Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildiDiplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.

Bu barədə Unikal.org-a X.Əzizovanın özü məlumat verib.

O bildirib ki, başında problem yaranıb:

“Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm”.

Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:

“Bu məlumatı yayan kimdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad (İndiki Gəncə) Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm”.
İran rejimi süqut edəcək - Rza Pəhləviİranlı etirazçılar rejimin süqutunun qoxusunu hiss edir, bu, zaman məsələsidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan İran şahının oğlu Rza Pəhləvi deyib.

Pəhləvi Tehrandakı rejimi qorxudan hazırkı etirazların dini-siyasi rejimi devirəcəyini söyləyib.

O, həmçinin Qərbi etirazları dəstəkləməyə və İran rejiminin normal bir hökumət kimi davranacağına dair ümidləri tərk etməyə çağırıb:

“Bu rejimin davranışını dəyişdirməyəcəyini anlamağın vaxtı gəldi”.

1979-cu il İranda baş verən inqilabdan sonra ailəsi ilə birlikdə ABŞ-a köçən 59 yaşlı şahzadə Ukrayna sərnişin təyyarəsinin vurulmasından sonra başlayan hazırkı etirazların 40 il əvvəl atasının devrilməsi ilə yadda qalan qiyamları xatırlatdığını deyib.

İran xalqının azadlıq və demokratiya arzusundan danışan, hazırda Merilenddə yaşayan Pəhləvi qeyd edib: “Təəssüf ki, tariximizdə İranda heç vaxt azad seçkilər keçirməmişik”.

Onun sözlərinə görə, beynəlxalq birlik İrandakı etirazları maliyyələşdirməlidir: “Qərb hökumətləri də öz növbələrində maksimum iqtisadi təzyiq göstərməyə davam etməlidir”.

İrandakı medianın hazırkı durumundan danışan Pəhləvi hakimiyyətin internetə mane olduğunu və ölkədə baş verən hadisələr haqda məlumat yayılmasının qarşısını almaq üçün medianın fəaliyyətini məhdudlaşdırdığını vurğulayıb.

Rza Pəhləvi 1979-cu ildə devrilən İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğludur.
Avropa  Parlamentindən Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə vahid yanaşmaBu gün Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqı Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə illik Hesabatın müzakirəsi olub. Bu Hesabat hər ilin sonunda AP-nin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanır və Plenar sessiyaya təqdim olunmamışdan öncə siyasi qruplarda və daha sonra Komitənin özündə geniş müzakirə olunur. Müzakirələr zamanı AP üzvləri mənsub olduqları siyasi qruplar adından düzəlişlər və əlavələr etmək hüququna malikdirlər. Plenar sessiyanın müzakirəsinə təqdim olunana qədər bu Hesabatın üzərində kifayət qədər əlavə və düzəliş işləri aparılır.

Ənənəvi olaraq bu Hesabatda Avropa İttifaqının ötən il ərzində xarici siyasət sahəsində apardığı fəaliyyət təhlil olunur və növbəti il üçün qarşıda duran vəzifələr və eləcə də beynəlxalq siyasətdə yer alan tendensiyalara münasibətdə Avropa İttifaqının strategiyası müəyyənləşdirilir. Hesabat AP-də müzakirə olunub qəbul edildikdən sonra qurumun xarici siyasət fəaliyyəti üçün doktrinal sənəd rolunu oynayır. Bu baxımdan həmin sənədin hansı şəkildə qəbul olunması, xüsusilə də Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı ölkələrinə münasibətdə Aİ-nin siyasətində hansı istiqamətlərin müəyyən edilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Plenar sessiyada iştirak edən 704 nəfərdən 454 nəfərin lehinə və 148 nəfərin əleyhinə səs verməsi ilə qəbul olunmuş bu ilki Hesabatda Azərbaycanın maraqlarına cavab verən və ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edən bir sıra müddəalar yer alıb. Belə ki, artıq 3-cü ildir ki, Aİ Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Hesabatında bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və ən başlıca məqam ondan ibarətdir ki, bu dəfəki sənəddə ərazi bütövlüyü məsələsi “beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində” ifadəsi ilə birgə təqdim olunmuşdur ki, bu da məhz Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Sənəddə, həmçinin, Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrdə münaqişələrdən əziyyət çəkən insanlara münasibətdə də eyni yanaşma sərgilənir və onlara lazımi yardımların göstərilməsinin zəruriliyi vurğulanır.

