Həbsdəki icra başçısının cinayət işində yeni detallar
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev konkret ad çəkməsə də, yenidən həbs edilən icra başçılarının qanunsuzluqlarından danışıb. Bu icra başçılarının həbsindən sonra prezidentin yerli icra orqanları tərəfindən sosial sahəyə ayrılan pulların mənimsənilməsi ilə bağlı ikinci çıxışıdır.

Ötən çıxışında İlham Əliyev işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən danışarkən demişdi:

“Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.

Prezidentin dönə-dönə bu məsələnin üzərinə gəlməsi onu deməyə əsas verir ki, həbsdəki icra başçılarının yolu ilə gedən hər kəs dəmir barmaqlıqlar arxasına göndəriləcək.

Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov həbs olundular. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar.

Rəsmi qurumlar həbsdəki icra başçılarının durumu, istintaqın gedişatı ilə bağlı məlumat verməyə tələsmirlər.

Nizaməddin Quliyevin həbsindən sonra Maliyyə Nazirliyi o, Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Həmin araşdırmanın nəticələri ilə bağlı da geniş ictimaiyyətə məlumat verilməyib. Bilinən odur ki, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.

Araşdırmalarla üzə çıxarılıb ki, Nizaməddin Quliyev işə 300 fəhlənin qısa zamanda işə götürlüməsi haqda hesabat versə də, faktiki olaraq yerlərdə 20-30 nəfər işə götürülüb. Qalanları isə “ölü can”lar olub. Yəni hər ay 270-280 nəfərə büdcədən ayrılan məvacib mənimsənilib. 1 fəhləyə ayrılan aylıq maaşın 200 manat olduğunu nəzərə alsaq, Nizaməddin Quliyevin Goranboyda da xeyli büdcə vəsaitinin ələ keçirilməsi üzə çıxır. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib. Bundan başqa Goranboy şəhərində küçələrin asfaltlaşması üçün büdcədən ayrılan pullar da Nizaməddin Quliyev tərəfindən mənimsənilib. Onun fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçəsindən başqa digər küçələrdə yollar dağınıq durumdadır. Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir. /Musavat.com

Yunanıstanda qripdən 38 nəfər öldü
Yunanıstanda qış fəslində qripdən 38 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, son həftədə qripdən 17 nəfər vəfat edib. Əsasən xəstələr A(H3N2) və A(H1N1) qripinə yoluxublar. Xəstəliyin gedişatı nəzarətə götürülüb.
Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı - FOTOQazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir.

O, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.

A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.

"Koronavirus haqda söhbətlər başlayanda mən də ondan necə qorunmağın yollarını fikirləşməyə başladım və bu spreyi hazırladım. Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür. Bununçün xəstəliyin yayıla biləcəyi yerlərin bu spreylə dezinfeksiya edilməsi kifayət edir”, - deyə məlumat verib.

A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib. (sputnik Azərbaycan)
Sabiq nazirin keçmiş kürəkəni ilə bağlı RƏSMİ MƏLUMAT“Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsində (PB) aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.

Yasamal RPİ 28-ci PB-də faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.
Başına 500 min lirə qoyulan terrorçu məhv edilib
Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror təşkilatının təhlükəli üzvlərindən olan Ömər Oran zərərsizləşdirilib.

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Bager” ləqəbli terrorçunun yaxalanması üçün 500 min lirə (təxminən 85 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub.

O, Ərzurum bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib. Terrorçu zərərsizləşdirilən zaman silahlı olub.
ƏMRAH FƏQANOĞLU: “Yaşam məhkumluğumun qısa tarixçəsi…”Kimin üçünsə “indi həyata “qara mərmər”dən baxmalı olan”, kimin üçünsə “hələ gənc və xarizmatik” adam…

Allah normalda insana guya yüz il ömür verib də… Normalda. Amma Bəxtiyar Vahabzadə demiş, doğulmamış ölənlər də var.. Hətta, kəpənək ömrü qədər ömür yaşayanlar. Başqa bir şairimizsə yüz yaşaya bilməməyin günahını adamların öz boynuna yıxıb: “hər kəs yüz il yaşamasa, günah onun özündədi”, filan…
Mənə görə isə, qəflətən ölüb-eləməsəm, bundan belə ömrümün üçdə biri qala, ya qalmaya… Kiminə görə, mənim tay-tuşlarım artıq həyata “qara mərmər”dən baxır, kiminə görə, yəqin ki, “meşədə mən yaşda ağac qalmayıb”, kiminə görə “hələ yaşanası illərim qarşıdadı”, xətrimi istəyən dostlara görə “nə yaxşı ki, varam”, övladlarım Aydan və Kənana görə “xarizmatik və cavan atayam”, ömür-gün yoldaşıma görə “ailənin dirəyiyəm” və sair…

Qarlı qış günündə doğulmuşam – fevralın 10-da, 69-da, Ağsu rayonunun Pirhəsənli kəndində… 17 yaşımda kənddəki orta məktəbi yalnız “əla ” qiymətlərlə bitirmişəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmaq üçün iki qabiliyyət imtahanı verib (“Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində, “Pioner”, “Kənd həyatı”, “Təşviqatçı” jurnallarında çıxan məqalələrimi, hekayələrimi təqdim etməklə), 3 fənn imtahanının hamısından uğurla keçsəm də, başlıca tələb kimi qoyulan 2 il iş stajım olmadığına görə həmin il tələbə adını qazana bilmədim. Amma ruhdan düşmədim.

