mübadiləsi aparıldı. Mənim ən çox diqqətimi çəkən məqam iki ölkənin müdafiə nazirlərinin hərbi sahədə imzaladığı müqavilələr oldu. Bu müqavilə gələcəkdə hər iki ölkənin birgə hava hücumundan müdafiə sistemləri yaratması ilə bağlıdır. Bu mənada deyə bilərəm ki, iki ölkənin hərbi sahədə əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək”.

Politoloq görüş zamanı əldə edilən əsas razılaşmaları və diqqət çəkən nüansları da qeyd edib:

“1. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara qədər çatdırılması hədəfləndi. Bu, əslində çox böyük rəqəmdir və düşünürəm ki, yerinə yetirilsə, iki ölkə arasında iqtisadi əlaqələr misli görülməmiş bir həddə çatacaq. 2. Türkiyənin dəstəyi ilə ölkəmizdə bir sıra yeni müdafiə sənayesi komplekslərinin tikintisi nəzərdə tutulub. Bu da Azərbaycanın müdafiə qabiliyyətinin inkişafına gətirib çıxaracaq. Əslində, bu, regionda Türkiyənin Azərbaycanın güclənməsini nə dərəcədə istəməsini göstərir. 3. Ərdoğan görüş zamanı “Qarabağ Azərbaycanındır!” ifadəsini işlətdi. Bu, iki ölkə arasında vahid siyasi maraqların, o cümlədən dəyərlərin möhkəmliyini göstərirdi. Ərdoğanın açıqlamalarında Xocalı faciəsinə də toxunması, bu soyqırımı “insanlıq cinayəti” adlandırması da diqqətçəkən məqam və dəstəkdir ”.
Ağcabədidə 23 yaşlı gənc bıçaqlandı - Şok səbəb
Ağcabədidə cinayət hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Mirzəliyev əmisi 1956-cı il təvəllüdlü Etibar Mirzəliyevlə torpaq sahəsində kirpi ovlayıblar. O, qardaşı, 1981-ci il təvəllüdlü Ramiz Mirzəliyev, E.Mirzəliyevin oğlanları – 1997-ci il təvəllüdlü Cəsur Mirzəliyev və 2002-ci il təvəllüdlü Cəzahir Mirzəliyevlə birlikdə həmin torpaq sahəsində yeyib-içiblər. Spirtli içki qəbul edəndən sonra Rafiq Mirzəliyev əmisi E.Mirzəliyevə “ə” ifadəsi işlədib. Daha sonra Rafiq Mirzəliyevlə əmisi oğlu C.Mirzəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Rafiq Mirzəliyev üstündə gəzdirdiyi cib bıçağı ilə C.Mirzəliyevin döş qəfəsinə 2 zərbə endirib.

C.Mirzəliyev yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən Rafiq Mirzəliyev saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
İdlibdə 2 türk əsgəri həlak oldu
Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "İdlib regionunda hərbçilərimizin mövqeyin endirilən hava zərbəsi nəticəsində 2 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb".

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri buna cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.
Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi
Şirvan rayonunda dəhşətli qətl hadisəsi olub.

Hadisə rayonun Cənub Sənayə Qovşağının inzibati binasında qeydə alınıb.

Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib.

Qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib. Sahib Nağıyev isə qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı
Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 2918 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 459 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 43 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 38 ölkədə qeydə alınıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78 mini ötüb, onlardan 2715 nəfəri ölüb, 29 mindən artıq insan isə sağalıb.