Əvvəlki illərdə olduğu kimi, bu dəfə qəbul olunmuş sənəddə də ermənipərəst qüvvələrin təklif etdiyi düzəlişlər, xüsusilə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsi yer almayıb və bu da bizim maraqlarımıza tamamilə uyğundur. Bu artıq onu göstərir ki, Şərq tərəfdaşlığı ölkələri ərazilərində baş verən münaqişələrə Aİ-nın yanaşması sabitləşmiş, bütün münaqişələrə eyni prizmadan, yəni beynəlxalq hüquq nopmaları prizmasından baxılması vahid yanaşma metodu kimi qəbul olunmuşdur.

Keçən il AP-ə seçkilərdən sonra FederikaMogerinin xidmət müddəti başa çatıb və Aİ-nin xarici siyasət və təhlükəsizllik məsələləri üzrə yeni Ali nümayəndəsi İspaniyanın sabiq Xarici İşlər naziri Jozef Borel seçilib. Bu sənəd cənab Jozef Borrelin öz fəaliyyətində rəhbər tutacağı vacib bir siyasi sənəddir və yeni Ali nümayəndə tərəfdaş ölkələrə dair siyasətini müəyyənləşdirərkən mütləq qaydada bu sənədə istinad edəcəkdir. Bu sənəd Avropa Komissiyasının fəaliyyəti üçün doktrinal əsas təşkil edir və Aİ-nın Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərinin tənzimlənməsində bir növ Yol Xəritəsi rolunu oynayır. Bu baxımdan, qəbul olunmuş sənəd Avropa Komissiyasının mövcud münaqişələrə münasibətdə bu hesabatda əks olunmuş mövqedən fərqli bir yanaşma ortaya qoya bilməsini kifayət qədər məhdudlaşdırır.

Aİ və Azərbaycan arasında hazırlanan strateji tərəfdaşlıq müqaviləsinin siyasi münasibətlər fəslində də Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi təsbit edilmişdir. Bu gün qəbul olunmuş hesabatda öz əksini tapmış müddəalarAİ və Azərbaycan Respublikası arasında hazırlanan Strateji Tərəfdaşlıq Müqaviləsinin gələcəkdə AP-də müzakirəsi zamanıda əsas rolunu oynayacaq. Bu baxımdan da bu gün böyük səs çoxluğu ilə qəbul olunmuş Hesabatın ölkəmiz üçün siyasi əhəmiyyəti olduqca böyükdür. Bu kontekstdə yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının gecikdirildiyini iddia edən və bunu hakimiyyət əleyhinə istifadə etmək üçün qərəzli şəkildə şərh etməyə çalışan müxalif qüvvələr də anlamalıdırlar ki, Azərbaycan höküməti öz xarici siyasətini müəyyənləşdirərkən yalnız ölkəmizin milli maraqlarından çıxış edir. Avropa İttifaqının özü ölkəmizə qarşı siyasətində ikili standartlardan uzaqlaşmayınca bizim Aİ ilə əməkdaşlığımızın dərinləşdirilməsində heç bir fayda yoxdur. Bu kimi sənədlərin qəbul olunması isə Aİ-nı gec-tez bütün Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə eyni mövqedən yanaşılmasının vacibliyinə inandırmalıdır.


Cavanşir Feyziyev
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri
Diplomu saxta çıxdı, nazir işinə xitam verdiSosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.

Məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.
Nərminin anasından şok: Onun fikri böyük qızımı aparmaq olub...Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.

Nyus24.az xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib:

"Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı şokdayıq ki, elə bir ailədən elə bir uşaq çıxarmı? Saatlarla, dəqiqələr yoldaşımla evin qabağında oturub söhbət ediblər. Qızım yandırılan günü onun əmisi oğlu Murad mənə təsəlli verib, hələ çıxarıb pul da verib.

Bütün ailə bilirmiş. Hələ mənim qızım oradan qaçanda qonşular eşidib, heç kimə xəbər etməyiblər. Qaçanda tutub qaytarıblar. Anası da bilirdi, bacıları da. Necə yəni, oğlun bomboş evə çıxır, soruşmadınmı niyə çıxırsan? Pampers alıb çıxır, bəs demirsən ki, ay oğul, evdə çağamız yox, körpəmiz yox, o pampers niyə almısan?

Deyirlər ki, anası bilir, mənim uşağımı evə anası salıb, oğlu da yuxarıda buz kimi yerdə saxlayıb. Deyilənə görə, televizoru da yuxarı evə çıxarıbmış.

Onun fikri böyük qızımı aparmaq olub, ayılanda görüb ki, o qız deyil. Deyirlər ki, qatil xəstə uşaqdı. Xəstədirsə, niyə özləri nəzarət etmirdi, niyə öz bacısı-qardaşı uşaqlarına elə etmədi?