2 il Tallinndə hərbi xidmət keçdim, komandir məktəbində oxuyub, dəstə kiomandiri, eyni zamanda bölük komandirinin müavini oldum. Baltikyanı hərbi dairəsinin mətbu orqanı olan “Za rodinu” (“Vətən uğrunda”) qəzetində mütəmadi olaraq məqalələrlə çıxış etdim. Həmin illərdə Ümumitifaq komsomolunun “Fərqlənməyə görə” döş nişanı ilə təltif edildim. Hərbi xidmətdən baş serjant rütbəsi ilə tərxis olundum. 1990 -cı ildə yenə də iki qabiliyyət imtahanından keçib, ən yüksək qiymətlərlə çoxdan arzusunda olduğum Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum.

Tələbəlik illərində Azərbaycan televiziyasında “Dövrə” tələbə proqramı, “Gör -götür dünyası “, “İkimiz” verilişlərinin, Azərbaycan radiosunda “Səhər”, “Gənclik”, “İki dəfə iki”, “Mövqe”, “Ovqat”, “Haydı, idman” və s. verilişlərin ssenari müəllifi və aparıcısı oldum. Sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətində, “Avrasiya ” qəzetində, “İki sahil ” qəzetində çalışdım. “İki sahil ” qəzetində çalışdığım dövrdə Prezident Aparatına, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına akkreditə olunmuş jurnalist kimi mənə tapşırılan vəzifələri şərəflə yerinə yetirdim. 2002-ci il sentyabrın 22-23-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Rusiyaya edilən rəsmi səfər çərçivəsində Moskvada, Kreml Sarayında olmağım, Vladimir Putinlə keçirilən mətbuat konfransına qatılmağım, Prezident İlham Əliyevin qırmızı diplomla bitirib, alimlik dərəcəsi aldığı, bir müddət dərs dediyi Moskva Beynəlxalq Münasibətlər Universitetində keçiriləm təntənəli mərasimdə iştirakım, 2003-cü ilin payızında Prezident İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında onunla birlikdə regionlara səfərlərim jurnalistlik tərcümeyi -halımda qızıl səhifələrdəndir.

Daha sonra SOCAR-ın Sosial İnkişaf İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri kimi dövlətimizə xidmət etməkdən qürur duymuşam. ƏƏSMN-in mətbuat xidməti rəhbərinin müavini vəzifəsində iki il çalışmağımın ardından 2018-ci ilin avqustundan İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentində illərin mərd dostu, əməkdar jurnalist, işlə bağlı öz prinsipiallığı ilə seçilən Murad Hüseynovun təşəbbüsü ilə böyük redaktor kimi mənə həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıram. Komandamız möhtəşəmdir, hamı öz işinin peşəkarıdır.
Mətbuat sahəsində xidmətlərim “Media açarı” və ” Qızıl qələm” media mükafatları ilə qiymətləndirilib. Çoxsaylı müsabiqələrin, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı keçirilən Ombudsman müsabiqəsinin qalibi olmuşam, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə hüquq üzrə 1 illik kurs keçib, sertifikat almışam, həmçinin, Misirdə də 25 günlük beynəlxalq jurnalistika kursunda iştirak edib, sertifikat qazanmışam.

“Şəfəqi solmayan ömür” və “Gözümü açandan Vətən sən oldun!” adlı iki kitabım dövlət qrifi ilə nəşr olunaraq, oxucularıma təqdim olunub. “Ulduz” jurnalında işıq üzü görən “XEYİR” adlı satirik hekayəm əsasında film çəkdirmək yaradıcılıqla bağlı arzularımdandır. Həmçinin, mütəmadi olaraq saytlarda aktual mövzularla bağlı köşə yazılarımı təqdim edirəm. Yazılarım Prezidentin elektron kitabxanasının kataloquna daxil edilib.

Əlli bir illik ömrümün 36 ilini mətbuat sahəsində olsam da, heç bir mükafat, hədiyyə umacağım yoxdur. Dövlətdən nə fəxri ad, nə medal, nə də mənzil almışam. Müstəqil Azərbaycan dövlətimizə, xalqımıza şərəflə xidmət etməyim müqabilində qazandığım başucalığı mənim üçün ən böyük mükafat, ən qiymətli təltifdir. Bir də ki, çətin günün dayağı olan dostlarım.

