Prezidentdən seçki ilə bağlı xəbərdarlıq: “Pozuntulara yol verənlər cəzalandırılacaq”
"Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, parlament seçkiləri rəqabət qabiliyyətli keçib:

"Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə hər kəs sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun".
İmişlidə faciə: Bir ailə turşudan zəhərləndi - ölən varİmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq, S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundan olub. Belə ki, iki gün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Nəticədə bu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vilayət Eyvazov daha bir rayona rəis təyin etdiAğstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.

Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi olub.
Güclü xalq, zəif müxalifət reallığı yenidən öz sözünü dediHikmət Şikarov
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri

Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. 09 fevral 2020-ci il tarixdə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri də Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu bir daha tam təsdiqləmiş oldu. Növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini yenidən bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı. Bu prosesdə Azərbaycan xalqı seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirdi. Beynəlxalq təşkilatların, dövlətlərin təmsilçiləri bunu yüksək qiymətləndirdilər. Artıq seçki gününün axşamı və sonrakı gün müşahidəçi qismində ölkəmizə gələn bütün beynəlxalq təşkilatların nümayəndələri seçkinin son dərəcə şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Beynəlxalq müşahidəçilərin bəyanat və rəylərində Azərbaycanın beynəlxalq təşkilatların qətnamələrini, habelə bu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi yüksək dəyərləndirildi.

Lakin bu qədər uğurlarımızla yanaşı güclü xalq, zəif müxalifət reallığı yenidən öz sözünü dedi. Artıq fakt budur ki, ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən bütün dövrlər ərzində dağıdıcı müxalifət düşərgəsində müşahidə olunan kəskin böhran daha da dərinləşir, davamlı xarakter alır. Ona görə də, müxtəlif ermənipərəst dairələrin sifarişlərini həyata keçirməklə ölkədaxili çaxnaşmalar salıb, bu zəifliklərini gizlətməyə cəhdlər göstərirlər. Artıq bu da sübut olundu ki, bir qrup beyinsiz kütlənin “xalq”adı altında küçələrə çıxıb, qarmaqarışıqlıq salmaq səyləri də nəticəsiz qaldı. Təbii ki burada əsas məqsəd xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Əslində bu, artıq siyasi ölmüşlərin xalqın onlara dəstək göstərməməsinin məntiqi nəticəsi idi.

Əminliklə deyə bilərik ki, dağıdıcı təfəkkürə malik olan ünsürlər indi də guya bir araya gəlməklə, nəyi isə həll etmək istəklərinin də əslində baş tutmayacağını da dərk edirlər. Bu gün Azərbaycanı istəməyən müəyyən sayda qüvvələr var və həmin qüvvələr var gücləri ilə çalışırlar ki, Azərbaycanda stabilliyi pozsunlar, amma belə məxluqlar heç zaman məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Çünki xalq bunları dəstəkləmir və dəstəkləməyəcəkdir. Bu reallığı müxalifətin özü də çox gözəl bilir, sadəcə var olan cismani ruh kimi görünmək üçün yalançı illüziyalara qapılıb vəzifə menyusunu yeniləməklə məşğuldurlar.
Meriya namizədlərə mitinq keçirməyə icazə verib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən Avrasiya.net-ə verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilib.

Müraciətdə deyilir:

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunmuşdur. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxmışdır.

Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaqdır. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan – 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik.
İki erməni əsgər öldüErmənistan ordusu Qarabağda itki verməkdə davam edir.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, hadisə cəbhənin cənub-şərq istiqamətində qeydə alınıb.

Döyüş postlarının birində əsgər Tiqran Manvelyan (2000-ci il) cəsədi tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində ölməsi müəyyən olunub.

Bununla yanaşı, digər hərbi hissədə Tiqran Mxoyan (2000-ci il) adlı əsgər ölü aşkar olunub.



Hər 2 ölüm faktı ilə bağlı araşdırmalar başlayıb.
Gülər Əhmədovanın oğlu həbs edildi - Şok səbəb
Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

Avrasiya.net-in Report-a istinadla xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMV markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
İlham Əliyev Kürdəmirdə açılışlar etdi
14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə ASAN Xidmət mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

Sonra dövlət başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.
Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə vəzifə verilib.

Unikal.org-un əldə etdiyi məlumata gorə, keçmiş idmançı bu dəfə Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinə müavin vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elnur Məmmədli 2016-cı ildə Yol Patrul Xidmətindəki işindən ayrılmış, keçmiş DTX rəisi Mədət Quliyev tərəfindən DTX-da şöbə rəisi postuna təyin edilmişdi.

Ağsaqqallar oğlunu öldürən atanı müdafiə etdi: Həbs olunmasın!
Ağcabədidə qətl törədilib.

Avrasiya.net Apa-ya istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu, 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev açıqlamasında bildirib ki, T. Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə dəfələrlə saxlanılıb:

“Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. Tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra anasını döyüb. Anası qonşularının evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R. Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V.Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.