Öldürmüşdün, qoyaydın gözəlliyini özüylə aparardı, balamı niyə yandırdın? Düz qapımın ağzında yandırdın. Sən bu uşağa günlərlə zülm etdin, yandıranda Allahdan qorxmadınmı?

Hər tərəfim düşməndir, sağım düşmən, solum düşmən, hər addımım düşmən. Ona elə bir ölüm verilsin ki, mənim balamın günlərlə çəkdiyi əzabları o da yaşasın, mən də rahatlanım".
Səadət Yusifova: 2019-cu il Azərbaycanda köklü islahatar ili kimi yadda qalacaq2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.

Avrasiya.net trend-ə istinadən məlumat verir ki, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "Seçkinin mediada işıqlandırlması" mövzusunda informasiya sessiyasında çıxışı zamanı deyib.

S. Yusifova bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatlar həyata keçirilir. O qeyd edib ki, ölkədə həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən xeyli fərqlənir.

PA rəsmisinin sözlərinə görə, islahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institularına və təsisatlarına öz təsirini göstərəcək.

S. Yusifova vurğulayıb ki, hazırkı parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun bir tərkib hissəsidir.

PA rəsmisi əlavə edib ki, seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV qeydiyyatdan keçib: "Seçkilər dövründə medianın üzərinə böyük yük düşür. Media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”.
Elə bilirdik, Azərbaycan ordusu bunu bacarmır – Erməni zabitAprel döyüşləri zamanı biz bir neçə qlobal səhv buraxdıq, məhz bu səbəbdən də itkimiz çox oldu, bəzi mövqelərimizi itirdik.

Axar.az xəbər verir ki, bu sözləri Aprel döyüşləri zamanı Ermənistan orusunun kəşfiyyatçısı olmuş baş leytinant Sərkis Qabrielyan “168.am” saytına müsahibəsində deyib.

“Ən əsas səhv ondan ibarət idi ki, kəşfiyat qrupu qarşı tərəfin hücum edəcəyi barədə xəbər versə də, bizim tərəf bu hücumun qarşısını almaq istiqamətində heç bir dəyişiklik etmədi.

Müqavimət göstəndə isə artıq gec idi. İkincisi, bilmirəm, amma nəyə görəsə bizim tərəf elə düşünürdü ki Azərbaycan ordusu əllərinin altında olan güclü silahlardan istifadə etməyi bacarmır. Amma onlar “Smerçi” işə saldılar”, - deyə erməni kəşviyyatçı qeyd edib.

Qabrielyanın sözlərinə görə, Ermənistan ordusunda haqda qorxaq təəssüratı yaradıb.

“Biz qorxaqlar kimi görsənirik, çünki Azərbaycan tərəfi hər imkan düşdükcə müharibə deyir, biz isə buna cavab verə bilmirik”, - deyə o qeyd edib.
Vəkilovların nümayəndəsi də namizəd olduHüquqşünas Səməd Vəkilovun namizədliyi qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Səməd Vəkilovun seçki qərargahının rəhbəri, polkovnik, S.Vurğun Fondunun vitse-prezidenti Mehman Mənsurov məlumat verib. M.Mənsurov bildirib ki, 28 saylı Sabunçu Dairə Seçki Komissiyasının bugunkü qərarı ilə hüquqşünas Səməd Vəkilovun 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, tanınmış hüquqşünas Səməd Vəkilov Səməd Vurğunun da mənsub olduğu Vəkilovlar nəslindəndir.
BDU islamı təhqir edən müəllimi cəzalandırdıBakı Dövlət Universitetində (BDU) imtahan prosesi zamanı tələbə ilə mübahisə edən müəllimə şiddətli töhmət verilib.

Bu barədə BDU-nun mətbuat xidmətindən Axar.az-ın soruğusuna cavab olaraq məlumat verilib.

Məlumatda universitetin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının 3-cü kurs tələbəsi Elnar Buludovla aralarında yaşanan gərginliyə görə işdən uzaqlaşdırılması haqda yayılan xəbəri təkzib edilib.

“Müəllim auditoriyadan uzaqlaşdırılıb və ona şiddətli töhmət verilib”, - məlumatda qeyd olunub

Qeyd edək ki, bundan əvvəl BDU-nun Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Elnar Buludov Feysbuk səhifəsində imtahan zamanı nəzarətçi ilə aralarında qalmaqal baş verdiyini yazmışdı. Tələbə fakültəninin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd etmişdi. E.Buludov həmçinin sözügedən müəllimin davranışına görə işindən uzaqlaşdırıldığını yazmışdı.
DİN-dən əməliyyat - Avtoritet Polad saxlanıldı
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub. P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meyilliliyi ilə diqqət çəkirlər. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.