Övladlarımın hər ikisi ali məktəbə yüksək balla qəbul olunub, dövlət hesabına ali təhsil alıb, bakalavr və magistr pillələrini “əlaçı” və “zərbəçi” kimi başa vurublar, staj tələbi səbəbindən Kənan hələki neft mühəndisi kimi iş axtarışındadır. Onun Mill Ordu sıralarında qüsursuz xidmət edərək, xüsusi təşəkkürnamə ilə tərxis olunması da bir valideyn kimi mənim üçün böyük qürurdur. Ali Baş Komandanımız başda olmaqla, Allah bütün hərbçilərimizi qorusun! İnşallah, tezliklə Qələbə xəbəri eşidək! Xalqımız üçün bundan gözəl, bundan möhtəşəm xəbər ola bilməz!
Hələki Allahın verdiyi ömür payını yaşamağa davam…

Əmrah Fəqanoğlu
Mənsimova cinayət işi açıldı: FETÖ ilə əlaqələr... - İnanılmaz
Mənə qarşı çox çirkin oyun qurulur. Məni terrorla, FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda yalandan ittiham edərək, günahlandırmaq istəyirlər. Bunu edənlər öz maraqlarını reallaşdırmaq istəyənlərdir.

Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov paylaşıb.

“Keçmiş satılmış işçilərimizi, bəzi hakimləri, dövlət adamlarını satılan mal kimi alıblar. Onlar da mal kimi pul qulu olublar, özlərində nə şərəf, nə namus qoyublar. Oğrular, xainlər və FETÖ-çular bir tərəfdə qalıb, bunlar məni ağlın qəbul etmədiyi şeylərlə günahlandırırlar. Bütün bunlara gülüb keçirəm. Bir zamanlar o xocanın (Fətullah Gülən) arxasınca qaçanlar indi mənə iftiralar atırlar. Bunların hamısı yalan və uydurmadır və bunları asanlıqla sübut etmək heç də çətin deyil. Onlar bunu ediblər və bir gün bunun cəzasını çəkəcəklər. Bədbəxtlər, hələ də anlamırsınız ki, sahibləriniz sabah sizi də satacaqlar. Məni ən çox kədərləndirən bu satılmışların arasında soydaşlarımın da olmasıdır. Məni düşmənmi sayırsınız? Mən düşmən deyiləm. Bilin ki, etdiyiniz şərəfsizliyi düşmən belə etməzdi. Bu məni dərindən yaralayıb. Mənə FETÖ-çu deməkdənsə, öz keçmişinizə və övladlarınızın harada təhsil aldığına baxın”, – deyə o bildirib.

Qeyd edək ki, Mənsimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və qardaşı Mustafa Ərdoğanla sıx əlaqələrə sahibdir. Bundan başqa onun AKP-nin üzvü, keçmiş daxili işlər nazir Məhməd Ağarla da biznes əlaqələri mövcuddur. 1998-ci ildən Türkiyədə yaşayan Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığı alıb.

Eyvazovdan daha bir təyinat
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Vüqar Xəlilov Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, V.Xəlilov daha əvvəl Şəki ŞRPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsində çalışıb
“Hava daha da pisləşəcək” - Umayra TağıyevaFevralın 9-u və 10-da müşahidə ediləcək soyuq, küləkli hava şəraiti bu il yanvarın 24-də müşahidə edilən küləkli, yağıntılı hava şəraitindən daha kəskin, soyuq və uzunmüddətli olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən fərqli olaraq, bu dəfə hava şəraitinin dəyişməsi prosesi iki gün davam edəcək:

“Artıq fevralın 7-i axşamdan bu proses başlayıb. Fevralın 8-də gün ərzində bu davam edəcək. Amma bu prosesin ən kəskin dövrü fevralın 9-da və 10-da olacaq. Fevralın 9-da gün ərzində və 10-da hava daha da pisləşəcək. Buna görə də bu proses bir qədər davamiyyətli olacaq” (trend).
ABŞ-da fövqəladə vəziyyət elan edildiABŞ-ın cənub-şərq ştatlarını təsiri altına alan güclü fırtına səbəbiylə azı 6 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda insan xəsarət alıb. Güclü külək yüzlərlə tikiliyə ziyan vurub. Daha çox Alabama, Tennessi, Missisipi ştatlarına zərər dəyib.Təbii fəlakət həmçinin daşqınlara və torpaq sürüşmələrinə yol açıb. Tikililər suya qərq olub. Xilasedicilər onlarla insanı təhlükə bölgəsindən təxliyə edib.

Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Yerli dairələr sakinlərə vacib olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq edib.